Şair ola bilərdin, prokuror oldun...

Şair ola bilərdin, prokuror oldun...
5 dekabr 2012
# 08:45

Doxsanıncı illərin itkin gəncliyindən dəfələrlə yazmışam. Ən çox da ədəbi gəncliyindən.

İtki ilə barışa bilmirəm heç cür. Özü də bu itki gənclik dostuysa, üstəlik şairsə...

Lermontov “Zəmanəmizin qəhrəmanı” əsərində sanki məni nəzərdə tutub: “Dünyada elə bir adam tarılmaz ki, keçmiş onun üzərində mənim üzərimdəki qədər hakim ola bilsin. Keçmiş- kədərli və sevincli xatirələr ruhuma ağrıdıcı zərbələr endirərək onu daima eyni səslərlə səslənməyə məcbur edir...Mən axmaqcasına yaranmışam. Heç bir şeyi unuda bilmirəm, heç bir şeyi”.

Tez-tez öz dövrümüzü xatırlayıram. İyirminci əsrin 90-cı illərini. Çox xaotik, çətin dövrdü, bəlkə çoxları xatırlamaq istəməz belə, amma bizim gəncliyimiz məhz orda- keçən əsrin sonlarında qaldı. Bəlkə o üzdən iyirmi birinci yüzillik bir az ögey görünür mənə.

Bizim gəncliyimizdə internet komfortu yoxdu. Biz şeirlərimizi əlyazma şəklində bir-birimizin oxuduğu ali məktəblərə ararardıq. Hələ də mənim arxivimdə müxtəlif dostların əlyazmaları qalır. Şeirlərin əksəriyyətini əzbər bilirəm, amma yenə də ata bilmirəm o kağızları. O xətlər mənə köhnə dostlarımın üzü kimi doğmadı.

Bir Mətləb Ağası vardı bizim ədəbi gəncliyin. İmzası çox tez parlayıb, çox tez də sönən özünəməxsus bir şairi. Hüquqşünasdı və universiteti bitirib doğulduğu torpaqda ixtisası üzrə işləməyə getdi. Zarafatla “ Gedişim səssizdi, dönüşüm möhtəşəm olacaq” dediyi yadımdadı.

Amma Yahya Kemalın o məshur şeirdə söylədiyi kimi:

Bir çox gedənin hər biri məmnun ki yerindən,

Bir çox sənələr keçdi, dönən yox səfərindən.

Mənim yaddaşım Mətləbin şeirlərini elə xəsisliklə qoruyub saxlayıb ki, bir misrasını unudanda xatırlamaq üçün saatlarla düsündüyüm olub. Ta ki, həmin misranı tarıb “yerinə” qoyana qədər. Çünki uzun illərdi arxası gəlmirdi bu şeirlərin.

Necəydin, düşmür yadıma,

Şəklin yox çatsın dadıma,

Yenə min şükür adına,

Dodaqlarım isinir...

Bu yay Muğanda keçirilən ədəbi tədbirə ən çox Mətləblə görüşmək üçün getmişdim. Ordaydı, amma şairlərin yanında yox, zalda-oxucuların arasında. Uzaqdan başımızla salamlaşdıq. Qəribəydi, elə bil döyüşçü dostunu uzun illər sonra dinc dövrdə tarırsan. O artıq prokurordu, amma mən onu yenə əvvəlki cılız bədənli şair kimi görürdüm. Bu misraların müəllifi kimi;

İşdi, bir gün qayıtsaq

çıxıb qarşılamazlar.

Biz sizə dost demişdik,

əfv edin, yaramazlar.

Bu gün sizə Mətləb Ağanın şeirlərini təqdim edirəm. Mən Mətləbin ədəbiyyata qayıtmasını istəyirəm. Beynimdə gəzdirdiyim, əlyazmasını saxladığım o şeirləri hər kəsin oxumasını. Dostlari qarşılamağa həmişə hazırıq, təki onlar gəlməkdə olsun.

***

Ölməkmi istəyirsən

bu vaxtında gecənin?

Gecdi, qalsın sabaha,

düşün olub keçəni…

Nə olsun ki, qaranlıq

xatırladır ölümü.

Tabuta oxşayırsan,

çək üzündən əlini…

Gecdi, sabah ölərsən,

hər şey yaxşı olaçaq.

Güldandakı çiçəklər,

qorxma, sənə qalacaq.

…Kipriklərin yumuldu,

eşitməzsən, nə desəm.

Çox xoşbəxt görünürsən,

can verirsən deyəsən…

***

Gələr eşqin payızı,

sən də çıxıb gedərsən.

Qurtararıq hər şeyi,

sonda çıxıb gedərsən.

Hər şey, hər şey yox kimi,

məktublar yarpaq kimi.

Elə bil bir ah kimi

candan çıxıb gedərsən.

Unut, heç nəyi anma,

günahsa da, arınma.

Tanrı tək gəldin, amma,

bəndə çıxıb gedərsən.

***

Otur ağla qərib -qərib,

göz yaşı doğmadı sənə…

Üz döndərdi səndən hamı,

baxtın da baxmadı sənə.

Bu dünyanın hər bir üzü,

sevincdən çox kədər üzü,

Olsa-olsa bu yer üzü,

sopsoyuq daxmadı sənə…

Səssən, ağızdan keçməyən,

fikirsən, sözdən keçməyən,

Ömür, boğazdan keçməyən

bir iri loxmadı sənə

***

Nə var çıxart yadından,

bir də sevməyə çalış,

Mənə arxayın olma,

məni allah qarğamış…

Şükür öz yuxuna da,

gəlib girirsən daha,

Yuxu cürət eləməz

güzgütək aldatmaqa…

***

Qəfəsdi başdan -ayağa

qəfəsdi sənin nəfəsin,

Nə bunun çəmini tapdım,

nə də ki çəmin nəfəsin.

Özümü aldadıb durdum,

baxtımı hayladım durdum,

Dilini anladım qurdun,

yox bu nəfəsin, nəfəsin

Tumarındı, ya zorundu?

var-dövlətin yatırındı,

Bu həmin ağız-burundu,

bəs hanı həmin nəfəsin…

***

Necə çörəksiz qalır,

necə susuz bir insan,

Bax eləcə, ürəyim,

sən sevgisiz qalırsan...

İlahi, baş götürüm

uzaq bir yerə bəlkə?

Mənə sevgi verəcək

hansı bəxtəvər ölkə?

Hərə bir cürə acdı,

mən də bunun ucundan…

Sən bilən məsləhətdi,

öldür məni acından.

***

Nə var mənim üzümdə

ah çəkmə baxıb-baxıb.

İndi ki, ayrılırıq,

neyləməliyəm axı...

Bir az danış, eybi yox,

vaxt özü haqlayacaq…

Otur bir xatirə yaz,

hərdən varaqlayacam.

Sən ki, ağıllı qızsan,

daha nə desəm, yalan.

Yolumuz buracanmış,

salamat qal, vəssəlam.

***

Nolar, salam versəm al,

mənə gülümsə, görsən.

Çox deyilmiş sözsə də,

çox xoşuma gəlirsən.

Səndən ötrü ölürəm,

açıq yazdım, bağışla.

Əlbət, səni görməyə

gəlirdim o yağışda.

Bir gün gəlib qarşıma

çıxacaqdın, demişdim.

Şəklindən tanıyırdım,

özünü görməmişdim.

Eh, mənim günahlarım

yüzdü, mindi, bağışla…

Çox xoşuma gəlirdin,

amma, indi bağışla…

***

Hər adam ömründə bircə yol sevir,

bircə yol sevilir hər adam ancaq.

Demək dodağımda ölən günəcən

sənin gül misallı adın qalacaq...

Bircə sən, təkcə sən, yoxdu başqası,

çıxar yaddaşımdan bu başqa adlar.

Get, ömrüm gözümdən biraz da düşsün,

bu düşmə üzümdən qırışda adlar

Nə qədər aldatdım görəsən onda,

nə qədər aldandım bu xanımlara?.

Suçum nə qədərdi Allah yanında,

çoxmu bais oldum sönən şamlara?…

***

Sevgin ölür bir sabah,

və səndə heç nə qalmır.

Gözdən düşür yaşamaq,

ölümdə heç nə qalmır.

Qəlbinlə dalaşırsan,

sərsəri dolaşırsan...

Dərdini danışırsan,

dilində heç nə qalmır.

Allah da çatmır dada,

bezirsən bu dünyadan.

Ya bir ovuc kül, ya da

yerində heç nə qalmır...

***

Qayıtmağa üzüm də yox

hüzuruna, İlahi.

Tutulmuşam eşq deyilən

azarına, İlahi.

Axı məni göndərmişdin

ya dən, ya quş olmağa.

Ya da bəlkə bir ağ çiçək,

ya da yağış olmağa.

Niyə dönüb Adam oldum,

göz yumdun niyə sən də?

Mələklərin işiydi, ya,

geciydi sən biləndə?

Bu xanım yazıqdı axı,

məni sevir deyəsən.

Gücüm yox unut deməyə,

bəlkə özün deyəsən.

Bu qanadlar nədi belə,

bu nə təndi, İlahi,

Burda xanım-filan hanı,

bu ki, dəndi, İlahi…

***

Gecələr yosun kimi

gözlərimə sarmaşır.

Yorulmuş ümidlərim

büdrəyir addımbaşı.

Heç sən də yoxsan daha,

ötənlər unudulmuş.

Nə fərqi var, bu oyun

uduzulmuş, udulmuş.

Ömür buz tək soyuyub,

nə var qəfil sınmağa.

Gərək olar bu şeir

yandırıb qızınmağa…

***

Bir az da aldat özünü,

beş ulduz var sabaha.

Ha irəli at özünü,

zaman qaçmaz qabağa…

Sevmək sənin işin deyil,

nifrət etmək də elə…

Şeytandandı uzun ömür,

adam vaxtında ölər…

Üzünu çox qırışdırma,

qaranlıq diksinməsin.

Axı hara yıxılmısan,

belə pis gəlir səsin?

***

Birçə səni düşünmüşdüm

mən bu uzun gecəni.

Divardakı köhnə saat

görən vurdu neçəni?

Görən kimi qarşılayır

uzaqdakı it səsi?.

Nə yazıqdı bu çöl-bayır,

ovudarmı bir kəsi?

Qaranlıqla danışıram,

nə ürəyim var, nə sən.

Xoşuna gəlməz şeytanın,

qorxuram «Allah» desəm…

***

Gələr eşqin payızı,

sən də çıxıb gedərsən.

Qurtararıq hər şeyi,

sonda çıxıb gedərsən.

Hər şey, hər şey yox kimi,

məktublar yarpaq kimi.

Elə bil bir ah kimi

candan çıxıb gedərsən.

Unut, heç nəyi anma,

günahsa da, arınma.

Tanrıtək gəldin, amma,

bəndə çıxıb gedərsən.

# 3461 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #