Dər nəfəsini, sevindir məni... – Xuramandan yeni sevgi şeirləri

Dər nəfəsini, sevindir məni... – Xuramandan yeni sevgi şeirləri
27 avqust 2019
# 12:23

Kulis.az Xuraman Hüseynzadənin yeni şeirlərini təqdim edir.

Heliosa bənzəmək

Günəş gülümsəyir yer üzünə
Xoşbəxt günəş...
Dünya vecinə deyil onun
Yalnız buludlar üzünü örtəndə kədərlənir
Sonra... Yenə qalib olur günəş.
Qalib günəş! Əzəmətli günəş!
Öyrət bizə gülümsəməyi

çiçək kimi
solmamağı öyrət!

Axşamı gətirib ömrümüzə
batsan da
yenə gülümsəməyi
yenidən ömrümüzə gəlməyi öyrət!
Xoşbəxtliyi öyrət bizə!
Çiçək ömrü yaşamaq öz əlimizdə deyil,
Sən yenə də
tez solmamağı öyrət.

Biz sən ola bilmərik,
gözəl günəş,
sən
qaranlığa qalib gəlməyi
və günəş tanrısı
Heliosa bənzəməyi öyrət bizə!..

İyul küləyi

İsti iyul ayında
günəşlə savaşa çıxdı külək...
Eh, ay külək
Bu yaydan bir sən
xatirə qalacaqsan mənə
bir də ayrılıq
və xatirələr...

Səni indi xəzri kimi yox,
gilavar kimi görməyə ehtiyacım var
Öyrət mənə gilavar təmkinini
sakitləşməyi öyrət
Yol ver iyul günəşinə...
Səbirli ol, dər nəfəsini,
Sevindir gilavarı
sevindir məni...

Vivaldinin "Yay"ı

Onun "Payız"ında saralan yarpaqların
həsrəti, nisgili, intizarı,
"Qış"ında yağan qarın həzinliyi, sakitliyi,
"Yaz"ında yaşıl don geyən təbiətin
gözəlliyi,
əlvan çiçəklərin ətri var.

"Yay"ı isə bir başqadır Vivaldinin...
Çılğındır
ecazkardır...
Sanki bu il
yurdumuza gələn yaya həsr edib Vivaldi öz "Yay"ını...

Dünyanın hər yerinə fəsillər eyni cür gəlmir ki
amma bu yay bizə
bəstəkar Antonio Vivaldinin "Yay"ı kimi gəldi...
Əsib-coşan xəzrisi, yağışları, şıltaqlığı ilə
qaldı yaddaşımızda.

Eh, gözəl bəstəkar,
bizdə bu yay sənin "Yay"ına çox bənzədi...
sanki skripkalar göylərə eşitdirdi o gözəl bəstəni,
dedilər, bir az şıltaq olun,
günəşin altında yanıb, keçməyin,
zövq alın istidən də, küləkdən də...
Belə dedi Vivaldi

bu yay ruhu dincəldi təbiətin...

Həyat kimi...

Ölüm - hər şeyə bir anda son verməkdir
yazılacaq gözəl bir şeirə nöqtə qoymaqdır...
Bəlkə də o şeir
onu yazacaq şairi dünya durduqca yaşadacaq
Kim bilir?
Mən səndən həyatı sevməyi öyrəndim
Yazacağım yeni şeirə tez nöqtə qoymağı yox.
Daha gözəl yazmaq üçün
çox düşünməyi öyrəndim.
Sən elə həyatın özüsən
indi daha yaxşı başa düşürəm
sənin həyat olduğunu
məni yaşatmaq

həyatdan zövq almağım üçün
çalışdığını

mənim həyatım olduğunu
mən həyatdan -
səndən heç bezmədim ki
bilirsənmi?..

Qartal tənhalığı

Bir qartal uçurdu sakit bir yerdə
Uçurdu göy üzündə
Tənhalığa söykəyib qanadlarını
Uçurdu heç nəyə fikir vermədən
Tənhalıq idi sirdaşı
yol yoldaşı...

Uçurdu qartal
Sanki yerdən qaçıb
göy üzündəki ən gözəl dünyaya köçürdü qartal...
Adamlara yorulmamağı,
həyatdan bezməməyi öyrədən qartalın
Tənhalıq idi yol yoldaşı, sirdaşı

Həyat ona
göy üzündən zövq almağı öyrətmişdi, sanki
Həyat gözəldir...
Qartal tənhalığı da elə həyat qədər
gözəldir bəlkə də...

Getmə

Uzaqda yaxın olursan
yaxında uzaq.
Sən mənim ümidimsən.
Uzaqda da ol
yaxında da
təki məni tərk etmə
tərk etmə gözlərimi
tərk etmə əllərimi
ürəyimi...
O ürək səninlə yaşayır
o gözlər səninlə görür
yalnız səni görür...
Getmə
Belə getmə...

Hər havada səni görmək istəyirəm
Yayda günəşim olursan
Mən səndən
gizlənmək yox,
İstindən yanıb qaralmaq istəyərəm günəşim olsan
payızda yağış ol
yenidən sevim səni
payızı sevdiyimdən də çox...
Qışda soyuq qar ol
üşüyüm
sığınım sənə...
Bahar ol
yeni hava gətir ürəyimə
yeni nəfəs bəxş et mənə.
Sev məni
mən də
öləndən sonra da sevim səni
torpağın altında da
səni sevən ürəyimə gözəllik gətirsin
Tanrım...

o torpaqda
gül-çiçək bitirsin...

Nə yaxşı ki...

Nə yaxşı ki tanıdım
və sevdim səni
Səni sevməkdən gözəl nə varmış ki həyatda?
Göy üzündə aydınlığı
gördüm səninlə
Aylı, ulduzlu gecələrdə işığı
Bir də günəşli səmadakı gözəlliyi

İstiliyi...
O gözəlliklərdən ayırma məni...
Ayrılığı yaşatma mənə
Mən bu cənnətdə cəhənnəmi görmək istəmirəm
ayrılıq cəhənnəmini...
İstəmirəm aydın səmam zülmət olsun
İstəmirəm günəşim sönsün...

Son şeir...

Dünyanın bəsirət gözünün açılmasıdır səhər
hava işıqlandımı ağı qara görmək olmur
sən mənim ömrümə o gözlər görməyən vaxt
qaranlıqda gəldin...

Aydınlatdın dünyamı
İşığa çıxardın məni
İndi o işıqda görürəm
və o işıq kimi sevirəm səni...

Ayrılmayaq,
Ayrılıqla ağrıtmayaq qəlbimizi
Ayrılmayaq

bu sənə yazdığım son şeir olmasın...

Yenə fikirliyəm, qəmginəm,
Başım yenə göy üzünün buludlu vaxtına bənzəyir
Amma kaş
buluda həsrət qalan göy üzünə bənzəyəydi
tərtəmiz
masmavi olaydı...
O zaman bu qədər dərdi yükləməzdi özünə
və mənə...

# 4844 dəfə oxunub

Müəllifin son yazıları

# # #