news-inner
clock15:47 calendar-gray 29 Aprel 2015 view-gray171 dəfə oxunub
view-gray171 dəfə oxunub

Rejissor Tahir Əliyev: “90 yaşım var, beş dəqiqəlik məhəbbət yaşamışam”

Kulis rejissorTahir Əliyevlə müsahibəni təqdim edir.

- Tahir, Böyük Vətən Müharibəsindən çox film çəkmisən. Araşdırma zamanı hansı məqamlar səni heyrətləndirib?

- İlk araşdırma filmi Mehdi Hüseynzadə haqda olub: “Təxəllüsü Mixaylo”. Elmi-kütləvi festival var Sankt-Peterburqda, orda ən yaxşı araşdırma kimi diplom alıb. Bu araşdırma zamanı dəhşətə gəldim. İnsan qorxusundanmı, həyat uğrunda mübarizədənmi, ya hansısa səbəbdən buqələmun kimi xarakterini 4-5 dəfə dəyişir. Kəşfiyyatçı olur, sonra almanlara əsir düşür, onlara işləyir, sonra legioner kimi Azərbaycan uğrunda milli mübarizəyə başlayır, daha sonra Yuqoslav partizanlarının tərəfinə keçir, vəziyyətə uyğun dəyişir.

Mənim ən sevdiyim qəhrəman “Unudulmuş partizan” filmindəki Mirdamət Seyidovdur. Ən çox sevdiyim film isə Əlimərdan bəy Topçubaşova həsr etdiyim “Parisdən məktublar” filmidir. Aclığa, səfalətə, xəstəliyə, evsizliyə baxmayaraq onun içində bir ruh yaşayıb. Viktor Hüqonun “Səfillər”ində belə söz var: “Ürək parçalayan mənzərəni yalnız Allah görürdü”. Bəzən insanın çəkdiyi əzabı Allah görür. Düzdür, mən dinlərə inanmıram. Allaha xüsusi münasibətim var. Filmi çəkməkdə əsas məqsədim odur ki, onun əzablarının yalnız Allahın yox, insanların da görməsini istədim.

- Sənin “Qərib məzarlar” layihən də olmalıdır.

- Beş ilə yaxındır ki, Ramiz Abutalıbovla birlikdə “Qərib məzarlar” layihəsini edirik. Bu, bizim mənəvi layihəmizdir. Azərbaycanlıların Avropadakı qərib məzarlarını axtarırıq. Avropanın müxtəlif ölkələrində qəbirləri tapana kimi çox əziyyət çəkmişik. Prosesi videoya, fotoya köçürmüşəm. Amma film istəmirəm. Yenə də deyirəm ki, bu, mənim üçün mənəvi bir şeydir. Dünyanın 200-dən çox şəhərində olmuşam. Getdiyim bütün şəhərlərdə azərbaycanlıların məzarlarını axtarmışam. Qəbirlərin bir qismi əsrin əvvəlində siyasi səbəbdən mühacirət edənlərindir, digəri İkinci Dünya Müharibəsindən qayıtmayanlarındır. Ya sürgündən qorxublar, ya evlənib qalıblar.

Hüseyn xan Naxçıvanskinin qızının qəbrini Nitsada tapdıq. 1973-cü ildə dünyasını dəyişib. Tatyana Naxçıvanskaya. Teymur bəy Novruzovun qəbirini də Nitsada tapdıq. Azərbaycan Cümhuriyyətinin generallarından biri olub.

- Böyük Vətən müharibəsinə maraq nədən qaynaqlanır?

- Rəhmətlik atam hərbi çox sevirdi. Milli diviziyada qulluq etdiyi müddətdə komandiri olmuş Nemət Kərimovun fotosunu evdən asmışdı. Onu, general-mayor Akim Abbasovu evdə həmişə xatırlamışıq. Akim Abbasovgilə ailəvi də gedib-gəlirdik. Uşaqlıqdan maraq yaranmışdı. Sənədli film rejissoru üçün müharibə maraqlı materialdır, çünki burada konflikt var, mövzu var. Məsələn, qəhrəmanların təkcə döyüş yolunu yox, taleyini də təsvir etməyə çalışmışam. Alman qadından bəhs edən “Səhra gülü” filmində (İkinci Dünya Müharibəsi illərində alman Erika Hanpelin əsir düşmüş, gözünü itirmiş azərbaycanlı əsgər Əhəd Əliyevlə Azərbaycana gəlmiş, onunla ailə qurmuşdu), güllə səsi yoxdur, amma mövzu müharibədir.

“Təxəllüsü Mixaylo” da Mehdi Hüseynzadənin təkcə döyüş yoluna yox, həyatına da nəzər salmışıq. Bədii film kimi çəkməyi arzuladığım iki film var ki, ikisi də müharibə haqdadır. Müharibə mövzusu həm də maraqlı qəhrəman tapmağa imkan verir. Yəni insanın xarakteri daha çox konflikt zamanı meydana çıxır. Ümumiyyətlə, sənədli film baxımından bəxtim gətirib. Yeddi il “Salnamə” kinostudiyasında rejissor kimi işləmişəm. Amma müəyyən səbəblərə görə uzaqlaşmışam. İndi səbəblər haqda danışmaq istəmirəm, bunun da vaxtı var. Amma əməkdaşlıq davam edir. Tofiq Məmmədov, Böyükağa Məmmədov kimi yaxşı direktorlarla işləmişəm. Onların vaxtında 10-a yaxın film çəkmişəm. Əksəriyyəti Böyük Vətən Müharibəsinə aiddir. Daha çox spesifik, Böyük Vətən Müharibəsi ilə bağlı festivallarda Qran-Pridən tutmuş diploma kimi müxtəlif mükafatlar almışam.

- Səhv eləmirəmsə, gəlir də gətirib.

- Gəlir deməzdim. Amma dörd beynəlxalq layihənin həmmüəllifiyəm. Hüseyn xan Naxçıvanski haqda filmin təşəbbüskarı özüm olmuşam. Rusiya Dövlət mükafatı laureatı, səs rejissoru Ələkbər Həsənzadə, “Qafqaz qartalı”, “Xəzərdən Dunaya” filmləri ilə “Salnamə” studiyasını beynəlxalq layihəyə cəlb eləmişəm. Rejissordan daha çox prodüserliyə meylliyəm. İstanbulda təhsil aldığım müddətdə bu işi öyrənməyə çalışdım.

- İstanbulda təhsil necə bir təcrübə oldu?

- İncəsənət Universitetində Cəmil Quliyevin kursunu bitirmişəm. Universitetimizdə yaxşı təhsil vardı, müəllimlərimiz də yaxşı idi. Praktik cəhətdən zəif idik. Onda filmlər çəkilmirdi. İndi birinci kurs uşaqları film çəkir. Türkiyədəki təhsildə fərqliliklər var. İstanbulda təhsil aldım. Təhsil sistemi Əskişəhərdə də, Ərzurumda da eynidir. Amma İstanbul artıq Avropa ölkəsidir, kino şəhəridir. Kino şəhərində təhsil almağın öz üstünlükləri var. Ona qalsa İncəsənət Universitetinin proqramı ilə VQİK-in (Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti-red.) proqramı eynidir. Sadəcə, fərq oranın Moskva, buranın Bakı olmasındadır. Bakı istəsək də, istəmək də kino şəhəri deyil. İstanbul kino şəhəridir. Onu yalnız universitetdə hiss eləmirsən, Taksimdə də, Balkan yeməkxanasında da, Eminönündəki balıqıçıda da hiss edirsən. Həm də İstanbul mənə Rəmzi Mərt Levent, Ergüc Ölməz, Kaffar Kuzu, Emrah Güngörmüş, Dinçer Adiller kimi dostlar verdi. Və bu dostluğu kino istehsalına da çevirdik.

- Nazirliyin dəstəyi olmadan dörd ilə üç bədii film çəkmisən. Yəni film çəkmək üçün alternativ yol seçmisən.

- Film çəkmək rejissorun ehtirasıdır. Bu, varsa onu paylaşmalısan. Mən mütləq bu ehtirası kinoya məsul məmurlarla bölüşməliyəm ki? Əsla yox. Onların öz kuralları var. Bir qism rejissor “Dövlətin dəstəyi, büdcə lazımdır” deyirlər. Mən axı həyatımı mənə büdcə ayırsınlar deyə bu mübarizəyə sərf edə bilmərəm. Mən o prosesləri Bakda yox, Yevlaxda, Mingəçevirdə, Gəncədə həyata keçirirəm. Daha az büdcə ilə işləyirəm. Rejissorlar nazirlikdən filmi almırlar. Filmləri rejissora verirlər. Çünki nazirlikdən film almaq üçün onlar kimi düşünməlisən, onlar kimi yeriməlisən, onlara oxşamalısan. Düşüncə ayrılığı ola bilməz.

Söhbət xüsusən bədii filmlərdən gedir. Bəlkə də onları da qınamaq olmaz. Bununla da kinonun inkişafı mümkün deyil. Bizim kinematoqrafçılar da təəssüf ki, artıq vəziyyətə adaptasiya olunublar. Filmi ssenariyə görə yox, şəxsə görə verirlər. Mən oturum aylarla gözləyim ki, ssenarimə görə film verəcəklər, bu, mənlik deyil. İstəmirəm ki, düşüncəmə müdaxilə etsinlər, baxışlarımı özününküləşdirsinlər. O səbəbdən alternativ yol seçdim. Yaxşı dostlarım var. Mənə sənədli kinoya gəlməkdə kömək edən üç nəfərə minnətdaram: Əli İsa Cabbarova, Elşən Zeynallıya, İqbal Məmmədəliyevə. Ramiz Abutalıbov və Qulu Məhərrəmli isə mənə ictimai insanın, şəxsiyyətin necə olmasını öyrədib.

Nazirlikdən yox cavabını ala biləcəyimi hiss etdiyim üçün gözləmə mövqeyi tutmuram. Öz yoluma davam edirəm. Böyük maliyyə dəstəyinin ehtiyac olan iki film çəkmək istəyirəm: “Neytral zonanın sakini” və “Görmürəm” adlı ssenarim var. Amma yenə də dayanmıram. Az büdcəli filmlər çəkirəm. Vim Venders deyirdi ki, çəkin, peşəkar film alınana kimi. Mən özümü tammetrajlı sanballı filmə hazırlayıram. Çəkməkdə məqsədim vərdişləri itirməmək, məşq, təcrübədir. Hardan olsa pul tapıb, bu iki filmi çəkəcəm.

- Az büdcəli film çəkmək üçün nə lazımdır?

- Az büdcəli filmi reallaşdırmaq asandır. Birinci, yaxşı dostluq lazımdır. Yaxşı münasibət, könüllü iş lazımdır. Q.Q.Markes “Hüzünlü fahişləri”ndə deyir ki, 90 yaşım var, amma həmişə beş dəqiqəlik məhəbbət yaşamışam. İndi də pula görə işləyirlər. Həyat məcbur edir ki, pul lazımdır. Amma könüllülük prinsipi də olmalıdır, o baxmdan bəxtim gətirib. Dostlarıma minnətdaram, dəstəkləri çox olub.

- Sənədli filmlərində insan faciələrindən, dramalarından danışırsan. Bədii filmlərində isə yumor çoxdur. Xarakter məsələsidir?

- Xarakterimdən doğur. Bizim yeni çəkdiyimiz “Səssiz vağzal” filmi psixoloji dram olmalı idi. Amma çəkilişdə komediya alındı. Ssenarist Ramil Ələkbərov dedi ki, axı biz psixoloji dram çəkməliydik, niyə bunu komediyaya çevirdin. Əslində bütün ciddilikdə bir komik tərəf var. Hadisələrə komik tərəfindən baxıram. Rejissor bunun arxa tərəfini də görməlidir. Bilirsiz ki, Azərbaycan kinosunda bütün yük, təşkilati məsələlərə kimi rejissorun çiyninə düşür. Bir dəfə “Parisdən məktublar” filminin prezentasiyası idi. Hər şeyi özüm etdim. Universitetlərin birinə dəvətnamələri paylamağa getdim; çiynimdə çanta, başımda papaq. İki professora dəvətnamə verdim, dedilər ki, rektora da ver. Kabinetinə gedib, katibəsinə verdim. Rektorun qapısı təsadüfən açıq qalmışdı. Rektor dəvətnaməni kimin gətirdiyini soruşdu. Katibə dedi ki, poçtalyon. Dedi, bəs soruş, film kimindir. Dedim Ziya Şıxlinski. İlk baxışdan acıdır. Amma bunun komik tərəfini filmdə istifadə edəcəm. Belə şeylər çox olur.

- Bizdə ədəbiyyat kinodan irəlidədir, ədəbiyyat həyata daha çox toxunur, nəinki kino. Bir qisim rejissor var ki, ciddi mütaliə edir, müasir ədəbiyyatı oxuyur, amma digər yarısı da xəbərsizdir. Bu nə ilə bağlıdır?

- Sənədli film çəkdiyimə görə bəzi kitabları məcburən oxuyuram. Tutaq ki, “Xəzərdən Dunaya”nı çəkəndə 223-cü diviziya haqda oxumalıydım. Ən azı informasiyam olmalıdır. Bədii əsər isə məcburiyyətdən çox eşqdir. Kino ədəbiyyata birbaşa bağlıdır. Müasir ədəbiyyatımızda Şərif Ağayardan yeni nəsə gözləyirəm. O, kino taleyi yaşamalı olan yazıçıdır. Kinosu olacaq, təsviri olan yazıçıdır.

- İndi nə üzərində işləyirsən?

- Daneleya komediyası səviyyəsində komediya çəkməyə tam hazıram. “Neytral zonanın sakini”ni nəzərdə tuturam. Seyran Səxavətin “Karusel” hekayəsi əsasında film çəkməyi planlaşdırırıq. İlkin nəzəri söhbət olub. “Səssiz vağzal”ın montajı isə Türkiyədə gedir. Ən əsası isə Əli İsa Cabbarovla bir sənədli filmin üzərində işləməyi arzulayıram.

Oxşar xəbərlər

Xəbər lenti

"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020