Kulis.az Vüsal Bağırlının "Yoxa çıxmış uşaqlar…" adlı yazısını təqdim edir.
Uşaq yoxa çıxıb. Yaxınları tərəfindən axtarışa verilir. Hamı, valideynləri, qohumları, hüquq-mühafizə orqanları, axtarış-xilasetmə qüvvələri hər yeri ələk-vələk edir. Amma nəticə yoxdur.
Ağıla min cür pis-mis, qara-qura fikirlər gəlir. İtkin düşübmü, azıbmı, oğurlanıbmı, orqan mafiyasımı yoxsa başqa mübhəm səbəbmi?
Bəs belə hal baş veribsə, uşaq itibsə, yoxa çıxıbsa nə etməli!?
Uşaqlara şəhərdə öyrədilməsi vacib olan təhlükəsizlik qaydaları hansılardır?
Amerikalı rejissor Ron Hovardın, baş rollarını Mel Gibsonla, Rene Russonun ifa etdiyi “Girov” (Ransom) filminə baxmısınız?
Süjet gərgin xətt üzrə və dramatik çalarlarla inkişaf edir. Ailənin kiçik yaşlı övladı girov götürülür və bunun əvəzində onlardan iki milyon dollar pul istənilir. Hamı, ailə, yaxınlar, polis, xəfiyyələr dərin şok, tərəddüd içindəykən, pulu verəcəyi təqdirdə övladının öldürüləcəyini dərk edən ata heç kəsin gözləmədiyi qərar qəbul edir və zavallı uşağın həyatı xilas olunur.
Belə ki, ata anlayır ki, məbləğ ödəniləcəyi halda, cinayətkarlar uşağı qətlə yetirəcəklər. O televiziya studiyasına gəlir və canlı efirdə qatilin tutulması üçün böyük miqdarda pul mükafatı təyin edir. Beləcə, cinayətkarlar təlaşa düşür, səhvə yol verir və həbs edilirlər. Məlum olur ki, uşaq oğurlayan dəstənin başçısı, onun tapılması üçün cəlb olunmuş polislərdən biriymiş.
Lakin belə ağır vəziyyətlər həmişə “happy end” sonluqla bitmir.
Ümumiyyətlə, ekspertlər uşaq oğurluğunu iki növə bölürlər:
“Xoşniyyətli” və “Bədniyyətli”.
Əgər uşağı, əvəzində nə isə qopartmaq, pul tələb etmək, yaxud övladlığa götürmək məqsədi ilə oğurlayırlarsa, bu “xoşniyyətli”lik sayılır. Yəni burada son məqsəd uşağa zor tətbiq etmək, onu öldürmək deyil, yalnız gəlir əldə etməkdir.
Yox, əgər uşağa işgəncə vermək, daxili orqanlarından istifadə etmək, qətlə yetirmək üçün oğurlayırlarsa, bu “bədniyyətli”likdir.
Dünya üzrə uşaq oğurluğu statistikası, həqiqətən, dəhşət saçır. Oğurlananların mütləq əksəriyyəti (78 faiz) tələf olur, öldürülür, qətlə yetirilir, itkin düşür, tapılmır.
Valideynlərin əksəriyyəti öz övladlarına müraciətdə bir kəlməni hind mantrası təkrar etməyi xoşlayırlar:
– Bax tanımadığın adamlarla heç yerə getmə ha, eşitdin?
Amma hər şeyə inanan və sadəlövh uşaq psixologiyasına təsir etmək elə də çətin deyil.
– Qəşəng qız, nə olar gəl, orada bir xala yıxılıb, ona kömək edək?!
– Yaxşı bala, stulları yuxarı mərtəbəyə daşısan sənə hədiyyə verəcəm.
Bu tip xahişlərə, çağırışlara, müraciətlərə uşaq yalnız bir sözlə cavab verməlidir:
“YOX!”
Uşaqlara anlatmaq lazımdır ki, yetkin yaşlı insan öz problemlərini başqa yetkin insanın köməyi ilə çözür, daha uşaqla yox. Buna görə də, uşaqlara “yox” sözünün əzbərlədilməsi vacibdən də vacibdir.
Qapının zəngi çalınır. Uşaq dəhlizə gəlib soruşur:
– Kimdir?
O tərəfdən cavab gəlir:
– Qəşəng bala, aç qapını.
Bir-iki replikadan, xahiş, minnət dialoqlarından sonra qapının o biri tərəfində duran şəxs səsinin tonunu qaldırır:
– Biz indi səninlə axşama qədər qapının arxasından söhbət etməli olacağıq!?
Burada inamsız, kövrək uşaq psixologiyası dözmür və qapını açır.
Bəzən uşaqlar utancaq, çəkingən olur, yetkin, böyük yaşlı insanın avtoriteti, səs tonu ona nüfuzedici və həlledici təsir göstərir.
Uşaqların belə vəziyyətlərdə müəyyən cavablandırıcı söz ehtiyatına malik olması vacibdir. Məsələn, “Bağışlayın, tələsirəm”, yaxud “Anam tanımadığım şəxslə söhbət etməyimə qəti icazə vermir”.
Valideynlər övladlara, bir yerə, məktəbə, yaxud məşğələyə gedərkən, ictimai gediş-gəlişin intensiv olduğu, işıqlı küçələrlə hərəkət etməyi tapşırmalıdırlar. Valideynlər övladlarına yoldakı minimum təhlükələri izah etməli, uşaqlarla tez-tez əlaqə yaratmalı, hansı zamanda harada ola biləcəklərini təxmin etməlidirlər.
Uşağa izah etmək lazımdır ki, kimi eşitməli, kimin göstərişlərinə sözsüz əməl olunmalıdır. Bunlar əsasən valideynlər, sevimli nənəylə baba və müəllimdir. Yad adamlar, başqa “xala”, “bibi” və “əmi”lərdən əmr və göstəriş ala bilməzsən.
Yaxşı olardı ki, uşaqların üzərində onların ünvanını, kimliyini, əlaqə nömrələrini bildirən brelok və ya vizitka olsun. Bunu övladınızın cibinə qoya, paltarının astarına tikə bilərsiniz. Əgər uşaq bir az böyük yaşdadırsa, ona öz ünvanını, əlaqə nömrələrini əzbərlətmək mütləqdir.
Meşədə necə sağ qalmaq olar?
Uşaq vaxtı müəllifini unutduğum bir povest oxumuşdum. Bir dəstə uşaq meşədə azır və ağır şərtlər daxilində mübarizə apararaq, sağ qalmağa çalışırlar. Bir müddət sonra, onlar aclıqdan, susuzluqdan, duz çatışmazlığından əziyyət çəkirlər. Adətən belə vəziyyətlərdə, insan xarakterinin naməlum cəhətləri, qorxaq ya cəsur olması üzə çıxır, aşkarlanır. Beləliklə, uşaqlar giləmeyvələrlə qidalanır, ot-alaf yeyir və günəşin, kölgənin köməyi ilə cəhətləri təyin etməyə çalışırlar. Nəhayət, bir sıra əzab-əziyyət və qəzavü-qaldan sonra xilas yolu tapılır. Onlar meşədə rastlaşdıqları keçini tutmaq istərkən, heyvan uşaqların əlindən sıyrılıb qaçır. Təqib zamanı keçinin buynuzuna ilişib qalan uşaq papağı sonradan onların yerli sakinlər tərəfindən xilası üçün bir vasitəyə çevirilir. Keçini meşədə tutan kənd camaatı heyvanın buynuzuna ilişmiş “dəlil-sübutdan”, uşaqların hələ də sağ olduğunu anlayırlar. Beləliklə, bütün kənd ayağa qalxır və uşaqlar tapılır.
Uşaqların meşədə itməsinə əksər hallarda adi bir ehtimal, valideyn nəzarətsizliyi səbəb olur. Onlar adətən, meşəyə gəzməyə, giləmeyvə və göbələk yığmağa gedərkən istiqaməti itirir və azırlar.
Bəs meşədə azan, itkin düşən uşaqlar üçün əsas təhlükə törədən amil hansıdır?
Canavarlar, ayı, qaranlıq yaxud qorxu?
Xeyr, heç birisi. Nə qədər qəribə olsa da sualın cavabı, H2O-dur. Yəni, əlahəzrət SU. Daha doğrusu, su hövzəsi. Statistika sübut edir ki, təbiətdə, meşədə azan uşaqların dərin suya, gölə düşərək boğulmaq ehtimalı kifayət qədər yüksəkdir.
Başqa təhlükə mənbələri soyuq hava, aclıq, göbələk və giləmeyvələrdən zəhərlənmə, hündür yerdən yıxılma ehtimallarıdır.
Digər tərəfdən, şəhər üçün tələb olunan qayda və qanunlar meşədə işləmir. Əgər şəhərdə tanımadığın insandan kənar durmaq tələb olunursa, burada istənilən yad insana kömək üçün müraciət etmək olar. Meşədə qarşılaşdığımız hər bir şəxs xilas və nicat üçün əlavə şansdır.
Əziz valideynlər, uşaqlara xəritəni, kompası, coğrafi cəhətləri də öyrətməyi unutmayın.
Şablon da olsa, yazımı bu sözlərlə tamamlayıram:
“Uşaqları qoruyaq – Onlar həm bizim və həm özlərinin gələcəyidirlər”.