news-inner
clock13:21 calendar-gray 17 Noyabr 2016 view-gray176 dəfə oxunub
view-gray176 dəfə oxunub

Anasının azdırdığı 5 yaşlı qızın ROMANI

Hələlik adı bəlli olmayan romandan bir parça

Sizə təqdim etdiyimiz bu nəsr parçası məşəqqətli bir həyat yaşamış yazar Tahirə Ağasıyevanın adı hələ bəlli olmayan romanının epiloq hissəsidir. Əsər atası öldükdən sonra 5 yaşındaykən anası tərəfindən dəmiryol stansiyasında azdırılan və uşaq evində böyüyən, erkən gəncliyi peşə məktəbinin yataqxanasında keçən, daha sonra ər evində zülm-zillət görən kimsəsiz qızın başına gələn hadisələrdən, onun çəkdiyi iztirablardan bəhs edir.

İllər keçir, yaş üstünə yaş gəlir. Yaşım 30-u keçmişdi. Mənə elə gəlirdi ki, ana həsrətimi ürəyimdən də silə bilmişəm, ağlımdan da. Ancaq o, qəlbimin yaddaşından silinmirdi. Nə dəmiryol stansiyasında yiyəsiz pişik kimi azdırılmağım, nə anamın mənə son baxışı yadımdan çıxırdı. Bir neçə sual vardı ki, yaşım artdıqca ürəyimi dəlmə-deşik edirdi. Həm uşaq evində, həm də sonradan ər evində (bu aralıqda ən xoşbəxt günlərim yalnız peşə məktəbinin yataqxanasında yaşadığım illər idi) çəkdiyim zülm-zillətin başlıca səbəbi kimi anam tərəfindən atılmağımı, stansiyada azdırılıb kimsəsiz buraxılmağımı görürdüm.

Üstündən illər keçirdi, anlamağa çalışırdım ki, necə olur, bir ana bağrından qopmuş doğma balasını küçələrə salıb azdıra bilir və onu bir daha arayıb-axtarmır. Məncə, bu dünyanın ən dəhşətli əməliydi. Övladını uşaq evinə verəndən sonra peşman olub evinə qaytaran analar görmüşdüm, övladını hansı səbəblər üzündən (pis xasiyyətli ər, kasıbçılıq və s.) evinə apara bilməyən analar da görmüşdüm. Onlar gəlirdilər, övladlarına sarılıb ağlayırdılar, sonra toxtayır və çıxıb gedirdilər. Balaları isə bir az ağlayıb kiriyirdilər, bilirdilər ki, anaları yanlarına bir də gələcək.

Mən isə uşaq evində işgəncəyə, təzyiqlərə məruz qalanda bilirdim ki, anam dalımca gəlməyəcək. Bir neçə il gözlədikdən sonra əmin olmuşdum ki, məni birdəfəlik atıblar. Yetimliyin ilk illərində ana deyiləndə boğazımda düyünlənən və uda bilmədiyim qəhər sonrakı illərdə yaranmırdı. Artıq təsəvvürümdə ana obrazı yox idi və ondan heç nə ummurdum. Fəqət, neyləsən də, qəlbin dərinliyində, beynin bir şırımında anayla bağlı nəsə qalır.

Hətta ər evində qayınana və ər zülmü görəndə belə günlərin birində bir qadın böyürdən çıxıb, “Eey, o mənim qızımdır, ona “yetimçə” deməyin, döyməyin, təhqir etməyin!” - desəydi, mənə sahib çıxsaydı, dayaq dursaydı, dəstək versəydi, yəqin ki, onu bağışlayardım. Demirəm, incikliyim, küskünlüyüm tamamilə keçərdi, amma çox şeyi unuda bilərdim, “xeyirlisi bu imiş, başqa variant yoxmuş” deyə özümü aldadardım.

Ancaq olmadı, 5 yaşımdaykən məni çöllərə buraxan anam 20 ildən sonra 25 yaşımdaykən də adımı anmadı, o körpəcə balasının başına nələr gəldiyi ilə maraqlanmadı. Heç 25 ildən sonra da yadına düşmədim.

Bir dəfə şəhərdə mərkəzi univermaq tərəfdə balaca oğlunu yanında itirmiş bir gənc ananın bağırtısına, hayqırtısına şahid oldum. Balası yanında ayrılalı 20 dəqiqə olmamışdı, dəcəl uşaq qaçıb harasa girmişdi, ancaq artıq ananın bağırtısı yaxınlıqdakı yaşayış məhəlləsinə yayılmışdı, camaat onun başına yığılıb təsəlli verirdi. Çox çəkmədi, uşağı tapıb gətirdilər, ana ağlamaqda davam edə-edə balasını bağrına elə basdı ki, sanki onu bir daha qucağından buraxmayacaqdı.

Bu, analıq instinktidir, bütün canlılarda var. Təbiətə aid sənədli filmlərdə belə bir çox heyvanların öz balaları üçün qorxulu yırtıcılarla ölüm-dirim savaşına çıxdıqları epizodlara baxarkən, düşünürdüm ki, bu balaca heyvancığaz qədər dəyərim olmayıb.

Ana qayğısı görməyən, ana nəfəsi duymayan övladlarda normal ailə mühiti görmüş insanlardan fərqli olaraq bəzi hisslər olmaya bilər, ancaq keçmişdə olub-bitən və üstü bağlı, sirli qalan nələrisə araşdırmağa maraq hissi hamı kimi onlarda da var.

Mən də uzun illər boyunca düşünürdüm ki, gün gələr, zaman yetişər, azdırıldığım dəmiryol stansiyasına gedərəm, bir zamanlar yaşadığım evə dəyərəm, hələ də yaşayanlara baş çəkərəm, bəzi mətləbləri soruşub öyrənərəm. Fəqət nə uşaq evində, nə də ərə gedəndən sonra çəkdiyim məşəqqətlər və gərginlik dolu həyat üzündən indiki ağıl və təcrübəmlə keçmişə dönmək imkanım olmamışdı.

Ancaq o gün gəldi. Artıq başqa bir kollektivdə işləyirdim. Öz ayağım üstə dayanırdım, övladlarımı dolandırır, qayğılarına qalırdım və mənə “burdan dur, orda otur”, “hara getdin, hardan gəldin” deyən yox idi.

Bir gün iş yoldaşlarımla indiki Şirvan (o vaxtkı Əli Bayramlı) şəhərinə toya dəvət aldıq. Sürücünün yanında əyləşən qocaman Tərlan adlı müəllim hansı rayondan keçirdisə, o rayonla bağlı məlumatlar verirdi. Mənzil başına çatmağa bir az qalmış Tərlan müəllim dedi: “İndi Nərgiz xanımın rayonuna yaxınlaşırıq”.

Bu sözdən diksindim. Sonuncu dəfə bu rayondan, yaşadığımız qəsəbədən 5 yaşım olanda çıxmışdım, indi isə 33 yaşım vardı. Aradan düz 28 il keçmişdi və bir daha bu tərəflərə yolum düşməmişdi.

Tərlan müəllim təcrübəli və bilgili adam idi, maşın irəlilədikcə danışırdı ki, əvvəllər buralarda barak evlər olurmuş, gəlmələrin yaşadığı yığma qəsəbəymiş. “Buranın qadınları yamandır. Vaqonlar gedə-gedə ora dırmaşıb əllərinə nə keçdi, yerə atırdılar, sonra da yığıb bazarda satırdılar”. Tərlan müəllimin bu sözü xətrimə dəydi. Mən razılaşmadım, dedim ki, qadınlarda günah yoxdur, balalarını doyurmaq üçün ehtiyac üzündən ediblər”.

Tərlan müəllim yenə məlumat verdi ki, bax, bu yolla sürsə, düz sizin rayona girəcəyik, amma qəsəbəyə girmədən düz də gedə bilərik. Mən əlimi sürücünün çiyninə qoyaraq xahiş etdim ki, qəsəbəyə sürsün.

Maşındakılar susdular. Ceyran və Əminə mənə çəkindirici nəzərlə baxdılar. Yəni toya, şənlənməyə gedirik, gedib ağlaşma qurmağın yeri yoxdur. Onlar mənim həyat hekayətimi az-çox bilirdilər.

Amma mən qətiyyətli idim. Keçmişə baş çəkəcəkdim, hətta baş çəkməklə kifayətlənməyəcək, imkan olsa haqq-hesab da çəkəcəkdim.

Birdən Əminə də fikrini dəyişdi, Tərlan müəllimə dedi ki, gedək Nərgizin evinə baxaq, bəlkə anası sağdır. Ceyran dedi: “Getmə, sənə pis təsir edəcək, mən də anamı sonradan axtarıb tapdım. Ancaq ona isinişmədim. O mənim üçün tamamilə yad idi. Sadəcə, anamı görmək istədim və həmin gün də onu birdəfəlik basdırdım”.

Ceyran da uşaq evində, paytaxtdakı qızlar yetimxanasında böyümüşdü. Onlara çox yaxşı baxmışdılar. Ceyran öz böyüdüyü uşaq evindən elə gözəl şeylər danışırdı ki, atalı-analı böyüyənlər həsəd aparardı. Onlara kürüyə qədər hər şey verirmişlər yeməyə. Hətta o, 8 il baletlə də məşğul olmuşdu. Bizdə isə pionerlər evinə adi rəqsə getməyə izn vermirdilər.

Tərlan müəllim də Ceyranın sözünə qüvvət verdi: “Bəlkə sən heç onlara lazım deyilsən? Gedib görsən, ürəyin qırılacaq. Allaha şükür, artıq hər şeyin var. Oğlun-qızın, işin. Bu gününə şükür et”.

Acı xatirələrin qaysağı qopmuşdu, qəlbimi sızladırdı və onun yenidən qaysaqlamağı üçün illərlə qəlbimi didən suallara cavab tapmalıydım.

Özümdən ixtiyarsız gözlərimdən süzülən yaşı görən yol yoldaşlarımdan heç kəs artıq mənə mane olmağa çalışmadılar. Maşın gözümü dünyaya açdığım qəsəbəyə yol aldı.

Bir neçə yerdə mən maşından düşdüm, yadımda qalan adamları yol keçənlərdən soruşdum. Aradan 28 il keçmiş, nəsil dəyişmişdi, o adamları heç kəs tanımırdı. Axırda yaşlı bir qadın mənim anamı tanıdığını dedi. “Anan da sənin kimi gözəl-göyçək qadın idi”. Soruşdum: “Bəs indi hardadır o, bilmirsiniz?”. “Sənin atalığın ölüb. Bir qızı qalıb, adı Arzudur”. Mən tələsik dedim: “Hə, Arzu mənim bacımdır”.

O, mənə Arzunun telefon nömrəsini verdi və icra hakimiyyətində katibə işlədiyini dedi. Arzuya zəng vurdum. Özümü təqdim etdim. Gözləyirdim ki, o, əzizini tapmış adam kimi sevinəcək, ağlayacaq, məni evə dəvət edəcək. Ancaq telefon xəttinin o başından qəzəbli səs eşitdim: “Mənim anam ruhi xəstədir, xəstəxanadadır. Bacım, qardaşım olub, onlar da çoxdan ölüblər. Ancaq mənim Nərgiz adında bacım olmayıb.

Mən də dedim ki, sənin atanın adı Nəbi deyilmi? Arzu cavab verdi: “Nəbidir, amma o da ölüb”.

Mən birdən-birə əsəblərimi cilovlaya bilmədim və hiddətlə bağırdım: “Yaxşı ki, ölüb, sağ olsaydı, mən öldürəcəkdim”.

Allah bilir, bu sözdən sonra Arzu məni kim hesab elədi. Bəlkə də elə bildi ki, mən uzun illər türmələrdə yatandan sonra onun ailəsi ilə haqq-hesab çəkməyə gəlmiş residivist-filanam.

Özümü ələ alıb, “Anamı görmək istəyirəm” dedim. Arzu söhbəti uzatmaq istəmədi: “Mən səni tanımıram. Mənə bir də zəng etmə, ərim bilsə, məni boşayar. Ailəmi dağıtma”.

Sonradan paytaxta qayıdanda bacımla yenidən əlaqə saxlamaq istədim, amma o, məni yenə yaxın buraxmaq, heç olmasa bircə dəfə üzümü görmək istəmədi.

Həmin gün anamı, bacımı görə bilməsəm də, yaşadığım doğma evimi gördüm. Ürəyimdə yenə də uşaqlıq illərimin xiffəti baş qaldırdı, ana həsrəti qəlbimi yenidən sızlatdı. Barak evlərin çoxu sökülmüşdü. Təkcə Tatar Mamed oradan köçməmişdi. O, elə bil, məni gözləyirmiş, mənim suallarımın cavabını vermək üçün gözləyirmiş. Ancaq ordan ayrılanda yaddaşıma bir ağrı da yazıldı. Atamın birinci arvadından qalan oğlunu gördüm. O, əli əsalı, əsə-əsə gəzən, sanki dünyanın yükünü çiynində gəzdirən bir adam idi. 40 yaşı ancaq olardı, amma çox qoca görünürdü. Bu, o adam idi ki, atam anamla evlənməzdən öncə onu və anasını atıb, ona yetimlik yaşadıb. Bəlkə də anamın və mənim, eləcə də vaxtsız ölüb gedən qardaş-bacılarımı o atılmış qadının ahı tutmuşdu.

Adını bilmədiyim şikəst qardaşımı mənə Tatar Mamedin vasitəsilə tapdığım Fərəc adlı dövlət məmuru göstərdi. “Bax, o sənin atanın oğludur. Sən anana baxma, anan səni atsa da, atan kişi adam idi, səni heç vaxt atmazdı”.

Düzdür, atam məni atmamışdı, bəlkə də atmazdı, amma o, başqa bir uşağı atmış, onun həyatını məhv etmişdi. Bunu Fərəcə demədim. Heç ata bir, ana ayrı qardaşıma da yaxınlaşmadım. Kim bilir, o, mənə nələr deyər, necə təhqir edərdi. Bizi bağlayan heç bir tel yox idi. Yəqin ki, mənim uşaq vaxtı sevdiyim adama nifrət edirdi. Necə ki, mənim üçün yad bir qadın olan anam Arzu üçün onu böyütmüş anaydı.

news-inner-user

17115 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə vəfat etdi
21:10 26 Noyabr 2020
Pənahəli xanın dağıdılmış imarəti
18:37 26 Noyabr 2020
Müvəqqəti komendantlıqlar üzrə iclas keçirildi
17:49 26 Noyabr 2020
Nə yaxşı görüşdük, nə yaxşı yenə - Ən gözəl Kəlbəcər şeirləri
17:01 26 Noyabr 2020
Döyüşçü oğlunu ağladan səbəb - Hekayə
16:17 26 Noyabr 2020
“Qarabağ”ın Qarabağ qələbəsi – Ulucay yazır...
15:34 26 Noyabr 2020
İstedadı ilə hamını heyrətləndirən, iki dəqiqəyə qızların sevimlisinə çevrilən, gənc yaşında “yüksək doza”dan ölən azərbaycanlı şair – Maraqlı faktlar
14:53 26 Noyabr 2020
"Can Azərbaycan" adlı müsabiqə elan olundu
14:10 26 Noyabr 2020
Qəriblik - Əli Şirindən şeir-esse
13:32 26 Noyabr 2020
Xalq artistindən sürpriz Şuşa açıqlaması
12:53 26 Noyabr 2020
Cavanşir Quliyev: "Bakıda lazım olduğuma əmin deyiləm" - Müsahibə
12:11 26 Noyabr 2020
Əməkdar artist vəfat etdi
11:39 26 Noyabr 2020
Aqşindən Seymur Baycana reaksiya: "Onu oxumuram"
11:09 26 Noyabr 2020
Xəlil Rza Ulutürkün bacısı dünyasını dəyişdi
10:17 26 Noyabr 2020
Maradonanın ən böyük peşmanlığı - Ayxan Ayvaz yazır...
10:00 26 Noyabr 2020
Bombardmandan Azərbaycan bayrağını çıxaran gəncəli Xəyyam: “Gördüm, qızımın başından qan axır”
09:00 26 Noyabr 2020
İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020