Anteni çadraya bükən məşədi

Anteni çadraya bükən məşədi
25 avqust 2023
# 12:00

Kulis.az Ümid Nəccarinin "Anteni çadraya bükən məşədi" adlı yeni yazısını təqdim edir.

“Bir şüşə suyu mağazadan ucuz qiymətə alırsınız, ancaq həmin suyu restoranda iki qat bahasına içirsiniz, eyni su təyyarədə dəfələrlə baha satılır. Önəmli olan məkandır. Yerinizi tapmağa çalışın.”

Bu qeydi oxudum, İranı, İrandakı qadağaları xatırladım...

Zaman və məkan...


Bir dəfə Şəms Təbrizini israrla məscidə aparırlar. Şəms minbərdəki mollaya deyir, ey Allah, sən nə gözəl danışırsan. Molla təəccüblənir: Mən Allah deyiləm!

Şəms dinc durmur, təzədən: ey peyğəmbər, sən nə gözəl danışırsan - deyir. Molla əsəbiləşir: Mən peyğəmbər deyiləm. Şəms qayıdır ki, bəs sən kimsən? Molla deyir, mən də sizin kimi Allahın quluyam, adi adamam. Şəms deyir, o zaman minbərdən düş, üz-üzə danışaq.

***

34 yaşım var, ömrümün çox hissəsini Təbrizdə yaşamışam - 24 il!

Açığı, peşman deyiləm, çünki Təbriz məktəbdir, hər gün öyrənirsən, öyrəndikcə böyüyürsən.
Təbrizin adi kafelərində belə universitet səviyyəli söhbətlər gedir. Təbrizin kafeləri haqqında yazmışdım.

Güney Azərbaycanda dəfələrlə müxtəlif qadağaların şahidi olmuşam.

Qacar dönəmində qadağalar fitva kimi verilirdi.

Sizə qəribə gələ bilər, ancaq bunlar tarixdir, həqiqətdir.

Məsələn, fitva verilmişdi ki, qənd haramdır. Sonra dedilər ki, yox, əgər qəndi çaya batırıb, - yəni onu qüsllayıb içsəniz, halaldır.

Beləcə qəndi çaya batırmaq vərdişi yarandı.

Məsələn, fitva verilmişdi ki, hamam suyu ilə qüsllanmaq, yaxud çimmək haramdır. Sonra fikirlərini dəyişdilər.

Məsələn, bir ara dedilər ki, lampa haramdır: bəs lampa yuxunu qaçırır, beləcə müsəlman səhər namazına gecikir.

Paltaryuyan maşın, dəmir yolundan istifadə, kimlik vəsiqəsi, təhsil, "Pepsi"...

Bəndəniz həmin 24 ildə xeyli qadağaların şahidi olub.

Məsələn, mənim bisavad nənəmin dediyinə görə, o vaxt mədrəsəyə getmək haram imiş, o boyda kənddə cəmi iki “kafir” yazıb-oxumaq bilirmiş.

İran İnqilabı dövrü... Musiqi haramdır. Evlər bir-bir axtarılır, kimin evində qrammofon, kaset, yaxud musiqi aləti tapılsa... Heç nə, o adamın eşşəyi öldü: 20 ildən çox həbs!

Bir quru canıdır, bir də yağlı şallaq, - vur ki, vurasan.

Yadıma gəlir, beş-altı yaşım olardı, İranda videomaqnitofon qadağan olunmuşdu. Kasetləri kişilər gödəkçələrinin, qadınlar çadralarının altında gizlədirdilər.

Məsələn, eşidirdik ki, filankəsi satıblar, polis onun videmaqnitofonunu müsadirə, özünü də həbs edib.

Ax... heyif o hind kinolarından... “Şölə” filmini xatırlayıram... İbrahim Tatlisesin filmləri, Sərdar Ortaçın “Kara bibərim” mahnısı, “Şirbala”, “O olmasın, bu olsun”, “Arşın mal alan.”

Dayım videomaqnitofonu çox baha almışdı, babamdan gizlin filmlərə baxırdıq.

Sonra “Mahvarə” ilə (tuner), çanaq antenləri ilə tanış olduq...

Öpüşmə səhnəsi başlayan kimi kanalı dəyişdirirdilər. Ki, uşaqların üzü açılmasın, belə “tərbiyəsizlik”lərin şahidi olmasınlar.

Çanaq antenlərinə görə pul cəriməsi, bir də 60 şallaq nəzərdə tutulmuşdu.

Antenlərin üstünə parça çəkirdilər ki, görünməsin.

Yaxud evə yad adam gələndə tunerin üstünü örtürdülər.


Polis Məşədi Qurbangilin antenini müsadirə edəndə görür ki, məşədi anteni çadraya büküb. Çadranı cırır, anteni da atır damdan aşağı.

Məşədi Qurbanı saxlamaq olar? Yoldaşının çadrasına, yəni namusuna toxunulub!

Taxtayla polisin başına... Polis səndirləyir, amma tez özünü ələ alır, çevrilib qulağının dibindən necə vurursa, o gündən məşədinin bir qulağı tutulur.

Nə deyim, biz qadağalar ölkəsinin azad cocuqlarıyıq.

Sonra feysbuk filtrlənir, sonra yutub, dalınca teleqram, instaqram...

Çoxu ölkəni tərk edir, qorxurlar ki, bir gün insanlıq da qadağan edilər...

İllər ötür, çanaq antenləri “bəraət qazanır”, fəqət məşədi Qurban o günləri görmür....

Ay gidi dünya!

Bu yazı xeyli insanın taleyi, qisməti, həyatı haqqındadır.

Azadlığınızdan zövq alın!

Əsas odur, doğru zamanda, doğru məkanda olun! Azadlığınızı öpüb alnınıza qoyun!

# 4129 dəfə oxunub

Müəllifin son yazıları

# # #