Böyük bayramın kiçik filmləri – Milli Kino Günündən qeydlər

Böyük bayramın kiçik filmləri – <span style="color:red;">Milli Kino Günündən qeydlər
3 avqust 2016
# 14:10

Milli Kino Gününün zəif filmləri – Sevda Sultanova yazır

Dünən Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsinin təqdimatı oldu.

“Azərbaycanfilm” kinostudiyasında istehsal edilən bu internet-layihədə müxtəlif yaş qruplarını, peşələri, təbəqələri təmsil edən adamlar Qarabağ haqda bir-neçə cümlə deyir. Təxminən belə: “Qarabağı geri alacağıq. Qarabağ bizim hər şeyimizdir. Qarabağ tarixi Azərbaycan torpağıdır”. Qarabağ ürəyimizin 20 faizlik yarasıdır” və s. Və bu sözlərdən ibarət video çarxlar internetdə yerləşdiriləcək.

Qarabağ probleminin bu qədər effektsiz, primitiv təbliğatı, üstəlik, layihəyə seçilən forma, rejissura sadəcə fiaskodur. Təsəvvür edin ki, dünyada hər hansı problemi əks elətdirmək üçün maraqlı ssenarisi, ekran həlli olan, sözə belə ehtiyac duyulmayan, təsirli, insanları laqeyd qoymayan onlarla bir-iki dəqiqəlik filmlər, videoçarxlar çəkilir. Amma ölkənin əsas kinostudiyası belə bir mühüm problemi son dərəcə bəsit, Aztv xəbərlərindəki süjetlər səviyyəsində, standart təqdim edir. Bu azmış kimi videonun beynəlxalq auditoriya üçün də nəzərdə tutulduğu qeyd olunur. Əgər bu layihə zalda olan bizləri təsirləndirmirsə, bir əcnəbidə hansı təəssüratı buraxacaq? Ümumiyyətlə, buraxacaqmı? Birdəfəlik anlamaq lazımdır ki, Qarabağ kimi həssas məsələləri diqqət mərkəzinə gətirmək, xarici auditoriyanı maraqlandırmaq yaradıcı yanaşma tələb edir. Yoxsa bu cür asan yola qaçmaq, telejurnalistika fakültəsi səviyyəsindəki kurs işi təqdim eləmək nə deməkdir?

Layihəni məqsədin təyinatına uyğun maksimal dokumental, ritmik musiqisiz, bir insan dramı, insan hekayəsi formasında təqdim də etmək olardı. Yazılı variantda bunun uğurlu nümunəsi Lent.az da Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” layihəsidir.

Qısası, layihənin kimin ideyası olduğunu bilmirəm, amma “Qarabağın həsrət salnaməsi” uğursuzdur, Qarabağ kimi ciddi problemə məsuliyyətsiz yanaşmadır, layihəni düşünənlər heç olmasa, arabir dünya kinosunda baş verən prosesləri izləsinlər, tendensiyaları öyrənsinlər.

İndi isə keçək “Azərbaycanfilm” kinostudiyasında lentə alınan qısametrajlı filmlərdən ibarət “40-cı paraleldə” kinoalmanaxına.

Almanaxın ən zəif filmi Emin Mirabdullayevin “Postskriptum” ekran işindən danışmaq istəyirəm.

Azərbaycan telefilmin rəsmi saytında yazılıb ki, film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir. Səmimi deyim ki, əgər rəsmi səhifədəki bu məlumatı oxumasaydım, filmin nədən bəhs edəcəyini anlamayacaqdım. Əvvəllər də yazmışdım ki, bəzən bizim filmlərin süjetini anlamaqda çətinlik çəkirəm. Məsələn, rahatlıqla Bertran Blie, Robert Oltmen kimi rejissorların geniş auditoriyaya hesablanmayan filmlərini başa düşürəm, amma bizim bir qisim filmləri yox.

Filmin qısa məzmunu odur ki, Robert Nobel Bakya ilk dəfə səyahət edir, təbii sərvətləri tədqiq edir, neft yerləşən böyük ərazini alır. Təsəvvür edin ki, Ramiz Fətəliyev kimi peşəkar ssenaristin işlədiyi materialda heç bir dramaturji proses yoxdur, konflikt yoxdur, ümumiyyətlə, filmdə nəsə baş vermir.

Bütün film ona xidmət edir ki, axırda titrlərdə mesaj ötürülsün: Nobel mükafatının maliyyəsində Azərbaycan neftinin müstəsna payı vardır.

Hamıya bəlli olan bu mesajı vermək üçün illah da ki, xərc töküb zəif məhsul çəkməyə ehtiyac yox idi, elə əvəzində normal sənədli film çəkmək yetərliydi.

Müəllif kadrarxası mətnlə, guya komik vurğuyla yuxarıda dediyimiz əhvalatı danışır, klip estetikasına xas montajdan, funksional olmayan detal planlardan istifadə edir, bədii təsviri olmayan əhvalat bir rejissor üçün bağışlanılmaz olan – son dərəcə illüstrativ, hərfi təqdim olunur.

Robert (Azər Aydəmir) bütün günü yeyib-içir, anlaşılmaz bir-iki cümlə deyir, axırda da Bakıda hərracdan neft ərazisi alır. Vəssalam, hamısı bu. Bəlkə də müəlliflər əvvəldən qarşılarına belə tapşırıq qoyublar ki, neftə “üfunətli iy verən maye” deyən, əhlikef Robertin sanki təsadüfən, əhəmiyyətini belə dərk eləmədən ərazini almasını bir az qrotesk formada versinlər. Hər halda belə ideya vardısa da, praktikada özünü doğrultmayıb.

Almanaxın digər filmi gənc rejissor Amil Məmiyevin eyni adlı ssenarisi əsasında çəkilən “Qara bağ” dramıdır. Ssenari “Azərbaycanfilm” kinostudiyasının elan etdiyi “yenifilm.az” gənclər üçün ssenari müsabiqəsinin qalibi olub. “Postskriptum”dan fəqli olaraq burda pis-yaxşı dramaturgiya var və gənc rejissor Qarabağ məsələsinə A.Salayevdən fərqli olaraq heç olmasa qeyri-ənəvi yanaşma tapmağa çalışıb.

Süjet bundan ibarətdir ki, Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir.

Milli kinomuzun ciddi problemlərindən biri rejissorların qəhrəmanın yaşantısını, hər hansı vəziyyəti açıqlamaq üçün uyğun təsvir həlli tapa bilməmələridir. Əsas obraz olan babanın xarakterini və böyük oğulun gərginliyini açmaq üçün uşağın suallarından istifadə fəndi uyğunsuzdur, xüsusən də sualların saxtalığı filmə xələl gətirir. Məsələn, uşaq durduğu yerdə babadan arzusunun nə olduğunu soruşur, sonra oğulun əsəbi əhvalını göstərmək üçün onun uşağın növbəti sualından qıcıqlanması təsvir olunur. Halbuki böyük oğulu oynayan aktyor Elxan Abbasov seçdiyi davranışı, jestləri ilə vəziyyətini çatdırır, heç dialoqa da ehtiyac qalmır. Ola bilsin, xırda detallardır, amma film bu cür xırdalıqlardan hörülür. Və bu səbəblərdən də film seyrçinin diqqətini ekranda saxlaya bilmir.

Alamanaxın digər iki - “Hədiyyə” və “Onun atası” filmlərinin ssenari müəllifi Yusif Şeyxovdur. Y.Şeyxovun əsas yaradıcı konsepsiyası da bundan ibarətdir ki, nə olursa-olsun film nikbin bitməli, nikbinlik mesajı da birbaşa verilməlidir. Beləliklə, o, ssenaristi olduğu hər iki filmdə zor-xoş sonluğu nikbinliyiə bağlayır.

“Hədiyyə” filminin rejissoru Emin Əfəndiyev bundan əvvəl “Buta Film” şirkətində - son illərin yaxşı sayılacaq qısa metrajlı filmlərindən birini “Yuva”nı çəkib.

Hədiyyə O. Henrinin “Milad hədiyyəsi” hekayəsinin motivləri əsasında ekranlaşdırılıb.

Yenicə ailə qurmuş iki gəncin sosial problami fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.

Hekayədən fərqli olaraq nikbinlik pikə çatır, ev sahibi xeyirxah qocanın sayəsində peşəsi balabançalan gənc kişi festivala dəvət olunur, kirayə qaldıqları evdən çıxarılmır və s.

Belə bir melodramatik əhvalat. Əslində ssenaridə film üçün əlverişli material yoxdur. Rejissor aktyor oyununun (İlahə Həsənova, Qorqud Cəfərli və Şamil Süleymanlı) bir neçə təsvir həllinin, spontan komizm hesabına nəsə eləməyə çalışıb.

Nəhayət, sonuncu Zamin Məmmədovun “Onun atası” filmi. Hadisələr 90-cı illərdə baş verir. Jurnalist Qarabağ müharibəsində itkin düşür. Həyat yoldaşı və kiçik oğlu ondan xəbər gözləyir.

Qarabağ müharibəsi fonunda insan dramı təqdirə layiqdir. Sadəcə onu poetik ritorik intonasiyada yox, ərindən xəbər gözləyən qadının real manerada çəkilmiş dramına çevirmək olardı.

Filmin bir epizodunda ərinin ölüm xəbərini qonşusunun qadına deməkdə çətinlik çəkməsi, xəbəri eşidən qadının reaksiyası, kadrın intonasiyası, mizanı, quruluşu eynilə “Bizim Cəbiş müəllim” filmindəki məşhur səhnələrdən birinin imitasiyasıdır. Cəbiş müəllimin Səfurə İbrahimovanın personajına ərinin ölüm xəbərini çatdırması səhnəsini nəzərdə tuturam. Halbuki, bunu başqa cür də həll eləmək olardı.

Uşağın atasının maşını təmizləməsi, ona sevgisi, həsrətlə gözləməsi, qadının kədərinin emosional gücü yoxdur. Bu gücü vermək üçün isə rejissor ta filmin əvvəlindən - ilk kadrdan atmosferin, ovqatın yaradılmasının qayğısına qalmalıydı. Yeganə maraq doğrudan Şamil Süleymanlının oyunudur. Ş.Süleymanlı doğrudan da bir aktyor kimi özünün ikinci baharını yaşayır, aktyor kimi tapıntıları ilə filmlərə təravət verir.

“Hədiyyə” istisna olmaqla (burda musiqi naturada səslənir daha çox) digər filmlərin musiqi həlli dözülməz dərəcədə pintidir, təsviri zorlayır.

Kino günündə belə bir zəif işin təqdim olunması çox üzücüdür. Vacib olan odur ki, kinoya məsul məmurlar gənclərə onların həyata köhnə-kürüş, aktuallıqdan geri qalan baxışlarını ifadə edən ssenariləri sırımasınlar. İmkan versinlər ki, gənclər onları narahat edən, məhz onların danışmaq istədikləri əhvalatı danışsınlar. Problemlərdən biri də odur ki, dövlət büdcəsindən maliyyələşən bütün filmlərin istehsalı “Azərbaycanfilm”in monopoliyasındadır. Nəticədə də keyfiyyətdə əskikliklər yaranır.

Xatırladım ki, nazirliyin üç-dörd il əvvəl ləğv elədiyi “Bu meydan, bu ekran” layihəsi müxtəlif prodüser şirkətlərinə verilirdi, bu da onlar arasında sağlam rəqabət yaradırdı, məhsulun keyfiyyətli alınması, xarici bazara çıxarılması üçün çalışırdılar.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya müsahibəsində kino tənqidçilərinə irad tutur: “Hətta tənqidi məqalədə də yüksək mədəniyyətin olması vacibdir”.

Bu layihənin prodüseri olan M.Hətəmova eyni sualı ünvanlayıram: “Prodüseri olduğunuz bu cür zəif fimlərdə elementar ekran, vizual mədəniyyətin olmamasını kimin ayağına yazaq və bu problemi kim aradan qaldırmalıdır.”

# 1114 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #