Nazir qızını sevən Azərbaycan aktyoru

Nazir qızını sevən Azərbaycan aktyoru
22 mart 2019
# 10:00

Bu gün Xalq artisti, aktyor Lütfəli Abdullayevin anım günüdür. Kulis.az Ramilə Qurbanlının “Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru” yazısını təqdim edir.

Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.

Bu günlərdə onun 100 yaşı qeyd olunur.

Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.

Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib.

Hə, söhbət Lütfəli Abdullayevdən gedir.

“Neynəsin yazıq, yetim oğlandır”

Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən.

Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər.

Lütfəli 14 yaşına qədər Şəkidə, ailəsi ilə birlikdə yaşayıb. Yeddiillik məktəb bitirib, sonra Şəki fəhlə-gənclər klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda oynayıb.

Sovetlərin qurulmasından sonra ticarəti əlindən çıxan Əmir kişi bu hökuməti qəbul edə bilmirdi, “bu hökumət üçün mən əlimi ağdan-qaraya vurmayacam” deyirdi. Bu səbəbdən də ailənin vəziyyəti xoş deyildi.

Lütfəli Bakını ağ günə doğru gedən qurtuluş yolu hesab edirdi. Bu yaşda uşağın təkbaşına paytaxta gəlməsi asan bir iş deyil. Taleyin işidir, bir gün Mərziyə Davudova və Əhməd Anatolu Şəkiyə qastrola gəlirlər. Qastrol tamaşasından sonra 13 yaşlı Lütfəli onlara yaxınlaşıb deyir ki, mən də sizin kimi aktyor olmaq istəyirəm. Əhməd Anatolu deyir ki, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan.

Bu fikirdən özündə güc tapan Lütfəli 14 yaşında gəlir Bakıya, Üzeyir bəyi tapır və arzusunu bildirir. Üzeyir bəy Hacıbəyov onun istedadını duyub konservatoriyaya götürür.

“Zülümov dedi, qurtardı…”

Lütfəli dayısı oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır.

Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Tale elə gətirir ki, bir müddət hətta Opera və Balet Teatrının xor truppasında oxuyur.

Sənət yolu beləcə başlayır, damla-damla, qətrə-qətrə. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə göstərir. Ongünlük ərəfəsində yaradılmış musiqili komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadını açıb qoyur ortaya.

O səbəbdən də 1939-cu ildən bünövrəsi qoyulan Musiqili Dram Teatrının ilk aktyorlarından olur Lütfəli Abdullayev. Onunla birgə Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu bu teatrın sütunları idi.

Bu kollektivdə indiki teatr truppalarında olmayan səmimiyyət, dostluq vardı. Xüsusən də Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev arasında.

Bir ara teatr bağlanır, həmin vaxt Lütfəli Abdullayev Dram Teatrında işləməli olur. Sonra teatr yenidən açılır və Lütfəli doğma teatra qayıdır. Artıq çox sevilən aktyor idi, daha çox teatr səhnəsində oynayardı, tamaşaçı ilə canlı ünsiyyətə üstünlük verərdi. Tamaşalar zamanı improvizələr etməyi çox xoşlayırdı Lütfəli Abdullayev. Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər.

Kinonu çox sevməzdi. Bu səbəbdən də cəmi 6 filmə çəkilib. “Arşın mal alan” filmi 1945-ci ildə ekranlara çıxan kimi Vəli roluna görə Stalin adına Dövlət Mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı-R.Q.) layiq görülür. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”unda Baloğlan, 1960-cı ildə Ş. Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi obrazlar yaradıb. “Mozalan”a isə çəkilməsi üçün Yuli Qusman bir həftə hər gün onlara gəlib-gedib, nəhayət Lütfəli Abdullayevi çəkilişə apara bilib. Lütfəli necə deyirdi, “Zülümov dedi, qurtardı…” Qusman isə “Yox, qurtarmadı…” cavabını verib.

Cümhuriyyət rəhbərinin qızını sevib, onlara 4 dəfə elçi gedib

Lütfəli Abdullayev təhsilsiz adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Kitab oxumağı heç sevməzmiş. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, sadəcə bu adam fitri istedad sahibi idi, sənətin nə olduğunu Tanrı özü yazıb onun beyninə “yükləyib” elə bil. Rollarını əzbərləməkdə isə ona xanımı Sevda köməklik edirmiş. Söz ki Sevda xanımdan düşdü….

Sevda xanımla adi bir yeməkxanada tanış olublar. İncəsənət adamları həmin yeməkxanada pulsuz nahar edərmişlər o vaxt. Sevda xanım isə ora anası-Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilə gələrmiş. İlk dəfə nahar masası arxasında görüşürlər. Aktyor Sevda xanımı “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bu həm də bir sevgi hekayətinin başlanğıcı idi. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Külli-ixtiyar onun əlində idi. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəyin oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...”

Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də qadın yola gəlmir ki, gəlmir. Sevda ilə Lütfəli düz 5 il gizli görüşür, ayrıla bilmirlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Sevda qayıdır nənəsinin evinə.

Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut adlı bir oğlu da vardı. Turqut hazırda Rusiyada yaşayır.

Lütfəli Sevdanı unuda bilmirdi, amma kimdənsə ayrılan qızla evlənməyə də qərar verməyə çətinlik çəkirdi, həm də arada oğlu ziyan çəkə bilərdi.

Amma bir gün ürək öz hökmünü verir. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevda xanımın işlədiyi Xarici Dillər İnstitutunun qapısını kəsdirir. Sevda Pepinovanın 32 yaşı vardı. Bu izdivacdansa aktyorun iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə. Səhnədə komik rolların ifaçısı kimi tanınan Lütfəli Abdullayev ciddi ailə başçısı və tələbkar ata idi.

“Malakan” bağından qız tapıb

Çox kövrək adam olub. Qızları danışırlar ki, gecəyarısı qapını döyüb evə gələn qonağı evə dəvət edər, anamıza süfrə açdırırdı. Onları dinləyib, dərdlərinə şərik olub, sabah isə gedəcəkləri yerə yola salıb: “Anamız soruşanda ki, onlar kim idi, məlum olub atam heç o adamları tanımır. Deyib ki, onları tanımadığımı desəm, sən qonaqları heç qəbul etməzdin”.

Dusya adlı 16 yaşlı qızı “Malakan” bağından tapıb evə gətirib. Ona öz qızı kimi baxıb. Dusya da onu dünyalar qədər çox istəyirdi.

Yeməyi çox xoşlayırmış. Xörəyi çox vaxt əllə yeyirmiş. Evə heç vaxt tək gəlmirmiş. Hər gün evdə çoxlu qonaqlar olarmış. Xanımı adətkara çevrildiyindən mətbəx yemək qazanlarıyla dolu olurdu. Bəzən qoyun kəsilirmiş. Tamaşalardan sonra isə həftədə 3 dəfə Şəmsi Bədəlbəyli həyat yoldaşı və oğlu ilə birlikdə səhərədək onlarda oturardılar. Şəmsi Bədəlbəylinin eyvanından onların eyvan görünürmüş.

Şəmsi hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxır və deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”.

Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.

Şəkəri varmış Lütfəli Abdullayevin. Həkim ona pəhriz yazıb. Aktyorsa “onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm” — deyib.

Vida, yaxud güldürən ölüm

...O axşam Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də Politexnik İnstitutuna görüşə dəvət etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən sonra telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?! Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Deyir ona ki, Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım...

Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, — deyə cavab verir

Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Şəmsi Bədəlbəyli Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma şəkər koması da deyilmiş. Beyninə qan sızıbmış. Azərbaycan teatrının musiqili klassiki, Şərqin Çarli Çaplini sayılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin gün Sevdasının doğum gününü qeyd etməli idilər. O gün həm Sevda, həm də Bakı Lütfəli Abdullayevlə vidalaşır.

Onunla vidalaşmağa yüzlərlə insan gəlmişdi. Soyuq, şaxtalı hava idi. Dünyadan köçərkən təbəssümü üzündə donmuşdu. Onun ölümünə ağlayan insanlar bunu görəndə qeyri-ixtiyari gülümsəyirdilər.

Beləcə böyük komediya aktyoru ölümü ilə də tamaşaçısına təbəssüm bəxş edə bildi.

Bu günlərdə onun 100 yaşı qeyd olunur.

Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.

Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o, insanın halına ki yarım əsr yaşaya, amma bir əsr tamam olanda onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.

2014

# 3611 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #