news-inner
clock12:55 calendar-gray 04 Mart 2016 view-gray858 dəfə oxunub
view-gray858 dəfə oxunub

Elmira Şabanova: “Elə aktrisalar var, adımızı ləkələyirlər”

Xalq artisti Elmira Şabanovanın APA -ya müsahibəsi

...Ömrünün 75-ci ilini yaşayır Elmira xanım. Zarafata salsa da, gülüb keçsə də, yaşın gətirdiyi sıxıntını hər addımında, hər kəlməsində hiss edirəm. Kompliment de, təriflə, gözəlliyini “üzünə vur”, nə xeyri, əlini qaldırır ki, yetər! İndi ona Anna Maniyaninin qrim ustalarına etirazı da təsəlli vermir: “Üzümdəki qırışlara toxunmayın, onlar mənə baha başa gəlib!”.

Ömrünün ən gözəl günlərini səhnədən uzaq yaşayıb. İnciyib, uşağını götürüb evdən gedib, amma sonda yenə ailəsini tutub, övladlarını böyüdüb. “Peşman deyiləm” desə də, itirdiyi filmlərin, tamaşaların acısını çəkir, bilirəm. Onu xoşbəxt edən başqa dəyərdir: tək deyil. Övladlar, nəvələr, nəticələr kinonun gətirdiyi şöhrətdən daha gözəldir. Və Elmira Şabanova o dəyərin ləzzətini halal haqqı kimi doya-doya yaşayır...

Bir də söykənəcəyi başqa dəyər var: yetişdirdiyi tələbələri. O tələbələr ki, onlara nəinki müəllimə Şabanova, bütün Azərbaycan mədəniyyəti söykənir...

* * *

- Mənim həyatım gur olub, həmişə iş başında olmuşam. Kino, teatr, müəllimlik, ailə, uşaqların qayğısı... Bundan savayı, yoldaşım da rejissor idi. Onu çox istəyirdim. Kino təqdimatlarından sonra hamı yığışıb bizə gəlirdi, qonaqlıq olurdu. Bir də gördün, qapı açıldı, girdilər evə. Kimlər gəlməyib? Anar, Emin Sabitoğlu, Eldar Quliyev, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov... Tez-tələsik nə isə hazırlayırdım, biş-düş edirdim. Görünür, o cür qaçaqaç həyatdan yorulmuş kimi dincəlirəm. Hər yerdən uzaq olmaq istəyirəm. Televiziyalar verilişə çağırır, getmirəm, müsahibə vermirəm, seriallar dəvət edir, çəkilmirəm. Evdən çıxmaq istəmirəm. Belə həyat mənim ürəyimdəndir. Sən məni başa düşürsən də, nə demək istəyirəm? Necə deyim, bu həyat məni qane edir, özümü rahat, xoşbəxt hiss edirəm. İndi nəticələrim üçün yaşayıram. Təki hamıya qismət olsun. Nəticə necə şirin olurmuş, ilahi. Həmişə düşünürdüm ki, ən çox uşaqlarımı sevəcəyəm. Sonra nəvələr oldu, iki qız nəvəm ərə getdi, nəticələrim doğuldu. Canım gedir onlar üçün.

- Elmira xanım, sizin nənəniz fransız olub?

- Hə, ulu nənəm fransız idi. Babamın atası neft milyonçusu olub. Gedib Fransaya, arvadını ordan gətirib. Qadının adı Turye olub, babam onu dəyişdirib edib Dürrə. Müsəlmanlığı qəbul edib, çadra taxıb. O qadın babamın atasını çox sevib, ona görə, dinini də dəyişib, həyatını da.

- Deməli, ona görə sizə deyirmişlər ki, bir suyunuz fransızlara çəkir...

- Deyirlər, məndə fransız cizgiləri var. Sənə bir hadisəni danışım. Yoldaşım rəhmətə gedəndən sonra bizdən yuxarı mərtəbəyə fransızlar köçmüşdü. Üç nəfər idilər, Bibiheybətdə işləyib, kirayə qalırdılar. O fransızlardan biri mənə vuruldu. Fransızcanı az-çox bilirəm. Görürdüm, tez-tez bizə gəlir, deyir, evdə darıxıram. Mən də heç nə başa düşmürdüm. Gəlinim “tyotya Elmira, o kişi səni sevir”, dedi. Qəribə hadisədir. 60 yaşlı subay kişi idi. Məlum oldu, onun cavanlıqda sevdiyi qız eynən mənə oxşayıbmış. Şəklini də göstərdi, gördüm, hə, oxşayır. Oğluma dedi, sizin ananızla evlənib Tuluzaya aparmaq istəyirəm. Əlbəttə, məhəbbət olsaydı, bəlkə də gedərdim. Amma mən həmişə bir insanı sevmişəm, o da həyat yoldaşım Rüfət idi.

- Sizi Ceyhun Mirzəyev də sevib...

- (Gülür). Ceyhun mənə vurulanda balaca uşaq idi. Qoy lap əvvəldən danışım. Allah rəhmət eləsin, SSRİ xalq artisti Məhərrəm Haşımov bizə dərs deyirdi. O, Rus Dram Teatrının direktoru idi. Tələbələrini teatra təcrübəyə aparırdı. Rüfət də teatra dostlarının yanına gəlib-gedirdi. Görürdüm, altdan-altdan mənə baxır, göz qoyur. Bir gün dedi, filmə çəkilmək istəyirsiniz? Mən də cavan qız, birinci kurs tələbəsi. Dedim, əlbəttə, istəyirəm, amma atam-anam qoymaz. Gedib danışdı, razı saldı, məni apardılar Nabrana. “Əsl dost” filminin çəkilişi gedir, yaradıcı heyətin hamısı cavan uşaqlardır. Məsələn, Eldar Quliyev yadıma düşür. Cavan assistent idi. Rüfət hamıya tapşırmışdı ki, bu qızı incitməyin, onunla evlənəcəyəm. Məndən də 17-18 yaş böyük. Ceyhun Mirzəyev də məndən beş-altı yaş balaca olardı. Bir dəfə gördüm, hamının başına dolandığı bu suyuşirin uşaq heç kimə yaxın getmir, qaşqabağını sallayıb oturub. Soruşdum, Ceyhun, nolub sənə? Birdən qayıdasan ki, o kişiyə getmə, böyüyüm səni özüm alacağam.

- İstəyirəm, ailənizdən danışaq. Atanız, ananız kim olub?

- İmkanlı ailədə böyümüşəm. Atam əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. Əvvəl istəyirdim Moskvada aktyorluq təhsili alım. Anam bilirdi, atamın xəbəri yox idi. Birinci imtahandan keçmişdim, ikincidə Moskvadakı qəbul komissiyasına zəng etmişdi ki, onu oxumağa qoymayacağam, imtahandan kəsin. Məni qaytardılar, gəlib Bakıda aktyorluq və rejissorluq fakültəsini oxudum. Birinci kursda ailə qurdum, uşaqlar oldu. Yoldaşım qadağa qoydu: nə kino, nə teatr. Gecələr ağlayırdım. Deyirdim, sən rejissorsan, heç olmasa, özün çək. Mehdi Məmmədov bir tərəfdən çağırır, Tofiq Kazımov o biri tərəfdən dəvət edirdi. Tofiq Kazımov “Hamlet”i hazırlayanda Amaliya Pənahova hamilə idi. Məni çağırdı ki, gəl, Ofeliyanı oyna. Rüfət razılıq vermədi. Tofiq müəllim mədəniyyət nazirinin müavini Cəfər Cəfərova demişdi, Ofeliya rolunda Elmiranı görürəm, ona da icazə vermirlər. Cəfər müəllim Rüfəti çağırdı ki, Elmira istedadlı qızdır, qoy səhnəyə çıxsın. Rüfət dediyindən dönməyib: istəmirəm mənim arvadım səhnəyə çıxsın. Cəfər müəllim əlini Rüfətin çiyninə qoyub ki, afərin. Şamil Mahmudbəyov “Romeo mənim qonşumdur” filmini çəkəndə dəvət elədi, yenə icazə ala bilmədim. Söz vermişdi, 40 yaşdan sonra icazə verəcəyəm. Sözünün üstündə kişi kimi durdu. O zaman aktrisa olmaq çox pis səslənirdi. O vaxt da olub, indi də davam edir: elə aktrisalar var, bizim adımızı ləkələyirlər. Ailəyə ki xəyanət elədin, elə bil, oğurluq etmisən. Ailəsi, uşaqları olan aktrisa gərək möhkəm olsun. Rüfət məni ona görə çox istəyirdi ki, inanırdı. Hətta tələbələrim mənə vurulurdu. (Gülür).

- Tələbələriniz kimlər olub?

- Sən de ki, kimlər olmayıb. Rasim Balayev, Nuriyyə Əhmədova, Şahmar Ələkbərov, Həsən Əbluc, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, Musiqili Teatrın direktoru Əliqismət Lalayev. Çox e, çox olub. Tələbələrim dünyasını dəyişəndə çox pis oluram. Deyirəm, İlahi, mən nə çox yaşamışam.

- Film təklifləri var?

- İndiki rejissorlarla bir az ehtiyatla davranıram. İlqar Safatın “İçərişəhər”, Elçin Musaoğlunun “40-cı qapı” filmlərində çəkildim. İstedadlı uşaqlardır, üstəlik, Elçin mənim tələbəmdir, ona görə razılıq verdim. Bilirsiniz, aktyoru aktyor edən ssenaridir, dramaturgiyadır. Məsələn, Yuli Qusman bir dəfə məni dəvət etdi, qəbul etmədim. Nə ssenari xoşuma gəldi, nə rolum. Oğlum Fuad Şabanov Moskvada seriallar çəkir. O vaxt Qusmanla bir yerdə işləyirdi. Qusman da bir az səs-küylü adamdır, aktrisaların üstünə qışqırır, ona görə Fuad razı olmadı. Bizim ailə hamısı kino xadimidir. Qızım Leyla Film Fondunda işləyir, Fuad Moskvada filmlər çəkir, neçə serialı “ORT” və “RTR” kanallarında nümayiş olunub. “Düşünülməmiş həyat” serialının hazırda böyük reytinqi var. Amma Fuadın arzusudur ki, Azərbaycan üçün filmlər çəksin. Məsələn, Qafqaz Albaniyası haqqında kino çəkmək istəyir, amma vəsait böyükdür deyə, sponsor axtarır. Bilirsən, indi zəmanə dəyişib. Əvvəllər son sözü rejissor deyirdi. İndi filmin sahibi prodüserdir. Rasim Ocaqov “Otel otağı” filmini çəkəndə məni Fəxrəddin Manafovun arvadı rolunda çəkmək istəyirdi. Kərimin arvadı Tamilla. Özü də Rasim məni yoxladı, sonra məlum oldu ki, filmin prodüseri öz adamının çəkilməyini təklif edib.

- “Təhminə” filmində Rasim Ocaqovdan Zaurun anası rolunu istəmisiniz, verməyib?

- Hə, istəmişəm. Onda hələ Zərnigar Ağakişiyeva söhbəti yox idi. Məni Aliyə roluna dəvət edəndə, dedim, Rasim müəllim, Zaurun anası rolunda kimi çəkəcəksiniz? Məni çəkin də. O da cavab verdi ki, Elmira, nə danışırsan, sənin üzündə o qədər nur var, Təhminəyə qayınanalıq edə bilməzsən.

- Yazıçılardan kimləri oxumusunuz?

- Natiq Rəsulzadə mənim üçün çox maraqlıdır, onun ssenariləri xoşuma gəlir. Oğlum Natiq Rəsulzadənin “Ev” povesti əsasında yazdığı ssenariyə film çəkmək istəyirdi, Bakıda keçmədi. MənƏbülfəs Qarayevi çox istəyirəm. O, mənə çox kömək edib. Xalq artisti adını 2006-cı ildə almışam. Halbuki, neçə illər əvvəl almalı idim. Bu da nəyə görə olub? Keçmiş nazir Polad Bülbüloğlu ilə aramızda konflikt yaranmışdı. Məlik Dadaşov Rus Dram Teatrında işləyəndə məni ora dəvət eləmişdi. Sonra direktor oldu. Poladla Məlikin arası yox idi. O vaxt mən Məlik Dadaşovu müdafiə elədim, oldum Polad Bülbüloğlu ilə düşmən. AmmaƏbülfəs Qarayevgələn kimi məni çağırdı ki, sizə xalq artisti adı üçün təqdimat yazıram. Amma nazirliyin kino şöbəsi ilə... Nə isə, danışmaq istəmirəm, dərinə getməyək. Kinostudiyanın direktoru Müşfiq Hətəmovu çox istəyirəm, münasibətimiz də əladır. Müşfiq çox yaxşı oğlandır, ona işlərində uğurlar arzu edirəm.

- Aktrisalardan kiminlə əlaqəniz var?

- Ağasadıq Gəraybəylinin qızı Zemfira Gəraybəyli ilə məktəbdə bir yerdə oxumuşuq, indi də münasibətimizi saxlayırıq. Ağasadıq Gəraybəyli çox yaxşı aktyor idi, çox yaxşı ailə başçısı idi. Bilirsiniz, məndə pis xasiyyət var: məni axtarmırlar, mən də zəng etmirəm.

- Sonuncu qonorarınızı hansı filmdən almısınız?

- İlqar Safatın “İçərişəhər” filmindən. Yaxşı qonorar verdi mənə. Fuad Poladovdur, Fəxrəddin Manafovdur, mənəm... biz xırda-xuruş qonorara filmə getmirik. Cavan vaxtlarım olsaydı, bəlkə beş manata da çəkilərdim, amma indi o yaş deyil axı. Məsələn, seriallardan zəng vururlar ki, sizi çəkmək istəyirik. Qəsdən elə qonorar deyirəm, bir də zəng vurmurlar. Tutalım, deyirəm gününə 300-500 verin, çəkilim. Bu, kapriz deyil. Sadəcə, çəkilmək istəmirəm. Güzgünü görməyəndə yadımdan çıxır ki, qocalmışam. Elə ki güzgü qabağına keçdim, deyirəm, yox, mən camaat qabağına çıxa bilmərəm. Qocalığa nifrət edirəm.

- Ümid edirəm, rejissorlar sizi filmlərə dəvət edəcəklər. İçinizdəki bu qocalıq kompleksini sındırmaq lazımdır...

- Hə, komplekslərim var. Hər ili sonuncu ilim kimi yaşayıram, o dünyaya təşrif aparmağa hazırlaşıram. İnan, evdən çıxmaq mənim üçün dəhşətdir.

Oxşar xəbərlər