Xorla “Ənəlhəqq” söyləyək

Xorla “Ənəlhəqq” söyləyək
4 mart 2019
# 11:05

Cavi Dan

Yeni ilin ilk dekadası bitər-bitməz hamımızı sevindirən bir xəbər eşitdik.

Ölkə başçısı Azərbaycanın böyük şairi, mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyini nəzərə alaraq, 2019-cu ili “Nəsimi ili” elan etmişdi.

Xəbər o qədər gözəl idi ki, sosial şəbəkələrdə insanlar az qala bayramlaşıb bir-birini təbrik edirdi.

İlk dalğa sərəncamın mətnini paylaşıb sevinməklə keçdi.

İkinci dalğa hamının ölkə ədəbiyyat və mədəniyyət tarixinə, yaradıcı adamların isə öz yaradıcılıq arxivinə boylanmasıyla başladı.

Məqalələr, monoqrafiyalar, nəzirələr, təhlillər yada düşdü, axtarıldı, üzə çıxarılmaq, ikinci həyat verilmək şansı qazandı.

Mən də köhnə kompüterimin arxivinə baxdım. 2008-ci ildə ilk “Nəsimi” Ədəbiyyat Müsabiqəsinə təqdim etdiyim və birincilik qazanmış şeirimi tapdım. Oxudum və min illik qəhərlə sakitcə, öz ürəyimdə yad etdim şairimizi.

Lakin sosial şəbəkədə paylaşmağa tələsmədim o şeiri. Çünki həmin günlərdə “Məhsəti” romanım çapdan çıxmışdı və mən də ölkə mətbuatının bu xəbəri yaymasının şirin eyforiyasını yaşamaqda idim. Romanın çıxması xəbəri ilə yanaşı jurnalistlərin “Hal-hazırda nə yazırsınız?” sualına cavabım yayımlanırdı: “Hal-hazırda “Şəms” adlı roman yazıram”.

Əslində, mən “Məhsəti”dən sonra “Afaq”ı yazmağa başlamışdım - Nizaminin həyat yoldaşı olan Qıpçaq gözəli Afaqa həsr ediləcək romanı. Planlarıma görə, ədəbiyyat tariximizdəki üç qədim qadın obrazının üçüncüsü olacaqdı Şəms.

Lakin mən neylədim?

Ümumi hay-küyün içində Afaqla Şəmsin yerini dəyişdim. Dəyişdim ki, “Şəms” romanı məhz “Nəsimi” ilində yazılıb çapdan çıxsın.

Yenə də qəhərlənməyin yeri var idi.

Mən də küyə getmişdim!

Lakin bu qəhər çox çəkmədi.

Ölkəni elə bir “nəsimipərəstlik” havası bürüdü ki, qəfildən, elə bir qasırğa qopdu ki!

Bu artıq dalğa deyildi.

Sunami idi.

Biz, yaradıcı adamlar, bir də ayılıb gördük ki, başımız sevimli şairimizə həsr etdiyimiz və həsr edəcəyimiz mətnləri düşünməyə qarışmışkən, əlahəzrət şou-biznes və zati-aliləri sadə camaatımız artıq “Nəsimi” ilinə möhür vurur.

Möhürün çırpılma səsi qulaqlarımıza dolub beynimizə işləyirdi: “Mən! Mən! Mən! Mən!”

Nə baş verirdi?

İnsanlarımız nə qədər həsrət imişlər Nəsimi qəzəlini qeyri-akademik, özlərinin sadə və rahat tərzində oxuyub-oynamağa!

“Gövhəri-laməkan mənəm!” deyib bütün dünyaya meydan oxuyur sadə xalq. “Mən! Mən! Mən! Mən!” deyib hayqırır bütün işğalların, bütün tarixi sıxıntılarının üzünə.

“Şəms mənəm, Qəmər mənəm, Ərşə çıxan Həcər mənəm!” deyir hamı.

Nə dediyinin fərqində belə deyil kimsə.

Bu kəlmələrin bircəciyinin belə açıqlamasını bilsələr, tükləri biz-biz durar, qorxub bir də dillərinə gətirməzlər... Məsələn, elə Kəbə daşı olduqlarını bəyan etməklərini.

Bəs necə?

Yoxsa onlar elə bilirmişlər ki, bu “Həcər” Qaçaq Nəbinin Həcəridir?

Yox axı!

“Mən! Mən! Mən! Mən!” deyə qol qaldırıb rəqs edir Odlar yurdunun minlərlə illik tarixinin o tərəfindən qədim ruhlar, çırpınır, təcəlli etmək üçün, bu xalqın ruhuna bir daha hopmaq şansı qazanmaq üçün can atır.

Biz nə edirik?

Onları görmürük, hiss etmirik, onlara təcəlli üçün layiqli zaman və məkan portallarını yaratmırıq. Bizim başımız hələ də eqomuzun diktəsinə qarışıb, vaxtımızı, enerjimizi, istedad və biliyimizi sosial şəbəkələrdə boş və mənasız yerə sərf etməkdən manyak kimi həzz alırıq sanki.

Biz Nəsimini sadə xalqdan daha çox sevdiyimizi isbat etmək üçün az qala hərəmiz öz evimizdə bir tribuna qurmuşuq və hər gün ciddi-ciddi o tribunaya keçib Nəsimini sadə xalqdan müdafiə etməyə çalışırıq.

Amma onlar onu sevirlər.

İnanın!

Bu, zarafat deyil.

Lakin faciə də deyil.

Faciə - bizim, yəni yaradıcı və ziyalı zümrə sayılan guya ki daha üst kateqoriyalı insanların bu sevgiyə yuxarıdan-aşağı baxıb qıcıqlanmağımızdır. Biz yenə də küyə getməkdəyik. Başımız bizi heç vaxt oxumayan və oxumayacaq şou-biznes nümayəndələri ilə bizi heç vaxt oxumayan və oxumayacaq sadə camaatın bir-birinə qoşulub xorla “Mən! Mən! Mən! Mən!” deməsinə qarışıb.

Biz bu xorun qarşısında acizliyimizi hiss edib çarəsizcə deyinirik sadəcə.

Biz bu xorun müqabilində ortaya sanballı, güclü, ciddi sənət nümunələri qoymağı belə düşünmürük. Hətta sanki öz toz basmış arxivlərimiz də yadımızdan çıxıb.

Sanki elə bizə bu hay-küy lazım imiş ki, tənbəlliyimizi bəhanə örtüyü ilə qapayıb küskün bir sima göstərək və ili də deyinib-inciməklə yola verək.

İlin isə iki ayı artıq arxada qalır.

Biz unuduruq ki, bu gün Nəsimiyə, onun səviyyəsinə uyğun olmayan faktların bünövrəsini özümüz qoymuşuq. Zaman-zaman gözlərimizin qarşısında yaradıcılığı, səviyyəsi aşağılanan tarixi şəxsiyyətlərimizin, mütəfəkkirlərimizin tərəfində dayanıb efirləri, saytları bürüyən hörmətsizlik nümunələrinə üzə çıxmaq fürsətlərini verməklə, hər “uşaq-muşağa” baş qoşmadığımızı bildirmək üçün burnumuzu dik tutub iqnorla yaxamızı kənara çəkməklə, susmaqla... və yaxud, doğru-dürüst danışmamaqla.

Biz unuduruq ki, elə mahnılarımız var, onları ancaq ermənilər oxuduğu zaman xatırlayıb hay-küy salırıq, “bizimdir” deyirik və sanki ağlımıza da gəlmir ki, “bizim” olduğunu isbatın yeganə yolu “bizimkilər”in bu mahnıları oxuması, yaşatmasıdır.

Biz unuduruq ki, bir düz xəttə toxunmaq imkanı yoxdursa, onu qısaltmağın da yeganə yolu onun yanında ondan daha uzun düz xəttin cızılmasıdır.

Biz o daha uzun xətti cızmağa çoxmu can atırıq?

Hanı Nəsimiyə həsr edilmiş, “Füzuli kantatası” səviyyəsində bəstəmiz və ifamız?

Hanı Nəsimi qəzəllərinə yazılmış romanslar, opera, balet, xor kapellası ifaları?

Hanı “Nəsimi” filmi səviyyəsində ekran işimiz?

Kim bilir, bəlkə də indi başıhavalı şou-biznes nümayəndələrimiz “Nəsimi -2” adlı komediya çəkirlər, bizim xəbərimiz yoxdur.

Mən artıq heç nəyə təəccüblənə bilmirəm ki...

Heç nə eləmirik, deyinməkdən başqa heç nə!

Heç olmasa, günü, saatı, dəqiqəni sözləşib ümumxalq flaşbomu edək, eyvanlarımıza çıxıb eyni anda “Ənəlhəqq” bağıraq.

Yoxsa o kəlməni də şou-biznes oxumalıdır, ilin yarısını da onu tənqidlə keçirməliyik?

O qədim ruhlar yazıqdırlar axı, təlxək imicində təcəlli etməsinlər barı.

Sevgimiz var, inanıram.

Sayğımız da olsun!

Nəsimi xətrinə...

# 2559 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #