Marina Svetayevaya nifrət edənlər

Marina Svetayevaya nifrət edənlər
6 sentyabr 2017
# 10:37

Sevda Sultanova

Marina Svetayevanın kiçik qızı İrina anadan sağlam doğulmamışdı. O, anasına sevincdən çox qayğı gətirmişdi. Ümumiyyətlə, Svetayeva çətin xarakterli adamıydı, yaxşı, qayğıkeş ana olmağa da can atmırdı.

Özünü ədəbiyyatda quş kimi yüngül hiss edən qadın məişət qayğılarında boğulurdu, qayğıları görməzdən gəlirdi, çətinliklərə saymazyana yanaşırdı.

Amma başqa tərəfdən də dövrün - söhbət 1918-20-ci illərdən gedir, - aclığı, soyuğu, maddi çətinliklər, min cürə güzəran sorunları onu tükədirdi.

İrina isə qayğı, diqqət tələb edirdi.

Böyük qızı Alya ilə ədəbi məclislərə gedəndə xəstə, iki yaşlı İrinanı çarpayıya bağlayırdı ki, yıxılmasın. Svetayeva Mandelştama və onun həyat yoldaşına İrinanı qaranlıq otaqda, çarpayıya ayağından necə bağladığını göstərəndə ər-arvad dəhşətdən sarsılmışdı.

O, ümumiyyətlə İrinadan danışmağı sevməzdi. Bir dəfə rəfiqələrindən biri Marinaya qonaq gəlir. Onlar səhərədək söhbətləşir, şeir oxuyur. Və sübhə yaxın rəfiqəsi kresloda əski yığnağının arasında bir başın tərpəndiyini görür. Rəfiqəsi o günədək İrina haqda nəsə bilmədiyini yazır.

Marina İrinanı uşaq evinə verir və qızcığaz 1920-ci ildə orda ölür. Yaxınları, tanışları körpənin ölümündə anasını günahlandırır.

İstənilən halda Svetayeva qızının xilası naminə mümkün olan hər şeyi etmədiyi üçün özünü onun ölümündə günahlandırırdı: “İndi çox şeyi anlayıram: hər şeydə mənim avantürizmim günahkardır, çətinliklərə yüngül münasibətim, nəhayət – səhhətim, müdhiş dözümlülüyüm... Özünə asan olanda, başqasına çətin olacağını düşünmürsən...”

Hələ on il əvvəl rus poeziyasının çox sevdiyim şairlərindən biri Svetayevanın həyatını anladan kitabdan yuxarıdakı sətirləri oxuyanda sözün birbaşa mənasında emosional şok yaşamışdım. Amma bu fakt ona münasibətimi dəyişdimi? Dəyişmədi. Onun davranışına haqq qazandırmasam da, adı gələndə ilk yada düşən özəl həyatı yox, şeirləri olur.

Hərçənd, bu, həmişə müzakirəyə açıq olacaq davranışdır.

Onun durumunu hər halda anlamağa çalışmışdım: çətin illər, yoxsulluq, təhlükəli siyasi rejim, dövrün mənəvi, psixoloji çətinliyi...

Srağagün dostlarla söhbətdə ədəbiyyat, incəsənət adamlarının şəxsiyyəti və yaradıcılığı mövzusunda mübahisəmiz oldu. Sual hələ də açıq qalır: yaradıcı insanın şəxsiyyətini onun əsərlərindən ayırmaq gərəkirmi? Yaradıcı insanın özəl həyatı, hər hansı siyasi rejimə münasibəti və s. onun əsərlərinin dəyərləndirilməsinə təsir etməlidirmi? Zaman-zaman bu faktorların qarşıdurması gərgin müzakirələrə yol açır.

Sonuncu belə müzakirələrdən biri Səməd Vurğunla bağlıyıdı.

Heç bir halda kiminsə şəxsiyyətinin üstündən xətt çəkməyin ədalətli olmadığını düşünürəm.

Yaradıcı adamın şəxsiyyəti yaradıcılığını dəyərləndirilməsinə kölgə salmamalıdır. Məsələn, Amerikanın kino ictimaiyyətinin indiyədək rejissor Elia Kazana münasibəti birmənalı deyil. O, 1952-ci ildə Antiamerika fəaliyyətini təhqiq edən komitənin dinləmələrində Kommunist Partiyasına üzv olan aktyorların adını açıqlamışdı.

Həmin aktyorların adı “Hollivudun qara siyahısı”na düşür. “Hollivudun qara siyahsı”na 1940-50-ci illərdə siyasi əqidəsinə görə peşəkar fəaliyyətinə qadağa qoyulan Amerikanın mədəniyyət və incəsənət xadimlərinin adı salınırdı. Hətta məşhur amerikalı rejissor Orson Uells amansız idi: “Kazan öz ruhunu üzgüçülük hovuzuna dəyişdi”.

Kazanın bu addımını çox kinematoqrafçı bağışlamadı və 1999-cu ildə rejissor fəxri Oskar alanda bəziləri onu alqışlamaqdan imtina elədi, Stiven Spilberq, Cim Kerri isə sadəcə könülsüz alqışlamaqla kifayətləndilər.

Onun adamları ələ verməsi faktı heç bir halda dünya kinosundakı yerini inkar etmir. Etməməlidir də...

Mövzuyla bağlı ikinci əsas məsələ budur: bizdə şəxsiyyətə rasional və peşəkar münasibətin olmaması... Sıravi oxucuların münasibətini nəzərdə tutmuram, onların hər səviyyədə reaksiyaya haqqı var, hətta o təhqiramiz olsa belə...

Rasional, peşəkar münasibət deyəndə yaradıcı adamları idealizə etmədən, həyatını, yaşadığı mühiti incələyən, onları olduğu kimi göstərməkdən çəkinməyən araşdırmaların, kitabların demək olar ki, olmamasını nəzərdə tuturam. Bu araşdırmalar onların addımlarına hərtərəfli baxmaq imkanını verməlidir, məsələn, Səməd Vurğun hansı proseslərdən keçərək ədalətsizliyin yanında olub? Onun faciəsi hansı şəraitdən başlanıb, iç konflikt yaşayıbmı və s.

Anlayıram ki, yaxın tarixdə baş verənlərə, xüsusən məsafə yaxınlığı baxımından daha çox emosional yanaşmamaq çətindir. Zira, bu cür araşdırmalar bizə həm soyuqqanlı düşünməyə yardımçı olacaq, həm də əhəmiyyətli təcrübə verəcək.

# 1848 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #