“Hamı tənqid istəyir”

“Hamı tənqid istəyir”
21 oktyabr 2014
# 07:30

Kulis.Az tənqidçi Nərgiz Cabbarlı ilə müsahibəni təqdim edir.

- Nərgiz xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Elmi işimi yenicə bitirmişəm və müzakirədən keçib. Daha çox onunla məşğulam. Əvvəlki illərdəki kimi tənqidlə məşğul olduğumu deyə bilmərəm. Aradabir “Azadlıq Radiosu”nda roman müzakirəsinə qoşuluram. Hər ilin poeziyası ilə bağlı hesabatlar hazırlanır, onlar üçün də yazıram. “Axundzadə şəxsiyyəti” adlı sonuncu kitabım 2012-ci ildə çıxıb. Bir də tərcümələrim olur, Sinklerdən tərcüməm çap olunub. Saqandan tərcüməm 2014-cü ildə çap olunub. Dünya yazıçılarının nağıllarını da tərcümə etmişəm.

- Saqandan tərcümənin içində “Salam kədər” də var?

- Yox. Onu daxil etmədik. Əsas mənim tərcümələrimin getməsinə qərar verdik.

- Sinklerlə bağlı maraqlı bir məsələ var. Bizdə çap olunan kitabın üstündə Luis Sinkler yazılıb. Əslində isə onun adı Sinkler Luisdir. Biz sanki Uilyam Şekspirə Şekspir Uilyam deyirik.

- Siz buna harda rast gəlmisiniz?

- Vikipediada, internet resurslarında belədir. Rusca kitablarda da müəllifin adı Sinkler Luis kimi yazılıb.

- Mən tərcümə etdiyim variantda Luis Sinkler idi. Slavyan Universitetinin tərcümə siyahısında da Luis Sinkler yazılmışdı.

- Hər il hazırladığınız hesabatlar nə keçir? 2013-cü ilin poeziyası ilə bağlı nə deyə bilərsiniz?

- Bu barədə hesabatda yazmışam. İllə bağlı konkret fikir demək çətindir. Gərək hər hansı bir hadisə ola ki, onun ətrafında müzakirə edək. Hansısa kitab olmalıdır ki, ətrafında danışaq. 2013-cü il barədə qeyri-adi nə isə söyləmək çətindir. Yeni imzalar da olur, köhnələr də çap olunur. Şeir kitabı çox çap olunur. Amma ilin hadisəsi olan kitab yox idi. Yadımda qalanlardan deyim. Kamal Abdullanın, Vaqif Bəhmənlinin, Adil Cəmilin kitabları diqqətimi çəkdi. Konsepsiyası olan kitablar idi. Yaradıcılıqlarının ana xətti hiss olunurdu. Kitab çıxarmaq xətrinə kitab çıxarmaq düzgün deyil. Kitaba kənar gözlə baxmaq lazımdır.

- Bizdə şairlər sanki öz mətnlərini ixtisar etməkdən, artıq olan hissələri kəsib atmaqdan çəkinirlər.

- Şairlərdə, yazıçılarda mətnə qarşı qısqanclıq var. Kəsmək üçün cəsarət və tənqidi münasibət lazımdır. Hər yazdığını çap etdirmək lazım deyil.

- Sizin üçün 2013-cü ildən hansı yaddaqalan imzalar oldu?

- Bunu bir dəfə də demişəm. Bir neçə imza var ki, mənim üçün maraqlı olub. Sonra araşdırmışam və görmüşəm ki, onların yaradıcılıqlarında enmələr, qalxmalar olub. Gənc şairləri tərifləyəndə, imzaları tanınan kimi özlərinə qarşı məsuliyyətsizlik başlayır. Faiq Hüseynbəylinin, Emin Pirinin yaradıcılığı maraqlı gəlib, Aqşin Evrendən maraqlı şeylər yadımda qalıb.

- Qadın şairlərdən kimlər var?

- Qadın-kişi ayrımı aparmaqdan xoşum gəlmir.

- Şeir duyğusal məsələdir…

- Bunun heç dəxli yoxdur. Kişilər qadınlardan daha duyğusal yazırlar. Sara Selcanın bəzi şeirləri diqqətimi çəkib. Başqa bir ad yadıma düşmür.

- 10-15 il əvvəl Azərbaycan poeziyasının əhatəsi daha geniş idi. Əsasən AYO-çular cəmiyyəti narahat edən məqamları, siyasət, məişət, sənət və başqa sahələri şeirə gətir bildilər. Şeirin mövzu arealı daha da genişləndi.

- 2000-ci illərə qədər olan dövr ictimai mövzularla zəngin idi. Bu təkcə AYO ilə bağlı olan məsələ deyil. Ənənəvi tərzdə yazan şairlərdə də bu müşahidə olundu. AYO-çular avanqard şeirə can atırdılar. Onlar bunu bacardılar. Onları özünü təsdiq etmiş nəsil hesab etmək olar. Bəziləri AYO-çuları qəbul etmək istəmir. Amma bu faktdır. O ki, qaldı geriyə qayıtmaq məsələsi, bununla razılaşmıram. Şeir poetiklikdən uzaqlaşıb, nəsrə yaxınlaşıb. Sərhədlər itmək üzrədir. Şeir şeirlikdən çıxmaq üzrədir. Şeirdə məsuliyyət hissi olmalıdır. Baxanda, oxuyanda bilməlisən ki, bu şeirdir.

- Nəsr haqqında danışaq.

- Nəsr haqqında danışmaq çətindir. Mənim istiqamətim poeziyadır. Eyni zamanda oxumaq, təhlil etmək vaxt aparır. O əsərlər haqqında danışa bilərəm ki, ya oxumuşam, ya da yazmışam. Nəsrimiz poeziyamızdan yuxarı qalxır. Professionallıq artır. Bizim xalqda şeirə genetik maraq var. Nəsr isə son illər inkişafdadır.

- Məsələn dünyada tanınan beş şairimizi göstərə bilərik, amma beş nasirimizi göstərə bilmərik…

- Artıq göstərə bilərik. Məni qane etməyən budur ki, biz müzakirə edib, fikir söyləsək də mətbuatda ajiotaj yaradan əsərlər tamam başqalarıdır. Elə əsərlər müzakirə olunur ki, müəllifləri ya imkan sahibidir, ya da resursları var. Niyə başqa əsərlər haqqında müzakirələr keçirilmir? “Azadlıq Radiosu”nda müzakirə olunan romanların seçilməsi bizdən asılı deyil. Amma asılı olmalıdır. Mən bu müzakirələrdə iştirak etməkdən məmnunam. Amma müəyyən məsələlər nəzərə alınmalıdır. Elə əsərlər var ki, ya müzakirə də, ya da müsabiqədə onu oxumağa sadəcə məcbur oluruq.

- Hansı əsər sizə bu fikrə gəlməyə məcbur edib?

- Məsələn Şəhriyar del Geraninin “İntihar hörüyü”ü haqqında yazmazdım. Əsər oxucuya söz deməyə imkan verməlidir. Şəhriyarın müəyyən şeirləri var ki, oxuyub bəyənirəm. Əsərdə də bəyəndiyim yerlər var. Tam “heç nə” deyə bilmərəm. Amma roman deyildi. “İntihar hörüyü” bədii əsər kimi haqqında söz deməyə imkan vermirdi.

- “Ölü mətn” necə əsər idi?

- “Ölü mətn” haqqında yazmışam. Bu əsər peşəkar yazıçının əsəri idi.

- Roman özü də peşəkar idimi?

- O roman haqqında söz deməyə imkan verən əsər idi. Rasim Qaracanın “On bir gecə” romanı haqqında da yazmaq istəməzdim. Əsər buna imkan vermirdi. Halbuki onun “Əyri evin qadını” kitabını çox bəyənmişdim. AYO-çuların bəlkə də ən istedadlısı Rasim Qaracadır. Elələri var ki, onların yazdığına heyrət edirəm. Çoxdandır “Əyri evin qadını” haqqında yazmaq istəyirəm, sadəcə vaxt darlığından ləngiyir. “On bir gecə” haqqında məcbur olub yazdım. Hansı kitab müzakirəyə layiqdirsə, o kitab müzakirə olunmalıdır.

- Azərbaycan romançılığı dünya romançılığı ilə ayaqlaşa bilirmi?

- Cəhdlər var. Postmodernizmdən çox danışırlar. Bizdə bunun təzahürləri oldu. Çox az müəllifin yaradıcılığında bu təsdiqləndi. 90-cı illərdə də dünya ədəbiyyatında baş verənlərin Azərbaycan ədəbiyyatına tətbiqi gedirdi. Bu da hamıda baş tutmadı. Hansındasa baş tutdu, hansısa öz ənənəvi yaradıcılığına qayıtdı. Məsələn “Yarımçıq əlyazma” əsəri alındı. Amma gəlin görək “postmodernist-postmodernist” deyib bağıranların hansının əsərində alındı ki?

- Başqa postmodernist əsərlərin adını çəkə bilərsiz?

- Bizdə ancaq postmodernizmin təzahürü var.

- Amma bəzi yazarlara postmodernist deyirlər. Nə əyri-üyrü işlər var postmodernizmin ayağına yazırlar. Hansı postmodernist əsərlərin adını çəkə bilərsiz?

- İş orasındadır ki, sadəcə deyirlər. Sırf postmodernist əsər kimi, “Yarımçıq əlyazma”nın, “Ölü mətn”in, İlqar Fəhminin “Qarğa yuvası” əsərinin adını çəkə bilərəm. “Metro vadisi”nin adını çəkə bilərəm. Bunlarda postmodernist təzahür var. Poeziyada Azad Yaşarın, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Şərif Ağayarın adını çəkə bilərəm.

- Şərifin adını poeziyada çəkdiniz. “Harami”ni postmodernist əsər hesab etmək olmazmı?

- “Harami”də postmodernist təzahür var. Murad Köhnəqala ənənəvi şeirdən postmodernizmə adlayıb. Onun yaradıcılığında bu mərhələ olub. Azad Yaşarda, Zahirdə də bu olub. Bunlar hamısı eksperimentdir.

- Sonuncu hansı romanı oxumusunuz?

- Sonuncu oxuduğum roman Həmid Herisçinin “Solaxay” əsəridir. Haqqında yazmışam.

-“Solaxay” postmodernist romandırmı?

- Yox. Həmid müsahibəsində deyir ki, postmodernimi Azərbaycana mən gətirmişəm, mən də bitirəcəm. Bunu bir adam başlayıb, bir adam bitirə bilməz. Bu mümkün deyil. Sonradan başqaları bu janrda yaza bilər. Yazıçı əslində yazanda düşünməməlidir ki, postmodern roman yazıram. Bu təbii şəkildə baş verməlidir.

- Hər cərəyanın öz texnikası var. Bu cərəyanların hər birində yazı texnikası, yanaşma ayrı-ayrıdır. Bu qəliblər məlum ikən müəllif niyə əvvəldən janrı seçməsin?

- Mətn, istedad adamı başqa yerə aparıb çıxara bilər. Yazıçı məlumatlı olmalıdır. Amma mətnin təbii doğuluşu onu istiqamətləndirməlidir. Sırf postmodern əsər yazıram deyib əsər yazanlarda təbii enerji, istedad, zəhmət hiss olunmur.

- Axı cərəyanlar bir-birlərini inkar edirlər. Hər hansı bir qrupun məqsədli şəkildə özündən əvvəlki cərəyanın prinsiplərini inkar edir. Ola bilsin Coys modernist əsər haqqında düşünməyib. Bununla belə şüurlu şəkildə əvvəlki yazı ənənəsindən imtina edib.

- “Baca” qrupu da məhz bu inkardan yaranmışdı. Onların ilkin yaradıcılığı avanqard şeir idimi? Xeyir. Bu insanın içindən gəlməlidir. Mən ənənəvi insanamsa, postmodern əsər yaza bilməyəcəm. Kimsə deyirsə ki, mən mətndə yoxam, yalan deyir. Mətndə olmamaq istəsən də bu mümkün deyil. Müəllifin müxtəlif dövrdə yazılan əsərlərini yığıb, onların xarakterini aça bilərik.

- Siz kitabınızda (“Ədəbiyyatdan intihara” kitabı nəzərdə tutulur-red.) intihar etmiş yazıçıların həyatındakı bu detalı araşdırmışdınız…

- Mənim o kitabda (“Ədəbiyyatdan İntihar etmiş yazıçılar”-red.) ölüm detalını araşdırmışdım. Onlar bu fakt düşündürür, sonra həyatlarına adlayır. Bu xarakterlə, şəxsiyyətlə bağlıdır. Sən postmodernist dünya görüşlü insan olmadan, postmodern əsər yaza bilməzsən. Məqsədli yazmaq mümkün deyil. Stiuasiya yaranmalıdır. Yoxsa qeyri-müəyyən, calaq əsərlər ortaya çıxacaq.

- Bəzi yazıçılar deyir ki, mənə tənqid lazım deyil.

- Bu fikri deyənlərin 99,9 faizi istəyir ki, onu tənqid etsinlər. İddialı bir tənqidçi yazıçı haqqında yazırsa, bu yazıçının uğurudur. Bu təbliğat vasitəsidir. Bunu çoxu bilir və etiraf eləmir. Mən özüm istəyirəm ki, yazdığım kitab haqqında fikir bildirsinlər. Yazıçı üçün də bu maraqlı olmalıdır. Son kitabım çıxanda ətrafımın təəssüratını soruşurdum. Mən bir məqaləni yazıb bitirəndən sonra bir müddət baxmıram. Sonradan baxanda qüsurlarımı tapıram. Eyni şey bədii mətnlə bağlıdır. Bütün yazıçılar əsəri haqqında fikir gözləyir.

- Son vaxtlar peşəsi ədəbiyyatşünas olmayan adamlar kitablar haqqında yazır. Biz özümüz də hansısa əsəri oxuyub haqqında yazırıq. Bu tənqidçiləri qıcıqlandırmır ki?

- Normaldır. Biz bunu o vaxta qədər qəbul edirik ki, jurnalist jurnalist kimi, alim alim ki, tənqidçi tənqidçi kimi fikir söyləyir. Jurnalist alim kimi danışmırsa normaldır.

- “Ədəbiyyatdan intihara” kitabının yenidən çapı haqqında düşürsünüzmü. Bizdə bu tipli kitablar demək olar ki, yoxdur.

- O kitabı yenidən dərc etdirmək fikrim var. “Ədəbiyyatdan intihara” çox qaçaraq hazırlanıb. Orda hazır qəzet materialları toplanıb. Buna görə də kitabı işləyib yenidən dərc etmək fikrim var.

- Bu araşdırmadan sonra hansı qənaətə gəldiniz? Yazıçı, intihar… Hansı xarakterli yazıçılar daha çox intihara meylli olur?

- O məqalələri qəzetlər üçün yazırdım. Yazıçının intihar prosesini ədəbiyyatda necə ifadə olunmağını aşkar etmək istəyirdim. Özüm üçün aydınlaşdırdım ki, yaradıcılıq şəxsiyyətlə bağlı məsələdir. Yaradıcı insanın intihar barədə düşünməməsi qəribə olar. İntihar və yaradıcılıq arasında əlaqələr var. Bu təsadüf deyil. İllərlə əsərlərdə qaldırılmış məsələlər nə vaxtsa həyata da təsir göstərir.

- Sizə sonuncu sualu zarafatla verim: Cəlil Cavanşir intihar edəcək, yoxsa etməyəcək?

- (Gülür) Allah eləməsin. Etməz yəqin ki. Məsləhət görürəm ki, intihar barədə yazandan sonra bu mövzunu qatlasın bir kənara qoysun, mövzu elə kitabda da qalsın.

# 3052 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #