Dünya sevgidən yorulub

Dünya sevgidən yorulub
5 sentyabr 2016
# 11:58

Şairlərdən biri yazır ki, min ildir, hamı eyni cür sevir, eyni cür ölür. Doğrudan da, insan yorulub eyniliklərdən. Eyni cür sevmək istəmir. Yeni hissiyyatlar, yeni təəssüratlar istəyir. İçində bilir ki, bu, pisdir. Amma heç nə edə bilmir. Yorulub çünki. Eyni cür olmaqdan təngə gəlib.

İndi anlayıram, niyə Avropada mavilər evlənir, lesbiyanlar ailə qurur. Dünya yorulub çünki. Elə dolub, yükünü boşaltmağa yer axtarır. Bəzən mənəviyyatın üstünə tökür zir-zibillərini - özü də fərqində olmadan. Min ildir dəstəklədiyini artıq dəstəkləmir. Min ildir, təriflədiyini hətta təhqir edir. Özünü də inandırmaq üçün bəlkə də belə edir. Emosiyalarının ən sərt şəklini sərgiləyir. Özünü haqlı çıxarmağa çalışır, axı nə qədər olar!

Nazim Hikmət “Yoruldum, beni bekleme kaptan” demişdi. O da eyni sevgilərdən bezmişdi. Söhbət konkret insanlardan yox, insanın təhtəlşüurunda oyaq qalan, öz gəlişini gözləyən nəsnələrdən gedir. İnsan da onun yolunu gözləyir. Bəzən heç bilmir ki, nəyi və kimi gözləyir.

Vaqif Səmədoğlu deyir ki,

Bu yorğunluq nəyə bənddir?

Ömrə-günə niyə bənddir?

Bir yalquzaq laylasıyla

Qar altında yatan kənddir,

Bu yorğunluq nəyə bənddir?

Bu günlərdə yeni Hollivud filmlərində romantik eşq axtarmağa cəhd etdim. Amma cəhdim cəhd olaraq qaldı. Saf və təmiz sevgidən filmlər çəkilmir. Ya da romantik eşqə elə əllaməçilik qatırlar, insan eşq sözündən utanır.

Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun yalnız adı var.

Məcnunun ancaq adı var indi. Aşiqlik istedadı isə göylərə çəkilib. Axtarmayın, o, yoxdur artıq. Kim bilir, bəlkə heç əvvəldən olmayıb.

Romeo və Culyettanı xatırlayırsız? Ancaq xatırlayırıq. İndi dəbdə deyil. İnsan yorulub artıq. Hətta çılğın italyanlar, meksikalılar da belə sevməkdən, sevgililərinin pəncərəsi qarşısında serenada oxumaqdan, uzun-uzadı sevgi məktubları yazmaqdan beziblər artıq.

“Sizə məktub yazmağı çox istəyirəm” - bir dostum söyləmişdi -“Üstündə marka olan məktub göndərəcəyəm bir gün sizə. Köhnə vaxtlarda olduğu kimi.”

İndi düşünürəm ki, bu vaxt ərzində üstündə marka olan, zərfə qoyulan o məktubu gözləmişəm bəlkə də. Yazılmayan, dilin ucunda qalan bir söz kimi onun yolunu gözləmişəm.

O məktubları gözləməyin - üstündə marka olan məktubları... İndi hərflərin sayı bəlli sayda olan, hissləri sınırlayan mesajlar dəbdədir. Hətta bu yazını yazana qədər onlar da dəbdən düşüb yerinə kim bilir, nələr gələcək. Dəb elə sürətlə dəyişir ki.

Romantik filmləri axtarmayın. Tapsanız da inanmayın. İnansanız da heç kimə söyləməyin. Azlıqda qalarsınız. Gülüş hədəfi olarsanız, nə bilim. Mən də belə edirəm. Eləcə baxıb susuram. Bəzən sükut ən yaxşı həmsöhbətdir.

Bir neçə il əvvəl Avropa ölkələrinin birində keçirilən Avrovizionda iki eyni cinsli adamı aparıcı kimi görəndə anlamışdım; dünya yorulub. Bir qadın, bir kişinin səhnəyə çıxışı, eyni cür zarafat edib, eyni cür gülümsəməyindən təngə gəlib. Və iki kişiyə aparıcı kimi meydan verib.

Saqqallı qadının qələbəsini görən və gülən adamların nə qədər yorğun olduğunu təsəvvür edirsiz? Bığlı-saqqallı qadın xeyli müddət insanları məşğul etdi, güldürdü, hədəf obyekti oldu, insanları durğunluqdan çıxardı. Çünki dünya yorulmuşdu.

Bəzən gənc şairlər qəzəl yazmağa cəhd edir. İnsanlar dərhal qınağa keçir. “Kim oxuyacaq? Kimə lazımdır indiki dövrdə qəzəl? Ya Leyli-Məcnun məhəbbəti? “

Şeir-qəzəldən də yorulub insanlar. Bu yaxınlarda baxdığım bir Çin filmində insanlara şeir yazmağı öyrədən ədəbiyyatçı deyir ki, bir müddətdən sonra artıq şeir oxumayacaqlar. O da dəbdən düşəcək. Və ya çoxdan dəbdən düşüb, son günlərini yaşayır...

Amma heç nəyə baxmayaraq tələbələrinə şeirin özəlliklərini öyrədir və hər birindən bir şeir yazmağı xahiş edirdi. Yəqin ki, rejissorun nəzərində həmin ədəbiyyatçı yorğun dünyamızın son fədailərindən idi...

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #