Xalq artistinin əzablı və faciəvi həyat yolu

Xalq artistinin əzablı və faciəvi həyat yolu
22 sentyabr 2014
# 07:30

Xalq artisti Nuriyyə Əhmədovanın acı taleyi Ramilə Qurbanlının “Gərdişi dövran” layihəsində

Çoxdandır bu yazının əzabı ilə yaşayıram. Onunla görüşəndə aktrisa hələ sağ-salamat ayaq üstündə idi. Yıxılandan sonra bir az sümük ağrıları vardı, amma keçəsi ağrılar idi onlar. Bir az məlhəm, biz az dərman sağaldar o yaraları, amma elə ağrılar var ki...

Onda hələ qızının faciəsindən, kirayədə qalmağın əzab-əziyyətindən danışmışdı. Bu gün yazaram, sabah yazaram-deyə götür-qoy edirdim, elə yazmalıydım ki, müvafiq nazirliyin incə damarına toxunsun bu material və xalq artistinin ev məsələsi barədə düşünsün.

Mən bu təmənnada ikən xalq artisti Nuriyyə Əhmədova sən demə, ağır xəstəlikdən əziyyət çəkən oğlunu da itirəcəkmiş. Sən demə, aktrisa bacısının evindən son mənzilə yola salınan övladının yas mərasimində belə iştirak etmək iqtidarında olmayacaqmış.

Bu da bir tale, bu da bir “Gərdişi dövran” Nuriyyə xanım özü danışır:

O qız deyil ki...

Orta məktəbi qurtaran kimi Musiqili Komediya Teatrında işə götürüldüm, çünki səsim vardı. Atam hərbçi idi, anam evdar qadın. Atamın səsi vardı, musiqiyə meylli idi. Birinci il ali məktəbə qəbul ola bilmədim, bağ qonşumuz Tofiq Bakıxanov təklif etdi ki, səsin var gəl səni Musiqili Komediyaya işə götürək. Balaca bir rol verdilər, oynadım xoşlarına gəldi, götürdülər işə. Çox yaxşı sənətkarların, gözəl insanların əhatəsində oldum. Mən teatra gələndə gənc qız yox idi, baletin özündə də yaşlılar idi. Yaxınlaşıb “podxod” edənlər çox olurdu, heç kimi saya salmırdım. Elə bilirdim ki, heç ərə getməyəcəm, oxuyacam, işləyəcəm.

Xanların intellekti məni cəlb elədi. Vokalist Xanlar İbadovdur həyat yoldaşım. Əvvəl tanımırdıq bir-birimizi. Elə Musiqili Komediya Teatrında tanış olduq, amma tanış olandan sonra bildik ki, kim kimlərdəndir. Xanlar Asəf Zeynallını bitirib Musiqili Komediya Teatrına gələndə mən orda çalışırdı. Aktyor olmaq istəmirdi, vokal idi onun sənəti. Vaxt itirməmək üçün teatrda işlədi, cəmi iki ay. O iki ayın içində münasibətimiz yarandı. Deyrdi görən kimi xoşum gəlmisən. Çox baxdım, götür-qoy elədim. Teatrda ona demişdilər ki, neyniyirsən onu o qız deyil ki, oğlanfasondur. O, da ürək eləmirmiş mənə yaxınlaşmağa. Sonra Xanlar Filarmoniyaya keçdi.

Dekabr ayı idi, Xanların atası rəhmətə gedibmiş. Kafedə fikrini dağıtmaq üçün oturubmuş, pəncərədən mənim küçədən keçdiyimi görüb. Qaranlıq idi, möhkəm də qar yağmışdı, yer buz olmuşdu. Teatrdan tamaşadan çıxıb evə gedirdim. İkimiz də eyni vaxtda o, Nuriyyə-dedi, mən də a, Xanlar. Yola saldı məni, onunla da ünsiyyətimiz yarandı. Çox keçmədi çətinliklə də olsa ürəyini açdı mənə.

O qədər mədəniyyətlə davranırdı ki, adam heyran qalırdı. Bəlkə Allahın qisməti imiş. Düzdür sonra deyirlər ki, məni gördün hayıl-mayıl oldun, sən seçdin, mən yox. Üç il görüşdük, sonra valideynlərimizlə tanış olduq. Anasının özünün bunu üçün namizədi varmış, Xanlar birtəhər razı saldı anasını. Bir il də nişanlı qaldıq.

1975-ci ildə evləndik. Qanun – qayda ilə qız toyu, sonra da oğlan toyu oldu. 76-da qızımız dünyaya gəldi.

Adil İsgəndərovun ərə gedən aktrisalardan acığı gəlirdi

Filarmoniya daha çox gəzərgi idi, Xanlar çox qastrollara gedirdi. Neyniyək işi belə idi də. Eyni vaxtda qastrolumuz olmurdu. Uşağa görə vaxt verirdilər evdə oturub uşağı böyüdürdüm. Hamiləliyin 6-cı ayından çıxırdım məzuniyyətə, sonra da üç yaşına qədər uşağa baxa bilərdin. Xanlar da iki dəfə qarın nahiyəsindən əməliyyat olundu, 7 il oxumadı, oturdu evdə, olmazdı oxumaq. Mən də həm oxuyurdum, həm işləyirdim. Müxlis Cənizadə rəhmətlik dedi ki, əsil səhnəliksən, gəl instituta qəbul ol, sonra filmlərə də çəkilərsən. Azərbaycanlı qızı az idi sənətdə. Müəllimlər istəyirdilər ki, sənətə öz qızlarımız gəlsin. Şəmsi Bədəlbəyli də qoymurdu instituta gedəm, o, da istəmirdi aktrisasını itirsin. Axır ki, sənədlərimi verdim, kinoaktyorluq fakültəsi də həmin il açılmışdı, Adil İsgəndərov qəbul elədi məni. Evdə hələ heç kim bilmirdi, sonralar anam xəbər tutdu.

Yəhudinin , erməninin evində kirayədə qalırdım. Evimiz Bakı kəndində idi, tamaşalara, instituta çatdıra bilmirdim, ona görə mərkəzdə kirayə qalmalı olurdum.

Adil İsgəndərov bəzi tələbələri o vaxt iki illik rejissorluq kurslarına Moskvaya göndərdi. Əbdül Mahmudov diplom işi kimi “Qəribə ov” filmini çəkdi, məni ilk rola o, dəvət elədi. Kinoya çox gec gəldim, daha çox televiziyada iştirak edirdim. O vaxt əyləncəli verilişlər vardı, səhnəciklər verərdik. İnstitutu qurtarandan sonra kinoya getdim. Bir müddət də o vaxt Tədris Teatrında işlədim, Adil İsgəndərov orda işləyirdi. Acığı gəlmişdi ki, Azərbaycan aktrisaları ərə gedəndən sonra teatrı atırlar. Hər uğurumuza sevinirdi, hayıf ki, xalq artisti olduğumuzu görə bilmədi.

Qızımı əri o evdə qətlə yetirdi

Xanların analığının evində olurduq. O da mübahisəli ev oldu, işimiz məhkəməyə düşdü. Bizim qızımız da həmin evdə faciəli surətdə həlak olandan sonra o evdən özümüz imtina etdik. Qız ailə qurmuşdu, uşağı olmuşdu, 40-ı çıxınca bizimlə qalmalı idi. Uşaq 20 günlük olanda yoldaşı qızımı qətlə yetirdi, öz gözlərimin önündə, öz qucağımda qız getdi əldən. Qız xoreoqrafiyanı bitirmişdi, rəssamlığa da meyli böyük idi. Hardan bu oğlan çıxdı qarşısına. Aviasiya Akademiyasında oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm özünü öldürəcək. Götürdü qaçdı balamızı. Əlac kəsildi toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar.

Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş bunu vaxtlı vaxtında müalicə etdirmiş, ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi. Qızı öz balasına qısqanırdı. Qız getdi, balası qaldı ümidimizə. Oğlanı da həbs etdilər, müstəntiq dedi ki, xəstədir, amma ortalıqda qalsa yenə xətalar edə bilər, elə həbs olunsa yaxşıdır. Görüm onu iki gözündən olsun, indi həbsdən çıxıb manyak azadlıqdadır. Həmin vaxt filmə çəkilirdim Vaqif Mustafayevin “Yerlə göy arasında” filmində öz faciəmi oynadım. Sağ olsun Vaqif dedi ki, filmə çəkilisin, başı sənətinə qarışsın yoxsa yaşaya bilməz.

Bizi ən çox yandıran o oldu ki, qızın arxasınca bədxahlar hərəsi bir söz dedi. Dedilər ki, qısqanclıq zəminində yoldaşı öldürüb, yəqin nə isə olub ki, öldürüb. Özümüzə gələ bilmirdik, uzun müddət havalı gəzdim, əsəblərim pozulmuşdu.

Qızın qanı üstümdə qalmışdı, necə özümə gələ bilərdim. Uşağın ruhu ilə danışırdım. Yuxu deyildi, açıqca görürdüm. Bayılıb yıxılırdım qız mənə kömək edib qaldırıb divana uzandırırdı məni. Rəhman vardı psixoloq deyirdi ki, dəyməyin qoyun qışqırsın, öz-özünə danışsın, mənfi enerjisi çıxsın bədənindən. Qışqırmaq istəyirdim, səsim batdığından qışqıra bilmirdim. Təcili yardım həyətimizdən əskik olmurdu. Bir gün necə oldusa birdən yadıma düşdü ki, bəs, uşaq hanı? Tez qalxdım getdim arxasınca ata tərəfdən alıb gətirdik, sənədlərini düzəltdik. Onun üçün yaşamaq məni yaşatdı. İndi yekə kişidir, onun üçün çalışırıq, qızın qoxusunu alırıq ondan. O anda kinoya çəkilməsəydim bəlkə heç uşaq da məni yaşada bilməzdi. Təzə-təzə özümüzə gəlirdik, avtobusda yıxıldım, yaş o yaş deyil, 60-ı keçəndən sonra sınıq, çıxıq, əzik çətin düzəlir.

Üstəlik də kirayədə qalmağımın əziyyəti. Xalq artistlərinin hamısına ev verilib, mən kirayələrdə qalmışam. Bircə arzum bu yaşımda odur ki, rahat evim olsun, uşağı boya-başa çatdıra bilək.

# 8829 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #