Ucalan bayraqlar və susmayan şüarlar – Təbrizdə azərbaycanlıların “Traxtur” sevdası

Ucalan bayraqlar və susmayan şüarlar – Təbrizdə azərbaycanlıların “Traxtur” sevdası
19 aprel 2023
# 09:00

Kulis.az Ümid Nəccarinin Təbrizin “Traktor” komandasının oyunundan reportajını təqdim edir.

Cümə günü idi – həftənin tək tətil günü. Dostumla bir həftə öncədən danışmışdıq ki, birlikdə stadiona gedərik. Səhər-səhər “Traktor”un qırmızı formasını geyinib, evdən qırmızı bayraqlarımızı götürüb çıxdıq.

Oyun saat 16-da başlayacaqdı, ancaq günortadan sonra stadionda yer qalmırdı, hamı səhər yeməyini yeyən kimi qaçırdı stadiona. Oyun türklərin “Traktor”u ilə farsların komandası “Piruzi” arasında baş tutacaqdı. Belə kritik oyunlarda Təbrizin 70 min nəfərlik Səhənd (Qurdlar dərəsi) stadionu bir neçə saatın içində dolurdu.

Traktorun oyunu olan günlər şəhər qəribə vəziyyətə düşürdü, səhər çağları şəhər qımıldayır, hamının əlində bayraq, minik maşını, avtobus, motosiklet, piyada yürüyərək stadiona tərəf gedirdilər, ancaq oyun başlayanda küçədə kimsəni tapmaq olmurdu.

Rayonlardan, kəndlərdən xeyli azarkeş avtobusla gəlir, adətən avtobusun önünə böyük bir banner vururdular, məsələn, üstündə yazırdı “Marağanın Tiraxturçu tərəfdarları”, “Yel yatar, tufan yatar, yatmaz Tiraxtur bayrağı”, “Dağları sökər Tiraxtur” və s.

Oyunların bir çoxuna məhəllə dostum Behnamla birgə gedirdik, Behnamın özünəməxsus bir azarkeş trubası var idi, oyuna gedəndə həmişə götürürdü. Bu dəfə baxdım, gördüm əlində yoxdur.

– Behnam, şeypuruvu (truba) niyə götürməmisən?

– Baba, geçən dəfə məmur qapının ağzında əlimnən aldı, dedi, sənin şeypurun dəmirdi, plastik olan şeypurları buraxır içəriyə.


– Yaxşı bəs, orda necə təşviq eliyəcaxsan? – zarafatla soruşdum

– Sən narahat olma, fışqa (fit) çalaram. – gülə-gülə dedi.

Stadionun qarşısına çatdıq, adam əlindən yer yox idi. Hamının əlində bayraqla bilet, qapının ağzından içəri keçməyə cəhd edirlər. Girişdə məmurlar dayanır, bileti alır, insanları yoxlayırdı.

Növbəmiz çatdı, qan-tər içində məmura yaxınlaşdıq.

– Hardan gəlirsiz, bəradər?

– Təbrizin özünnən.

– Dəmir şey-mey yoxuzdu yanızda?

– Yox. Heş zad gətirməmişux.

– Pərçəm(bayraq) gətirmisən da.

– Gətirmiyeydim?!

– Fərq eləməz. Girin içəri...

Behnam aqressiyalı mimikaları ilə dönüb üzümə baxdı.
– Necə mənim bu gədələrdən zəhləm gedir! Buları görəndə əsablarım korlanır da.

– Vellə, əşi. Çox fikir vermə.

Stadiona girəndə gördüm ki, TV müxbirləri ağsaqqal bir kişidən müsahibə alırlar. Xeyli adam da toplaşıb ətrafına. Yaxınlaşdıq, maraqdan ötəri izdihamın içindən boylanıb, müsahibə prosesini izlədik. Kişinin əlində çox balaca bir dəmir truba, o biri əlində də kiçik bir torbadır, torbanın içində çörəyin və yeməyin olduğu görünürdü. Ağsaqqal günorta yeməyini də özüylə gətirmişdi. Hündür boylu jurnalist kobud səsiylə sual verir.

– Ağayi Abdulla Mehdipur, 90 yaşınan siz Traxturun lap mosen (yaşlı) tərəfdarısız, bu yaşda Traxtur eşqi sizdə hardan yaranıb?

– Bala, mən elə cavannıxdan Traxturçuyam, əlimdəki bu şeypurun (truba) 50 yaşı var. Mən Traxturla böyümüşəm, yarandığı gündən bunu təşviq edirəm. Hələ Traxtur ligi-bərtərə (super liga) gəlməmişdi, mən bu timin tərəfdarı olmuşam. Mən illər boyu bu timin həvadar (azarkeş) lideri kimi işləmişəm. Bilirsən niyə?

– Niyə?
– Çünki mənim şəhərimin timidi, çünki türklərin səsidi bu tim. Bax, bu uşaqlar gəlir bura, ürəyinin sözünü çığırır gedir. Meydanda oynayan futbalistlər də, elə burda təşviq edən tərəfdarlar da hamısı mənim balamdı, elə bu tim də mənim balam kimidi.

”Yel yatar, tufan yatar, yatmaz Traxtur bayrağı,
Yel yatar, tufan yatar, yatmaz Traxtur bayrağı,
Gül solar, sünbül solar, solmaz bizim qeyrətli tim,
Biz Traxtur aşiqi, bizlər kimin qeyrətli kim?”

Ağsaqqal elə bu şüari səsləndirib əlindəki trubaya üflədi, ətrafına toplaşıb müsahibəni dinləyənlər birlikdə şövqə gəlib, çığırdılar:

“Sən çağırsan gələrəm mən,
sən yaşa, Azərbaycan!
eybi yoxdu, ölərəm mən,
sən yaşa, Azərbaycan!
Fəxr eliyirəm vətənimsən
sən yaşa, Azərbaycan!”

Abdulla kişi bir daha üzünü jurnalistə tutdu.

– Görürsən, məni bu yaşda bura çəkib gətirən, bunlardı. Azərbaycan eşqiynən gəliblər, çünki, bizim millət həmişə piruz (qalib) olmağa layiq bir millətdi. Bu cavanlar heç vaxt qoymaz Traxturun pərçəmi yatsın. İndi də bura gəlmişux Piruzini utub geyidax evə, vəssəlam!

Ya, ya, ya, şa, şa, şa
Traxturum çox yaşa!

Bu şüarı verdikdə bir daha azarkeşlərin səsi ucaldı, ayaqlarını yerə döyüb dedilər:

”Təbriz, Bakı, Ankara,
biz hara, farslar hara...
Təbriz, Bakı, Ankara,
biz hara, farslar hara...

Qarabağ bizimdir, bizim qalacaq,
Qarabağ, bizimdir, bizim olacaq,
Azərbaycan var olsun,
istəməyən kor olsun!”.

Bu şüardan sonra jurnalist mikrofonunu tez yığışdırdı, kameraman da kamerasını tez çantasına yerləşdirdi. Bir anda ara qarışdı. Abdulla kişi şüar verərək azarkeşləri arxasıca stadionun oturacaqları tərəfə apardı.

***

Üç il öncə bir səhər çağında, Bakının yağışlı bir günündə avtobusla işə gedirdim. Pəncərədən Bakının su basmış küçələrinə baxırdım, yağışlı günlərdə həmişə ürəyim sıxılar...

Vatsapıma mesaj gəldi. Açdım, Behnamın tərəfindən gələn bir mesaj idi. Bir şəkil göndərmişdi, üstündə Abdulla kişinin şəkili, əlində həmin balaca dəmir truba, qürurla dayanmışdı. Şəkilin üstündə yazılmışdı:

“Traxturun ən köhnə dostu – Abdullanın trubası əbədi olaraq susdu”.


# 2175 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #