Ölü doğulmuş qəhrəman - Vüsal Bağırlı

Ölü doğulmuş qəhrəman - Vüsal Bağırlı
19 sentyabr 2023
# 12:27

Kulis.az Vüsal Bağırlının "Ölü doğulmuş qəhrəman" adlı yeni yazısını təqdim edir.

İngilis tənqidçisi, şairi, yazıçısı Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” romanını keçən həftə oxuyub bitirdim. Əsər daxilimdə böyük təəssüratlar, dərin duyğu izi qoydu. Roman I Dünya müharibəsi iştirakçısı olmuş Oldinqtonun ilk böyük nəsr əsəri hesab olunur.

Əsərin adından bilinir ki, kitab bir ölü haqqındadır. Əvvəldən ölmüş insan. Həmin ölü bir gün doğulur, böyüyür, bir qadına vurulur, rəsm çəkir, arzular, xəyallar qurur. Müharibə başlayır, ölü cəbhəyə gedir.

Sual yaranır. Ay müəllif, sən axı niyə hər şeyi siftədən korladın? Niyə qəhrəmanı “uf” demədən, ilk səhifədən öldürdün?

Yazıçı ona görə belə edir ki, qəhrəmanın niyə öldüyünü sübut etsin. Səbəbləri araşdırıb göstərsin. Dəlillər gətirsin. Əsaslandırsın. Yox, qəhrəman ayrıca götürülmüş tüfəngdən açılan atəşlə tələf olmur. Onu hərbi xidmətin sərt qaydaları da məhv etmir. Səbəblər bu deyil. Əsla!

Onu məhv edən ikiüzlü, laqeyd cəmiyyət, yalanla üfürülüb doldurulmuş müharibə, yalançı vətənpərvərlik, dövlətin amansız təbliğat maşınıdır.

İngilis yazıçısı Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” əsərindən bir hissə:

“Uinterborn əmin oldu ki, əsl əsgərlər, cəbhə yoldaşları dəhşətli müharibənin əsl qiymətini elə onun qədər dəqiq anlayırlar. Onlar müharibəyə qarşı üsyana qalxır, etiraz edir, onun kimi darıxırlar. Onlar vuruşurlar, əlbəyaxa döyüşlərə atılırlar, amma bunu nifrətlə, iyrənc bir iş görürmüş sayaq edirlər. Onlara – hərbi əmr verilmişdir, belə lazımdır – deyilmişdir. Onlar da inanmışdılar. Onlar bu mənasız müharibənin bitməsini səbirsizliklə gözləyirdilər, ondan can qurtarmağa çalışırdılar və düşmənə qarşı hər hansı nifrət hiss etmirdilər“

***
Əsərin qəhrəmanı Corc Uinterborn öz dünyasında yaşayır. Axı həssas, xəyalpərvər insanların hamısının öz dünyası olur?! Emosional, incə hissiyyatlı, onu əhatə edən insanlar tərəfindən anlaşılmayan insan. İçində, fikirlərində tənha qalan insan. Bir az köməksiz, bir az həssas qəlbli, bir az romantik.... O, səyahət etməyi sevir, rəssam olmaq istəyir.

Əsərdən bir hissə:

“Balaca Corcun həyatında vacib hadisələr baş verirdi. Həyatında ilk dəfə dostluğu sınadı - düzgünlük, səmimiyyət, inam, cəsarət - nə olduğunu anladı.

Bu, əsas amil idi.

Amma həm də o, uzaq səyahətlərə çıxmağın ləzzətini də duydu. Bir az qəribə səslənə bilər, on beş millik piyada gəzintini səyahət adlandırmaq düzgündürmü?

Sən paroxod, qatar, yaxud təyyarə ilə ölkədən ölkəyə minlərlə mil məsafələr qət edə bilərsən, bir şəhərdən, o birinə, bir oteldən digərinə adlayarsan, amma son nəticədə səyahətin nə olduğunu heç hiss etmərsən də.

Səyahət etmək, gəzmək – gözlənilməyən, fərqli möcüzələrlə üz-üzə qalmaqdır, yeni yerlər, yeni ərazilər tapmaqdır, yeni yaşantılar, yeni gördüyün hər şeyə sevinmək, təəccüblənmək bacarığıdır.

Turizm ona görə dəhşətlidir ki, macəralar, kəşflər, yaşantılar burada sanki çərçivəyə alınır. Duyğular, hisslər, həyəcanlar çəkiyə, ölçüyə görə çeşidlənib rəflərə yığılır.

Əsl macəra o deməkdir ki, sanin başına hər an gözlənilməz hadisə, qeyri-adi əhvalat gələ bilər. Əsl səyahət odur ki, oradan aldığın ləzzət yenidir, duyğular əvvəllər hiss etmədiyindir. Əgər hansısa səyahət bürosu əvvəldən tərtib edilmiş qrafik və cədvəl əsasında hər şeyi təşkil edirsə, burda macəradan, səhayətdən söhbət gedə bilməz".

***

Yaşının məhsuldar, qüvvəsinin pik, xəyallarının pərvazlandığı ən gözəl dövrdə dəhşətli hadisə baş verir. I Dünya müharibəsi başlayır. Qəhrəmanımız acı həqiqəti, ən yaxın dostlarının ölümünü qəbul etmir, amma eyni zamanda dinc həyata da alışmır, uyğunlaşmır. İnsanlar riyakar, biganə, cəmiyyət yalan içində, uydurma əxlaq qaydaları, geridə qalmış adət-ənənələr. Zorakılıq, yalançı vətənpərvərlik, ura-patriotizm, psevdo insan hüquqları. Yalan dolu dünya, yaxınların, tanışların ikiüzlülüyü. Hər şey necə də iyrəncdir.

Mühit onu məngənə kimi sıxır, öz “qoz qabığı”nın içinə salıb əzir.

Müəllif I Dünya Müharibəsini belə təsvir edir:

“İnsanın beyni, yaddaşında ilişib qalanlar, əlinə qələm götürüb yazdıqları, heç nə, bu dörd illik müharibə dövründə bütün yer üzünü başına götürmüş Riyakarlığı, Yalanı, Ağılsızlığı təsvir edə bilmir”.

***
Roman başlanğıcdan oxucunu gözlənilməz vəziyyətə salır. Müəllif hazırlıqsız oxucuya spoyler ötürür: o, qəhrəmanın ölümünü əvvəlcədən elan edir. Özü də birbaşa, bütün gerçəkliyi ilə. O, sərt şəkildə, təqdimatsız-filansız, çəkinib eləmədən acı reallığı oxucunun sifətinə çırpır.

Amma nə qədər qəribə səslənsə də, yazıçının bu “atla gediş”i əsərin mütaliə marağını azaltmır. Əksinə, bu məqam, yəni pisliyin, bədbəxtliyin səni lap başlanğıcda, ilk sətirlərdən haqlaması oxucuda mütaliə hissiyyatını itiləyir, təxəyyülü dərinləşdirir.

Corc Uinterborn obrazı ümumi obrazdır. I Dünya müharibəsində iştirak etmiş istənilən əsgər bu aqibəti yaşayır. Bu duyğu burulğanından, ağır emosiya məngənəsindən keçir. Romandakı qadın personajlar oxucunu mənfi mənada heyrətləndirir. Adama elə gəlir ki, müəllif bilərəkdən ən yaramaz, düşkün insanları seçir. Onları öz yan qəhrəmanı kimi təqdim edir. Bu yolla o, Conun düşdüyü tənhalığı, özünə qapanmanı, mənəvi çöküşü daha aydın göstərir.

Əsərdən bir hissə:

“Uinterborn pərdəsiz pəncərəyə yanaşdı və çölə boylandı. Alçaqdan süzən ağır buludlar, qara-boz həyəcanlı dəniz. Kimsəsiz sahil.

Tramvay vağzalı dağıdılmış, pəncərələr sınmışdı. Qaz fənərləri paslanmış dirəklərdən yetim kimi sallanırdılar. Daha bir şəhər ağır yara almışdı, bəlkə də ölüm ayağında idi. Hər şey yeknəsəq, boz, darıxdırıcı.

Uinterborn saata baxdı, Hələ iki saat da gözləməliydi. İndi zərurət aqibətə çevrilmişdi. O, cəbhəyə getmək üçün tələsirdi. O, indi hər şeyə biganə idi. Hissiyyatsız bir həvəs. Nəhayət əsl müharibəni öz gözləri ilə görmək istəyi.

O barmağı ilə pəncərəni döyəclədi. Yeni çağırışçıların mənasız, rabitəsiz boş söhbətləri hələ də davam edirdi. Qəribədir, özü qətiyyən həyəcanlanmırdı. Mülki həyatı ona yuxu kimi gəlirdi. Əvvəllər vacib və əziz olanlar, indi heç bir dəyər daşımırdı. Səmimi istəklər, xoşbəxt ümidlər, firavan xəyallar tüstü kimi dağılıb getmişdi. Köhnə dost-tanışlar əlçatmaz ucqarlara çəkilmişdi. Hər şey yeknəsəq, boz, darıxdırıcı.

Darıxma hissi zoqquldayırdı, şiddətlə döyünürdü. Bu hiss adamı gərgin, həyəcanlı və kinli edirdi. Heç olmasa, bir yerdə durmayaydılar, hərəkət edəydilər. Qismətimdə olan güllə hardadır görəsən? Onsuz da tale püşküm atılıb. Ölüm hardasan, tez gəl”.

***
Əsərin birinci hissəsi dinc dövrdən bəhs edir. Qəhrəmanın uşaqlıq, yetkinlik çağları, valideynlərin həyatı, dünyagörüşün formalaşması, onun düşüncələri, ilk sevgisi. Londonətrafı təbiət mənzərələri, orta burjua, son feodalizm dövrünün əyalət-şəhər həyatı. Sonra Londonun özü.

Ağ-qara çalarlara bürünmüş karikatura personajlar, meşşan əsilzadələr, özündənrazı zadəganlar, qəhrəmanın yaxın çevrəsi, tərkibinə azacıq ədəbiyyat ədviyyatı, yumor, satira, ironiya səpilmiş tipik ingilis burjua həyatı.

Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” əsərində ikinci dərəcəli, yan obrazlar o qədər iyrənc, ürəkbulandırıcı tiplərdir ki, onlar real, həqiqi insanlardan daha çox karikatura və şarjlara bənzəyirlər. Fanni və Elizabet, Corcun atası və anası, onun dostları və tanışları və ümumilikdə bütün cəmiyyət ən eybəcər karikatura nümunələridir.
Oldinqtonun əsəri həm də ona görə qiymətlidir ki, roman hal-hazırda yaşadığımız həyatın güzgüsüdür. Əsər cəmiyyətdə, ailədə mənfi nə varsa - yalan, riyakarlıq, laqeydlik, hər şey göstərir. Kitabı oxuyanda görürük ki, əslində o dövrdən bəri çox az şey dəyişib, eyni mənfilik, eyni çatışmazlıq.

Əsərdən bir hissə

“Həyəcana düşməyin nə mənası var? Hə də, nə mənası...? Həyəcanı qovmağa cəhd etməlisən. İnsan biləndə ki, onun həyatının aqibət püşkü artıq atılmışdır, o taleyinə sakitcə boyun əyir. Quzu kimi. Amma içində yenə də kiçik ümid qığılcımı közərir. Bəlkə, birdən... Hətta quru qoşunlarında da bəzən kimsə sağ qalmağı bacarır.

Döyüşdə əgər kifayət qədər tutumlu bir yara almısansa, 6-9 ay döyüşlərdən kənar qala bilirsən. Belə yaralılara “ev yaralısı” deyirlər. Yəni bəxtin gətirsə, yaralansan, səni evə birbaşa İngiltərəyə göndərəcəklər. Əsgərlər vaxtaşırı öz aralarında “ev yaralıları”nı müzakirə edirdilər. Hansı yara daha sərfəlidir? Əl yoxsa ayaq. Çoxu hesab edir ki, ən böyük uğur sol əli yaxud ayağı itirməkdir. Həmin xoşbəxt əsgər müharibənin ətçəkən ölüm tələsindən qurtulmuş olur. Hətta təqaüd, mükafat da alır.

Uniterborn arxası əsgərlərə sarı dayanmışdı və pəncərədən bayıra baxırdı. Hələ də düşünürdü. Sol əl, yoxsa sol ayaq? Ömürlük əlil qalmaq?

Yox, bircə bu çatmırdı. Cəbhədən ya sağlam qayıtmalı, ya da heç yerli-dibli qayıtmamalı. Amma bu əsgərlər həyatı necə də sevirlər, öz miskin varlıqları uğrunda inadla mübarizə aparırlar...”

***

Əsərin ikinci hissəsi müharibədən söz açır. Müəllif göstərir ki, istənilən müharibə elə-belə, heç nədən yaranmır. Müharibə hələ başlamamışdan əvvəl ən yuxarı dairələrdə, siyasət meydanında bişirir, hazır olan kimi süfrəyə təqdim edirlər.

Cəbhəyə gedən Uinterborn bütün gücü, qüruru və mənliyi ilə məhrumiyyətə, çətinliyə sinə gərir, içindəki ölüm qorxusunu boğur, döyüş meydanında gördüyü dəhşətlərdən dəli olmamağa çalışır.

Buna baxmayaraq, o verilən əmri məsuliyyətlə yerinə yetirir, nəhəng hərb maşınının bürokratik ədalətsizliyinə, verilən küt, axmaq qərarlara dözür.
O, hər şeyə başqa gözlə baxır, fərqli düşünür, hər yerdə özünü yad, başqaları tərəfindən anlaşılmayan kimi hiss edir.

Əsərdən bir hissə:

“Zaman sonsuzadək uzanırdı, əzab verirdi. Ona elə gəlirdi ki, İngiltərəni tərk etdiyi dövrdən uzun illər, qərinələr keçib. Əgər bu “yüngül” başlanğıc idisə, bəs bütün müharibəyə, səngərlərdə keçəcək aylara, illərə necə dözəcək?

Cəsarəti onu sürətlə tərk edirdi. O, hələ heç vaxt bu qədər düşkün və ümidsiz olmamışdı. Onu sınmağa qoymayan gənclik enerjisi idi. Yaşadığı keçmiş də ona müəyyən təkan verirdi. Düzdür o, hirslənirdi, əzab çəkirdi, darıxırdı, bəzi şeylər barəsində baş sındırırdı – amma həm də içində bir ümid toxumu cücərirdi. Düşünürdü ki, yaşamaq olar, həyat hər halda yaxşı şeydir.

Amma indi başqa adam olmuşdu. O, acı reallığın sərt üzünü təəssüflə seyr edirdi. İçini laqeydlik, ümidsizlik dumanı bürüyürdü.

Ona elə gəlirdi ki, qaranlıqda uçan yüngül, köməksiz kağız parçasıdır, külək onu yavaş-yavaş zülmət uçurumun dibinə aparır”.

***

Sonda onu da qeyd edim ki, bu roman mənə iki məşhur yazıçının iki məşhur romanını xatırlatdı.

Lui-Ferdinand Selinin “Gecənin sonuna səyahət” və Erix Maria-Remark “Qərb cəbhəsində yenilik yoxdur” romanları.

Bu əsərlər arasında birbaşa oxşarlıq olmasa da, ideya, fikir yaxınlığı aşkar görünür, hətta bəzi yerlərdə paralellər də aparmaq mümkündür.

# 1013 dəfə oxunub

Müəllifin son yazıları

# # #