O sinəsi xallı qız

O sinəsi xallı qız
1 aprel 2016
# 10:17

Əsgər Ayxan Ayvaza məktub

Unudulmaz məktub.

Əvvəla, salam!

Salamdan sonra bizi xəbər almaq istəsən, sağ və salamat varıq! Sənin də sağ və salamat olmağını o bir olan Allahdan arzu edirik.

Ayxan, eşitdim sənə “starik” deyirlər. Nə tez qocaldın? Sözü anladığını və uşağa oxşayan görkəmin içində sirlər gizlədiyini nə tez bildilər? Bilirsən, dostum, haqlısan, müharibədən qazanc götürməyən yalnız avaralardr. Ziyan çəkənlərsə, ooo - bu gürcü yumorudur artıq!

Eşit bəri bax, xoşuna gələn o sinəsi xallı qız səndən daha yaraşıqlı bir oğlanla öpüşən yerdə şəklini paylaşanda sən yadıma düşdün. Kafka, Selincer, Səfər Alışarlı söhbəti eləmə! Həqiqəti o qızlar daha yaxşı bilirlər.

İnan mənə!

Anlamadığımız bir şey var dünyada. Və onu niyə anlamırıq, bilmirəm. Vxdsəıkıdkndbhbkjdbc – belə bir şeydir o!

“Elmlər”lə üzbəüz “padval-kafe”dəki rusdilli ofisiant qadına, axır ki, salamını çatdırdım. Əvvəl dedim, Ayxan əsgər getdi! Sonra dedim, Ayxan səni sevirdi! Ən axırda dedim, gərək onu sevəydin!

Bir dəfə də o yazıq dilə gəldi. Gülümsəyərək: “Ayxan xansı idi? O uşaq?”

Ama - dedim, xanım, dedim, xansı deyirsən, dedim, ayıb axı, dedim, ona “starik” deyirlər, dedim, balacaboy olmağına baxma, dedim, güvənirəm, dedim!

“Xardan bilirsən?” – deyib elə şaqqanaq çəkdi ki, “klyentlər” diksindi.

Mən də ayı kimi güldüm. Elə o an sifarişçilərə süzdüyü NZS pivəsi fışıltıyla doldu. Bakalı götürüb tələsik getdi. Boş qalan əlinin birini kürəyarxası yelləyərək “Gəlirəm!” - deməyi unutmadı amma.

O qız-qadınları həmişə gözləyəcəyik! Avtobus kimi gəlib-gedəcəklər.

...Orda oturmadım. Sənə görə deyil. Sadəcə yer yox idi.

Ayxan, bilirəm, “julik” uşaqsan. Dəyirmanın boğazı, sağ çıxmaq məsələsi...

Bayaq metroya mindim. Əlimdə kulyok bir məclisə gedirdim. Amma kulyokun içində biədəb şeylər vardı! Ağlına pis şey gəlməsin. Rayondan araq göndərmişdilər. Sadəcə mənim kulyokumda çox idi... 4 dənə.

Aaaa... Unutdum lap. Bu arada komandir əmr eləsə məktubu yarımçıq tulla və əmrə get. Zarafat eləmirəm. Əsgərlik zarafat deyil...

Həə... əlimdə kulyok “Elmlər” metrosunda qatara güclə təpdim özümü. Bir əsgər dedi, gəl yerimizi dəyişək. Elə bildim düşmək istəyir.

Sən demə ağaran bakenbardlarıma baxıb hörmət eləyib. Kurtkam Tağı Əhmədovun qapılarının arasında qalar deyə narahat olub. “Söykənməyin” yazılan yerə söykəndi. Mənim kimi mənasız adamlar üçün kürəyini verən uşaqlar yadıma düşdü. Kövrəlmədim desəm, deyərlər intellektuallıq eləyir.

Vətən üçün enli kürəklər çoxdur, amma xəritəmiz sənin kürəklərin kimi balacadır.

Ayxan, vətən səni əsgərlik yaşına çatanda yada saldı. Vecinə alma.

Əsgərlərə Nazim Hikmətdən şeir oxu. Qoy intihar eləməsinlər.

22.02.2014. Saat: 14:30

P.S. Bu gün Ayxan Ayvazın doğum günüdür. Təbriklər!

# 792 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #