Sovet hökumətini protezlə yeyən atam

Sovet hökumətini protezlə yeyən atam
6 dekabr 2016
# 11:54

Kulis.az yazıçı Elçin Hüseynbəylinin “Mənim atam...” yazısını təqdim edir.

Gecənin bir vaxtı yadıma düşdü ki, atamın dünyaya gəlməsindən 100 il, dünyadan getməsindən 35 il ötür.

Mən bir sonbeşik oğul kimi (beş qardaşıq) atamın müdrik məsləhətlərini mənimsəyə bilmədim, çünki yaşım onu qavramağa hazır deyildi.

Orasını da fikirləşdim ki, atam ölkə əhəmiyyətli birisi olsaydı, onun xatirsə əbədiləşdirilə, yüksək səviyyəli tədbirlər keçirilə və afişalara belə yazılardı: Hüseyn Hüseynov -100.

Amma bu belə deyil, əlahəzrət tale hərəyə bir qismət nəsib edir. Atamın qisməti yüksək səviyyəli maliyyəçi olmaq imiş. Hələ bir medal da almışdı: “Əməkdə fərqlənməyə görə”. Yaşlaşanda isə “Əmək veteranı” fəxri adına layiq görülmüşdü. Atam o medallara biganə yanaşmışdı. Uşaq vaxtı hamının unutduğu o medalları mən yaxama taxıb kəndin küçələrində veyllənirdim. Axırda onlar it-bata düşdü, ya da mən onu uşaqlardan kiməsə hədiyyə verdim, bəlkə də nəyəsə dəyişdim. Məsələn, quşatana.

Cavanlığında bir kolxozdan 4 nəfərə Sosialist Əməyi Qəhrəmanı verilməsində yüksək payı olan atamın başı çox çəkib. O da sovet məmurları kimi şişirtmədən (pripiskadan) istifadə edib və bir gün əmimə belə bir etiraf edib: “Mən Sovet kökumətini bir dəfə ana dişimlə, iki dəfə isə protezlərimlə yemişəm.”

Atam şotkayla işləyərdi. Hər rübün və ilin sonunda qonşu kəndin briqadirləri qapımızda növbəyə dayanardılar ki, atam onların hesabatlarını, maliyyə sənədlərini hazırlamaqda kömək etsin. Qazancı bahalı bolqar siqaretləri olardı.

Cavanlıqda çox xətalar törətdiyinə görə, norması dolmuşdu və haram pulla arası yoxuydu.

Atam anadan qaraqabaq doğulub. Ona görə də ona “Qara Hüseyn” deyirdilər. Məndən fərqli olaraq gülüb-danışmaqla arası yoxuydu. Hətta oğlanlarından biri (qardaşlar arasında ən güləyəni mənəm) onun yanında bərkdən gülsəydi, danlardı: “Həyasız arvadlar kimi irişmə” – deyərdi.

Bax, beləydi mənim atam.

Qəribə vərdişləri vardı. Yalnız boğmalı (armudu) stəkanda, özü də pürrəngi çay içərdi, filtrli siqaret çəkərdi (o zamanlar filtrli siqaret çətin tapılırdı), mədəsi xəstə olduğuna görə “Borjomi”, “İstisu” içərdi.

Gözümü ilk açanda da onu görmüşəm. Məni yarıqaranlıq otaqda dizləri üstündə oynadırdı, quş-quşa edərdi.

Cavanlığında yaxşı yeyib-içən olub. Amma sonralar içkiyə yaxın durmadı. Hətta məndən 16 yaş böyük qardaşımın toyunda dostları nə qədər təkid etsələr də, sözündən dönmədi: “Siz onu içirsiniz, mənsə onda çimmişəm”, - demişdi mənim atam.

O, heç zaman bizə “siqaret çəkməyin, içki içməyin, dərs oxuyun!” - deyə əmr eləmədi: “Hər şey özünüzdən asılıdır, - deyirdi, - oxumaq da, ziyanlı vərdişlər də. Özünüz bilərsiniz.”

Məni əsgərliyə yola salanda kövrəldi. Onu ilk dəfəydi ki, belə məyus və qəmgin görürüdüm. Yəqin məni bir daha görməyəcəyi ürəyinə damıbmış. İki ildən sonra əsgərlikdən qayıdanda, hələ qatardaca qardaşımın söhbətindən anladım ki, atamız yoxdur.

“Mən atamı sevirdimmi?” – bu suala dəqiq cavab verə bilmərəm. Mən sadəcə onu başa düşmədim. Onu sevmək qədər müdrik deyildim. Atam bizi sevirdimi, onu da bilmirəm. Sevgi məsələsini anamın ixtiyarına buraxmışdı. Məşhur deyim yadınızdadırmı? “Ana özvladlarını sevir, atanın övladalarına rəhmi gəlir.” Tanrı kimi. Çünki atamın səkkiiz uşağı eyni dərəcədə sevməyə gücü və enerjisi çatmazdı. Amma bir sonbeşik oğul kimi mənə güvənir və fəxr edirdi. Mənim yazıçı olacağımı da ilk dəfə o duymuşdu: “Sən yazıçı olassan, onda mənim həyatımı qələmə alarsan.”

Atam çətin uşaqlıq görmüşdü. Atası Qaçaq Hüseynalı, sərhədi qoruyan kazaklarla atışmada öldürülmüşdü. Atasını tez itirdiyindən onun-bunun qapısında qoyun-quzu otarmışdı. Ötən əsrin 20-ci illərində çölçülüklə məşğul olmuş, özü demiş, muzdurluq etmişdi. “Şakain” deyilən məktəbi bitirmişdi (deyəsən, partiya-komsomol məktəbi deməkdir). Körpəlikdən öz qazancını yeməyə öyrəşmişdi.

Atam öz atasıyla fəxr edirdi, baxmayaraq ki, onu 3 yaşında itirmişdi və güclə xatyırlayırdı. “Deyirdilər ki, ata üzəngisiz minirmiş, kürəyinin arxasında on adam gizlənərmiş...”

İndi fikirləşirəm ki, atam ölkə üçün adlı-sanlı adam olmasa da, əhəmiyyəti mütləq olub. Yəni özünə görə bir kişi olub.

İki məsələ nəslimiz üçün vacibdir: Atamın 100 illik yubileyini Respublika sarayında keçirməsək də, “Saray” adlı qəsəbədə qeyd elədik. Bir də onun davamçısı var: Hüseyn Hüseynov.

Torpağı sanı yaşasın!

Amin!..

27.11.2016

# 1730 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #