Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
QANMAQ-QANMAMAQ
Bütün ömrüm boyu arılar kimi
Qəzetdən, kitabdan mən şirə çəkdim.
Bilməyə çalışdım bilmədiyimi,
Bunu bilmədim ki, mən bilməsəydim,
Nəyi uduzacaq, itirəcəydim?
Qazancım nə oldu, itirdiyim nə?
Qazancım dəyərmi itirdiyimə?
Qanmazın qandığı bir şey var ancaq:
Özünü hər yerdə düz, doğru saymaq!
O, elə bilir ki, səhv edə bilməz,
Bir müşkül önündə ağlı yenilməz.
Onun əməlində olmaz bir "xəta",
Ondan ağıllısı yox bu dünyada.
Qandınsa... şübhələr və tərəddüdlər
Ömrünün peykinə dönəcək sənin.
Qandınsa... qəlbində dil açan qədər
Əzmini, eşqini yenəcək sənin.
Qananlar uduzur batıb dərdində,
Qananlar uduzur şübhələrində –
Bağrıma çəkilən qanma dağımdır.
Qanmazlar qazanır qanmadığından.
Qandıqca... özümlə durdum üz-üzə
O da mən,
Bu da mən.
Kimə haqq verim?
Möcüzə içində başqa möcüzə.
Nə hakim bəllidir, nə də müttəhim.
Kaş, qanmayaydım...
Özümlə üz-üzə dayanmayaydım.
GƏLİR
Tarıma çəkilmiş simə bənzər sən!
Titrə bir yarpağın titrəməsindən.
Bil, dənizdə coşan suyun səsindən
Xəzri gəlir, yoxsa gilavar gəlir.
Bir az sıxlaşanda göydə buludlar,
Yavaşca titrəşir yerdə göy otlar.
Onlar da bilir ki, havada çən var,
Sabah yağış gəlir, sabah qar gəlir.
Müyəssər deyildir hər kəsə ancaq
Ürəkdən keçəni gözdən oxumaq.
Qaranquşdan qabaq, torpaqdan qabaq
Gərək biləsən ki, ilk bahar gəlir.
Qəlbim götürməyir bari-bəzəyi
Çətindir yamamaq sınmış ürəyi.
Özün dərk edəsən gərək hər şeyi
Səni başa salmaq mənə ar gəlir.
Baxışdan söz götür, söz anla sözdən,
Həssas ol, sevgilim, ömrün boyu sən.
Əgər sevirsənsə, ayaq səsimdən
Gərək biləsən ki, Bəxtiyar gəlir.
QISQANIRAM MƏN
O çalır, nəğmənin hər xalında sən,
Qəlbini, ruhunu tapmısan deyən.
Unudub zamanı, vaxtı, məkanı
Xəyal dünyasında məclis qurmusan.
Səslərin oduna əridib canı,
Özünü nəğməyə qarışdırmısan.
Nəğmə aldı səni mənim əlimdən,
Səni, nəğməyə də qısqanıram mən.
Dayanıb güzgünün qabağında sən,
Pərişan saçına daraq çəkirsən.
Arzular, diləklər tamannasındır
Bu qoca dünyada hər kəsin, gülüm.
"Pərişanlıq zülfün öz qaydasıdır",
Halı pərişanlar neyləsin, gülüm?
Güzgü də zövq alır gözəlliyindən,
Səni güzgüyə də qısqanıram mən.
Ömrün yollarını inamla keçdim,
Axırda odlandı bağrımın başı.
Eşqin çeşməsindən bir damcı içdim,
Axdı sellər kimi gözümün yaşı.
Bu dərdə tablamaq müşkül olsa da,
Sevgisiz ürəyi daş sanıram mən.
Düşməsin araya gülüm, qan-qada,
Səni, özünə də qısqanıram mən,
Daim öz-özünün yanındasan sən,
Neyləsin həftədə bir yol görüşən?
SEVƏ BİLİRƏMSƏ...
Ancaq məhəbbətçün yaranmışam mən,
Alınmaz əlimdən bu haqqım kimsə.
Xoşbəxtəm, küsmərəm öz taleyimdən,
Əgər sevirəmsə...
sevilirəmsə...
Məhəbbət – amalım, arzularımdır,
Ona kainatım, cahanım deyim.
Mənim dövlətimdir, mənim varımdır
Bütün varlığımla sevə bilməyim.
Sevə bilirəmsə,
əgər ürəkdən
Dünyanın ənin gözəl adamıyam mən.
Səni sevirəmsə, sevirəm demək
Həyatı, dünyanı, yoxdur düşmənim...
Əgər sevirəmsə – qəlbim aynatək
Şəffafdır, həssasdır, kövrəkdir mənim...
Bu könül aynama gülümsəyərək,
Göylər də, yerlər də əks olur həmən.
Sevirəm, sevirəm, sevirəm demək,
Bütöv bir aləməm, kainatam mən.
Mən ki kainatam, aləməm, nə qəm,
Ayım da, Günüm də, Ulduzum da var.
Həm zülmət, həm də ki, aydınlıq gecəm,
Həm açıq, həm tutqun gündüzüm də var.
De məndən varlısı dünyada varmı?
Sevən də özünü yoxsul sanarmı?
Mənim öz eşqimin öz ulduzları
Çiləyir könlümə nur, qucaq-qucaq...
Axı, bu sərvəti, dövləti, varı
Məhəbbət bəxş edir insana ancaq.
Bəli, ilk insanla həmyaşam artıq,
Bilmərəm aydayam, ya gündəyəm mən.
Zamandan, məkandan çıxmışam artıq,
Dünyəvi aləmin fövqündəyəm mən.
Öz böyük eşqimlə fəzadayam mən.
Məni endirməyin yerə, amandır.
Dünya çox kiçikdir məhəbbətimdən,
Hər arzum bir cahan, bir asimandır.
Verir arzularım göydə səs-səsə,
Deməyin yerdə uç, yer bəs deyilmi?
Yanan bir ürəyə, sevən bir kəsə
Asiman özü də qəfəs deyilmi?
Sevə bilirəmsə, əgər ürəkdən
Dünyanın ən yaxşı adamıyam mən!
BİRİ SƏNSƏN, BİRİ MƏN
Bir bulağın iki gözü, –
Biri sənsən, biri mən.
Bir almanın iki üzü, –
Biri sənsən, biri mən.
Qoşa simin titrəməsi, –
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi, –
Biri sənsən, biri mən.
Açıq səma, göy qurşağı, –
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı, –
Biri sənsən, biri mən.
Bu həyat da iki rəngdir, –
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli
Həm kədərik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc.
KÖLGƏM QƏDƏR YAXINSAN...
Ayrılığın eylədi,
Könlümü dağ-dağ, gülüm.
Qış kimi düşüncəli,
Yaz kimi oynaq gülüm.
Kölgəm qədər yaxınsan,
Ancaq tuta bilmirəm.
"Unut" demək asandır,
Mən unuda bilmirəm.
Soyuqluğun könlümə
Saldı qara xal, gülüm,
Dəniz kimi dalğalı,
Heykəl kimi lal gülüm.
Bəs nəyədir gümanın,
Ay gümanlı gümansız?
Könül kimi vəfalı,
Ağıl kimi amansız.
Gecə kimi fikirli,
Gündüz kimi şən, gülüm
İki hissin əlində
Gəl, oynama sən, gülüm.
OLDU
Könül, sənin dünya ilə
Ömrün boyu davan oldu.
Tamah sənə güç gəlincə
Ağıl səni qovan oldu.
Həyat nədir?
Ömür nədir?
Ərimişik sətir-sətir...
Bir əppəyim yağlı fətir,
Bir əppəyim yavan oldu.
Dünya, sənə dardı, könül,
Uçuşların vardı, könül,
Hüdudları yardı könül,
Sinəm yenə yuvan oldu.
Heç bilmədik bu nə işdir,
Nə gedişdi, nə gəlişdi,
Güney – quzey yer dəyişdi
Döşəmələr tavan oldu.
Ulu könlüm, uca könlüm,
Düşdü sacdan-saca könlüm.
Cavan ikən qoca könlüm,
Qocaldıqca cavan oldu.
İNSAN GÖYDƏ AY KİMİDİR...
Çəmənlikdə gül-çiçəyin
Sağ-solunda ələfi var.
Dünyada hər bədbəxtliyin
Həm zərəri, həm nəfi var.
Vaxt hakimlər hakimidir,
Həyat, varkən yox kimidir.
Yaydan çıxan ox kimidir,
Hər ömrün öz hədəfi var.
Ürəkdədir sözün kökü,
Ayıra bil tükdən tükü,
Çox ağırdır məslək yükü,
Çəkə bilsən şərəfi var.
Ürək fikrin tilsimidir,
Hər qatı bir lay kimidir
İnsan göydə Ay kimidir,
Görünməyən tərəfi var.