news-inner
clock12:01 calendar-gray 08 Oktyabr 2014 view-gray4793 dəfə oxunub
view-gray4793 dəfə oxunub

37-də nə qədər adam satmışdın?-MƏŞHUR ŞAİRİN XATİRƏLƏRİ

Kulis.azgörkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrini dərc edir. Xatirələri redaksiyamıza tanınmış yazıçı tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”- Məşhur şairin xatirələri

Görkəmli şairdənŞOK İTTİHAMLAR

“İsi Məlikzadə vəzifəsindən sui-istifadə edirmiş”

Aprelİn bİrİ

İllərlə davam eləyən, daşlaşmış səhvlərimizdən biri: biz də ayın tarixini kor-koranə, ruslar kimi yazırıq – «aprelin 1-i» əvəzinə «1 aprel». axı, bu bizim din qanunlarımıza ziddir: hər hansı rəqəm ya müəyyən, ya qeyri-müəyyən say bildirir: beş əsgər, bir alim, üç oğlan və s. «1 aprel», «5 yanvar» da onun kimi. Halbuki bu, «1 aprel», «5 yanvar» yox, «aprelin 1-i», «yanvarın 5-i» şəklində yazılmalıdır. İlahi, bunu bəlkə də tələbəlik illərindən hiss eləmişəm, amma elə özüm də o səhvin axımına qoşulub ayın tarixini hamının yazdığı kimi yazmışam. Çoxdandır, dilimizdəki bu daşlaşmış səhvlər barədə məqalə yazmalıyam, günü günə yox, ili ilə ötürə-ötürə uzadıram. Görən hələ nə qədər uzanacaq.

Bugünlər, yəni ildə bir dəfə, aprelin birində, vaxtilə yazdığım, «Ulduzların ad günü» (ilk!) kitabımda verilmiş şerim yadıma düşür:

«Dünyanın yalan günü»…

…Təqvimlərdə yazılsın:

Aprelin biri – dünyanın yalan günü,

Yalanların talan günü…

Bu gün uşaqlarım yanıma gəlirlər: Araz, Mustafa, Nərgiz (anaları gətirəcək). Dünən gedib onlardan ötrü yüngülvarı bazarlıq elədim. Mənim aləmimdə uşaqları sevindirməkdən gözəl şey yoxdur – oyuncaqla, gözəl bir hədiyyə ilə, təzə paltarla, nə bilim nə ilə… Apelsin alırsan-sevinirlər, konfet, pavidla (qutularda) alırsan-sevinirlər-onları sevindirməyə nə var ki… dərd böyüklərin dərdidir.

Sevinə bilirəm gözüm dolusu,

Ürəyim dolusu, sözüm dolusu…

Qismətə bax: hava da yaxşılaşdı, külək yavaşıdı, gün çıxdı! Pay-piyada dənizin sahilinə endik; sahildəki yelləncəkləri, fırlancaqları, sürüşmə yerlərini və s. görəndə gözlərinə işıq gəldi. O qədər ora-bura qaçdılar, yelləndilər, fırlandılar, sürüşdülər ki, lap əldən-ayaqdan düşdülər. Dənizin içinə doğru uzanan yolla balıqçıların yanına getdik. Torla tutduqları iri bir kütüm asfaltın üstündə tənbəl-tənbəl çapalayırdı. Uşaqlar bir sevindilər ki, gəl görəsən…

Ağır-ağır yoxuşu dırmaşıb otağıma çatdıq. Arvadağa (hərdən zarafatla belə deyirəm) yaxşı piti bişirmişdi (az qaldım yazam ki, təzə qoyun ətindən… Yazıq canımız, bəs piti nədən bişməlidir?). doyunca yedik… Sonra onlara ətirli çay dəmlədim.

Səfər onları məst eləmişdi, heç evə qayıtmaq istəmirdilər. Balaca Nərgiz ağlayıb özünü öldürürdü ki, burda qalmaq istəyirəm. Səhər evə zəng vuranda Nərgiz mənimlə yuxulu-yuxulu danışdı, ağlamışdı, dedi, baba, yel əsir, neyləyək. Dedim, gəlin, tapşırmışam, Yel baba siz gələnə kimi kəsəcək. Elə də oldu. Nərgiz bir sevinirdi ki… (Bizim uşaqları 5-6 yaşına kimi belə «möcüzələrlə» o qədər aldatmışam ki… Gah qatarın tərpənməsinə bir neçə saniyə qalmış vaqonun dəhlizində, bir yerdən yapışıb güclə qatarı «tərpədirəm», gah quşlarla «danışıram», gah küləkdən «söz soruşuram…». elə də inanırlar ki… Amma, böyüdükcə hər şey qurtarır. Araz indi o günləri yadına salıb ki, elə gülür ki…).

Uşaqları avtobusla evə yola salıram.

Axşam Akiflə, Qürbətlə yenə görüşürük. Qürbət, Şamaxının keçmiş rayon katibi Firuz Mustafayevi məzəli şəkildə yamsılaya-yamsılaya danışır. Çox ciddi adam olan Akif uğunub gedir, mən də ona qoşuluram. Sonra Akiflə şahmat oynayırıq.

Aprelİn İkİsİ

Dünən axşam Çingiz (Hüseynzadə) zəng vurdu, dedi ki, sabah görüşürük, Ələkbərlə gələcək. Mən də Qürbəti (Əzizov), Akifi (Hüseynov) dilə tuturam ki, mənimlə getsinlər. Çingiz, Qürbətin adını çəkən kimi tanıdı: 1987-ci ilin avqustunda, təzəcə (iyulda) aldığım maşınımda (onda qardaşoğlu Fəxrəddin sürürdü) Şamaxıya, Qürbətin görüşünə getmişdik. Bizi gözəl qarşılamışdı. Ordan da sürüb getdik İsmayıllıya, gözəl şairimiz Musa Yaqubun yanına. Sonra da üz tutduq Qutqaşenə…

Aprelİn 3-ü, 4-ü

Bu gün yazıçı Nahid Hacıyev bura, dincəlməyə gəldi. Sabah Akif Hüseynov istirahətini başa vurub şəhərə qayıdır.

Axşam mənim otağıma yığışırıq – Akifi yola salmağa, Nahidi qarşılamağa. Xudmani məclisdə Qürbətin sayəsində (çox zarafatcıl, məzəli, ürəyi açıq adamdır) deyib-güldük, könlümüz açıldı.

Səhər, günorta, axşam gəzintilərində söhbət ancaq ötən ilin gərginliyindən gedir-yalançı «millət qəhrəmanları»nın xal yazmaq gedişlərindən, bir-birilə şöhrət yarışından gedir. Nahid dedi ki, tanıdığımız, özünü meydanda gözə soxanların əksəriyyəti ekranda daha çox görüşmək bəhsinə girişmişdilər: «filankəs 35 dəqiqə danışdı, mənə nə olub ki…». Beləcə, ev qopardan, vəzifə qopardan kim, Vəzirovun gözünə girən, xal qopardan kim… bəziləri meydanda Nemət Pənahovun kürəyinə döyüb onu xalqın böyük oğlu adlandırırdı, amma elə ki, meydan dağıdıldı, vəzirovun münasibəti aydınlaşdı, başladılar Neməti məktubunda təhqir eləməyə (Famil Mehdinin «Kommunist» qəzetindəki məqaləsi nəzərdə tutulur)…

Yenə rəhbər yanında xal yığmaq xəstəliyi! Bu xəstəliyin neçə illərdi ki, kökü kəsilmir. Bizim ziyalılarda, xüsusən yazıçılarda dəyanətsizlik nə qədər, hələ neçə nəsil sürəcək görəsən? Qoy bir sənətkar da respublika rəhbərliyi ilə oppozisiyada olsun görək, bəlkə 10-15 ildən sonra nümunə çəkməyə ad tapıldı…

Aprelİn 5-

Əlfi Qasımovun oğlu jurnalist İlqar gəldi, ürək ağrısına görə bir ay respublika xəstəxanasında yatıb, ordan da istirahət üçün bura göndəriblər. Ürəyini yoxladılar, indi, şükür, yaxşıdır.

Bu gün məkan üçün də (eləcə də bütün qeyrətli azərbaycanlılar üçün) ən ağır gündür: Stepanakertdə daşnak yuvasının havadarı, milli ədavət, milli qırğın yolunda hər şeyi qurban verən Poqosyan (DQMV-nin keçmiş birinci katibi) və erməni şovinizmin ən murdar, alçaq nümayəndəsi Z.Balayanın adını SSRİ xalq deputatları siyahısında gördüm… Bütün günü özümə gələ bilmədim. Dünya, sovet mətbuatı bar-bar bağırır ki, 70 ildə birinci dəfə olaraq demokratik yolla, həqiqi səsvermə ilə seçkilər keçirildi. Budurmu «Demokratik yol»? Xalq düşmənləri, antisovet ünsürlər SSRİ xalq deputatı seçilir! Sovet adamlarının milli, mənəvi birliyinə görünməmiş zərbələr vuran bu ekstremistlər (özü də, Zori Balayan ermənistanlı ola-ola, niyə Əskərandan deputat göstərilməli idi?) bəyəm Moskvaya tanış deyil? Belə haqsızlığa bizim xalq necə dözəcək?

Eşitdim ki, Akademiyanın həqiqi ziyalıları dözmək istəmirlər: bu gün Azərbaycan EA-nın binasında, həyətində mitinq olub-etiraz mitinqləri!..

Aprelİn 6-da

O mitinqlər təkrar olunmasın deyə, Akademiyanın binasında üçqat cərgədə əsgərlər dayanıb…

Bu gün, «Qarabağ hadisələri»nin qurbanı olan (I dəstəyə keçməsi) «Neftçi» elə ilk oyundaca məyus elədi: «Kuzbas» (Kemerova) uda bilmədi, oyun heç-heçə qurtardı.

Aprelİn 7-si - zuqulbada son gün

Burda, Zuqulbada dincəldiyim günlərdə mərkəzi jurnalların bir neçə nömrəsini gözdən keçirə-keçirə, özümə yazığım gəldi: gör, oxucu kimi necə geridə qalmışam, əvvəllər bu jurnalları ardıcıl izləyərdim, bəzi mühüm əsərləri oxuyardım, indi isə… İşdən, xırda-para qayğılardan, əsəbi gərginlikdən başımız açılmır, həmişə qovhaqovda, qaçhaqaçda yaşayıram. Dünyada sələmlə, pulla ya da elə belə, borc kimi götürmək istədiyim bircə şey varsa – o da Vaxtdır, həmişə məndən qaçan, arxasınca təngnəfəs yüyürdüyüm vaxt!... Yəqin heç ölməyə də vaxt tapmayacağam, yox, ölüm elə hamıya bircə anlığa baş çəkir, bircə anlıq vaxt tapmağa nə var ki…

«Дружба народов» (1989) jurnalının 1-ci nömrəsində mənim çox sevdiyim müasir şairlərdən Oleq Çuxontsevin bir silsilə gözəl şerləri verilib, hamısı da durğunluq illəri dövründə, o illərin iyrənc havasına qarşı yazılıb. başqa jurnallarda da bu səpkili yazılara rast gəldim. Demək, namuslu şairlər heç vaxt susmur. O.Çuxontsev şerlərinə son söz yazıb. Orda deyilir: «Hər şer yazanın yəqin ki, özü üçün qələmə aldığı şerləri olur, bunlar da elələrindəndir. Şair həmişə öz dövrü ilə konfliktdə olur. İstənilən şair. İstənilən dövrdə…

…Bir də, bu şerlərin indi üzə çıxmasından xəcalət çəkirəm (icazəli cəsarət, hardasa, konyukturadır), amma, neyləyim, mən də o dövrdə yaşamalı olmuşam – istəsəm də, istəməsəm də…».

Həmin nömrədə XX əsrin görkəmli söz ustalarından, indiyədək kölgədə qalmış rus şairi Fyodr Soloqubun 20-ci illərdə yazdığı şerlərdən nümunələr də verilib. Amma, haqqında heyrət dolu yazılar oxuduğum bu şairin şairləri məni o qədər də açmadı. N.Qumilyov çox dəqiq deyib onun haqqında: «Zərgər dəqiqliyi olan stilistdir, amma əksər şerləri bir-birindən seçilmir». Bəlkə mən səhv eləyirəm? Hər halda, ilk tanışlıqdan doğan sözümdür.

Bu nömrədə bir maraqlı yazı da çıxıb: Latviya Yazıçılar İttifaqı idarə heyətinin sədri Yanis Peterislə jurnalın xüsusi müxbiri Yuri Kaleşşunun dialoqu. Dialoq ötən ilin gur hadisələrinə – Latviyada milli dirçəliş hərəkatına həsr olunub. J.Peteris yazır: «Bir zamanlar inqilabçı latış atıcıları ən çətin bir dövrdə sovet dövlətinin qorunmasında, xilasında çox böyük rol oynayıblar. Qoy indi də sovet hökuməti latış xalqını məhv olmaqdan qorusun. Qəribə səslənsə də, bu, faktdır…».

1988-ci il iyunun 18-də Latviya KP MK-nın plenumu olur. Plenum «Respublikada siyasi vəziyyət haqqında» sərt qərar qəbul edir. Y.Kaleşşuk yazır:… bəzi partiya işçiləri elə danışırdılar ki, məəttəl qalırdın: axı, onlar beş il əvvəl də beləcə danışa bilərdilər».

Y.Peteris: «Hərdən adama elə gəlirdi ki, indicə qapı açılacaq, yaxasında beş qəhrəmanlıq ulduzu olan marşal Brejnev içəri girəcək, onda…

Y.Kaleşşuk: «Uzun sürən sürəkli alqışlar qopacaq».

Y.Peteris: «Onda bəzi nümayəndələr ayağa da qalxardılar…»

Y.Peteris bu siyasi hərəkatı-latış xalqının öz hüququnu özü həll eləmək məqsədini bütün varlığı ilə müdafiə edir. onun fikrincə, «sovet xalqı» millət deyil, bunu ancaq siyasi, tarixi bir istilah kimi işlətmək olar; çünki ruslar «sovet xalqı» olsa da, sovet vətəndaşı olsa da, rus olaraq qalır.

1988-ci il sentyabrın əvvəllərində Riqada Xalq cəbhəsinin təsis qurultayında bütün bunlarla bağlı çox kəskin çıxışlar olub. «Drujba narodov» jurnalının 2-ci nömrəsində, müxbir Bronislav Xolopovla Macarıstan Sosialist Fəhlə Partiyası MK-nın beynəlxalq şöbəsinin müdir müavini Çaba Tabaydinin müsahibəsində bir çaxma, uydurma fikir məni lap əsəbiləşdirdi. Guya respublikada (Azərbaycanda) millətçilik, şovinistlik siyasəti ilə bağlı əvvəlki rəhbərliyə nə qədər böhtanlar atarlar?! Çox təəssüf ki, bizdə heç vaxt belə meyl olmayıb - qonşu respublikalarla müqayisədə biz millilik mövqeyində acınacaqlı, ağlamalı vəziyyətdəyik. B.Xolopov yazır: «Когда-то мнеприхолось слышать о необходимости создавать «единую нацию» (??) и в Азербайджане от некоторых бывших руковидетелей. Их намерения послужили, убежден, одной из причин волнений в Нагорном Карабахе (???)».

«İnostrannaya literatura»nın bu ilki I nömrəsindən başlayaraq böyük ingilis yazıçısı Ceyms Coysun (gürcülər «Saunce» almanaxında Coysun əsərlərinin orijinaldan tərcüməsini ruslardan əvvəl çap eləmişlər) məşhur «Uliss» romanı çap olunur. Akad. D.Lixaçov əsərə kiçik bir ön söz yazıb (daha doğrusu, o deyib, jurnalist yazıb). Lixaçov aşkar yazır ki, Coys kütləvi oxucu üçün deyil; amma romanın çapı ona görə vacibdir ki, «Uliss» dünya ədəbiyyatının idarə nümunələrindən sayılır. Müəllif A.Remizovu, N.Leskovu, A.Belını da o tipli yazıçılardan sayır.

Əsəri tərcümə eləyənlərdən biri S.Xorujiy jurnalda «Uliss»i necə oxumalı? məqaləsi ilə çıxış edir. xorujiy yazır ki, əsərin əsas üslub vasitələrinə rus dilinə çoxdan tərcümə olunmuş başqa əsərlərdə bəlkə də rast gəlmişsiniz; məs. «fikir-düşüncə axını», «daxili monoloq», sözlə, zamanla eksperimentlər və s. bizə Vulf, Folklor, Bekket, Borxes, Doblin və Qrass kimi sənətkarların əsərlərindən tanışdır. Amma… unutmalıyam ki, o əsərlərin hamısı «Unise»dən sonra yazılıb!...

Bu axşam «Vremya» yenə bütünlüklə ermənilərin xeyrinə «işlədi»: Həbəşistandan danışanda nəhəng erməni oteli (üstünə ermənicə yazılmışdı), göstərildi; Qorbaçovla Tetçer abbatlıqda olur, orada naməlum əsgərin xatirəsinə və… Ermənistanda zəlzələdən həlak olanların xatirəsinə dua oxunur; Kanadada (Mokrea) dünya balet ustalarının konsertinin teatrın direktoru erməni Qriqoryan təşkil edir, (biletin qiyməti 150-500 dollar) vəsait Ermənistana keçirilir. Niyə bu qədər müddətdə bir dəfə də olsun, Tacikistanda zəlzələdən həlak olanların şərəfinə bir iş görülmür?

9 aprel – 10 aprel 1989

Bazar günü. Hamılıqla (ailəliklə) bağımıza gedirik… Sakitlikdən qulaq batır–maşını saxlayıb yerə düşəndə birdən-birə səssizlikdən qulaqlarım güyüldəyir. Şəhərin hay-küyü, hisi-pası içindən çıxıb belə təmiz, saf havanı ciyərlərimə çəkdikcə elə bil sinirlərim uyuyur. İşləyib yorulandan, çay içəndən sonra qurşağa kimi soyunub ilıq qumluğa uzanıram, bir neçə dəqiqəliyə dünyanın bütün haqq-hesabları ilə üzülüşürəm, heç nə, heç nə fikirləşmək istəmirəm.

Bağ qonşum Rəmzi kişi, Məmməd müəllim (hər ikisi pensiyaçı) gəlib çıxır.

- Səni nə vaxta kimi ancaq televiziyada görəcəyik? – Məmməd müəllim gileylənir.

Sonra başqa bir qonşum – Arif müəllim (bəşirov Arif, dosent, İnşaat Mühəndisləri İnstitutunun müəllimi, fəlsəfə elmləri namizədi) kiçik oğlu ilə birlikdə gəlib görünür.

Axşam Eyvaz Borçalı zəng vurur.

- Səhər saat 10-a 10 dəqiqə qalmış MK-da olarsan, vəzirov bizi qəbul eləyəcək, Gürcüstandakı vəziyyətlə əlaqədar…

Gürcüstanda abxazlarla gürcülər arasında toqquşmalar olub. Sən demə, Vəzirov (axşam, «Zaman» proqramına baxandan sonra biləcəyik) bizi buna görə çağırmayıbmış: gecə, (aprelin 8-dən 9-na keçən gecə) nümayişçilərlə əsgərlər arasında ciddi toqquşmalar olub, 16 nəfər həlak olub, onlarla adam yaralanıb.

Tbilisidə hökumət evinin qarşısında dörd gündür mitinqlər keçirilirdi; əvvəlcə abxazlarla bağlı yığışıblar, sonra tələblər böyüyüb: müstəqil respublika yaratmaq, SSRİ-nin tərkibindən çıxmaq (çevriliş yolu ilə), kommunistlərə, rəhbər partiya işçilərinə divan tutmaq və s. çağırışlar vəziyyəti lap gərginləşdirir. Odur ki, ordu və milis işə qarışır… Tbilisidə komendant saatı qoyulur.

Aprelin 10-da vəziyyət hələ də gərgindir.

Səhər saat 10-da MK-da, həsən Həsənovun kabinetinə yığışırıq: alimlərdən Camal Mustafayev, Zahid Qaralov, Şəmistan Mikayılov, universitetin müəllimləri Şamil Qurbanov, Pənah Mahmudov («Allahsız» onun ayamasıdır – ateizmdən dərs dediyi üçün), Eyvaz Borçalı, tənqidçi Kamal Talıbzadə, bir də mən… (sonra fəlsəfə elmləri doktoru, həmyerimiz Sabir Daşdəmirovun da adı siyahıya salınır).

Pənah Mahmudov elə hey danışır, heç kəsə aman vermir. Həsən müəllim ona atmaca atır:

- A kişi, Məhəmməd peyğəmbəri təftiş elədiyini bəsdi, qoy işimizi görək… Siz Vəzirova heç bir söz, deməyin, sual verməyin, özü sizi başa salacaq. Gürcüstana, hərə öz rayonuna gedib camaatla görüşməlidir. Vəssalam!

- Vəssalam? Bəs bizim ordakı vəziyyətimiz, Həsən müəllim? – soruşuram.

- hələlik yox…

Vəzirova zəng vurur, məlumat verir.

Bir azdan onun kabinetinə gedirik. Vəzirov qapının ağzında bizi qarşılayır, hamımıza əl verib görüşür. Vaxtı az olduğundan (15 dəqiqədən sonra büro olacaq) tez mətləbə keçir, həmişəki kimi sürətlə danışır:

- Demək, belədi, yoldaşlar… tbilisidən xəbərimiz var. Dünən Gürcüstan azərbaycanlılarından bir neçəsi Mirzə İbrahimovla Firudin Köçərliyə yanaşıb deyiblər: biz xalqı ayağa qaldırırıq, muxtariyyət tələb edirik, siz də, Bakı da bizə kömək eləsin… Mən Patiaşviliyə (Gürcüstan KP MK-nın I katibinə zəng vurdum, dedim ki, bizim ziyalılar, alimlər - gürcüstanlılar – gəlsinlər, xalqla görüşsünlər necə olar? O da razılıq verdi. Gedin, так, ya bu axşam, ya sabah, bizim komandirovkamız ilə, katiblərlə (rayonların) görüşün, deyin ki, Vəzirov Patnaşvili ilə danışıb и так далее… Aydındı?

Kimsə mızıldanıb nəsə soruşmaq istədi, «Qarabağ» sözünü işlətdi. Vəzirov hirsləndi:

- Опять Карабах?...

Sonra sakitləşdi:

- Bizim camaat narazı qalır ki, Z.Balayana, H.Poqosyana deputat seçilməkdə mane ola bilmədik. Günah bizdədi: nahaq yerə «Ocağı» (Z.Balayanın bədnam kitabı) o qədər «şişirtdik». Gərək onu heç saymayaydıq! Напрасно, очень напрасно! Biz onların deputat seçilməsinin qarşısını ala bilmədik. «Московское армянское движениее» deyilən bir təşkilat var, onun hər yerdə-Pribaltikada, xaricdə adamları var, bütün işləri onlar görür.

Hamı bir-birinin üzünə baxır: cinayətkar, ekstremist Balayanla Poqosyan, axı qədim torpağımızdan – Qarabağdan deputat seçiliblər.

- Amma… amma bir fakt da var: ermənilər öz yerlərindən – Ermənistandan xaricə qaçırlar – 180 min adamın ərizəsi var!

Bir fakt da deyim: Dağlıq Qarabağda ermənilər bizimkilərlə qaynayıb-qarışırlar, dostluq, qonşuluq eləməyə başlayıblar…

Buna necə inanaq?

Bilmirəm…

İclasdan suyu süzülə-süzülə çıxıb işə gələrəm. Ona görə suyu süzülə-süzülə deyirəm ki, bütün sözlərim içimdə qaldı, heç nə deyə bilmədim, belə də zülm olar? Ağzımı açmaq istəyəndə Həsən müəllim (üzbəüz oturmuşdu) gözünü ağartdı. Aramızda hey başını tərpədə-tərpədə yaltaqlananlar da tapıldı…

Zahid Qaralov mənə yaxınlaşıb əlimi sıxdı:

- Təbrik eləyirəm, poemamız («Azərbaycan» jurnalının 1-ci nömrəsində çap olunan «1937»-ni deyir) çox xoşuma gəldi. Əhsən!

Sonra Kamal Talıbzadə dedi ki, poema haqda məqalə yazıram, ürəyim doludu, çox alınır, görək…

Yusifin (S.) otağına gəlirəm. İntiqam (Q.) da onun yanındadır. Görüşümüzü təfsilatı ilə onlara danışıram, danışdıqca ürəyimin ağrıdığını hiss eləyirəm (yəqin deyə bilmədiyim sözlərin ağrısıdır).

Yusif deyir ki, xalq cəbhəsinin proqramı ilə tanış oldum, çox gözəldi, mən də üzv yazıldım.

- Mən də yazılaram, təklif eləsələr…

- Çox qorxuludu…

- Hər şeyə hazıram, qağa!

Sonra Əkrəmin (Ə.) «Дружба народов» jurnalının 3-cü nömrəsində dərc olunmuş müsahibəsindən hər ikisi yana-yana, nifrətlə danışır. Bizim qardaşımız Əkrəm öz «kursuna» yenə sadiq qalıb: millətə sataşmaq, ona yuxarıdan aşağı baxmaq… Heyf sənə, Əkrəm! («Dəhnə» povestində ən çox işlətdiyi söz: «Heyf, o qonşulardan» - yəni ermənilərdən). O vaxt, bizə çapa verəndə çox təkid elədim, çox yalvardım - bu sözü çıxart, ya da tamam azalt (gərək ki, 10-12 dəfə işlətmişdi), razı olmadı. Bizdə çap olunmadı, əsəri «Ulduz»a verdi, olduğu kimi buraxıldı – bütün «heyflərlə» bir yerdə! Demək, o elə belə «heyf» deyilmiş, Əkrəm!

P.S. Həsən müəllim bizə dönə-dönə tapşırdı ki, Gürcüstanda katiblərlə görüşəndə mənim adımı çəkməyin – «əskim tüstülüdü, şübhələnə bilərlər» - dediBu söhbətdə onun necə əzab çəkdiyi, yanıb-yaxıldığı üz-gözündən oxunurdu. Eşitdiyin sözlərə nifrət eləyə-eləyə susmaq böyük dərddir!..

Vəzirov dönə-dönə xatırlatdı: Gürcüstanda avtonomiya söhbəti ola bilməz! Тем более indi! Bu, ikinci cəbhə deməkdi-onu açmaq olmazTutaq ki, bununla razılaşdıq-hələlik, Tbilisinin belə ağır günlərində bizim xalq ayağa qalxmalıdır, bu, namərdlik olardı. Bəs sonra? Vəzirovun dediyindən belə çıxdı ki, ümumiyyətlə, Gürcüstan azərbaycanlıları susmalıdır-necə ki, beş aydı Bakı, Azərbaycan susur!

Az qalıram bağıram: Heç olmasa, oranın camaatını gözüqıpıq eləməyin!

Bu gün, Akademiyanın qabağına xeyli adam çıxdı-nümayiş məqsədilə… çoxu qaçqınlardı-şəhərə qeydiyyata alınmayan, iş verilməyən qaçqınlar. Ziya Bünyadov çıxış edir, çiynini çəkib deyir ki, mən neyləyə bilərəm, deputat deyiləm…

Aprelin 11-i

Bu axşam Tbilisi-Bakı qatarı ilə Gürcüstana yola düşürük: Camal Mustafayev, Sabir Daşdəmirov, mən – Qarayazıya, Eyvaz Borçalı, Mahal Məmmədov, Kamal Talıbzadə – Borçalıya (marneuli), Pənah Mahmudov, Şamil Qurbanov, Şəmistan Mikayılov – Bolnisiyə, Zahid Qaralov – Başkeçidə, bir sözlə, hərə öz rayonuna… Tbilisidəki əhvalatdan sonra azərbaycanlılarla görüşüb söhbət eləməliyik. Qızım Nərgizi də özümlə aparıram.

Aprelin 12-

Günortadan sonra Qardabani şəhər icraiyyə komitəsinin sədri Telman Vəliyev və onun müavinləri ilə görüşür (səhər, məktəbin yanından keçəndə qardaşım Alxan maşını məktəbin yanında saxladı. Biz – Sabirlə, mən – maşından düşdük (Camal müəllimi əmioğlu Binnət Kosalıya apardı). Müəllimlər tökülüşüb gəldilər. Sabaha məktəbdə görüş keçirməyə razılıq aldılar). Telman, hər vasitə ilə rayonda bizə münasibətin yaxşılığından, sosial, iqtisadi vəziyyətdən, azərbaycanlılara guya münasib böyük vəzifələr verilməsindən danışır.

- Plenumun neçə üzvü var? – soruşuram.

- 84.

- Neçəsi azərbaycanlıdır?

Duruxa-duruxa:

- 12-si…

- Aydındı…

Rayonun əhalisi-118 mindir, 52 mini, az qala yarım azərbaycanlıdır (mən hələ siyahıyaalınmanın düzgün aparılmamasını, rayonla heç bir yaxınlığı, əlaqəsi olmayan gürcü qəsəbə və kəndlərinin bura «birləşdirilməsini»

- məsələn: Qoğori, Mardkoni, Sartiğala və s. – deyirəm). Candar yaxınlığında Lemşaveri, Mzianeti adlı təzə abad svan kəndləri salınıb (evlər yaraşıqlı, 2,4 mənzilli, altında qaraşı…), Aşağı Kəpənəkçi yolu boyunca da beləcə gözəl «svan evləri» tikilir. Özü də, içinin mebeli, hər cür avadanlığı pulsuz-parasız verilir! Bir gürcü uşağı doğulanda – 300 manat, ikincisi olanda – 2 min, 3 min manat «ənam» verilir, azərbaycanlı anaya isə 30 manat… bizimkilər hansı şəhərdəsə ali məktəbi bitirib gələndə, əsgərlikdən qayıdanda öz doğmaca evlərinə qeydiyyata almaq istəmirlər. Altı «sot» (600 kv.m.) yer almaq müsibətdir. Azərbaycanlılara yaxşı vəzifə verilmir… Bir sözlə, hər addımda mənəvi sıxıntı içində yaşayırlar. Çox adamlarla, çox yerdə söhbətlərimizi oldu. Bu ağır-acılarla yanaşı, camaat yaxşı yaşayır-təkcə mənəvi sıxıntı olmasa… Heç kəsdən, heç nədən qorxmadan öz dədə-baba torpaqlarında dağ kimi, sol qaya kimi kök atıblar, heç kəs onları tərpədə bilməz, yurdundan-yuvasından (ermənistanlılar kimi) didərgin sala bilməz.

Bu narazılıqlar hər yerdə eşidilir – Borçalıda da, Başkənddə də, Bolnisidə də…

Gündüz televiziya ilə böyük verilişə baxdıq: Gürcüstan Elmlər Akademiyasında partiya – dövlət rəhbərləri ilə görüş keçirilirdi (Şevarnadze, Razumovski, Patiaşvili və b. ilə). Dəhşətə gəldik! Çıxışlar çox sərt, amansız idi. Rus şovinizmi, sovet əsgərlərinin vəhşiliyi (deyilənə görə, aprelin 9-da, gecədən keçmiş, hökumət evinin qarşısındakı toqquşmada 360 adam həlak olub), demokratiya dövrünün əzazilliyi kəskin tənqid olundu. Bir həkim-alim dedi: mən bu gün xəstəxanada, morqda olmuşam, o yaralıları, o meyidləri o günə salanları faşizmin «SS»-çiləri ilə müqayisə eləmək olar; Yox, «SS»-çilər belə eləməzdilər. Kim tərbiyə verib, kim əmr verib bu əsgərlərə? Biz bundan sonra kimə inana bilərik?...

Hər yerdə, hər yanda ancaq 9 aprel faciələrindən danışırlar. Görünməmiş dəhşətlər olub. «Xüsusi ordu» (особоя войска) nümayəndələri, itilənmiş, qılınc kimi kəsərli bellərlə nümayişçiləri – qadınları, uşaqları, tələbələri, milisləri ağına-bozuna baxmadan biçiblər. «Hame! Hame!», «Vot tebe za Stalına!» - deyə, deyə…

Axşamdan bir neçə xəstəxana boşaldılmış, Hökumət evinin həndəvərinə «təcili yardım» maşınları düzülmüşdü. Gecə (ayın 8-dən 9-na keçən gecə) saat 4-ə kimi hökumət rəhbərləri, sistem işçiləri, elm, ədəbiyyat, incəsənət xadimləri nümayişçiləri dilə tutublar ki, dağılışsınlar. Heç nəyə məhəl qoymayıblar… aclıq elan eləyənlər elə adyalın altındaca doğranılıb… qabağa verilən qadınlar da eləcə… Amma… siyahıda 19 adamın adı verilmişdi, onların arasında 60, 70 qadın, 12 yaşlı qız da vardı. Deyilənə görə 2 azərbaycanlı həlak olub – bir tələbə, bir sistem işçisi…

Bunların nə dərəcədə doğru olub-olmadığını deyə bilmərəm, amma Tbilisiyə gediş-gəlişi hamı danışırdı. Nümayişçilərin liderlərindən Qamsaxurdia, Kostava tutulub, sereteli qaçıb gizlənib (Kostava ağır, ölümcül haldadır). Ən şovinist təşkilat olan «Şota Rustaveli»yə onlar rəhbərlik eləyirmiş. Bu təşkilatın millətçi üzvləri tez-tez rayonlara gəlib bizimkiləri hədələyirmiş. Onların təkidi ilə raykom katibi Başkeçiddə 9 azərbaycanlını vəzifədən çıxarıb, yerinə gürcüləri qoyub…

Aprelİn 13-

Bizim rayon məktəbində (3 №-li məktəb) görüş keçirildi. Məktəb şəhərdən aralı, vağzal yolunun kənarında, çox ucqarda yerləşir, amma gürcü məktəbinə mərkəzdə yer tapıblar!.. Bunu icrakomun məsul işçilərinin üzünə dedim. Məktəbin yeri məni əməlli-başlı pərt elədi. Dedilər ki, qışda uşaqlar günlərlə dərsə gəlməyiblər… Nə isə… Görüş nə gözəl keçdi. Akt zalı ağzınacan dolmuşdu. Rayon partiya komitəsi təbliğat-təşviqat şöbəsinin müdiri Ziyadxan Məmmədov danışdı, bizi təqdim elədi. Camal müəllim, Sabir danışdılar. Mən çox həyəcanlı idim: 40 il əvvəl oxuduğum (o bina başqa yerdə olsa da) məktəbə gəlmişdim. Bu, ilk görüş idi. Müəllimlərimi hörmətlə xatırladım, uşaqları da kövrəltdim. Sonra şerlər oxudum. Keçdim uşaq şerlərinə. Əl çəkmədilər, bir də, bir də oxutdular… axırda çoxlu suala cavab verdik…

Görüşdən sonra Camal müəllimin bacısı oğlu, Sabirin yeznəsi Müzəffərgildə böyük məclis quruldu. Azərbaycan Ali Məhkəməsinin üzvü, gözəl ziyalı nəriman Hüseynov da gəlib çıxmışdı.

Həmin axşam Camal müəllimlə Sabir Bakıya qayıtdılar.

Həkim Məhərrəmlə (rayon xəstəxanasında baş həkimin müavini), Mərdanla (rayon mədəniyyət evinin direktor müavini) görüşlərdən, söhbətlərdən çox şerlər aydın oldu.

Son 17 ildə 3 №-li məktəbdə cəmi bir nəfər (!) partiya sırasına qəbul olunub.

Aprelin 14-də

Candara, müqəddəs bir ocağa – Seyid Abbasın ocağına baş çəkirik-böyük bacım Gülsəfa, böyük qardaşım Musa, mən bir də Nərgiz. Ötən noyabrda Nərgizi maşın vuranda qurban demişdik, onu kəsdirməyə gəlmişdik. Seyid Yəhya (Seyid Abbasın oğlu) – bu nurani, həssas, qayğıkeş insan bizi hörmətlə qarşılayır. Biz ondan minnətdarlıqla ayrılırıq. Bir əhvalat danışdı, heç yadımdan çıxmır. Neçə il əvvəl, bu həyətdə quyu qazdırır; ustalardan ikisi iri dəmir borunu 25 metrlik quyuya sallayarkən özləri də yıxılıb quyuya düşürlər. Möcüzəyə bax, onlara heç nə olmur…

Aprelİn 15-də

Bizim sevimlimiz, gözəl riyaziyyatçı alim Fərhad səmədov (Bakıda vədələşmişdik) gəlib çıxdı (O Naxçıvana getmişdi). Qardaşı, mənim xüsusi hörmət bəslədiyim Vidadinin, fərhadın şərəfinə (Moskvadan bu yaxınlarda müdafiəsi çox gözəl keçib) məclis qurulmuşdu.

Aprelin 16-da

Qazaxa gəzməyə gedirik. Kür üstü kəndlərin qırağından (Keşəli, İlməzli, Kəpənəkçi, I, II Kosalı…) keçirik. Kəndir elə bil şitillik plantasiyalarıdı – hər yerdə, həyətlərdə onların dili ilə desək, «aranşirlər», suni, polietilen «çadırlar» qurulub. Hamı «palindor xəstəliyinə» - pul qazanmaq xəstəliyinə tutulub. Amma bu qazancın onları necə baha başa gəldiyindən bəlkə də özlərinin də xəbəri yoxdur: gecə – gündüz zəhərin-dərmanın içində «eşələnib» nəfəs almaq dəhşətdir…

Gözəl, günəşli bir gün… «Göyəzən» restoranına üz tuturuq. Burdan, təpənin üstündən hər yan – süni gölməçə, Göyəzən dağı, kəndlər aydınca görünür. Gölün qırağındakı kənddə-cəfərlidə bu yaxınlarda olmuşam – dostum İsrail Mustafayevin ilinə gəlmişdim.

Məclisdə mən tamadalıq eləyirəm… Yenə dərdlərimiz açılır, yenə ürəyimiz qövr eləyir; aşıq çalıb-çağırsa da, könlümüz açılmır: xalqımızın son bir ildəki vəziyyəti hamımızı məyus eləyib…

Aprelİn 17-

Bakıya çox gec, gündüz saat 1-də çatırıq. Çox yorğun olduğumdan işə getmirəm. Axşam Eyvaz (B.) zəng vurur:

-Səhər saat 10-da bir yerə yığışırıq – mənim kabinetimə… söhbətləşəcəyik, sonra saat 4-də Vəzirovun qəbulunda olacağıq.

Aprelin 18-

Deyilən vaxtda MK-ya deyilən vaxtda MK-ya, vəzirovla görüşə gedirik. Həsən Həsənov da bizimlədir. Yenə də tapşırıq verir:

- Çox dərinə getməyin, onsuz da…

Yəni onsuz da xeyri yoxdur…

Elə də olur. Eyvaz Borçalı ümumi məlumat verdi, bu səfərin əhəmiyyətindən danışdı, gürcüstanlıların çox razı qaldığını xüsusi qeyd elədi. Bu, vəzirovun xoşuna gəldi – başını tərpədə-tərpədə gülümsündü…

Eyvaz deyəndə ki, «ancaq… bir sıra problemlərlə də üz-üzə gəldik» - Vəzirovun qaşları çatıldı. Gözünü zillədi Eyvaza.

- Məsələn… Milli kadr məsələsi…

- Yox… нет-нет, это и у нас не решенная проблема…

Təəccüblüdür, bizdə nə vaxt başqa millətlər sıxışdırılıb? Elə MK-da nə qədər başqa millət, xüsusən erməni, erməniqarışıqlar işləyir. Azərbaycanda yeddi erməni katib, 10-dək icrakom sədri, müavini var. bu yaxınlaradək nazir də vardı… Eyvaz tutuldu, sonra başqa bir problemdən – təhsildən danışmaq istədi, dərsliklərin, müəllimlərin çatışmazlığından, bəzi məktəblərin yararsızlığından söz açanda vəzirov yenə onun ağzından vurdu:

- А вы думаете, у нас вес в порядке? Bizdə onlardan da pisdir…

Vəssalam… Biz də baxa-baxa qaldıq, heç birimiz ağzımızı aça bilmədik, mən söz atmaq istəyəndə, üz-üzə oturmuş Həsən müəllim gözünü ağartdı. Bircə o yadımda qaldı ki, sağımda əyləşmiş Camal müəllimin əlləri əsməyə başladı; onu görüb narahat oldum, dedim birdən elə söz deyər ki…

Sonra Camal müəllim başını bulayıb mənə sarı əyildi:

- Sus, danışma, Sabirə de, o da sussun…

Görüş cəmi 15-20 dəqiqə çəkdi. Axırda Vəzirov dedi:

- Arabir, 3-4 ayda bir dəfə beləcə, dəstələrlə Gürcüstana gedin, camaatla görüşün. Briqadiriniz kim olacaq? Hamımız Eyvazı göstərdik. Sonra Zeynalova üz tutdu:

- Danış, qoy getsinlər televiziya ilə çıxış eləsinlər.

Aprelİn 20-

Telestudiyaya çağırıldıq–Teleteatrda «Publisist studiya»sı verilişinə. Verilişi Eyvaz aparırdı. Kamal Talıbzadə, Mahal Məmmədov-Marneuli görüşlərindən, Pənah Mahmudov, Şamil Qurbanov – Bolnisi görüşlərindən, Camal müəllim, Sabir Daşdəmirov və mən – Qarayazı görüşlərindən söhbət açdıq. Çəkiliş vaxtı verilişin redaktoru Eldar Baxış gəldi.

- Bəsdi, Vəzirova nə qədər minnətdarlıq eləyərlər?.. Doğrudan da, bu səfərə görə minnətdarlıq eləyən çox oldu…

Çıxışlar mənim xoşuma gəlmədi; ümumi sözlər, «dostluq motivləri», ehtiyatlılıq… Axı, bu verilişə guya Vəzirov baxacaqdı!

Mən dedim:

- Gürcüstan azərbaycanlılarının bir cəhəti çox xoşuma gəlir: torpaq, Vətən sevgisi… Elə bil onlar o ağaclar, qayalar kimi torpağa kök atıblar… Qərbi Gürcüstandakı sahə nəticəsində arana xeyli gürcü köçürüləcək. Bizim rayonda da abad evlər tikilir – ikimərtəbəli, altı qaraj. Çox yaxşı! Bəs niyə azərbaycanlılara sahə vermək bəlaya çevrilib? Niyə onlar əsgərlikdən gələndə, Bakıda ali məktəbi qurtarıb gələndə öz halalca evlərinə güclə qeydiyyata alınırlar? Onlara 20-25 sot, bizimkilərə 6 sot (600 kv. m.) yer verilir. Niyə gürcü məktəbləri rayonun (Qarayazı) mərkəzində Azərbaycan məktəbi isə rayondan xeyli uzaqda, vağzal yolunda tikilir? Ora uşaqlar necə çətinliklə gedib-gəlirlər!... Borçalıda, Qarayazıda niyə bizim yazıçıların yubileyi keçirilməsin? Məs: Qaxda, Əlibəyli kəndində demək olar, bütün görkəmli gürcü sənətkarları, alimləri, idmançıları olublar – dönə-dönə! Bəs biz? Əlibəylidə İlya Cavcavadzenin yubileyi lap dövlət səviyyəsində keçirildi; o kənddə mədəniyyət evi də var, abad məktəblər də…

Bizim yazıçılar Gürcüstana, azərbaycanlılarla görüşə, demək olar, getmirlər. Günah kimdədir? Əlbəttə, bizdə!

Gürcüstanın bəzi yerlərində – Qori Xaşuri, Kaspi, Kareli regionunda 30 minə kimi azərbaycanlı yaşayır. Amma onların bir dənə olsa, məktəbi yoxdur. Məcbur olub 5-ci, 6-cı sinfə kimi gürcücə oxuyurlar. Bu, böyük dərddir. Tbilisidə Axundovun ev muzeyi gürcü-Azərbaycan dostluq evinə çevrilir. Niyə? Bina qəhətdir? Mən hələ onu demirəm ki, Tbilisidə «Molla Nəsrəddin»lə, Mirzə Cəlillə, «Şərqi-rus» qəzeti ilə bağlı bir dənə də olsun, xatirə lövhəsi yoxdur…

Mənə teleteatrdan çıxanda Pənah Mahmudov nə desə yaxşıdır?

- Sən inqilabçı, Qamsaxurdiya olmaq istəyirsən?

Acıqlı-acıqlı dedim:

- Bəli!

Camal müəllim hirsləndi:

- A Pənah, sən 37-ci ildə neçə adam satmışdın?

Pənah müəllim gülümsündü, zarafata çaldı:

- Yaxşı, yaxşı, keçdi İsanın çıxışı mənim qlavlitimdən…

22 aprel 1989

Bu gün bir oxucu zəng vurur; neftçilər adından danışır, onların adından tələb edir ki, «Drujba narodov» jurnalındakı (3-cü nömrə, 1989) məktubuna görə Əkrəm Əylisli redaksiya heyətindən çıxarılmalıdır, əks təqdirdə onlar jurnalımıza abunəçilikdən imtina edirlər…

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020