Araz Elsəs: "Millətimiz Arazla bölündü, ora ilə də birləşəcək" - Müsahibə

Araz Elsəs

Araz Elsəs

30 sentyabr 2023
# 10:22

Kulis.az güneyli ozan Araz Elsəsin yeni müsahibəsini təqdim edir.

Xatırladaq ki, Araz Elsəsin 30 sentyabr saat 19:00-da Heydər Əliyev Sarayında "Sevgilim yurdum" adlı konserti baş tutacaq.

- Araz bəy, necəsiniz? İşləriniz necə gedir?

- Yaxşıyam. Yeni mahnılar var. Konsert özü də bir dəyişiklik olacaq. Çox fərqli konsert olacağını düşünürəm. Heç bir yerdə səsləndirmədiyim mahnıları səsləndirəcəyəm. İnanıram ki, maraqlı bir konsert olacaq. Əvvəlki konsertlərimdə səhnəyə ozan kimi sazla rok qrupumuzla çıxmışam. Amma indi rok qrupumuzun yanında simfonik alətlər də olacaq. Rok alətlərinin çılğınlığını çox sevirəm.

- Böyük fasilədən sonra konsertiniz oldu. Niyə məhz o konsertə “Sevgili yurdum” adını verdiniz?

- Konserti təşkil edən dostlarla birgə bu qərara gəldik. Yurddan gözəl nə var ki?

- Konsertdə hansı janrda mahnılar olacaq?

- Mən rok oxuyuram. Rokdakı hayqırtını, bağırtını sevirəm. Yeni mahnılar da rok tərzindədir.

- Sizcə roka tələbat var ?

- Gənclərin arasında çox sevilən bir janrdır. Təəssüf ki, Azərbaycanda az sevilir. Rokun Azərbaycanda daha geniş yayılmasını istərdim. Azərbaycan musiqisinin çox güclü gələnəyi var. Türkiyədə neçə il qabaq Anadolu roku deyə bir tərz çıxdı. Çox da gözəl qarşılandı. Biz də rokla öz kökümüzə dayanaraq gözəl işlər yaradırıq. Rok bir az da etirazdır. İnsan sevmədiyi bir şeyə etiraz etməyi bacarmalıdır. İctimai, sosial bir çox dəyişməli olan şeylərə rokda toxunula bilər. İctimai problemləri rok musiqi ilə asanlıqla insanlara çatdırmaq olar.

- Sizin mahnılarınızın sözlərinin bir çoxunun müəllifi quzeyli şairlərimizdir. Məsələn, Musa Yaqub, Almaz İldırım, Ramiz Rövşən. Güneydən azdır. Buna səbəb nədir?

- Güneydən də sözlərinə yazılan mahnılar oxuduğum şairlər var. İlk oxuduğum mahnılardan olub hətta. Güneydən sevdiyim, oxuduğum çox yaxşı gənc şairlər var.

- Kimlərdir?

- Məsələn, Urmuda çox dəyərli bir şairimiz var – Ülkər. Huşəng Cəfəri var. Mən bir mövzuya toxunduğum zaman o istər-istəməz siyasiləşir. Özüm istəmədən başqalarını çətinliyə salmaq istəmirəm. Elə bir rejimdir ki...Heç bir insanın içəri girməsini, incidilməsini istəmirəm. Ona görə bəzi müəlliflərə toxunmuram. Yoxsa o qədər böyük şairlərimiz var orada. Gün gələcək onlardan da oxuyacam amma... Şairlərimizə ideoloji baxmıram. Müəllifin sağ və ya sol olmasının mənim üçün fərqi yoxdur. Türk birdir, bütündür. Güneydə bu məsələlər yoxdur.

- Bir il öncə Urmu gölü ilə bağlı “Susuzam” adlı bir mahnınız çıxmışdı.

- Bəli. Artıq vəziyyət o yerə yetir ki, Urmu gölü ilə bağlı hər şey deyilib. Eləcə də yerimin, yurdumun sərvətinin yağmalanmağı göz önündədir. Problem göz önündədir. İndi artıq zamanı gəlib hərəkətə keçmək, iş görmək lazımdır. Nə qədər yazmaq, demək olar. Söz danışmaq yetər artıq. "Susuzam" Səhəd xanımın şeirdir. Çox gözəldir. Şeiri yozmaq oxucuya qalır... Kimsəsizlikdən bağıran bir göl var. Ətrafında milyonlarla insan, böyük bir millət var. Ancaq o millətin gözünün önündə onun suyu çəkilir. Gölümüzü gözümüzün önündə məhv etdilər... Dostlarımızla danışanda mən qınaq kimi deyirəm: Sağ olun dostlar, siz ölüyə çox gözəl mərasim keçirirsiniz. Halva bişirirsiniz, mərsiyələr deyirsiniz. Amma bundan ölüyə bir şey çatmayacaq. Dayanıb, papağımızı qabağımıza qoyub düşünmək lazımdır. Bu siyasi məsələ deyil. Çevrə məsələsi kimi də bunu doğru-düzgün ortaya qoya bilmirik. Buna ideoloji yanaşmasaq, təşkilatlarımız buna siyasi don geyindirməsə, bu faciəni dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq olar. Millətimizi bir araya gətirəcək ən gözəl vasitə Urmu gölüdür. Urmu gölü can verir. Söz birdir, siyasi ambisiyalar imkan vermir millət bir araya gəlsin.

- Ölkəmizdə sizin janrda ifa edənlər azdır. Sizcə niyə?

- Bunun üçün əvvəlcə buna ehtiyac duyulmalıdır. Belə məsələlərin gündəmə olması çox vacibdir. Toxunmadığımız məsələlər çoxdur. Mən sözümlə, sazımla hayqırtımı dilə gətirirəm. Digərləri başqa cür. O zaman da, indi də deyilməsi gərəkən məsələləri demişəm. Düzdü meydan dardır. Görün neçə ildir Azərbaycanda konsert vermirəm. İndi isə verəcəm. Şükürlər olsun, Azərbaycan bu nöqtəyə gəldi. Gördüyümüz problemləri mahnı ilə dilə gətirə bilirik. Ən böyük yaramız Qarabağ problemi idi. Artıq belə bir problemimiz qalmayıb. Qarabağ Azərbaycandır. Bu böyük yaranı sağaltdıq. Bundan geriyə qalan xırda məsələlər isə yavaş-yavaş həllini tapacaq. Millətimiz əl-ələ verib hər şeyin öhdəsindən gələcək. Biz də Güneyimizdə Quzeyin parlamasına, dikəlməsinə baxıb dikələcəyik. Gələcəyi aydın görürəm. İnanıram ki, Güney Azərbaycan İrandan ayrılacaq. Azərbaycan bütövləşəcək. Hətta bu zaman bölgədə farsların özləri də rahat yaşayacaqlar.

- Ötən səfərinizdə Qarabağa getdiniz. Orada Xudafərin körpüsünü gördünüz. Arazda əl-üzünüzü yudunuz. Necə oldu təəssüratlarınız?

- Arazın güneyində olmuşdum. Orada da dərdləşmişdim. Xudafərin körpüsünü görmək böyük arzum idi. O andakı hisslərimi ifa edə bilmirəm. Hər şey plansız baş verdi. Suya, qayaya, daşa toxundum. Gözəl duyğular yaşadım. Gözəl əsgərlərimizlə çay iç-içə Güneyə baxdıq. O anda düşündüm – gün gələcək Arazın Güneyində də oturub bir çay içəcəyik. O su içiləcək, o körpü keçiləcək. Ayrılığı suyun içində boğacağıq. Millətimiz Arazla bölündü, ora ilə də birləşəcək.

- Xarici mügənnilərdən kimi dinləyirsiniz?

- Con Veronu çox dinləyirəm. Xoşuma gəlir. Bob Coyun tərzini sevirəm. Simfonik roku çox dinləyirəm. Klassik musiqi isə olmasa olmaz. Hər səhər qəlyanaltı etməzdən öncə mütləq dinləyirəm. İnanıram ki, insana böyük təsirləri var. Günümü bambaşqa edir.

- Bakıdan sonra hansı şəhərdə konsert vermək istərdiniz.

- Gəncədə çox istərdim.

- Niyə Gəncədə?

- Ora bizim ilk paytaxtınızdır. Şuşada da istərdim. Azərbaycanın başqa gözəl yerləri də var. Hansı bölgəsində olursa olsun, fərq etmir, ümumiyyətlə, Azərbaycanda konsert vermək gözəldir. Ən böyük arzularımdan biri Təbrizdə və Xudafərində konsert verməkdir. İnanıram ki, olacaq.

- Sənətçi olaraq yurddan kənar həyat sürürsünüz. Nə vaxtsa geri dönəcəyinizə inanırsınız?

- Hər zaman inanmışam. Ona heç şübhəm yoxdur. Bu yol yuvarlaqdır. Çıxdığım nöqtəyə bir gün geri dönəcəm. Bu gün inamım daha çoxdur.

- İsveçdə qürbət hiss edirsinizmi? Sıxılırsınızmı?

- İnsan zamanla getdiyi yerə öyrəşir. Bioloji olaraq biz insanıq. Doğumumuz və ölümümüz var. Dünyanın harasında oluruqsa olaq, yaşamdan zövq almalıyıq. Mən də buna çalışıram. Zamanı dəyərləndirmək lazımdır. Qürbət var. Mən istəsəm də, istəməsəm də həyatım budur. Nalə etməyin də faydası yoxdur. Şeirlərlə, ifalarla bu hissi insanlara çatdıra bilərsən. Ümumi olaraq hər şeyə pozitiv baxmağa çalışıram.

- Orada Azərbaycan yeməkləri yeyirsiniz?

- Bəli. Xanımım Urmudandır. Çox şanslıyam ki, qayınanam və qayınatamla birlikdə yaşayırıq. Qayınanam küftəsindən tutmuş pitisinə qədər hər şeyi hazır edir. O baxımdan rahatam. Ən çox sevdiyim yeməyimiz yarpaq dolmasıdır. Güneydə olanda onu bu qədər çox sevmirdim.

- Sonuncu dəfə Güneydən çıxdıqdan sonra Bakıya gəlmisiniz?

- Bəli. Soyuq bir qış günündə sərhədi keçdim.

- Ümid edirəm, isti bir gündə geri dönəcəksiniz.

- Nə zaman olursa-olsun fərqi yoxdur. Təki dönək.

- “Quşlar” adlı mahnınız var idi. Onu pasportsuz olduğunuz vaxt yazmısınız?

- Bəli. Quşların harasa getməsi üçün pasporta ehtiyacı yoxdur. Mənsə heç yerə gedə bilmirdim. Ona görə quş olmaq, yurduma qovuşmaq istəyirdim. Göydə nə varsa, təmizdir. Yerə qonunca kirlənir.

Quş olub, uçmaq istəyirəm mən
Quş olub quşlara qoşulmaq
Uçubda yurduma qovuşmaq
İstəyirəm, istəyirəm mən.

Bu mahnım da konsertdə oxunacaq.

- “Qaragilə” də oxunacaq?

- Yox, o siyahıda yoxdur. Tək olduqda spontan nəsə ifa edirəm. Amma indi səhnədə böyük komanda ilə bir olacağam.

- Komanda buradadır?

- Bəli. Hamısı professional musiqiçilərdir.

- Bilet satışı necə olub?

- Bu mənə maraqlı deyil. Əsas odur tamaşaçımı görüb ona mesajımı verəcəyəm.

# 1271 dəfə oxunub

Müəllifin son yazıları

# # #