Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın

Oğlu qız sevdiyinə görə məktəbə hücum çəkən qadın
12 fevral 2018
# 10:20

Məktəblərimizlə bağlı məlum hadisələrdən sonra yeni bir şok yaşadıq. 134 nömrəli məktəbin şagirdlərinin intim münasibətlərini əks etdirən video yayıldı.

Bu olay məktəbin geyinmə otağında baş verib. İki yeniyetmə məktəbli intim münasibətdə olublar və üçüncü bir şəxs həmin səhnəni kameraya köçürüb.

Yəqin, üçüncü şəxsin orda bulunmasından xəbərdar olublar və bəlkə də bu faktın özü “sevgilliləri” daha da coşdurub.

14-17 yaş keçid dövrüdür. Bu yaşda uşaqlarda yeni psixoloji hallar təzahür edir. Yeniyetmənin bədənində dəyişikliklər gedir. Cinsi orqanlar inkişaf edir. Seksual meyllər əmələ gəlir.

Fizioloji, cinsəl, sosial inkişaf yeniyetmənin bir şəxsiyyət kimi formalaşmaq cəhdinə təsir göstərir. O, özünü tapmaq istəyir, psixoloji problemlər yaşayır. Yanlış olaraq özünü böyüklər kimi aparmaq istəyir. Özünə yeni sosial status tələb edir. Elə bil qəsdən mənəvi normalara qarşı çıxır - siqaret çəkir, söyüş söyür, müəllimləriylə, valideynləriylə, yaşıdlarıyla konflikt yaşayır.

Başlı-başına buraxılan uşaqlar bomj həyatı keçirirlər, narkotik vasitələrə, spirtli içkilərə aludə olurlar və s.

Bir sözlə, vaxtında pedaqoji müdaxilələr olmasa, yeniyetmələr 14-17 yaş sindromunun ən neqativ hallarını yaşayırlar. Demək ki, yeniyetmələrin psixi pozgunluqlarının, aşırı çılğınlıqlarının səbəbini valideynlərin və müəllimlərin yanlış münasibətində axtarmaq lazımdır.

Əsl pedaqoq bu sindromun nələrə qadir olduğunu bilməli və vaxtında müdaxilə etməlidir. Bu yaşda yeniyetmənin öz baxış və fikirləri formalaşır. Gərgin hallar yaşayır.

Pedaqoq onun hisslərini anlamalı, onunla “onun dilində” danışmağı bacarmalıdır.

Bəs bizim müəllimlər nə edir? Məktəblilərin üstünə gedir, təzyiq göstərir, hədə-qorxu gəlir, döyür və bu yolla tərbiyə etdiklərini düşünürlər.

Belə üsullar yeniyetmələrdə daha çox qıcıq yaradır və onları deyilənlərin əksinə hərəkət etməyə sövq edir. Acığa siqaret çəkir, pis vərdişlərə qurşanır, evdən qaçır və yaxud həmin videoda gördüyümüz intim səhnələrin “qəhrəmanına” çevrilirlər.

Ümumiyyətlə, məktəblərlə bağlı ən xırda detal bütün cəmiyyətin göstəricisidir.

Bundan əvvəl başqa bir məktəbdə bir neçə adamın xəsarət almasıyla bağlı xəbər yayılmışdı. Bu xəbər və onun təfərrüatları ancaq təəssüf doğurur.

Konflikt qız üstündə baş verib. Nəticədə 11-ci sinif şagirdləri bir-birlərini əməllicə döyüblər.

Məsələnin bu hissəni başa düşmək olardı (yeniyetmədirlər, yuxarıda “14-17 yaş sindromu”yla bağlı dediyimiz halları keçirirlər və s. ), əgər “ikinci hissədə” olaylar daha kəskin bir şəkil almasaydı.

Yeniyetmələrin bu dava-dalaşının ardından oğlanlardan birinin anası məktəbə hücum çəkir və həmin davanın səbəbkarı olan qızla haqq-hesabı çürütmək istəyir. Qız da işi belə görüb anasını, dayısını, nənəsini və digər qohumlarını məktəbə köməyə çağırır. Nəticədə 47 yaşlı valideyn (ana) qızın qohumları tərəfindən döyülərək xəsarətlər alır və xəstəxanaya yerləşdirilir.

Məsələ bununla da bitməyib. Qızın dayısı (görünür, ilk “əməliyyatdan” sonra daha da ruhlanaraq) balta ilə davada adı hallanan məktəbli oğlanın üstünə cumub. Ona da müxtəlif xəsarətlər yetirib. Oğlanı da anasının ardınca xəstəxanaya göndəriblər.

Bəs bu qanlı-qadalı hadisəyə müəllimlərin reaksiyası necə olub? Onlar bildiriblər ki, narahatlığa əsas yoxdur. Kiçik bir hadisə baş verib. Məktəbli uşaqlar dava salıblar, bu da təbiidir. Ona görə, valideynlər yığışıb məktəbə gəliblər və aralarında kiçik bir mübahisə yaranıb. Xəsarət alanlar olsa da, bu normal şeydir və məsələni bu cür şişirdərək yazmaq düzgün deyil.

Təsəvvür edirsiniz, bütün bunlar məktəbdə - təhsil ocağında yaşanır və müəllimlər bunu normal hal kimi qələmə verirlər. Yəni bir təhsil ocağı üçün bundan böyük bir rəzalət olarmı? Şagirdlər bir-birini döyür, valideynlər saç-yolduya çıxır, “razborka edirlər”, bir-birlərinə xəsarətlər yetirirlər. Yəqin bu insanlar məktəbin missiyasını dərk etmirlər. Müəllimlər də bu situasiyanı normal qəbul edirlər, çünki məktəbin, peşələrinin mahiyyətini heç onlar da doğru-dürüst bilmirlər.

Yəqin eramızdan əvvəl mövcud olan ilk məktəblərin mənəviyyat qoruyucuları 21-ci əsrin bu gülünc mənzərəsini təsəvvür etsəydilər, gələcəyin gələcəyinə inanmaq istəməzdilər.

Bu məktəbdir, əfəndilər, insanın gələcəyidir, keçmişidir, tarixidir, mənəviyyatıdır... Lütfən onun mahiyyətini və missiyasını anlayın. Bir insanın tərbiyəsində məktəbin, mühitin rolu çox böyükdür.

Əminəm ki, intim görüntülərlə gündəmə gələn yeniyetmələrə əgər vaxtında gözəl hisslər aşılayıb onlarda təmiz duyğular tərbiyə edilsəydi, ilk sevgi rüşeymləri özünü başqa cür bəlli edəcəkdi.

# 2002 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #