Növbəti stansiya – Gənclik

Növbəti stansiya – Gənclik
25 iyun 2011
# 11:00

Gənclik… Bütün zamanları həsrətlə yolunu gözlətməyə və həsrətlə geri boylanmağa vadar edən dövr... Anbaan, saatbasaat şam kimi əritdiyimiz və özümüz də oduna əridiyimiz zaman kəsimi…

Biz gəncliyimizin insan ömrünün ən gözəl dövrü olduğunu belimiz bükülüb torpağa sarı əyiləndə dərk edirik…

Belədə isə ağ saçlar qara saçlara, bükülmüş qədd şux qamətə, ölmüş hisslər çılğın ehtirasa, qocalıq gəncliyə paxıllıq edir, elan edilməmiş müharibəyə başlayır. Bu, bizdə belədir.

Avropalı qocaların şortu, krossovkası, idman stili zahirən, ruhən və mənən gəncliyə yaxın olmağın təcəssümüdür. Onlar gəncliyin-gümrahlığın, təravətin və gözəlliyin yanındadırlar. Gənclik Avropa yaşlılarının timsalında daha da ecazkardır!..

Şəhərin küçələrində, dənizkənarı parkda qarşımıza idman stilli yaşlı əcnəbi cütlüklər çıxır… Onlar şəhəri gəzir, xoşlarına gələn mənzərələri fotoaparatın yaddaşına köçürürlər və s. Bu yaşlılara həsəd aparmaya bilmirsən. Və ayrılıb skamyada əyləşən azərbaycanlı ağsaqqalların, ağbirçəklərin söhbətinə qulaq asırsan. Adam həyata nifrət edir. Zəmanədən şikayət, gənclikdən qeybət, kommunuzmə məhəbbət bizim yaşlı nəsilin əsas müzakirə obyektidir…

Zəmanədən şikayəti yazaq kasıblığın, problemlərin ayağına. Bəs gənclikdən niyə giley-güzar edirlər?

***

Zamanın qarşılıqlı şəkildə bir-birinə təsir edən məqamları – keçmiş, indi və gələcək obyektiv zamanın üç ölçüsündən fərqlənir. Keçmiş “geridə qalan” anlamını özündə ehtiva etsə də, o, həmişə mövcuddur və həm indini, həm də gələcəyi təyin edir. Martin Haydegger keçmişin modusunu “atılmış” kimi; indinin modusunu varlığa aludəlik; gələcəyin modusunu isə daim bizə təsir göstərən “layihə” kimi təqdim edir…

Keçmişimizi bu günümüzün və gələcəyimizin təyinatçısı qismində görmək ağrılıdır. Keçmişimizin təyinayçıları qeybətcil, dedi-qoduya meyllidirlər; gəncliyə doğru yol göstərmək əvəzinə onları daha da qıcıqlandırır, əsəbləri ilə oynayırlar… Biz “atılmış”lar yox, “daim” bizə təsir edəcək “layihə”nin üzərində baş sındırmalıykən, bu “layihə”nin bivaxt “zamanın arxivinə” gömülməsinin şahidi oluruq.

Gənclik çılğındır, dinamikdir, daim axtarışda, inkişafdadır. “Mental dəyərlər” qəlibi müasir zamanın kombinasayaları qarşısında mat olmaqdadır. Heç-heçə şansı belə yoxdur.

Bizim mentaliteti stimullaşdıran ərə getməmiş qaş almamaq, oğlanla görüşməmək, şalvar, qısa ətək geyinməməkdir. Bunlar və Anar demişkən, fahişəyə çevrilən məlaikələr haqqında çox danışılır. Amma nədənsə məlaikəyə çevrilmiş fahişələrdən danışılmır. Gəncliyində bədənindən “çörək ağacı” kimi istifadə edən qadınlar var ki, yaşlaşanda ziyarətə gedib “məşədixanım”, “hacıxanım” olublar. Dövrümüzün qocalarının “bizim dövrün gəncləri belə deyildilər” kimi yersiz ittihamlarına gərək yox.

***

Bu mövzuda danışanda, yadıma nədənsə Markesin “Gözlənilən bir qətlin tarixçəsi” povesti düşür. Gənc və gözəl Anxelanın “mental dəyər”ini qoruya bilməməsi səbəbindən özünün və nə qədər insanın bədbəxt olması… Sonda yenə Anxelanın onu toy gecəsi atası evinə qaytaran sevgilisinə qovuşması… Anxela öz sevgilisinə qovuşur. Amma nə vaxt? Yaşlaşanda. Gəncliyi isə bihudə, “mentalitet”ə qurban verilərək keçir…

***

Zaman öz qatarı ilə sürətlə ötüb keçməkdə… Bu qatar həmişə bir dayanacağa can atır… Bir dayanacağa dönmək istəyir… Həmin dayanacaq o qatarı sövq-təbii durduracaq yeganə ünvandır. Bu səs hər birimizi bu barədə düşündürsə, gərək: “Növbəti stansiya GƏNCLİK!”

# 3338 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #