Uşağını rus sektoruna qoyanlar

Uşağını rus sektoruna qoyanlar
20 iyun 2017
# 15:02

O filmdən bir neçə dəfə yazmışam. Hərçənd, ikinci dəfə onu izləməyə ürək eləmərəm...

Söhbət Marko Ferrerinin kinonun şedevrlərindən biri “Böyük tıxama” filmindən gedir. Nüfuzlu intelligentlər şəhərkənarı villada yığışaraq gecə-gündüz ancaq tıxayırlar, yediklərini qaytarırlar, yel buraxırlar, qısası gəbərənədək yeyirlər. Onları əyləndirməyə gələn fahişələr gördükləri mənzərədən dəhşətə gələrək ordan qaçır.

Çünki fahişələr o intelligentlərdən daha çox insandır, daha çox intelligentdirlər.

Yaxud Bunuelin “Məhvedici mələk” filmində elita çətin şəraitə düşən kimi bütün kübar ədalarını itirir, heyvani instinktlər işə düşür...

...Bir neçə gün əvvəl sosial şəbəkədə iqtisadçı Natiq Cəfərlini oğlunun rusca danışmasına görə az qala linçlədilər. Kimin hansı dildə təhsil almasına, hansı dildə danışmasına münasibətim yumşaqdır.

Amma statusla bağlı səslənən müxtəlif fikirlərdən, gördüklərimdən, müşahidə etdiklərimdən, şəxsi təcrübəmdən dolayı məsələnin başqa tərəfi məni qayğılandırır. Yuxarıda iki rejissordan təsadüfən sitat gətirmədim.

Hansı mühitdə böyüyürsən-böyü, hansı dildə, hansı ölkədə təhsil alırsan-al, sənin alt kimliyin-yapın dəyişməz qalacaq, xüsusən, bu, müəyyən situasiyalarda özün də istəmədən nəzarətindən çıxaraq səni ələ verəcək.

Özəlliklə də, ən adi məişət hadisələrində, qadın kişi münasibətlərində... Çünki bir insanın sosial maska taxaraq özünün ziyalı, intellektual imicini yaratması rahatdır, amma məişətdə oynaması çətindir.

Məsələn, kişi tanıyıram ki, dünyanın bir neçə nüfuzlu universitetində təhsil alıb, elmi iş müdafiə edib, fəlsəfi-siyasi-ictimai məsələlərdə ağıllı danışmağa çalışır, xeyli də fanatı var. Statusları da var ki, bir də görürsən, aha, Ferrerinin personajlarının prototipi boylanır - dünyaya daha çox mədəsindən baxır, üstəlik, əks cinsə seksual obyekt kimi yanaşmasını gizləyə bilmir. Əminəm ki, adam bunun fərqində deyil. Sadəcə özündən asılı olmayaraq hansısa məqamda alt kimliyi üzə çıxır.

Yaxud qadın tanıyıram ki, rusdilli mühitdə böyüyüb, xaricdə təhsil alıb, alimdir, dünyanı elədən-beləyə, belədən-eləyə dolaşıb. Məntiqlə özü ayaqda durmağı bacarmalıydı. Lakin ona lüks həyat verə bilmədiyini ərinin başına qaxınc edir, aldığı yüksək təhsil harasa buxarlanır və içində mürgü vuran Fatmanisə kimliyi oyanır: “Nə olsun ki, beş dil bilirsən, savadlısan, nə kişisən ki, bir arvad da saxlaya bilmirsən, camaat iki arvadı birdən saxlayır”.

Və adətən bu tip adamların peşəsində funksionallığı da yüksək ola bilmir.

Cütlüklər tanıyıram ki, elə bu ölkədə öz dilimizdə təhsil alıblar, özü də təhsili aşağı səviyyəli universitetlərdə. Geniş dünyagörüşləri, intellektləri var, yeniliyə açıqdılar və məişətlərinin ağır dönəmlərində bir-birini dəstəkləyiblər.

Eyni mühitdən gənc qadın tanıyıram ki, yoldaşı tək uşaqla onu tərk edib. Qadın maddi çətinliklərinə rəğmən ondan asılmayıb, aşağılanmayıb, nəsə tələb eləməyib. Əksinə, öz peşəsində uğur qazanan, indi də lüks həyatı olmayan o qadını həmişə gülümsəyən, müsbət emosiyalarla dolu görürəm.

Təcrübəmdən bir şeyə əmin oldum ki, sözün həqiqi mənasında insan olmaq, peşəndə daha çox fayda vermək üçün xarici dildə yüksək təhsil almaq önəmli deyil. Önəmli olan daha çox həyata fərqli pəncərədən baxa bilməkdir.

# 1851 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #