Müdirlərin seksual obyekt kimi baxdığı qadınlar

Müdirlərin seksual obyekt kimi baxdığı qadınlar
19 iyun 2017
# 12:24

Sosial şəbəkədə gənc bir qadın gileylənir, fəryad edirdi. “Bu dünya yaşamalı yer deyil, bacarırsınızsa, intihar edin, mən bacarmadım!”

Sözsüz ki, qadın depressiyadaydı, sinirləri son həddə idi, yoxsa belə ağlasığmaz açıqlamalar verməzdi.

Bəs bunun səbəbi nə idi?

Səbəbi sadəydi. Bu qadın iş axtarmağa çıxmışdı, amma onu seksual obyekt kimi görüb nalayiq təklif etmişdilər. Hər gün bu hallarla bir çox qadın rastlaşır. Hər bir qadın da bu vəziyyəti individual qəbul edir. Məsələn, bu hal haqqında danışdığım qadın üçün faciəyə bərabər idi.

Qadınla bir az söhbət etdik. Məlum oldu ki, ağır durumda olan qadın son çıxış yolu kimi iş elanları olan internet saytlarının birinə CV yerləşdirib. Ondan sonra ona gələn təkliflərin sayı-hesabı olmayıb. Amma təkliflər tamamilə başqa, seksual xarakterdə imiş.

Bu qadın iş üçün bir çox yerlərə üz tutub. Amma hər yerdə kişi müdirlərin ac baxışları və açıq-aşkar əxlaqsız təklifləriylə qarşılaşıb:

“Mən sizi işə götürürəm, ancaq bir şərtlə…”

Şərtin nə olduğunu axıracan dinləməyən qadın göz yaşlarıyla oranı tərk edib. Müdirin son sözləri qulağında şillə kimi əks-səda verib:

“Özün bil, istəmirsən, get dilənçilik elə. Onsuz da ətraf qadınla doludur. Sən olma, bir başqası olsun.”

Hətta ofislərin birində yaşlı, dazbaş müdir onun üstünə atılaraq tez-tələsik vədlərdə bulunub:

“Yaxşı maaşın, istədiyin hər şey olacaq, hətta maşın belə alaram…”

Qadın bu dazbaş kişinin də əlindən güclə qurtulub.

Onsuz da əsəbi olan gənc qadının sinirləri lap gərilib. Hətta intihar haqqında düşünüb. Çünki bir qadın üçün yaşamağın əslində nə qədər çətin olduğunu dərk edib.

Qadın olmaq həqiqətən çətindir. Dünyanın hər yerində qadınlar seksual təzyiqlərə məruz qalır. Bu Rusiyada da belədir, ABŞ-da da, Hindistanda da. Sadəcə olaraq əcnəbi qadınlar, xüsusilə avropalılar bizimkilərdən fərqli olaraq öz hüquqlarını bilir və belə hallarda məhkəmələrə üz tuturlar.

Amma qərbli xanımlar heç də həmişə belə aktiv olmayıblar. Əslində bunun üçün əlverişli şərait olmayıb. Seksual təzyiqə məruz qalan qadın dəstək üçün üz tutduğu təşkilatlardan “bu sizin öz şəxsi probleminizdir” cavabını eşidib. Heç kim bu “mənasız” işə görə başını ağrıtmaq istəməyib. “Bir halda ki, mötəbər vəzifə sahibi olan kişi nəinki belə bir məsələni inkar edir, hətta onu suçlayan qadını tanımadığını deyir, o zaman bu başıpozuq qadını dinləməyə nə hacət? Çox güman ki, böhtan atır.”

Bəs nəticədə nə olurdu?

Nəticədə seksual təzyiqə məruz qalan qadının həm ləyaqəti alçalır, həm də iş yeriylə vidalaşmalı olurdu.

Amma işləyən əcnəbi qadınların sayı artdıqca vəziyyət onların xeyrinə dəyişib. İndi bu, bir qadının şəxsi problemi deyil. Hətta qadınlara olan təzyiq insan hüquqlarının pozulması kimi dəyərləndirilir. Deməli, qadınlar göründükləri qədər zəif deyillər və lazım gəldikdə öz hüquqlarını tələb edə bilərlər. Amma mentalitet məsələsi bir çox hallarda öz qorxunc sözünü deyir. Qadınlarımız bu məsələni açıb-ağartmaqdan qorxur, tənə, qınaq hədəfi olmaqdan ehtiyat edirlər. Çünki mütləq bir ağzıgöyçək ortaya çıxıb deyəcək:

“Azz gördünüz? Deyirdim axı, bu düz yuvanın quşu döyül…”

Tanışımın işlədiyi müəssisədə belə bir hadisə olmuşdu; ailə qurmamış, sərt xarakterli qadın (o, rus milliyyətindən idi) rəhbərliyə şikayət edərək müdirinin ona seksual təklifdə bulunduğunu, rədd cavabı aldıqdan sonra isə onun səlahiyyətini məhdudlaşdırdığını demişdi. Müdir isə bu məsələyə gülərək “O kim, mən kim? Mən ona heç qadın gözüylə baxmıram” - deyə açıqlama vermişdi. Amma maraqlıdır ki, rus qadınının şikayətindən sonra səlahiyyətləri özünə qayıtmış, müdir isə o qadın tərəfə gözucu baxmağa cəsarət etməmişdi.

Demək ki, üsyankar qadın şikayətində heç də haqsız deyilmiş.

Statistikaya görə seksual təzyiqlərə ən çox o qadınlar məruz qalır ki, onların çalışdıqları idarədə həmkarlar ittifaqı mövcud deyil və bu qadınların gələcək üçün heç bir qarantı yoxdur. Yəni işlərini itirsələr, ac qala bilərlər.

“Rəhbəri olduğum idarədəki ixtisarlara və s. baxmayaraq, sizi işdə saxlayram, siz isə…”

Statistikaya görə, belə hallar kifayət qədərdir.

Bu məsələyə kişilərin nöqteyi-nəzərindən baxmağa cəhd edək. Qadının məlum təklifdən imtina etməsi ocağa düşmən “toxumlarının” səpilməsi kimidir. Bu gün də olmasa, bir-iki aydan sonra o toxumlar yetişib iş yerini “düşmən ocağına” çevirə bilər. Kişilər rədd cavabı aldıqları qadınları düşmən qiyafəsində görürlər. Onlara elə gəlir ki, bu normal vəziyyət deyil. Nə qədər qəribə olsa da belədir.

Bundan başqa, qadını iş yerində seksual obyekt kimi görmək və onun qarşısında seçim qoymaq yalnız zərərçəkəni alçaltmır, həm də ona öz “yerini” göstərir. “Qadınsan və əsas vəzifən budur. Kişiylə bir səviyyədə qəbul edilmən absurddur”.

Tanışım deyir ki, Rusiyanın müəssisələrinin birində hər üç aydan bir yeni vakansiya elan olunan iş üçün yaraşıqlı qızlar seçirdilər. Professional təhsil barədə sual verənlər mexaniki olaraq siyahıdan silinirdi. Yəni artıq bu məsələ özü-özlüyündə “həll olunurdu”.

Qadının olduğu hər yerdə bu problem var. Elə isə çıxış yolu da qadının özündədir.

Fikrimcə, mentalitetə sığınmaq və ondan kömək istəmək mənasızdır. Mental dəyərlər qadınlarımızı qınayacaq, tənə edəcək, utandıracaq, ancaq qoruya bilməyəcək.

Uzaqbaşı “qadın necə olmalıdır” mövzusunda “məruzələr” oxunacaq. Amma bu, zərərçəkmiş qadına çarə olmayacaq. Əksinə, onun dünya haqqında təsəvvürləri elə qarışacaq ki, dünyanın həmin dazbaş müdirdən və onun mənfur istəklərindən ibarət olduğunu düşünəcək.

Bir sözlə, qadına etmədiyi günahların məsuliyyətini yükləmək cəmiyyətə sərf edir. Çünki bu ən asan və sadə yoldur.

# 2146 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #