news-inner
clock13:00 calendar-gray 26 Oktyabr 2016 view-gray251 dəfə oxunub
view-gray251 dəfə oxunub

Yazıçılardan soruşduq: “Hansı cərəyandansız?”

Ədəbiyyatda müxtəlif cərəyanlar var: realizm, romantizm, modernizm, postmodernizm və s. Bəs gənc ədəbi nəsil özünü hansı cərəyana aid edir. Kulis.az bu barədə yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.

Seymur Baycan

Bu suala cavabım yoxdur. Ona görə yox ki, cavab vermək istəmirəm. Doğrudan da cavabım yoxdur.

Pərviz Cəbrayıl

Heç bir “izm”i tam olaraq qəbul etmirəm. Əsas onları bilməkdi. Yazdıqlarımı oxuyanlar bilir ki, orada müxtəlif “izm”lərin estetik elementlərini, cizgiləri var. İdeyamın bədii ifadəsinə yardımçı ola biləcək hər şey mənim üçün məqbuldur. İdeya niyə hansısa “izm”ə tabe olmalıdı ki? Qoy “izm” ideyaya, yazıçıya tabe olsun. Ədəbiyyat çərçivələri qırmaq sənətidir həm də, durub bir də niyə qəfəsə salasan ki sözü?..

İlqar Fəhmi

Elektrik cərəyanına... Çünki nə qədər insanın içində enerji var diridir, yaşayır, işləyir... Enerjisi bitən kimi köhnə akkumulyator kimi aparıb tullayırlar.

Şərif Ağayar

Biz postrealizm dövrünün insanı olduğumuz üçün özümü postrealizm dövrünün yazarı hesab edirəm. Ədəbiyyat adına yazdığım yazılarda mərkəzdə realizm dayanır, ancaq düşünürəm ki, bu, ənənəvi realizm deyil. Müxtəlif “izm”lərdən, çağdaş dünyagörüşlərindən nələrsə var.

Yaşadıqlarımı, şahidi olduqlarımı zaman-zaman yazıb bədii əsər kimi canımdan çıxarmağa ehtiyac duymuşam. Ona görə realizmi həmişə mərkəzi planda saxlamışam. Elə mövzular var ki, orda “qurmaq”, “uydurmaq” işləmir. Sanki görmüsən, şahidi olmusan, hətta yaşamısan, indi isə sadəcə olaraq üzünü “köçürürsən”. Təbii ki, bu köçürmək söhbətinə inananlar səhv edirlər. Ədəbiyyat bütün hallarda qurmaq, yaratmaqdır.

Belə deyək, bir çox “izm”lər üstəgəl realizm mənim ədəbi coğrafiyadakı yerimdir. Özüm belə düşünürəm. Bu fikri də bölüşürəm ki, ədəbiyyatda məsələləri “izm”lər yox, mətnlər həll edir. Pis modernizmdənsə, yaxşı simvolizmi üstün tutaram. Çünki mənim marağım əsərin ideya qatından və hansı “izm”in tələblərinə cavab verməsindən çox onun bədii-estetik keyfiyyətindədir. Mənə görə, ədəbiyyat bədii-estetik mahiyyətdən başlayır, digər vacib xüsusiyyətlər ondan sonra gəlir.

Qan Turalı

Özümü postmodernistlərə yaxın bilirəm. Onların sosial və estetik düşüncələri mənə çox doğmadır. Həqiqət yoxdur, həqiqətlər var. Böyük idealların, böyük anlatıların, böyük nağılların ölümü... Mətnlər həyatdan maraqlıdır. Və dünya zatən bir oyun…

Kənan Hacı

Məncə, yazıçı özünü hansısa cərəyana aid etməməlidir. Bunu müəyyən etmək ədəbi tənqidin işidir. Yazıçının stixiyası hansı lad üzərində köklənibsə, o lad üzərində öz ədəbi dünyasını qurur. Mən hansı cərəyana mənsubam? Özüm üçün də maraqlıdır. Hər halda özümü realist prozada görürəm. Arada sapmalar da olur, metafizik qata da enməyə cəhd edirəm. Xüsusən, “Fironun dəftəri” romanımda buna cəhd etmişəm. Nə dərəcədə alınıb, bunu oxucular deyə bilər.

Mübariz Örən

Necəsə bir dəfə hörmətli müəllimim Tehran Əlişanoğlu məni naturalizmdə “suçlamışdı”. Doğrudan da, ilk mətnlərim sayılan “Ot”, “Bığ” və digər bir-iki hekayəmdə naturalizmin modifikasiyaları ciddi nəzərə çarpır və bu baxımdan Tehran müəllimlə razıyam. Lakin həyat bir yerdə durmadığı kimi, yaradıcılıq da daima axtarışda, hərəkətdədir; sonrakı hekayələrimdən yazan müəlliflər mənim, bəziləri realizmə, bəziləri postmodernizmə aid olduğumu yazıblar. Mənə gəldikdə isə özümü modernizmlə postmodernizmin sintezində - arasında (əgər belə bir “yer” varsa) hiss edirəm. Bitirməkdə olduğum yeni povest də məhz bu iki cərəyanın elementlərini özündə daşıyır, görək...

Nərmin Kamal

Nəzəriyyəyə mənim çox böyük aludəçiliyim var, Literary Analysis, Literary Criticism, Literary Theory - bunları mən çox-çox sevirəm, ancaq ədəbiyyat nəzəriyyədən əvvəl gəlir, nəzəriyyə artıq yaranmış ədəbiyyatı şərh edir. Belə də olmalıdır. Mən də yazanda ədəbi cərəyanı fikrimdə tutaraq yazmıram, artıq yazılmış yazılarımda bu və ya digər ədəbi cərəyana meyli sonradan müşahidə edə bilirəm və görürəm ki, belə meyllər bir yox, bir neçədir. Bizim yerli tənqidçilər modernizm, postmodernizm kimi eraları təyin edən böyük sözlərlə danışırlar, ancaq bu cərəyanların öz daxillərində nə qədər böyük müxtəliflik var, buna çox vaxt əhəmiyyət vermirlər. Çağdaş amerikalı tənqidçi James Wood-un yeni və gözəl bir termini var: Hysterical Realism (İsterik realizm – red). Son vaxtlar Azərbaycanda çoxlarının yazdığını bu yeni janra aid etmək olar.

Kəramət Böyükçöl

Düzü, hansı cərəyana aid olduğumu bilmirəm. Yəqin intellektim yoxdur, ona görədir.

Alpay Azər

Özümü realizm cərəyanına aid edirəm. Səbəbsə çox sadə, - real həyatdan yazıram, fantaziya, süjet qurma öz yerində, təbii.

Ayxan Ayvaz

Təbii ki, hansısa cərəyana aid olduğumu ədəbiyyatşünaslar daha yaxşı bilər. Mən özümün konkret hansı cərəyana aid olduğumu deməkdə çətinlik çəkirəm. Çünki hələ yaradıcılığın ilkin dövründəyəm. Nə yazacağım qabaqdadır. Ancaq düşüncə olaraq modernizmə yaxınam. Modernist yazıçılar mənə daha çox yaxındır.

Cavid Zeynallı

Mənim üçün vacib olan birinci şərt yaxşı mətndir. Hansı cərəyan olur, olsun. Ortalıqda yaxşı mətn varsa, cərəyan sonrakı məsələdir. Yəni hər şey mətnə xidmət edir. Bu nəzəriyyə ilə məşğul olanların işinə kölgə salmaq anlamına gəlməsin. Ədəbiyyat nəzəriyyəsi başdan-başa yaxşı mətnə xidmət edir, onun üstündə qurulub. Mənim yazılarımda realizmin, romantizmin, postmodernizmin elementləri var. Ümumi halda konkret hansı cərəyana aid olduğumu deməkdə çətinlik çəkirəm.

İkinci Mahmud

Bu haqda düşünməmişəm. Beş hekayə yazmışam, axtarışdayam, öz üslubumu, məni narahat edən və ya mənə maraqlı olan həyat hadisələrini, yaşantıları və ya duyğuları ifadə etmək üçün forma axtarıram. Məni indi bircə bu maraqlandırır.

Ömər Xəyyam

Mətni hansısa cərəyana aid etmək ədəbiyyatşünasların işidir.Məncə, müəllif cərəyanların nəzəriyyəsini bilməyə məcbur deyil. Mən yazıram, sonra kimsə səf-nəzər eləyir, adını qoyur “Distopik hekayə”.

Mətn nəzəri iş deyil. Xalis istedad nəzəriyyələrin əsiri olmadan nəzəriyə yaratmaqdı.

Yerli “izm”lərlə həşir-nəşir olan dostlardan hələ tutarlı bir əsər görməmişəm, nəzəriyyəni, cərəyanları bilirlər, amma ortada mətn yoxdu. Qazanılmış bilgilər xalis istedadın üstünə çıxanda olursan yeriyən “Google”, həzm etdiyin bol informasiya xalis istedadın emalına maneə olur.

Müşfiq Xan

Özümdə ən çox təqdir etdiyim xüsusiyyət aşırı sərbəstlikdir. Tabular, qaydalar, işə-evə gəlib-getmələr və digər gündəlik qayğıların bəlli bir zamanda olmasına, hər gün eyni saatda təkrarlanmasına nifrət edirəm və bunlardan bütün cəhdlərdə qaçıram. Eynilə yazı-pozu prosesində də bu, işimə yansıyıb. Buna görə postmodernizm mənim üçün daha cazib istiqamətdir. Üstəlik, həm duyğusal, həm kinli olduğuma görə və əlbəttə, yaşadığımız ölkənin insanlarının ümumi ruh halından qaça bilmədiyimə sentimentalizm əynimə biçilib, – deyə bilərəm. Çünki, dediyim kimi, rasionallıqdan çox uzaq adamam. Düşünürəm ki, sevgini daim ön planda saxlayan biri olaraq tamamilə doğru yoldayam. Hə, bu tamam başqa məsələdir ki, beyin və ürək eyni insanı istəyir, hətta qəbul edir (xoşbəxtlik). Və bunlarla yanaşı, yazı prosesində sürrealizm “döyüş meydanı”mdır. Mən uzun zamandan sonra, Freyd romanı olan “Bir cinayətin psixoanalizi”ni ikinci dəfə oxuyandan sonra bu qərara gəlmişəm.

Mirmehdi Ağaoğlu

Əsər yazarkən daha çox onun qurğusuna diqqət edirəm, çalışıram ki, əsərin qurğusu qeyri-adi, eksperimental olsun. Birxətlilikdən qaçmağa cəhd edirəm. Ola bilsin yazdığım əsər realist olacaq, bununla belə o, sadə, ötən əsrdəki realist əsərlərdən fərqlənəcək. Ümumiyyətlə, bu qənaətdəyəm ki, bizim dövrdə yazılan realist əsər ən azı texniki tərəfdən Balzakın əsərlərindən fərqlənir. Çünki biz sürrealizmi, modernizmi, postmodernizmi görmüş nəsilik, buna görə də lap realist əsər yazsaq belə özündə realizmdən sonrakı cərəyanların da xüsusiyyətlərini daşıyacaq. Dövrün tələbi istər-istəməz bizə diktə edir. Oxuduğumuz müasir əsərlərin texnikalarını özümüzdən asılı olmadan mənimsəmiş oluruq. Mən də çağdaş tendensiyaları əsas götürərək əsərlərimdə postmodernist elementlərdən istifadəyə etməyə çalışıram. İndi bunu nə qədər bacarıram, nə qədər bacarmıram bu tamam ayrı məsələdir, amma “Küləyi dişləyən” əsərinin timsalında buna az-çox nail olduğumu deyirlər.

Səxavət Sahil

Vallah nə deyim. Mənim özümü hansısa cərəyana aid eləməyim dəvətsiz toya gəlmək kimi bir şeydir. Bunu tənqidçilər bilər, əgər tənqidçilərin işini mən görəcəyəmsə bəs onlar hansı işlə məşğuldurlar. Mən özümə görə demirəm, amma digərləri var, tənqidçilər onların hansı cərəyana aid olduğunu deməlidirlər.

Svetlana Turan

Əslində, yazıçı özünü hansısa cərəyana aid etməməlidir. Yazıçı davamlı şəkildə yazır, çap olunur, tənqidçi isə onu izləyir və hansı cərəyana aid olduğunu müəyyən edir. Yəni bu iş - hər hansı cərəyana aidolunma yazıçının deyil, tənqidçinin etməli olduğu işdir. Çünki yazıçı özünü hansısa cərəyana yaxın hiss edə bilər, hətta o cərəyanın postulatlarına uyğun şəkildə yazıb-yaratdığını hesab edə bilər, amma bu o demək deyil ki, yazıçı bunu bacarıb, bu işin öhdəsindən gəlib və məhz ürəyində nəzərdə tutduğu həmin o cərəyanın üzvüdür.

Mənə gəlincə, yenə də yuxarıdakı fikri özümə tətbiq edirəm, belə ki mənə ən yaxın cərəyan ekzistensializmdir. Bu cərəyanın nümayəndələrinin əsərlərini xüsusilə sevirəm. Bu cərəyanın Haydeggerdən, Kyerkeqordan tutmuş Sartr və Kamyuya qədər nümayəndələrini oxumuşam. Öz yaradıcılığımda da çalışmışam ki, bu cərəyanın “sularında üzüm”, lakin bunu bacarıb-bacarmadığımı demək mənə düşməz. Çünki insan öz işinə qarşı obyektiv olmur, hələ yazıçılar heç olmur.

news-inner-user

17134 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020
Qayıtdı gülləri yığıb başına, vətən gülşəninin Xarı bülbülü! – Yeni şeirlər
17:44 27 Noyabr 2020
Tələbənin universitetdən qovulması haqlı qərardırmı?
17:09 27 Noyabr 2020
"Qarabağ Azərbaycandır" adlı kitab nəşr olundu
16:34 27 Noyabr 2020
Rejissorumuzun da iştirak etdiyi festivalın qalibləri elan olundu - Siyahı
15:53 27 Noyabr 2020
Nənəsini yemək üstündə ağlatdı, xəstəliyinə görə yardım istədi, işdən çıxarılan gün həyat yoldaşı öldü – Məşhur diktordan maraqlı faktlar
15:11 27 Noyabr 2020
Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
14:31 27 Noyabr 2020
İşğaldan azad olunan Xanabert qalası
13:53 27 Noyabr 2020
"Anamın kitabı" filmi gəlir - Yaxında
13:11 27 Noyabr 2020
Mənə ölümümdən yol verin... - Ötən gün dünyasını dəyişən şairin şeirləri
12:31 27 Noyabr 2020