Qədim zamanları özündə əks etdirən eskimoslar
Şimali qütb bölgəsinin yerli əhalisi, Amerikada eskimos və aleutlar, Avropa və Asiyada laponlar və s. - bunlar yığıcı və ovçu olaraq Daş dövründəkinə bənzəyən, köçəri həyat tərzi yaşayan xalqlardı. Buradakı həyat şərtlərinə ən yaxşı uyğunlaşan eskimoslardı. Onlar ən Şimal hissələrə qədər yayılan bir xalqdır.
Eskimos - Kanada, Sibir, Qrenlandiya kimi Şimal qütb bölgəsinə yaxın ərazilərdə yaşayan insanlara verilən addır. Bəzi Amerika yerliləri eskimos sözünü «xarici» mənasında da istifadə edirlər. Bu gün yer üzündə Qrenlandiyada 40 min, Şimali Kanadada 23500, Alyaskada 35 min və keçmiş SSRİ ərazisində 1500 olmaqla ümumilikdə 100 mindən çox eskimos xalqı yaşayır.
Eskimosların əcdadları təxminən 10-15 min il əvvəl Sibir və Alyaskanın bitişik olduğu dövrdə, Asiyadan Şimali Amerikaya köç ediblər. Onlar minlərlə il boyunca bitkilərin yetişmədiyi çox soyuq ərazilərdə balıqçılıq, ovçuluq və yığıcılıqla dolanıblar. Şimal maralı, suiti, balina və balıq ovlamaq üçün bir yerdən başqa yerə getməyə məcbur olublar. Eskimosların özlərinə məxsus maraqlı ovlamaq üsulları var idi.
Məsələn, suitinin nəfəs almaq üçün buzda deşik açdığını bilirdilər. Suitinin buz təbəqəsini nəfəsilə isidərək açdığı dəliyi tapan ovçu onun kənarında gözləyir və hava almaq üçün yaxınlaşan suitiyə mizraq batıraraq öldürürdülər. Qışda dəniz donanda onlar buzda deşik açıb qarmaqlarını suya atırdılar.
Eskimoslar ovladıqları heyvanın ətini qurudaraq, ya da donduraraq saxlayır və əksər zamanlarda əti çiy halda yeyirdilər. Ovlarının dərisindən geyim və çadır, damarlarından tikiş üçün iplik, sümüklərindən iynə, yağından isə işıqlanma və istilik üçün istifadə edirdilər. Geyimləri suiti dərisindən olurdu. Oyma işi ilə kiçik heykəllər və bəzək əşyaları düzəldirdilər.
Eskimos evlərinin divarları dərilərlə örtülür, evlərə küləyin qarşısını almaq üçün düzəldilən əyri koridorlardan girirdilər. Çay ağızlarında, ya da isti su axıntılarından təsirlənən yerlərdə isə dəri çadırlarda, ya da taxta daxmalarda yaşayırdılar. Şimal qütbündə ağac qiymətli olduğundan, eskimoslar balina və suitilərin yağından yanacaq kimi istifadə edirdilər. Uzun qış gecələrində əvvəllər yağ şamlarını, sonralar isə səyyahların gətirdiyi qaz lampalarını yandırırdılar.
Eskimoslar quruda, itlərin çəkdiyi xizəklərlə səfər edir, dənizdə isə heyvan dərisindən düzəldilən qayıqlardan istifadə edirdi. Qərbi Qrenlandiyada və məskunlaşdıqları digər bölgələrində balina ovlamaq və yükdaşıma üçün daha geniş qayıqlardan faydalanırdılar. Onlar həyata davam edə bilmək üçün, olduqları bölgənin sərt iqliminə uyğunlaşmağı bacarırdılar.
Günümüzdəki Eskimoslar
Son əsrdə eskimosların həyatında olduqca əhəmiyyətli dəyişikliklər olub. Onların məskunlaşdığı bölgələrə gələn avropalı tacirlər və missionerlər özlərilə birlikdə adət-ənənə də gətirdi. Eskimoslar ovladıqları heyvanların xəzini avropalıların gətirdiyi yeni məhsullarla mübadilə etməyə, tüfəng və taxta qayıqlar istifadə etməyə başladılar. Onlar arasında xristianlıq dinini yaymağa çalışan missionerlər eskimos dilini yazıya çevirərək xüsusi bir əlifba yaratdılar. Həmin əlifba bu gün Kanadadakı eskimos qəzetlərində də istifadə edilir.
Kanadanın şimalında yaşayan eskimosları Kanada rəhbərliyi oranın həyat şəraitinə uyğunlaşdırmağa çalışır. Avropalıların təsiriylə adət-ənənəsinin çoxunu itirən eskimosların bəziləri bu gün müasir mebel və vəsaitlərlə təchiz olunan evlərdə yaşayır, itlərin çəkdiyi xizəklərin əvəzinə motorlu xizəklərdən istifadə edirlər. Təkcə yemək üçün ov edir, heyvan xəzləri yerinə hazır geyimlər geyinirlər. Bütün bunları almaq üçün pula ehtiyac duyan eskimoslar, əvvəlki kimi balıqçılıq, ovçuluq etmək əvəzinə neftayrma zavodlarında və mədənlərdə çalışırlar.
Eskimosların milli özünüdərk axtarışı
Buna baxmayaraq, Qrenlandiya və Labradorda yaşayan eskimosların arasında treska balığı, suiti və morj ovçuluğu hələ də davam edir. Şimali Alyaskada yaşayan eskimoslar 54 tonluq balinaları ovlamaqla məşhurdurlar. Avropalıların gətirdiyi yeni həyat şəraitinə və şəhərlərə uyğunlaşa bilməyən eskimoslar arasında içki asılılığının getdikcə artdığı müşahidə edilir. Avropalılarla qurulan əlaqələr, qızılca və qrip kimi yoluxucu və ölümcül xəstəlikləri də özü ilə gətirdi. Bütün mənfiliklərə baxmayaraq, eskimoslar öz adət-ənənələrini qorumağa çalışır.
Avropa dillərindən çox fərqli olan eskimos dili bir çox yerli ləhcəni özündə birləşdirir. Ona görə ayrı-ayrı yerlərdə eskimoslar bir-birlərini anlamaqda çətinlik çəkir. Avropalılarla olan əlaqələr eskimos dilinə Avropa dillərindən bir çox yeni sözün girməsinə səbəb olub.
Uşaqlarını Avropa dillərində təhsil verən məktəblərə göndərməklə bərabər, eskimoslar milli özünəməxsusluqlarını qorumaq üçün dillərinin istifadə edilməsində israr edirlər. Adət-ənənələrini qorumaq eskimoslar üçün əhəmiyyətlidir. Bu səbəblə oğlanlara, bu gün də ovçuluq, qonaq qalması üçün istifadə edilən köhnə eskimos evlərini necə düzəldildiyini, ovlanacaq heyvanın necə vərdişləri olduğunu öyrədirlər. Qızlara isə heyvan xəzindən geyim tikməyi və toxuculuq aşılanır.
Eskimoslar necə yaşayırdı?
“Eskimos” bir çox cəmiyyətlərin obalar formasında birləşərək Kanadadan Alyaskaya, Qrenlandiyadan Şimali Asiyaya və Şimal qütbünün hər tərəfinə yayılan, fiziki görünüşü, dilləri, mifologiyaları, sənətləri, istehsal vasitələri və əlaqələri baxımından böyük bənzərlikləri olan qəbilələrin ümumi adıdır. Bəzi eskimos qəbilələrində “eskimos” termini mələk mənasını ifadə edir.
Eskimoslar 12 min il əvvələ qədər hökm sürmüş yığıcılıq və ovçuluğun yaxın zamanlara qədər qaldığı nümunələrdən biridir. Onların dolanışıqları demək olar ki, ancaq dənizə, dəniz məməlilərinə bağlıdır. Yaxın keçmişə qədər meşə məhsullarından faydalanmayan tək yığıcı-ovçu xalq onlar idi. Bəzi eskimos cəmiyyətlərində qadınlar ayı və suitinin ovuna qatılırdı. Bununla belə ovçuluq əsl kişi işidir.
Eskimoslarda obalararası ziyarət hədiyyələşmə şənliyi kimidir. Hədiyyə vermək, həmin adamı qohum səviyyəsinə yüksəldir. Karibou eskimosları hədiyyə verib-aldıqları adamlara qohum olmasalar belə «qardaş (bacı) oğlu» deyirlər. Oba içərisində ən geniş yayılmış ailə bütün obaya rəhbərlik edir.