Bir çimdik duz misalı

Bir çimdik duz misalı
6 iyul 2015
# 15:43

Kulis tənqidçi Cavanşir Yusiflinin professor Qorxmaz Quliyevin ad gününə həsr etdiyi “Bir çimdik duz misalı” məqaləsini təqdim edir

Hər bir kəsin bioqrafiyasında hökmən bir əsaslı hadisə baş verir, görənlər görür, görməyənlər qulaqardına vurur. Qorxmaz müəllim mənim həyatımda məhz belə bir hadisədir. O, mənim müəllimim olub, təkcə ədəbiyyat müəllimimi?, - xeyr, həm də həyat müəllimi! Onun haqqında ancaq görkəmli alim, yüksək təfəkkürlü filoloq kimi bəhs etsən, çox şey yaddan çıxacaq. Onun haqqında xeyirxah insan kimi danışsan, yenə nəsə çatışmayacaq, bir çimdik duz kimi!

Bizim ömrümüzdə hər an, hər saniyə hiss etdiyimiz şey – bir çimdik duz kimi nəyinsə çatışmaması son mənzilə qədər sürür, bu şeyə biz açıq gözlə baxırıq, günü günə satırıq, bu gün-sabah, fürsət düşəcək deyə, onu arxa plana keçiririk. Böyük insanlar üçün elə şeylər var ki, sən anında eləməlisən. Bu öhdəliyi-yükü sən bir çiynindən digərinə keçirə-keçirə aldadırsan özünü. O, mənə dərs deyəndə haçansa bu sözləri yazacağım ağlımın ucundan belə keçməzdi.

Qorxmaz müəllim hər şeydən öncə özü-özünə bəs eləyən adamdı. Əsl alim yazdıqlarına həyətində yetişdirdiyi üzüm tənəyi kimi baxır, küləkdən, yağışdan, təbiətin min bir oyunundan qoruyur; daha sonra qonşudakı ac uşaqların tamahından, bəd gözlərdən və sair. Məsiağa (Məsiağa Məhəmmədi – red.) müəllimin “Cahan” jurnalında çalışarkən onunla iki-üç dəfə görüşməli oldum. Azərbaycan Pedaqoji Dillər Universitetində. İki gözəl yazısı çap edildi. Dördcə nömrədə iki gözəl yazı! İşimiz-gücümüz başqalarının sel misalı yazılarından xilas olmaqdısa, Qorxmaz müəllimə az qala yalvarırdım! Hər bir yazıdan sonra mənə bir qiymətli kitab hədiyyə etmişdi. 1) Filip Sollersin “Saylar” romanı, 2) Mişel Bütorun “Roman haqqında esselər”i. Sonralar “Roman haqqında esseləri” tərcümə elədim. Səhv eləmirəmsə, Jan-Pol Sartrın “Ədəbiyyat nədir?” əsərini də o mənə hədiyyə etmişdi. Ancaq bu hadisə mənimçün ağrılıdır. Onun iki əsərini çap eləməkçün naşir axtarıb-tapmalı idim. Çoxdan tanıdığım biri vardı. Qorxmaz müəllimin görüşünə getdik. Kitabların haqqını verdi. Redaktor da mən idim. O adam bir daha geri qayıtmadı. Fərqli cəhəti vardı, bir qolu biləkdən kəsilmişdi, uşaqlıqda qatar yolunda olmuşdu. O zamanlar institutda dünya ədəbiyyatından dərs deyirdim. Getmədim, utandım. Çox pis olmuşdum. Özü axtarıb tapdı məni.

Qorxmaz müəllim yüksək əxlaq sahibidi. Buna görə də onun işi mahiyyətlədi, hər bir mətnin içini “oyan” məna savaşıyladı. O onuncu dərəcəli detalları asanca qulaq ardına vura bilir. Qorxmaz müəllimin təhkiyəsində heybətli şişirtmələr, həyəcanlanmalar yoxdu, çoxlarının anlamadığı mətnləri bu adamlara çox sadə şəkildə başa salır və onların da boynuna qoyur ki, siz əslində bunu məndən daha yaxşı bilirsiniz. Onun doktorluq dissertasiyası böyük bir problemə həsr edilmişdi: Azərbaycan ədəbiyyatında fərdi üslubun təkamülü və təşəkkülü. Bu əsərdə o qədər öyrənməli mətləblər var ki... Ancaq bizdə çoxunun öyrətmək inadı bu sadə və iddiasız nəsnələri oxumağa mane olur. Vaxtilə Xəlil Rzanın bir kitabı çıxmışdı. Qardaşım oxuyurdu, yaddaşıma ən yaxşı misralar hopurdu. Məsələn, sən mənə bir ovuc gül toxumu ver, səpim bu dünyanın hər tərəfinə... Şair bu mətləbi necə həll eləyirdi, indi yadımdan çıxıb, ancaq misranı yaradan nəfəsin gözəlliyi danılmazdır.

Qorxmaz müəllimin yazılarında “gözəllik yaratmaq” inadı və missiyası əslində tələbələrinin normal yetişməsinə yönəlik bir şeydi. Herman Hessenin “Yalquzaq” romanının tərcüməsinin ilkin çapında Qorxmaz müəllimin ön sözü vardı. Vilayət müəllim, Vilayət Hacıyev gözəl tərcüməçidir, almandilli ədəbiyyatın nadir bilicisidir. Ancaq etiraf eləyək ki, bu kitaba yazılan ön söz həmin əsərin dərin qatlarının açılmasında misilsiz hadisəydi. Bu yazıya bir də baxın (vaxtında onu gücüm çatan neçə adama oxutdurmuşam - !) və ədəbiyyat haqqında bu tipli yazıların bizim təfəkkürümüzün formalaşmasında nə qədər önəmli rol oynadığına şahid olun. Xaricdə, Avropa ölkələrində bu tipli alimlərin mühazirələrini yazırlar, çünki mühazirə əsnasında, yəni şifahi nitqində alimin nə qədər böyük ideyalar irəli sürdüyü sonralar aşkara çıxır.

Bir çimdik duz...

İndi, bizim mühitin filoloji pilləsində işlər yaman qarışıb. Hamı bir-birini hədələyir. Ağız deyəni qulaq eşitmir. Ancaq bir vaxt ayırın, Qorxmaz müəllimin, digər klassik alimlərin yazılarını oxuyun, görün hər hansı pyesi, hekayəni, romanı... necə təhlil edərlər. Yoxsa, ordan-burdan iki söz eşidən kimi cumursuz irəli, səsinizi də mikrofona qoşursuz, ayıb...

Mərifət...

Əslində bu bir dildir. Əməllərin danışdığı dil. Məsələn....

Təsadüflərin birində ondan soruşmuşdular ki, fransız ədəbiyyatı haqqında nə düşünür. “İspanların bircə “Don Kixotu” bütün fransız ədəbiyyatına dəyər”, - demişdi. Sual sualdı, ona dəqiq cavab vermək lazımdı, həm də baxır kim soruşur. Mərifət odur ki, özün haqqında gərək heç kimə belə şit sual verməyəsən.

Qorxmaz müəllim, sizi sevirik!

# 2005 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #