Kulis.az Ulucay Akifin “Tumanını başına çəkənlər” adlı yazısını təqdim edir.
Sosial şəbəkələr adamı meymuna çevirir. Bunun o yanı-bu yanı yoxdur. Adam özü fərqinə varmadan bir müddət sonra kütlənin meymununa çevrilir.
Yəqin zooparkda meymun görmüsünüz də. Necə olur zooparkda meymun? Adam görən kimi tez gəlir qəfəsin yanına, oppanır-düşür, dil çıxarır, ya arxasını göstərir.
Niyə eləyir bunları?
Adamlar ona banan, ya yeməyə başqa nəsə versin deyə.
Sosial şəbəkələrdə də adamlar zooparkdakı meymun kimi davranırlar.
Feysbuku, instaqramı, tvitteri, tik-toku rahatca bir qəfəsə bənzədə bilərik. İnsanlar isə həmin qəfəslərin meymunlarıdır.
Bilirəm, indi adamlar şərhlərdə “meymun özünsən”, “özü elə meymuna oxşayır ha ha ha”, “bu guya indi ağıllıdı da” kimi şərhlər yazacaqlar. Onları da qınamıram. Ümumiyyətlə, azərbaycanlıları qınamağın başını buraxmışam. Azərbaycanlılardan tamamilə əlimi üzmüşəm.
Azərbaycanlı demişkən... Keçən dəfə bir nəfər mənə dedi ki, sənin cəmiyyəti tənqid edəndə azərbaycanlılar deməyin düzgün deyil.
Soruşdum ki, niyə? Niyə tənqidlərimdə “azərbaycanlılar” ifadəsini işlədə bilmərəm?
Dedi, çünki onda ümumi danışmış olursan.
Soruşdum ki, bəs niyə Cəlil Məmmədquluzadənin, Sabirin, Axundovun ümumi danışmağı, yazmağı səni (həmçinin sizi) narahat eləmir?
Dedi ki, Mirzə Cəlil, Sabir, ya Axundov nə vaxt “azərbaycanlı” ifadəsini işlədib cəmiyyəti tənqid edəndə? Elə bir cümlə göstər, səninlə razılaşım – deyib güldü.
Olur da. Belə də olur. Məcbur qalırsan bilməyən (və bilmədiyini bilməyən) və bundan narahat olmayan birinə nəyisə izah edəsən, lap başa düşməyəcəyini bilsən də.
Təmkinimi əldən vermədim.
Dedim ki, düz deyirsən, Mirzə Cəlil, Sabir, Axundov heç vaxt “azərbaycanlılar” ifadəsini işlətməyib tənqidlərində, əsərlərində. Amma bunun səbəbi qətiyyən “ümumi danışmamaq”, “öz soydaşlarımı aşağılamamaq” düşüncəsi olmayıb. Özünüzü belə aldatmayın. Bəsdirin özünüzü belə aldatdınız. Ayıbdı.
Onların əsərlərində, tənqidlərində “azərbaycanlılar” ifadəsini işlətməməyinin bir səbəbi var idi: o dövrdə azərbaycanlı anlayışı hələ yaranmamışdı.
Cavab bu qədər sadədir, dostum. O vaxt “azərbaycanlı” deyə bir anlayış yox idi, heç kimin şüurunda oturmamışdı. O vaxt biz “müsəlman” idik. Bəli. İndiki azərbaycanlı anlayışı o zamanlar “müsəlman” olaraq ifadə edilirdi.
Bu səbəbdən idi ki, XX əsrdə ermənilərlə bizim aramızda baş verən davalara “erməni-müsəlman davası” deyirdilər. Kimiydi o müsəlman? Biz idik. Niyə “erməni-azərbaycanlı davası” deyilmirdi? Çünki yenə deyirəm (bəzən bir şeyi 15 dəfə demək lazım olur) o vaxt “azərbaycanlı” ifadəsi, anlayışı yox idi. Biz özümüz də özümüzə “müsəlman” deyirdik.
Azərbaycanlı anlayışı yalnız əsrin sonlarına doğru, xüsusən də Sovetlər İtiffaqının süqutunun yaxınlaşması ilə təfəkkürümüzdə özünə yer eləməyə başladı.
Yəni Sabirin “Harada müsəlman görürəm qorxuram” misrasını “Harda azərbaycanlı görürəm qorxuram” kimi oxumalıyıq. Sabir o sözləri ərəblərə, pakistanlılara, özbəklərə deməyib, bizə deyib, biz azərbaycanlılara. Çox xahiş edirəm, artıq bunu qəbullanın.
“Molla Nəsrəddin” jurnalında gedən yazılardakı, karikaturalardakı müsəlman da bizik, biz azərbaycanlılar. Mirzə Cəlilin danabaş dediyi adamlar da bizik, ərəb, ya özgəsi yox. “Ölülər”də ki o camaat da bizik.
Və bu gün mən (ya digər yazıçılarımız) toplumu tənqid edəndə, azərbaycanlı sözünü işlətməyimə kimsə qadağa qoya bilməz. Buna yalandan “xalqı aşağılayırsınız”, “insanları təhqir edirsiniz”, “qanınızda erməni qanı var” kimi cümlələrlə üstümüzə gəlmək, müstəsna həyasızlıqdır, tipik azərbaycanlının özünü müdafiə formasıdır. El arasında buna “tumanını başına çəkmək”, ya da “oğru elə bağırdı, doğrunun bağrı çatladı” da deyirlər.
Hə, bir də başqa bir “qövm” var azərbaycanlıların içində. Bu qövm daha çox yazıçıların üstünə “Sən hələ Mirzə Cəlil ol, sonra bizi tənqid edərsən!”, “Sabir hara, sən hara?!” kimi qondarma cümlələrlə hücum edirlər.
Özlərini elə aparırlar ki, guya bunlar Mirzə Cəlili, Sabiri oxuyan, anlayan, qədrini bilən adamlardılar. Halbuki heç zərrə də xəbərləri yoxdur adlarını çəkdikləri bu adamlardan. Ən təhlükəli qövm də elə budur. Sabirə sabun bişirtdirən də elə bu qövmün ataları, babalarıdır.
Başqa şey danışacaqdım, necə oldu bu mövzuya gəldim çıxdım, bilmirəm.
Onu deyirdim ki, sosial şəbəkələr adamı meymuna çevirir. Adamlar heç özləri də fərqinə varmadan zoopark meymununa çevrilirlər.
Layk üçün, camaat gülsün deyə, ürək atsın deyə, şir atsın deyə meymunluq eləyirlər. Çox kədərli və bir o qədər də iyrənc mənzərədir.