Ailəli deyil, azaddır, əxlaqsızdır...

Ailəli deyil, azaddır, əxlaqsızdır...
8 iyun 2017
# 10:22

Cəmiyyətin nəzərində azad qadın təhlükəlidir. Hətta illər öncə kifayət qədər statuslu bir xanımın belə bir ifadəsini oxumuşdum: “Ailə qurmamış qadınlara mən ümumiyyətlə hörmət etmirəm”.

Həmin bu fikir mənə xüsusilə qəribə görünmüşdü, çünki həmin qadın özü də ailə qurmamışdı və həmin ifadənin deyildiyi vaxtdan bir neçə il keçsə də, hələ də subaydır.

Ərsiz qadın “təhlükəlidir”.

Məsələn, ailəli qadın qonşular onunla əlaqə saxlamaq istəmir, haqqında dedi-qodu, pıçapıç edir, fürsət düşəndə ərlərinə guya söz arası həmin qadınla bağlı bəzi “informasiyalar” eşitdirməyi və “təhlükəni” uzaqlaşdırmağı özlərinə borc bilirlər və s.

Halbuki belə də olur. Məsələn, bir tanış evli qadın gizlində tamamilə azad həyat sürürdü, xoşuna gəldiyi kişilərlə görüşürdü, onun əri isə hər addımbaşı boşanmış qadınların qarasınca danışır, onları təhqir edir, hətta arvadına (tərbiyəsi korlanmasın deyə) belə qadınlarla oturub-durmağı yasaq edirdi. Deməli, əslində təhlükə o qədər də uzaqda deyil, elə öz evinin içindəymiş.

Bacısı tamamilə sərbəst həyat sürən bir din adamının çayxanada oturub gəlib-gedən qadınlara həqarətlə baxaraq “Allah islah eləsin” dediyini ailəyə yaxın adam gülərək bizə danışdı. Çünki gülməkdən başqa çarəsi qalmamışdı.

Çox zaman belə davranırıq, təhlükəni özümüzdən kənarda axtarırıq, əslində isə o, bizim öz içimizdə ola bilər.

Maraqlıdır, ərsiz qadınlara hörmət etməyən həmin statuslu xanımın yalnız cəmiyyətdə “evli qadın” rolunu oynayan, əslində isə “ailəyə sığmayan” o qadınlara münasibəti necədir? Axı həmin o xanımın ailəli olduğuna görə hörmət etdiyi hər bir qadın o potensial “təhlükəni” öz içində daşıya bilər. Uzağa getməyək, elə onun özü də sabah stereotiplərdən vaz keçib cəmiyyətin ona vermək istəmədiyi hüquqları tələb edə bilər. Bunları niyə istisna edirik?

Həyatın hər birimiz üçün bir sürprizi var. İstəsək də, istəməsək də, günlərin birində o sürprizlə qarşılaşacaq və qorunmağa çalışdığımız “təhlükənin” öz içimizdə olduğunun fərqinə varacağıq.

Bu yaxınlarda şahidi olduğum bir nişan məclisindən kiçik və kədərli təəssürat; əri tərəfindən səbəbli-səbəbsiz dəfələrlə döyülən, yolu polis bölmələrinə düşən, nəhayətdə barışıb gərgin münasibətlərinə davam edən üç uşaq anası bir qadın, içində gəlin-bəy üzükləri olan xonçanı qürurla aparırdı və əlindən vermək istəmirdi. Səbəbini soruşanlara qaynanası fəxrlə “üzükləri gəlinim yeni nişanlıların barmağına keçirəcək”, - deyirdi - “çünki o, xoşbəxtdir, ailəlidir və oğlu-qızı var.”

Gəlinin üzündə hələ də ərinin zərbələrinin izləri vardı, naşı, ucuz makyaj bu izləri ört-basdır edə bilməmişdi. O isə xoşbəxtcəsinə gülümsünür, üzükləri məhz özünün təqdim edəcəyi üçün içi-içinə sığmırdı.

Əgər bu sadəlövh və primitiv bir “missiya” bir qadını xoşbəxt edəcəksə, niyə də olmasın? Amma bu halda qoy digər qadınlar da real təhlükə hesab edilib dışlanmasın. O qadınlar ki, ailəli deyillər və müəyyən səbəbdən övladları yoxdur.

Cəmiyyət öz primitivliyini hər addımda göstərir və biz də istər-istəməz qəbul edib o döyülən qadın kimi xoşbəxtcəsinə gülümsəyirik. Amma bu təbəssümdə daha çox əzab var.

Həyat hər kəsin öz seçimidir. Biz təqlid etmək üçün dünyaya gəlmirik, biz yaşamaq üçün dünyaya gəlirik. Ətrafa baxanda isə, belə bir təəssürat yaranır ki, guya biz bir-birimizi təqlid edirik. Biz başqalarının rolunu oynayırıq. Bəzən adam təngə gəlib “yetər artıq, mənə öz rolumu verin!” - deyib çığırmaq istəyir.

Bir dəfə gənc bir qadın dərdini mənə danışırdı: “Niyə hamı düşünür ki, hər kəs elə olduğu kimi qalmalıdır, məgər o dəyişilə bilməz? Məgər həyat onun üçün öz səmtini dəyişə bilməz? Məgər biz həyata başqa cür baxa bilmərik?”

Bunu deyərkən qadının üzündəki əzab hələ də gözlərimin önündədir.

Həmin qadın müəyyən səbəblərdən ailə qurmamışdı, amma onun da bir həyata sahib olmaq hüququ vardı. Bəlkə o da normal ailə sahibi olmaq istəmişdi, amma sadəcə olaraq alınmamışdı. Ailə qurmayıb deyə yaşadığı qəsəbədə çoxları onu dışlamışdı, o isə yavaş-yavaş qadın olduğunu belə unudurdu və nəhayət cəmiyyətin onu tamamilə məhv edib “dəfn etmək” istədiyi bir vaxtda bütün iradəsini toplayıb öz həyatına sahib çıxmış, sevdiyi adamla nikahdankənar münasibətlərə girmişdi.

O artıq yaşayırdı, nəfəs alırdı, ona görə yox ki, həyatında kişi vardı, ona görə ki, həyatında ilk dəfə öz azadlığına qovuşmuşdu.

Yaşlanmadan ölən, qadınlığını içində dəfn edən, adi qadın xoşbəxtliyinə “həbsxana barmaqlığında”n baxan onlarla qadın tanıyıram. Onlar indi real həyatda da yoxdur.

Bu həyatdır, cənablar!

İnsan yaşayır, inkişaf edir, yaşlanır, vərdişləri dəyişir. Artıq o, dünənki qırmızı bantlı qızcığaz deyil. Onun da həyata öz pritenziyaları, sualları var və yaşadığı müddətdə onlara cavab almaq istəyir.

O, sadəcə olaraq qadın olmaq istəyir!

İçindəki qadına sahib çıxmaq hər bir qadının haqqıdır.

Bu haqqı onun əlindən almayaq.

# 1860 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #