“Qanlı qaya”, “Sarı pir”, Alban qəbiristanlığı
Kəndə dönüşümün ikinci günü arıçılıqla məşğul olan atamın təkidi ilə köçəri arıçılarla görüşə getdim. Son aylar yaşadığım uğursuzluqlara rəğmən, böyük əksəriyyəti ixtisasca müəllim olan arıçılar atamdan israrla xahiş etmişdilər ki, məni də özüylə gətirsin. Səhər günəş doğmamış yerimdən qalxıb yuyundum. Anamın dəmlədiyi xoruzquyruğu çaydan içib, gümrah halda maşına əyləşdim. Atam gecə növbədə olmayan arıçı yoldaşlarını da maşınla qapılarından götürüb əvvəlcə rayon mərkəzinə yollandı.
Atamın arıçı dostlarından Fəxrəddinlə tanışlığım ürəyimcə oldu. Kənd yerində səni oxuyan, diqqətlə izləyən şeir və sənət həvəskarı görmək, onunla söhbətləşmək başqa zövqdür. Arıçı Fəxrəddin az qala qonaq olduğum bütün televiziya proqramlarını izləyib, yazılarımla, şeirlərimlə tanışdır və simpatiyasını gizlətmir. Yol boyu müxtəlif şairlərdən əzbər şeirlər deyirik, birlikdə onun adını çəkdiyi müəllifləri şərh edir, bildiklərimizi bölüşürdük. Yolçuluq olduqca maraqlı keçir. Atam da vüqarla maşının sükanını bərk-bərk sıxıb, hərdən gizli-gizli güzgüdən mənə baxır. Söhbətlərimiz onun da diqqətini çəkib. Lazımi azuqələri alıb, Tərkəş kəndində yaşayan və bu yazının əsas qəhrəmanı olan Seyran adlı arıçının evinə yollanırıq. Seyrangildən arıxanaya yük maşını ilə getməliydik. Atam toz-torpaqlı meşə yolunda “Mersedes”ini xarab etmək istəmir. Güc-bəla kuzova dırmaşıb yerimi tutdum. Sərin dağ havası üzümü yaladıqca xoşhallanırdım. Atamın sürücünün yanında əyləşməsi ürəyimcədir, tez siqaret yandırdım. Bu dəfə həmsöhbətim Seyrandır. Tərkəş kəndindən çıxıb meşə yoluna düşəndə Seyran mənə “Sarı pir” adlı ziyarətgahı, onun yaxınlığındakı Qədim Alban qəbiristanlığını göstərir. Mən tələsik 1918-ci ildə erməni-müsəlman savaşında qırğın törədilmiş “Qanlı qaya”nı soruşuram. Seyran düzəliş verir ki, qayanın əsil adı “Qızıl qaya”dır. Bu qayaya “Qanlı qaya” adını 1920-ci ildən sonra rayonda yaşayan ermənilər verib. 18-ci il hadisələrinə qədər bu ərazilər ermənilərin ən sıx məskunlaşdığı ərazilər olub. Nəhayət gəlib arıçıların yanına çatırıq.
Səhər saat 08.50 və artıq samovar çayı dəmdədir. Söhbətləşə-söhbətləşə çay içirik. Arıçılara mənim söhbətlərim maraqlı görünsə də, mən daha çox onları dinləməyə üstünlük verirəm. Mövzular bir-birini çəkib gətirir; “Alban qəbiristanlığı”, qonşuluqda yaşayan udinlər, ermənilərin top yerləşdirmək üçün qurduğu təpələr, Qafqaz Müsəlman Ordusunun Sincan və Xaçmaz “karakol”ları, Xaçmaz “karakol”unda ermənilərin fitnəsi ilə öldürülən və Sincanda dəfn olunan “karakol komutanı” Tahir Əfəndi, arıçı Seyranın erməni daşnaklarına qan udduran babası İsmayıl kişi və ən maraqlısı Seyranın atası şair Şükür Saadov...
Şairin arıçı oğlu
Seyranla söhbətimiz daha maraqlı alınır. O, şairin arıçı oğludur, mən isə arıçının şair oğlu. Atasının hər gün bu çöllərdən, dağdan, meşədən pay-piyada keçib ləzgilərin məskunlaşdığı Qarabulaq kəndinə dərs deməyə getməyindən, Qarabulaq camaatının atasına necə sayğı göstərməsindən, sevməsindən danışır. Tərkəşlə Qarabulaq arasındakı yolu – 15 km-dən artıq məsafəni, qar-çovğunu, istini, yağışı düşünsək, üstəlik yolun narahatlığını da nəzərə alsaq gözümüzün qarşısında əsil fədakar sovet ziyalısı, sovet müəllimi canlanar. Seyran atasının dəfələrlə ermənilərin hücumuna da məruz qaldığını deyir: “Sovetlər qurulsa da, ermənilər qisas hissi ilə yaşayırdılar. Xüsusən babam İsmayıla görə atama problem yaratmağa çalışırdılar. Qarabulaq camaatı dəfələrlə atamı xilas edib. Atam bu yolları güllələrdən qoruna-qoruna keçib. Amma bir dəfə də olsun yaşadıqlarına görə şikayətlənməzdi”.
Səməd Vurğunun bu yerlərə ova gəlməyini də Seyran danışır mənə. Rayonda çoxlu dostları varmış şairin. Şükür müəllim də Səməd Vurğunla görüşüb, onu evində qonaq edib. Şükür Saadovun Səməd Vurğuna həsr etdiyi silsilə şeirlər var:
Bir gün qonaq gəldi o bizim kəndə,
Qonağın əlini sıxmışam mən də,
O gəzən yerlərə yolum düşəndə,
Görürəm qəlblərdə izi qalıbdır.
Bizim tərəflərin saza olan sevgisini ilk dəfə eşidirəm. Şair Şükür Saadov həm də yaxşı saz ifaçısıymış. Öz bəstələri də varmış Şükür müəllimin. Mahnılardan birini Seyran yaxşı xatırlayır:
Bağban bəslədiyi gözəl barından,
Vətən torpağının məhsullarından,
Sərin yaylaqların saf sularından
Dağlarda dolaşan çobandan sizə,
Salam gətirmişəm Sincandan sizə.
Seyran kəndə qayıdanda atasının yeganə kitabından bir nüsxə hədiyyə edəcəyinə söz verir və sonradan sözünü tutur.
Əsirlikdən kolxoza
Şükür Saadovun “Bir ömür itirmişəm” kiçicik şeirlər kitabı 1996-cı ildə, vəfatından 7 il sonra çap olunub. Kitabda Şükür müəllimin yaradıcılığının cüzi bir hissəsi toplanıb. Kitabın redaktoru şair İsmayıl İmanzadə Mingəçevir ədəbi mühitində tanınan imzalardandır.
Şair Şükür Saadov 1920-ci ildə Oğuz rayonun Tərkeş kəndində doğulub, Şəki Pedaqoji Texnikumunu bitirib. 1942-ci ildə Böyük Vətən Müharibəsində əsir düşüb və yalnız 7 il sonra doğma kəndinə geri qayıdıb. Əsirlikdən qaçsa da, sovet rejimi ona etimad göstərmir və onu adi kolxozçu kimi işə qəbul edirlər. Stalinin ölümünə qədər bəraət ala bilməyən Şükür müəllim, kolxozçu kimi fəaliyyətini davam etdirir, başına gələn faciələrə səbrlə sinə gərir. Stalinin ölümündən sonra Qarabulaq kəndində müəllim kimi fəaliyyətə başlayır, rayonda çap olunan “Lenin bayrağı” (indiki adı “Oğuz yurdu”) qəzetində şeirləri işıq üzü görür. Ömrünün sonuna qədər paytaxt ədəbi mühitindən uzaqda yazıb-yaradan Şükür Saadovun şeirləri dövrünə görə maraqlıdır. Yəni, onun şeirləri eyni dövrdə yaşadığı xalq şairlərinin şeirlərindən heç nə ilə geri qalmır. Kitabda diqqətimi çəkən ən maraqlı məqam, onun qoşma və gəraylılarının saz havacatına uyğun gəlməsi oldu. Demək ki, saz bizim tərəflərin də ruhuna yad deyil. Nə qədər qarışıq, çoxmillətli və çoxdinli bölgə olsaq da, saz bizim ruhumuza daha doğma, daha yaxın imiş. Şükür müəllimi zəhmətkeşlərə həsr etdiyi şeirlər, sinfi düşmənlərə yazdığı həcvlər, sevgini tərənnüm edən qəzəlləri də başqa aləmdir. Bu kiçicik kitabın hər vərəqindən əsl sovet müəllimi, sovet şairi, sovet ziyalısı boylanır...
Arıçılarla söhbətin şirin yerində bizim təsərrüfatdakı arı pətəklərindən biri beçə verir. Xüsusi papağı geyinib atamın köməyinə yollanıram. Arının beçə verdiyi an olduqca maraqlıdır. Əvvəlcə kəşfiyyatçı arılar pətəkdən çıxıb qonmaq üçün münasib yer seçir, sonra ana arı (arıçılar buna “şah” deyir) pətəkdən çıxıb seçilmiş yerə istiqamətlənir. Minlərlə arı bir anda uçuşmağa başlayır. Sonra yavaş-yavaş seçilmiş məkana qonub, arıçının onları yeni pətəyə köçürməsini gözləyirlər. Arıçı cəld tərpənməsə beçə qaçıb meşəyə gedə, özünə ağac koğuşunda yuva qura bilər. Bu artıq təsərrüfat üçün böyük itki sayılır.
Atamla cəld şəkildə yeni pətəyi hazırlayıb, beçəni qonduğu ağacdan əvvəlcə vedrəyə yığırıq. Beçə götürəndə diqqətli olmaq lazımdır ki, arı sancmasın. Arıçı üçün arı sancması qorxulu deyil, amma allergiyası olan adam üçün bu böyük təhlükədir. Vaxtında müdaxilə olunmasa arı vurması ciddi problem ola bilər. Beçəni ağacdan endirəndən sonra yuvanın qarşısına ağ parça salıb, yavaş-yavaş arıların yeni pətəyə yığılmasını gözləyirik. Ana arı pətəyə girdimi, problem həll olunur. Gün ərzində iki-üç dəfə yandıran istidən qaçıb, meşənin içindən keçən çayda çimirəm. Əsəblərim sakitləşir, sanki yenidən doğuluram. Çayın şırıltısı, cırcıramaların səsi, qurbağaların qurultusu məni tamam başqa bir aləmə aparır.
Arıçılar danışır ki, bu il çox qeyri-adi gəlib. Arılar dayanmadan beçə versə də, şirə toplamağa meylli deyil. Belə məqamda arıçının yeganə şansı təsərrüfatı böyüdüb, bal istehsalını növbəti ilə saxlamasıdır. Yəni, bu il böyük ehtimalla bal kifayət qədər olmayacaq. Atam və onun arıçı dostları istehsal etdikləri balın təmiz və qatqısız olması üçün əməlli-başlı zəhmətə qatlaşırlar. Yazın əvvəlində Sincan kəndinə köçüb, yasəmən balı istehsalı üçün orda məskunlaşırlar. Hazırda məskunlaşdığı yer arıların qaratikandan şirə toplaması, qaratikan balının istehsalı üçün nəzərdə tutulub. Təbiətin dilini arıçılar hamıdan yaxşı bilir. Qaratikan mövsümü bitincə arıları Xaçmaz kəndinə köçürüb yasəmən və qaratikan balını birgə süzəcəklər. Eyni zamanda şabalıd balı üçün bir müddət burada qalacaqlar. Növbəti mərhələ isə cökə balı üçün dağlara köçməkdir. Bu yayın sonuna qədər davam edən son mərhələdir. Yəqin ki, bu mərhələdə atama bacardığım köməyi edəcəm. Arıların sehirli və maraqlı dünyası, arıçıların yaşam tərzi məni bir gündə ovsunlayıb.
...Arıçılarla keçirdiyim zəngin bir gündən sonra yorğun-arğın evə qayıdıram. Nə sosial şəbəkələr, nə telefon, nə də internet yadıma düşmür.