Tanınmış dirijor: "Bu gün əsl xalq artistləri toylarda oxuyanlardır..." - MÜSAHİBƏ

Tanınmış dirijor:  "Bu gün əsl xalq artistləri toylarda oxuyanlardır..."  - MÜSAHİBƏ
24 noyabr 2025
# 13:11

Kulis.az Qara Qarayev adına Dövlət Kamera Orkestrinin keçmiş bədii rəhbəri, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti, dirijor Teymur Göyçayevin APA-ya müsahibəsini təqdim edir.

Tələsik addımlarla Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin pilləkənlərini qalxıb içəri daxil oluruq. Girişdə dayanan mühafizəçiyə Teymur Göyçayevin yanına getdiyimizi deyirəm və dərindən nəfəs alıram. Bildirirlər ki, Teymur müəllim məşqdədir. Gəlişimiz barədə xəbər verən kimi koridorun o biri başından maestronun “Gəlsinlər” sözü eşidilir. İmtahana girən uşaqlar kimi həyəcanlanıram…

- Teymur müəllim, məşq prosesini izləyəndə sizin musiqiyə necə ürək qoyduğunuz üzünüzdən açıq-aydın görünürdü. Bəs şagirdləriniz necə, dərslərinizə ürək qoyurlar?

- Hamısı müəllimdən asılıdır, istedadsız uşaq yoxdur — sadəcə istedadın hansı sahədə olduğu fərqlidir. Bizə elə uşaqlar gəlir ki, valideyn deyir övladım filan alətdə ifa edir, amma biz görürük ki, onun istedadı musiqi sahəsində deyil. Bu məktəbə qəbul olunan bütün uşaqları bir-bir mən yoxlayıram. Bəzən yanıldığım da olur, qəbul zamanı çox aktiv görünür, sonra isə tənbəlləşməyə başlayır. Uğurun açarı 1 faiz istedad, 99 faiz isə zəhmətdədir. Valideyn də gərək uşağı səhər saat 6-da oyatsın, axşama qədər uşaq məşq etsin.

Uşaq nə anasını, nə də atasını görür

- Belə çıxır ki, akademik musiqi sahəsinə yönəlmiş uşaqların inkişafında valideynlərinin rolu böyükdür?

- Əlbəttə. Sovet vaxtı elə müəllimlər var idi ki, valideynə deyirdi: “Biriniz işdən çıxın, yalnız uşaqla məşğul olun”. Əgər mənim anam və müəllimim olmasaydı, mən heç kim olardım.

- İndiki valideynlərə “Çıx işdən, uşaqla məşğul ol” demək olur?

- İndiki valideynlər özlərini qurban vermirlər. Bizim vaxtımızda valideyn uşağın təhsili üçün özünü qurban verirdi. Bu gün isə valideyn uşaqdan çox özünü düşünür, sonra da deyirlər ki, uşaq niyə mənimlə soyuqdur. Çünki uşaqla danışmırlar, ünsiyyət qurmurlar. Dərsə sürücü aparır, evdə dayə baxır, uşaq nə anasını, nə də atasını görür.

Bütün sahələrdə mədəniyyətin səviyyəsi aşağı düşüb

- Siz məşq keçəndə fikir verdim uşaqlarla rus dilində danışırsınız. Bunun səbəbi nədir?

- Bilirsiniz, xaricdən dirijor gələndə onlar əsasən rus və ingilis dillərində danışırlar. Ona görə də mən dərsdə uşaqlarla bəzən rus dilində danışıram. Uşaqların bir qismi rus dilini bilmir, amma mən əsas ifadələri onlara izah edirəm ki, xarici dirijorla işləyəndə onun nə istədiyini başa düşsünlər.

- Dirijorlar hamısı göstərişləri eyni cür əl hərəkəti ilə ifadə edirlər?

- Ümumi hərəkətlər var, lakin hər dirijor bunu özünəməxsus şəkildə göstərir. Mən Niyazinin orkestrində ifa etməmişəm, amma danışırlar ki, o vaxtlar Niyazi səhnəyə çıxanda artıq orkestri təkcə baxışı ilə idarə edirdi. İndi isə hərdən baxıram, ifaçı səhnədə uzanır. Axı sən səhnədəsən, hörmətsizlik etmək olmaz. Hazırda bütün sahələrdə mədəniyyətin səviyyəsi aşağı düşüb, eləcə də səhnə mədəniyyəti sahəsində. Mən çalışıram ki, buradakı uşaqları indidən səhnəyə düzgün şəkildə hazırlayım. Mən bura gələndə bura sanki Sədərək bazarını xatırladırdı, amma yavaş-yavaş hər şeyi qaydaya salmağa başladım.

- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə bu qədər həssas yanaşmağınızın səbəbi özünüzün də buranın məzunu olmağınız ola bilər?

- Əlbəttə, 6 yaşımdan burada oxumuşam və vaxtilə onların yerində olmuşam. Uşaqlar bir yerdə ifa etməyi sevirlər, tək ifa etmək onlar üçün sıxıcı olur. Mən burada artıq 5-ci, 6-cı sinifdən etibarən uşaqları orkestrə cəlb edirəm. Onlar 11-ci sinfi bitirib gedəndən sonra isə yeni uşaqlar toplamağa başlayıram. Bu vaxta qədər əlimdən təxminən 10–15 orkestr keçib.

Mənim uşaqlarım maşında bir yerə gedərkən kimsə ara musiqisi qoyursa, narahat olurlar

- Ən uğurlu hesab etdiyiniz uşaq orkestriniz hansı olub?

- 2006-cı ildə Mehriban xanımın təşəbbüsü ilə yaradılan Uşaq Dövlət Simfonik Orkestri ən uğurlu uşaq orkestri olub. Həmin vaxt Mstislav Rostropoviç Bakıda olanda demişdi ki, əgər böyük orkestrlərinizin yüksək səviyyədə olmasını istəyirsinizsə, gənclərdən ibarət orkestr yaradın ki, onlar orada yetişsinlər.

- İnsanlara klassik musiqiyə qulaq asmağı öyrətmək lazımdır demisiniz. İndiki zamanda bu nə dərəcədə mümkündür?

- Çətindir, amma mümkündür. Mənim uşaqlarım maşında bir yerə gedərkən kimsə ara musiqisi qoyursa, narahat olurlar. Demirəm ki, onlar bütün günü Motsart dinləyirlər, sadəcə yaxşı musiqiyə qulaq asırlar.

Elə oxuyanlar var ki, adam nə oxuduğunu başa düşmür

- Yaxşı musiqi nədir?

- Zövqlə yazılan, harmoniyası olan, sözləri yerində. Elə ifaçılar var ki, adam nə oxuduğunu başa düşmür. Mən onların oxuduqlarını “bir günlük mahnılar” adlandırıram. Yaxşı musiqi isə heç vaxt ölmür. Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası himnə bərabər musiqidir. Bundan əlavə “Sənsiz”, “Sevgili canan” kimi romanslar heç vaxt ölməyən əsərlərdir.

- Bu gün “Koroğlu” uvertürası səviyyəsində əsər bəstələyə biləcək bəstəkarlar var?

- Onu 100 ildən sonra biləcəyik. Hazırda tələbat bayaq dediyim bir günlük musiqilərədir. Bu gün əsl xalq artistləri toylarda oxuyanlardır. Çünki onlar zalı doldura bilirlər, amma mən doldura bilmirəm.

Bizim musiqi elitar musiqidir

- Bunun səbəbi nədir?

- Çünki bizim musiqi elitar musiqidir. Bu isə o demək deyil ki, yalnız akademiklər bu musiqini dinləməlidir. Biz rayonlarda konsertlər verəndə görürdüm ki, insanlar bizim ifa etdiyimiz əsərləri necə maraqla dinləyirlər. Rayonlarda bizə deyirdilər ki, belə musiqilər üçün darıxmışıq.

- Demək təqdim edən yoxdur.

- Bəli. Baxın, Niyazi sovet vaxtı kolxozlarda nə qədər konsert verirdi. İndi də insanlara təqdim etmək lazımdır, yoxsa onlar belə musiqilərin olduğunu hardan bilsinlər?

Ailəni saxlamaq üçün bəzən ora-bura əl atmalı olursan

- Sizin pop ifaçılarla birgə konsertləriniz də olub.

- Bilirsiniz, mən niyə onlarla çıxış etdim? Çünki onlar Cahangir Cahangirov və Tofiq Quliyevdən ifa edirdilər. Biz xaricdə konsert verəndə həmin bəstəkarların musiqilərini ifa edirdik və oradakı qonaqlar hamısı yaxşı mənada təəccüblənirdilər.

- Yaxşı sənətkar həmişə az olub?

- Bilirsiniz, əvvəllər burada başqa millətlərin nümayəndələri var idi, ona görə yaxşı sənətkarlar daha çox gözə dəyirdi.

- Bu sahədə maliyyənin azlığı gənclərin yönəlməsinin qarşısını alır?

- İndi mən maddiyyat barədə rahat danışa bilmirəm, çünki mənə ad veriblər, təqaüd veriblər. Amma bunlar olmayanda özümü ora-bura vurub pul qazanırdım. Elə vaxtlar olub ki, restoranda ifa etmişəm. Ailəni saxlamaq üçün bəzən ora-bura əl atmalı olursan.

Bu musiqi məktəbinə Bülbülün yox, Kövkəb Səfərəliyevanın adı verilməli idi

- Restoranda ifa edərkən dirijor kimi də fəaliyyət göstərirdiniz?

- Bəli, kamera orkestrində işləyirdim. 1995-ci ildən 2000-ci ilə qədər həm restoranda, həm də kamera orkestrində çalışmışam. Sonra mənə dedilər ki, restoranda ifa etməyin bir az yaxşı alınmır. Mən isə cavab verdim ki, maaşım çatmır, necə edim? Bundan sonra mənə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əlavə işlər verildi.

- Bu gün qazancınız sizi qane edir?

- Mən maşın sürmürəm, mənə olmaz, çünki tez əsəbiləşib özümdən çıxıram. Bir evim, bir də kiçik bağım var, mənə bəsdir; bundan çox adama nə lazımdır? Ən böyük həzz isə səhnədə aldığım həzzdir. Mən siqaret də çəkmişəm, içki də içmişəm, amma heç vaxt səhnədə aldığım həzzi onlardan almamışam.

-Bu məktəbə niyə Bülbülün adı verilib?


- 1961-ci ildə Bülbül vəfat edəndən sonra bu məktəb yaradılıb və ona görə də Bülbül adına musiqi məktəbi adlandırılıb. Məktəbin ilk direktoru Üzeyir Hacıbəylinin tələbəsi Kövkəb Səfərəliyeva olub. Ona görə də bura onun adını vermək lazım idi.

Mən də o adamlardan deyiləm ki, gedib şikayət edim

– Kamera orkestrini də Qara Qarayev yaratmayıb.

- Bəli, həmin orkestrin banisi Fikrət Əmirov və Nazim Rzayevdir.

- Kamera orkestrinin heyətində daha çox yaşlı ifaçılar üstünlük təşkil edir. Gənclərə yer vermək mümkün deyil?

- Mütləq yer verilməlidir, çünki kollektiv davamlı olmalıdır. Ona görə dəyişikliklər aparılmalı və gənclərə də yer ayrılmalıdır.

- Kamera orkestrindən niyə ayrıldınız?

- Çox təəssüf ki, 2018-ci ildə məni orkestrdən uzaqlaşdırdılar. Səbəbini hələ də bilmirəm. Mən də o adamlardan deyiləm ki, gedib şikayət edim. Düşündüm, bəlkə belə daha düzgündür.

20 il əvvəl daha enerjili idim, ifam fərqli idi

- Kamera orkestrinin konsertlərinə gedirsiniz?

- Yox, getmirəm, ürəyim sınıb.

- Maraqlıdır ki, siz skripka ifaçısı olsanız da bütün mükafatları dirijor kimi almısınız.

- Bəli, çox maraqlıdır. 20 il skripkada ifa etmişəm, amma mükafatları dirijor kimi almışam. Mən özümü dirijor hesab etmirəm, peşəkar skripka ifaçısıyam, dirijorluq isə mənim üçün bir fəaliyyət sahəsidir. Dirijor kimi rəsmi təhsilim yoxdur, Niyazinin də yox idi, bu, Allah vergisidir.

- Orkestrlə çıxış etmək üçün darıxırsınız?

- Ölürəm orkestr üçün. Məktəbdə uşaqlarla ildə iki dəfə çıxış edirəm, amma bu azdır. Fəxri adımı alanda dedim ki, 20 il əvvəl daha enerjili idim, ifam fərqli idi. Düzdür, indi tələbəyə bir şeyi daha tez və rahat izah edə bilirəm, çünki təcrübəm mənə bu imkanı verir.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

# 164 dəfə oxunub

Oxşar xəbərlər

Nəriman Həsənzadənin son vəziyyəti

Nəriman Həsənzadənin son vəziyyəti

14:26 24 noyabr 2025
“Biblioqrafiyaşünas-alim Sima İsmayılova”  adlı kitab sərgisi təqdim olundu

“Biblioqrafiyaşünas-alim Sima İsmayılova” adlı kitab sərgisi təqdim olundu

14:04 24 noyabr 2025
"Bollivud"un əfsanəvi aktyoru dünyasını dəyişib

"Bollivud"un əfsanəvi aktyoru dünyasını dəyişib

13:40 24 noyabr 2025
Mənim kim olduğumu görəcək cəsarətin yoxdu... - Günün mahnısı

Mənim kim olduğumu görəcək cəsarətin yoxdu... - Günün mahnısı

13:35 24 noyabr 2025
Lars von Trierin filmlərinin məşhur ulduzu vəfat etdi

Lars von Trierin filmlərinin məşhur ulduzu vəfat etdi

13:12 24 noyabr 2025
30 il tamada işləyən Xalq artisti - Əjdər Həmidov niyə iki dəfə intihara cəhd etmişdi?

30 il tamada işləyən Xalq artisti - Əjdər Həmidov niyə iki dəfə intihara cəhd etmişdi?

13:00 24 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər