Ölsə də, balacaboy oğlana ərə getməzdi – Narıngüldən YENİ HEKAYƏ

Ölsə də, balacaboy oğlana ərə getməzdi – <span style="color:red;">Narıngüldən YENİ HEKAYƏ
3 mart 2016
# 08:30

Kulis yazıçı Narıngülün “Şans” hekayəsini təqdim edir.

- Bibin də belə idi, heç kimi bəyənmirdi. Bir də gördü ki, evdə qalıb. Qorxuram, ər məsələsində sən də ona oxşayasan.

Anası sobanın üstündəki qazanı bərk-bərk qarışdırdı. Sifəti dolu olduğundan danışanda ovurdları şar kimi şişirdi. Ocağın istisi üzünə vurduğundan üzündə tər dənələri görünürdü.

- Yox, az, sən də söz danışdın! Nə olub ki, gedəcək də... İntəhası...

Xalası adəti üzrə bir az “altdan çəkməyə” çalışdı.

Tələm-tələsik şirinçayını içdi. Bilirdi ki, söhbət uzansa, baş alıb gedəcək. Onsuz da danışmağa halı yoxdur.

Axşam yata bilməmişdi, beyni uğuldayır, gözləri qapanırdı.

Hər şey universitetin dəhlizindən tapdığı o zəhrimara qalmış pulqabından başlandı. Lənətə gəlsin! Guya tapmasa nə olacaqdı ki, gül kimi sakit yaşayır, adam balası kimi gününü başa vururdu. Üstü rəngbərəng, pul-pul, ilan dərisinə bənzəyirdi, nazik zolaqları vardı pulqabının.

Tozlu dəhlizdi. Uşaqlar yenicə keçib getdiklərindən döşəmədə hələ ayaq səslərinin döyüntüləri hiss olunurdu. Dəhlizin ortasında, düz ayağının altına düşdü. Üstü laklı-laksız, rəngli-rəngsiz, örtülü-açıq, yastı-hündür ayaqqabıların arasından sivişib məhz onun ayağının altına sürüşdü. Əvvəlcə istədi ayağıyla vurub keçsin. Amma yox, ağırlığından bilinirdi ki, pulqabının içərisi boş deyil. Qeyri-ixtiyari ətrafa boylandı. Heç kim yox idi. Canı istiləşdi. Ürəyinin dərinliyində tapdığını şans kimi dəyərləndirdi. Sevindi və sevinci bütün bədəninə yayıldı.

Elə ordaca əlləri əsə-əsə pulqabını açdı. İçində xeyli pul vardı. Başqa şeylər də vardı. Sənəd-sünəddi, deyəsən, yol bileti də gözünə dəydi. Yaxşı baxammadı. Amma çox istəyirdi, bilsin görən pul nə qədərdir. Pulqabını tələm-tələsik çantasına atıb küçəyə çıxdı. Külək açıq koftasından içəri doldu...

Küçə yuxarı irəliləməyə başladı. Üzünə laqeyd ifadə verdi. Elə bu andaca ürəyindən keçdi ki, bu binaya bir iş dalınca gəlmişdi. Amma daha bundan artıq nə iş?!

Piyada getməyi qərara aldı. Piyada yol gedəndə yaxşı düşünmək olur. Çoxdan kəşf etmişdi bunu. Əlini çantasının üstündən pulqabına toxundurdu.

Küçədəki adamlar məhrəm, həm də bir qədər şübhəli görünürdü. Ona elə gəlirdi ki, çantasındakı pulqabından hamının xəbəri var, hər kəs onu izləyir.

Köhnə yapalaq daxmanın qarşısında bir kişi göyərçin uçururdu. Kişiyə diqqətlə baxdı. Kişi öz işindəydi, ona fikir vermirdi. Ancaq tində quru meyvələr satılan mağazanın qarşısında dayanmış cavan oğlan uzaqdan onu işarələmişdi. Xeyli aralıdan tutdu baxışlarını. Ərə getməyə geciksə də, bir qadın kimi o qədər də əfəl deyildi. Ona tərəf tuşlanan baxışları min metrlikdən duya bilirdi.

Oğlan gözlərini ona zilləmişdi, təpədən-dırnağa süzürdü. Gözəyarı oğlanla öz boyunu müqayisə etdi. Bəstəboy oğlandı. Zəhrimar boyu əksər hallarda ona mane olurdu. Həmişə yanındakılardan uzun görünürdü. Ölsə də, balacaboy oğlana ərə getməzdi. Ərə getmək üçün öz seçimi vardı. Bəs bu “tösmərək” niyə baxır axı mənə? Bəlkə, bu, dəhlizdə idi, görüb izimə düşüb? Ancaq anidən ağlına gəldi ki, oğlan ondan xeyli irəlidə dayanıb və məktəbdən bura bircə yol uzandığından heç bir halda ondan əvvəl gəlib bura çıxa bilməz. “Cazibəliyəm, baxır. Görünür, xoşuna gəlirəm”. Ürəyində qürurlandı, yerişinə bir qədər əda qatmağa çalışdı, arxadan gələn maşın qəfil siqnal verdi. Diksindi. Yalnız indi hiss elədi ki, yolun ortası ilə gedir. Deyəsən, sürücü təhqir etdi, o da öz növbəsində sürücüyə dodaqaltı bir-iki ağır söz dedi.

Ürəyində çözələndi: Bəlkə, geri qayıdıb pulqabının sahibini soruşsun, ürəyindəki xof da birdəfəlik yox olub getsin. Yox, o mərhələni artıq keçmişdi. Həm də bu, axmaqlıq olardı.

Xalasının sözlərini xatırlayıb gülümsündü. Anasından və xalasından fərqli olaraq inanırdı ki, evdə qalmayacaq. “Nə olub mənə, gül kimi qızam, gözəl olmasam da, cazibəliyəm. Onlar belə şeyləri başa düşməzlər”. Mağazanın qapısından asılmış güzgüyə uzun-uzadı baxaraq özünü qiymətləndirdi: sifəti qarabuğdayıydı, arıq olduğundan burnu bir az uzun görünürdü, kökəlsə o da ötüb keçəcəkdi. Yəni elə də dərd etməyə dəymirdi, ciddi problemi yoxdu sifətində. Bir az kosmetika ilə də düzəltmək olardı qalanlarını.

Evə çatan kimi hündür, dabanları bir qədər əyilmiş ayaqqabılarını çıxarıb kənara atdı. Yorulmuşdu yaman. Ayaqları zoqquldayırdı. Hündür altlıqlı ayaqqabıda gəzə bilmirdi. Bir az yol gedən kimi dabanları əyilirdi. Amma yenə də hündür geyinirdi. Tufliləri qoşa qoyub dabanlarına tamaşa etdi. Qərara aldı ki, özünə təzə ayaqqabı alsın.

Əli ilə pul kisəsini bir də yoxladı. Sanki əli soyuq, yad bir cismə toxundu. Üşəndi. Pul kisəsini açıb içindəkiləri stolun üstünə tökdü.

Qadına məxsus olduğunu əvvəldən müəyyənləşdirmişdi. İçində bir neçə talon vardı. Və xeyli məbləğdə pul, iki nəfərlik yol bileti... Deməli, harasa uçacaqdı pulqabının yiyəsi. Ola bilsin, sevgilisi, yaxud nişanlısı ilə uçacaqdı. Başqa vaxt olsaydı, bəxtəvərlik oxuyardı, amma indi yaman yazığı gəldi ona.

Anası una bulaşmış əllərini yaxasına bağladığı önlüyə silə-silə dəhlizdə göründü. Pəncərədən düşən günəş işığı anasının üzündəki cizgiləri açıq-aydın göstərirdi. Müxtəlif istiqamətlərə uzanmış xırda qırışlar nəzərindən qaçmadı.

Pul kisəsini anasına göstərdi. Pulları onun gözlərinin qarşısına tutdu. Anası əvvəlcə gülümsündü, sonra elə bil ki, birdən-birə yuxudan ayıldı.

- Nahaq götürmüsən, - dedi. Gərək sahibini tapıb verəydin - Həm də bizə haram düşmür.

Həmişə fikirləşirdi ki, görəsən, anası ilə arasında olan bu fərqlilik hardandır? Özünü “əfəl” adlandırırdı çox vaxt, amma anasını özündən qat-qat sadəlövh hesab edirdi. Elə hey ürəyində mübarizə aparırdı anası ilə.

- Yox bir, nə olub, elə dürüstlük bizə qalıb? - Özü də bilmədən əsəbi halda səsini yüksəltdi. Bunula da həm içindəki tərəddüdləri yox etməyə, həm də özünə təskinlik verməyə çalışdı, - dəyişmişəm e, artıq... Ehtiyacım var. Tapmışamsa, demək, mənim qismətimdi.

Anası narazılıqla onu süzdü, daha dillənmədi.

Səhər açılan kimi “hadisə yerinə” - universitetə getməyi qərarlaşdırdı. Gedib öyrənəcək, kimin olduğunu biləcək, bundan sonra rahat olacaqdı. Həm də imkan olsa, bir yol tapıb biletləri qaytaracaqdı. Nəyinə gərəkdi bu biletlər... Sahibinə lazımdır, həm də bununla ona “yaxşılıq” etmiş olar. Bir qədər rahatlaşıb yuxuya getdi.

Səhər tezdən yenə anası adəti üzrə mətbəxdə suyu şırıldadırdı. Elə dəhlizdəcə güzgünün qarşısındakı kremi açıb üzünə çəkdi. Qədərindən çox çəkdi, deyəsən. Pomadanın da lap rənglisini seçdi Dodaqlarını boyadı. Saçlarını əlləriylə yuxarı qaldırdı. Güzgünün qarşısında öz-özünə güldü. Sınmış dişinin yeri boş göründü. ”Xalam da deyir, üzündə təbəssüm olsun. Gərək dişlərim yerində olsun ki, dünyanın üzünə gülümsəyim”. İmkan tapıb ürəyində məzələndi özüylə.

Dəhlizdən anasına səsləndi:

- Bu gün gec gələcəm. Mağazaları gəzəcəm. Ayaqqabı, paltar alacam. Bəlkə, diş həkiminə də getdim. Dişimi düzəltdirəcəm. Daha əfəllik qurtardı. Həyatı yaşamaq lazımdır. Yaşamaq!

Pulu sellofan torbaya büküb sumkasının cibinə qoydu. Qalan sənədləri, yol biletini tapdığı pulqabının içərisinə yerləşdirib çantasına atdı.

Universitetə giriş qapısından deyil, arxa qapıdan daxil oldu.

Gözətçi oğlan dəhlizin o başında süpürgəçi qadın ilə danışırdı, başları qarışıqdı. Yaxşı məqamdı. Gözətçi əyləşən kiçik məntəqə boşdu. Ürəyi döyünə-döyünə gözətçi məntəqəsinə daxil oldu, gözətçi əyləşən masanın siyirməsini açdı, içərisində yol biletləri olan pulqabını siyirməyə qoydu.

Hər şey əla bitdi, ona fikir verən olmadı.

Küçəyə çıxdı, yenə də dünənki tindən döndü. Telefonuna zəng gəldi. Xəttin o başındakı polis işçisinin xırıltılı səsi eşidildi: “Gəl bölməyə, sizə yarayacaq material var, çək apar!”

Bu bölmə ilə şirkətlərinin müqaviləsi vardı. Materialları burdan götürüb redaktora ötürür, o da senzuradan keçirdikdən sonra efirə verirdilər. Hadisə-filan xoşlayan deyildi. Hadisə deyilən şeylə də burda rastlaşırdı. Amma bu pulqabını tapması artıq hadisə idi. Əlini qeyri-ixtiyari çantasındakı pula toxundurdu.

Yəqin, isti məlumatdır, düşündü. Təzə məlumatları verəndə redaktor yaman sevinir, onu tərifləyirdi. Tez operatora zəng etdi. Polis məntəqəsinin qarşısında xeyli adam vardı. Hamı həyəcanlı görünürdü. Qapıya yaxınlaşdı. İşin ən fərəhli cəhəti də elə bu idi: adamların arasından şəstlə keçərək qapıya yaxınlaşmaq...

Qapıda dayanmış nataraz polis işçisi danışarkən sanki bağırırdı. Səsi xırıltılı və qalın idi. Amma ərki vardı ona. Hərdən duzsuz zarafatlar edirdi. Zarafatlarının bir ucu erotikaya yönəlirdi. Nədənsə sərt cavab verə bilmirdi, ümumiyyətlə, bu adama ciddi baxa bilmirdi, komediya aktyoruna bənzədirdi onu.

Birinci iş xırda xuliqanlıq etmiş məktəblidən idi. Onu ilkin istintaq zamanı bir qədər yumşaqlıqla dindirdilər. Uşaq çəkilişi görüb bir qədər də forslandı. Suallara həvəslə cavab verdi.

İkinci iş isə həyətyanı torpaq üstə dava etmiş qonşunun xuliqanlığı idi. Bu işlər ona mənasız gəlirdi, adiləşmişdi artıq. Sonuncu işi də lentə alıb gedəcəkdi.

Bu dəfə bir qədər alçaq dabanlı ayaqqabı alacaqdı özünə. Diş həkiminə də gedəcəkdi.

Operator həmişəki kimi əlini yuxarı qaldırıb ədayla sağollaşdı. Özü də operatorun arxasınca çıxmaq istəyirdi ki, qapının qarşısında ayaqları yerə mıxlandı.

Polisin qolundan tutaraq içəri gətirdiyi oğlanı dərhal tanıdı. Pulqabını siyirməsinə atdığı gözətçi oğlandı. Ürəyi döyünməyə başladı. “Bu, nəyə ilişib, görəsən?” - ürəyində nə isə qırıldı sanki.

Müstəntiq cinayətkar haqqında məlumat verdi: Küçədə bir qızı soyublar. Oğrular qaçaraq universitetin qarşısında yoxa çıxıblar. Əşyayi-dəlil olan pul kisəsi bu oğlanın şkafının siyirməsindən çıxıb. Hər iki fakt onun oğruluqda əli olmasına sübutdur. Vəssalam! İki-üç cümləlik sadə bir nitq!

Çox güclü intuisiyası vardı. Ürəyində özünü də, intuisiyasını da söydü. Pulqabını tapandan bəri elə buna görə narahatmış, buna görə qorxurmuş. Keçib kənardakı stulların birində əyləşdi.

Oğlan çaşqın və həyəcanlı görünsə də, sakit danışmağa çalışırdı. Elə hey heç nə oğurlamadığını, siyirməsindəki pul kisəsindən xəbərsiz olduğunu təkrarlayırdı.

Oğlanı nə qədər sual-cavab etsələr də, istədikləri cavabı ala bilmirdilər.

- Bax, bu başdan boynuna al, hamısını yaz bura, a bala, - deyirdi polis müvəkkili.

- Heç nədən xəbərim yoxdur, bu qurmadır, tələdir. - Oğlan nədənsə ona tərəf dönüb səsləndi. Səsində bir qədər təslimçilik hiss olunurdu.

- Bilirəm! - O da hündürdən dilləndi.

Nataraz polis işçisi də, sorğu-sual aparan müvəkkil də dönüb ona baxdılar.

Müvəkkil onu yenicə görürmüş kimi başdan-ayağa süzdü. ”Sən hələ də burdasan” sözləri oxunurdu sifətindən. Məcbur qalıb ayağa qalxdı, qapıya yaxınlaşdı. Müvəkkil: “Kişiyə salam de” - söylədi. Şirkətin sədrini nəzərdə tuturdu.

“Elə günüm-saatım sədrin yanında keçir. Qəbuluna ildə bir dəfə güclə düşürəm” - deyə düşündü və gülümsünərək: “Baş üstə!” - söylədi.

Gözətçi oğlan yenə də dil tökürdü:

- Vallah, birdən-birə siyirməni açarkan gördüm pulqabını.

İçərisində biletlərdən başqa heç nə yoxdu. Mən tələbəyəm, bu iş mənim boynumda qalsa hər şey əldən gedər, məhv olaram...

Bayıra çıxarkan başında küt ağrılar vardı, ürəyi aramsız döyünürdü. Demək, bu oğlanı həbs edə bilərdilər. Hər şey ola bilərdi. Amma hələ işin ikinci hissəsi qalırdı. Qarət edilən qız gəlib izahat veməli idi.

Həyətin başındakı, rəngi solmuş oturacaqda əyləşdi. Başını əllərinin arasına aldı.

Günortadan keçməsinə baxmayaraq, adamlar dağılışmamışdılar, amma üz-gözlərindən yorğunluq oxunurdu.

Kənara çəkilib anasına zəng elədi. Vaxtını öldürmək istəyirdi. Bildirdi ki, burda ləngiyəcək.

- Bir oğlana kömək etmək istəyirəm. Cavan oğlandı, pulqabını tapdığım məktəbin gözətçisi.

Deyəsən, cavan oğlan sözü anasının ağlına batdı.

- Kömək elə, bəlkə, bu qismətindi...

Anası son vaxtlar hamıya müştəri gözüylə baxırdı.

Gülməyi tutdu: “Mən nə hayda, bu nə hayda”.

Polis məntəqəsinin qarşısında qara rəngli bahalı, zəhmli maşın dayandı. Gözəl geyimli zərif bir qız ədayla maşından düşdü. Kəpənəyə bənzəyirdi. Ətrafında xeyli adam vardı. Görünür, gözətçi oğlanı bu qızla üzləşdirəcəkdilər.

Qızın ardınca yeridi. Yenidən qapıdakı nataraz polisin üzünə irişməli oldu. Polisin dişləri ağardı.

Kəpənək qız müstəntiqlə də ədayla danışırdı. Deyirdi, bu gün nə var, verin qol çəkim, sabah burda olmayacam, çıxıb gedirəm xaricə!

Biletin üstündəki tarixi yadına saldı. “Doğrudur” - deyə özlüyündə təsdiqlədi. Eyni zamanda qıza qarşı içində xoşagəlməz hisslər yarandı. Qibtəydimi, paxıllıqdımı, aydınlaşdırammadı.

Oğlanı içəridən gətirdilər. Qız qəzəbli baxışlarla oğlanı süzdü, incə və uzun dırnaqlı barmaqlarını oynatdı. Ürəyi döyünməyə başladı. Çox qorxulu bir məqam idi. Hər şey ola bilərdi. Deyəsən, oğlan özü də qorxmuşdu. Oğlan, yəqin ki, artıq möcüzələrə əməlli-başlı inanmağa başlamışdı, gözlərindən nigaranlıq oxunurdu.

Nəhayət ki, qız ətli, qırmızı boyalı dodaqlarını tərpədərək “nırç” elədi, sonra başını buladı. Sanki üstündən dağ götürüldü. Hər şey ola bilərdi. Oğlanın üzündə ani təbəssüm göründü, amma tez də çəkildi.

İçəri otaqdan başqa adamları gətirirdilər, qızla üzləşmək üçün. Müvəkkil geri çevrilərkən ona ani nəzər saldı, deyəsən, polisə başıyla işarə edib onu göstərdi.

Nataraz polis ona yaxınlaşdı: “Daha burda olmaz, burda icazə yoxdur - Sonra ağzını qulağına yaxınlaşdırdıb irişdi - Məni görmək istəyirsənsə başqa məsələ”.

“Şitin biri şit! Öküz!” - ürəyində qeyzləndi.

- Çıxıb çöldə gözlərəm, - mızıldandı.

Kənara çəkilərək pəncərənin qarşısındakı budaqları sınıq-salxaq ağaca söykəndi, içərini izləməyə çalışdı. İçəridə, yəqin ki, sorğu-sual gedirdi. Nə isə etmək lazımdı. Bu dəfə, barı bu dəfə cəsarətli olmaq lazımdı. “Get içəri, danış hər şeyi!” Beyni uğuldayırdı.

İçəridə, müvəkkilin qarşısında indi başqa iki nəfər oğlan dayanmışdı.

Kəpənəyə bənzəyən qız şəstlə içəridən çıxdı. Bir kənara çəkilərək yanındakılarla xosunlaşmağa başladı. Görünür, nə isə ciddi bir məsələdən danışırdılar. Yanındakı kök kişi əl-qol ata-ata nə isə deyirdi. Nə qədər diqqət kəsilsə də, onların danışığını eşidəmmədi.

Nataraz polis qapıda göründü. Ondan öyrənmək olardı vəziyyəti. “Natarazım” - deyə ürəyində əzizlədi onu.

- Hələ getməmisən? - Kobud səs qulağının dibində gurladı. Nə yaman maraqlanırsan bu hadisəylə? Sizə bir “kusok” lazımdır onu da öyrəndiniz də...

- Yox, sonunu bilmək istəyirəm.

- Sonu belədir də... Sonu yaxşıdı. Oğruları tapıblar, qız onları tanıdı.

- Bəs oğlan, gözətçi?

- Hə, gözətçi... baxır şikayətçinin insafına.

Görəsən, kəpənək qızın insafı nə qədərdir? Ürəyində düşündü.

Ayaqları zoqquldayırdı. Anası zəng elədi:

- Pulunu boş şeylərə xərcləmə. Yolda çox ləngimə, evə tez gəl!

Kəpənək qız yenidən içəri qayıtdı. Bir qədər sonra gözətçi oğlanla geri döndü. Oğlanın üzü işıqlanmışdı. Görünür, vəziyyət yaxşı idi.

Ayaqlarını sürüyə-sürüyə binadan aralandı. Həzin əsən külək tərli koftasını belinə yapışdırdı.

Binanın tinində bahalı və son zamanlar bu şəhərdə dəbdə olan iri maşın dayanmışdı. Kəpənək qızın gəldiyi maşındı.

Maşının yanından keçərkən ayaq saxladı. Çantasındakı pulu çıxardıb sellofan torba ilə birlikdə ehmalca maşının qapısının dəstəyinə keçirtdi.

Yolu o biri üzə adlamaq qərarına gəldi. Küçənin o biri üzü ilə uzanan səki rahat və adamsız görünürdü.

Arxadan polis məntəqəsinin qapısı ağzına yığışmış adamların hay-küyü eşidilirdi. Adamlar yenə də ciddi-cəhdlə içəri soxulmaq istəyirdilər.

# 1749 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #