Yaqub Zurufçunun həyat yoldaşı: "O, vətəndaşlıqdan imtina etməyə də hazır idi” - Müsahibə

Yaqub Zurufçunun həyat yoldaşı:   "O, vətəndaşlıqdan imtina etməyə də hazır idi” - Müsahibə
7 sentyabr 2023
# 12:00

Kulis.az Ümid Nəccarinin Aynur Zurufçu ilə söhbətini təqdim edir.

– Yaqub Zurufçu pandemiya dövründə rəhmətə getdi, xatırlayıram, sanki dəfn mərasimi sənətkarın adına layiq keçirilmədi.
Artıq iki ilə yaxındır ki, Yaqub Zurufçu rəhmətə gedib, ancaq mənim acım hələ də təzədir. Əminəm ki, onu sevənlər də bu acını yaşayırlar. Dəfn mərasimi haqqında sual verdiniz, iki il əvvələ qayıtdım. Yaqub müəllim pandemiya vaxtı vəfat etmişdi. Küçəyə çıxmaq məhdudiyyəti, toplaşmaq qadağası var idi. Hətta xaricdə də belə idi. Dəfn mərasimləri ritualsız keçirilirdi. Təbii ki, Yaqub bəy özəl şəxsiyyət, bir sənət adamı olduğu üçün könül istərdi ki, onun dəfn mərasimi adına layiq keçirilsin, ancaq olmadı. Bunun ən böyük günahkarı Mədəniyyət Nazirliyidir. O, öz sənətkarına sahib çıxmalı idi. Mədəniyyət Nazirliyini vurğulayıram, ancaq böyük mənada mərasim dövlət tərəfindən həyata keçirilməli idi. Yaqub bəy təkcə mənim həyat yoldaşım deyil, xalqın sənətkarı idi. Ona sahib çıxmalıydılar. Amma təəssüf ki, biz lazımı dəyəri görmədik. Çox çalışdım ki, mərasim daha layiqli olsun, olmadı. Hər halda pandemiya dövrü olduğunu da unutmamalıyıq. Bizim şəxsi tanışlarımız belə dəfn mərasiminə gəlməmişdilər.


– Yaqub müəllimlə Ququş dost olublar. Nə əcəb, Ququşu Azərbaycana dəvət etməmişdi?
Ququşun Azərbaycana gəlməsi haqqında məktubu özüm yazmışam. O zaman Mədəniyyət Naziri Əbülfəs Qarayev idi. Hətta Ququşun köməkçiləri ilə müqavilə imzalanmışdı, depozit təyin olunmuşdu. O da təklifimizi məmnuniyyətlə qəbul etmişdi. Ancaq Mədəniyyət Nazirliyi icazə vermədi.
Onların məqsədi Azərbaycanda birgə konsert vermək idi, o da alınmadı. Hətta “Ayrılıq” mahnısını da duet oxumuşdular. Sonra biz onu miks etdik. Bu mahnı Yaqub bəyin bir neçə albomunda yer aldı.

– Onun ən böyük arzusu nə idi?
Heç fikirləşmədən deyirəm ki, onun ən böyük arzusu bütöv Azərbaycan idi. Firavan, azad, xoşbəxt bir ölkə!

- Deyilənə görə, Yaqub Zurufçunun “Dəniz” mahnısı “Seni istiyorum” mahnısının plagiatıdır.
Bu sual bir dəfə də Yaqub bəyə verilmişdi, cavab vermişdi ki, müəyyən lad üstündə yazılan musiqilərin bənzərlikləri olur. İkincisi də, bu mahnılar bir-birindən tamamilə fərqlənir. Yalnız bir hissəsində oxşarlıq var. O da aranjiman məsələsidir. Sezen Aksunun oxuduğu mahnının bəstəkarı erməni əsillidir, “Dəniz” mahnısını da erməni əsilli Albert aranjiman edib. Qeyd edim ki, “Dəniz”in musiqisi Yaqub Zurufçuya, sözləri Nəbi Xəzriyə aiddir. Bu mahnının plagiat olduğunu heç kim sübut edə bilməz. Tarix var, fakt var. Ermənilər bir çox şeyi plagiat etdiyi kimi, bu mahnının nəqarət hissəsini də plagiat ediblər.

– Ən çox kimləri dinləyirdi?
Rəşid Behbudov, Lütfiyar İmanov, Bülbül, Rauf Atakişiyev... Sara xanım, Tükəzban xanım, Rübabə Muradova. Eləcə də müasirləri, klassik musiqinin davamçılarını dinləyirdi. Televiziyaya baxmırdı. Opera, muğam, hətta gəncləri də dinləyirdi.

- Həm də Amerika vətəndaş idi, nə əcəb Amerikada qalmadı?
Yaqub müəllim, dörd-beş ölkənin vətəndaşı idi. Ancaq həmişə deyirdi ki, mənə ən əziz olan Azərbaycandır. Hətta digər ölkələrin vətəndaşlığından imtina etməyə də hazır idi. Ona vətəndaşlıq verilən günü xatırlayıram. Çox sevinirdi

– Yaqub müəllim, vətəndaşlığa özümü müraciət etmişdi?
– Bəli, Yaqub bəy şəxsən özü müraciət etmişdi. 2009-cu ildə. O, dünyanın yarısından çoxunda olmuşdu. Mən ona sual verirdim ki, niyə Almaniyadan Amerikaya getdin? Deyirdi ki, Almaniya məndən ötrü balacadır, Amerikada güneyli çoxdur, ora rahatdır. Həm də dünyaya çıxmaq üçün Amerikada daha münbit şərait vardı. Deyirdi, gənclikdə fikirləşdim, birdəfəlik xaricə gedəcəm, ancaq zaman keçdikcə gördüm ki, yanlış düşünürmüşəm. “1989-cu ildə Azərbaycandan çıxmamalı idim. Bu mənim ən böyük səhvim olub. Dariyuş, Ququş, Hayidə kimi müğənnilərin arasında Azərbaycan türkcəsində mahnı oxumaq inqilab idi” – deyirdi.
Bir də Yaqub bəyi burada hədsiz dərəcədə sevirdilər, hörmət edirdilər. İstər dövlət tərəfindən olsun, istər xalq tərəfindən. Əyri oturub düz danışaq, kim bu məhəbbətdən kənarda yaşamaq istəyər?
Məsələn, mən Yaqub bəyə deyirdim ki, filan müğənni farsca oxuyur, milyonerdir. Ancaq onların heç biri Yaqub bəy qədər xoşbəxt deyildi.
1989-cu ili xatırlayaq, Yaqub bəy meydan hərəkatının ulduzuna çevrilmişdi. İnqilab zamanı dövlət adamları, söz adamları ilə çiyin-çiyinə Azadlıq meydanında çıxışlar etmişdi. Yaqub bəy Güneyli müğənnilərin mayakı olub.
O, elə mahnıları əzbər bilirdi ki, dəhşətə gəlirdim. Mən burada yaşaya-yaşaya heç o mahnıları eşitməmişdim.
İndi də o taydan gələn müğənnilər var. Heç nə, iki notu üst-üstə qoyurlar, iki ara sözü, - üç milyon izlənmə! Əlbəttə, bu, sənət deyil. Mən hesab edirəm ki, onları zaman ələyəcək.

– Ən yaxın dostları kim olub?
Canəli Əkbərov, Arif Babayev, Alim Qasımov, Ramiz Quliyev, Aftandil müəllim...

Təbrizdə birinci hara gedirdi?
Uzun müddətdən sonra 2007-ci ildə getmişdi. Bir də Atilla doğulanda getdik. Birinci Ərk qalasına getdik, sonra oxuduğu məktəbə – Fərvərdin mədrəsəsinə. Şəhriyarın məqbərəsinə, Məqbərətül-şüəra, Məşrutə evinə.
Hacı Əlini - çilov kababçısını axtarırdı. Oranın kişmişini çox sevirdi, düyü aşiqi idi, düyünü çox sevirdi. Oğlu Atilla da özünə oxşayıb. Ümumiyyətlə, elə bilirəm, Atilla balaca Yaqubdur, bəzi xüsusiyyətləri ilə atasını xatırladır.



– Deyilənə görə, Söhrab Tahir Yaqub müəllimdən xahiş edibmiş ki, onun sözlərinə mahnı yazsın.
Bəli, “Daha” mahnısının sözləri Xalq şairi Söhrab Tahirə aiddir. Şair xəstə idi. Onu yoxlamağa gedəndə xahiş etmişdi. Yaqub bəy mahnını elə oradaca yazmışdı. Gecə də Türkiyəyə - aranjimançısının yanına uçmuşdu. Söhrab bəy rəhmətə gedəndə o musiqinin sədaları altında dəfn edildi. Klip isə Xudafərin körpüsündə çəkilib.

# 7763 dəfə oxunub

Müəllifin son yazıları

# # #