Ailəsini, azadlığını və həyatını itirənlər - RƏY

Ailəsini, azadlığını və həyatını itirənlər - <span style="color:red;">RƏY
8 dekabr 2015
# 13:34

Kulis Cavid Cabbaroğlunun yazıçı Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanı haqda yazdığı “1990-larla 2000-lərin uğurlu sintezi” məqaləsini təqdim edir.

Bir dəfə 50 yaşı tamam olan dostumu yubileyi münasibətilə təbrik edirdim. Təbrikə görə təşəkkürlərini bildirdikdən sonra maraqlı bir söz dedi: "25 yaşımdan sonrakı 25 il necə gəlib keçdi, bilmədim".

Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə" romanı mənə o sözü xatırlatdı. Daha doğrusu, əsərin xronoloji çərçivəsi 80-ci illərin sonundan bu günümüzə qədər Azərbaycanın keçdiyi yola bir daha nəzər salmağı labüd etdi. Bu ölkə ildırım sürəti ilə ötüb keçən son 25-30 ildə nələr yaşamadı ki? Qarabağda ermənilərin "Miatsum" hərəkatı, Topxana meşəsində ağacların qırılması, Meydan hərəkatı, 20 Yanvar faciəsi, Qarabağ savaşı, Xocalı soyqırımı, hakimiyyət dəyişiklikləri, vətəndaş müharibəsi təhlükəsi, keçid dövrü, formasiya dəyişikliyi, neft bumu... Bütün bu tarixi-siyasi hadisələrin və sosial-iqtisadi proseslərin fonunda isə minlərlə, yüz minlərlə, bəlkə də milyonlarla insanın acı taleyi, faciəsi...

Çox vaxt ədəbiyyat və incəsənət adamlarının ünvanına belə bir tənqid eşidirik: "Niyə Qarabağla, 20 Yanvar və Xocalı faciələri ilə bağlı tutarlı əsərlər yazılmır, filmlər çəkilmir?" Bu sualı haqlı sayanlar da var, saymayanlar da. Bu cür əsərlərin meydana gəlməsi üçün dövlətdən dəstək umanlar da var, ummayanlar da. Amma düşünürük ki, milli ədəbiyyatımız çağdaş azərbaycanlının fərdi taleyinə, faciəsinə fiksasiya olmadan Azərbaycanın problemlərinə hakim olmasından söhbət gedə bilməz. Bu baxımdan Mirmehdi Ağaoğlunun sadə azərbaycanlı ailəsindən - Nəsimi və Dilbər cütlüyündən bəhs edən "Bu gün səbr elə" romanı bazar iqtisadiyyatına keçid dövrünün vətəndaşlarımızın həyatında doğurduğu ağrı-acıları əks etdirməsi baxımından ciddi milli ədəbiyyat hadisəsi sayıla bilər.

Əsərin iki əsas qəhrəmanından biri olan Nəsimi sovet tərbiyəsi görmüş tipik əyalət gəncidir. Fağır olsa da, ailəsini dolandırmaq üçün min bir əziyyət çəkməyə hazır və razıdır. 90-cı illərdə ailə qurduğu Dilbər isə ərindən fərqli olaraq, fağır deyil, yeni sosial-iqtisadi quruluşa da, şəhər mühitinə də tez uyğunlaşır. Kənddəki evlərini bank müsadirə etdikdən sonra ən böyük arzusu Bakıda ev alıb, içində balaları ilə şad-xürrəm yaşamaqdır. Elə bu arzusu da onun tamahını cilovlamamasına və sonda ərini itirməsinə səbəb olur.

Əsərin üslubuna gəlincə, Mirmehdinin axıcı yazı üslubu burada oxucunu sanki ovsunlayır. Xüsusən, evi müsadirə olunduqdan sonra kəndə gedən Nəsiminin orada keçirdiyi hisslərin və həyət bağçasının təsviri müəllifin uğuru sayıla bilər. Əsərin köməkçi obrazları - Nəsimi ilə Dilbərin uşaqları da, dostu Sadıq da, bacısı oğlu Səbuhi də, evlənib Amerikaya getdiyi Məlahət də özünəməxsusluqları ilə romana rəng qata biliblər.

Bununla belə, əsər qüsurlardan da xali deyil. Məsələn, İmadəddin Nəsimidən epiqrafla başlayan əsərin ilk cümləsinin "Adamın belə bir xalaşkası ola" olması uğurlu sayıla bilməz. Ən böyük qüsur isə ondan ibarətdir ki, nə qədər xoşagələn olsa belə, əsərin adının niyə "Bu gün səbr elə" olması sonadək müəmmalı qalır. Halbuki bunu müxtəlif formalarda, məsələn, "Facebook"da ərindən günlərlə mesaj gözləyən Dilbərin dilindən özünə təskinlik formasında daha qabarıq şəkildə vermək olardı.

"Facebook" demişkən, əsərdə dünyanın ən çox ziyarət olunan sosial şəbəkəsinin adının xatırlanması güman etməyə əsas verir ki, sonluq ən tezi 2006-cı ilin sentyabrından sonrakı dövrü əhatə edir. Çünki 2004-cü ilin fevralında yaradılan "Facebook" məhz bu tarixdən sonra dünya internet istifadəçiləri üçün əlçatan olub. Romanın xronoloji baxımdan başlanğıc nöqtəsinin 80-ci illərin sonları olduğunu nəzərə alsaq, demək olar ki, müəllif aradakı illərin üzərindən sürətlə keçməyə çalışıb. Bəlkə də bu, əsəri tez bitirmək arzusundan qaynaqlanıb. Bununla belə, romanı 1990-larla 2000-ci illərin uğurlu sintezi saymaq olar.

Bu tənqid isə təkcə Mirmehdi Ağaoğluna yox, bütün gənc yazarlarımıza ünvanlanıb - sovet dövrünün povesti həcmində olan əsərlərə roman adı qoymağın fəlsəfəsi hələ də aydın deyil. Bu, "povest" sözünə qarşı allergiyadan doğur, yoxsa povest bir ədəbi janr kimi ləğv olunub, xəbərimiz yoxdur?

Bütün bu qeydlərə rəğmən, Mirmehdi Ağaoğlunun "Bu gün səbr elə" romanını müasir Azərbaycan insanının fərdi problemlərini konkretləşdirmək və işıqlandırmaq baxımından ciddi əsər sayıram. Çünki ədəbiyyatın əsas predmeti insan və insan cəmiyyəti, onun problemləridir. Əsərin süjet xətti kiməsə yazıçı təxəyyülünün məhsulu kimi görünə bilər. Məsələn, jurnalist Gülnarə İlham deyir ki, "Bu gün səbr elə"ni yalnız kasıblar başa düşə bilər, varlıların başa düşəcəyi əsər deyil bu. Bəlkə də bu fikirlə razılaşmaq olar, amma əmin olun ki, bu ölkə sadəlövhlüyü ucbatından keçid dövründə nəinki ailəsini, hətta azadlığını və həyatını itirən insanlarla doludur.

Biz Şərqdə ilk demokratik respublikanı quran xalq olsaq da, ətrafımızda yüz il əvvəl Sabirin və Mirzə Cəlilin tənqid etdiyi nə qədər personajlar var ki, onların yazdıqlarının aktuallığını itirməsinə imkan vermirlər. Hələ də bu ölkədə qız uşaqlarını üçüncü, beşinci sinifdən sonra oxumağa qoymayan, dinin nə olduğunu bilməyən bu tifilləri başına hicab bağlamağa məcbur edən və 18 yaşının tamam olmasını gözləmədən rəsmi nikahsız, kəbinlə ərə verən zatlar var. Bu adamlar nə qədər tənqidə layiqdirlərsə, "ərə gedim, bir uşağım olsun, sonra boşanıb kefimi sürərəm" düşüncəsində olanlar da bir o qədər tənqid olunmalıdır. Hind kinolarında gördüyümüz məmur özbaşınalığına dair səhnələr bu gün Azərbaycan hüquq-mühafizə orqanlarının üstünü açdığı məmur cinayətlərinin yanında toya gedəsidir. 1350 manat borca görə əl kəsən də özgəsi deyil, bu ölkənin vətəndaşıdır. Demək istədiyimiz odur ki, Şimali Azərbaycan ərazi baxımından kiçik ölkə olsa da, ədəbi personalarla çox zəngindir. Bu personaları ədəbiyyata gətirmək isə təkcə Mirmehdi Ağaoğlunun çəkə biləcəyi yük deyil...

# 1991 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #