Ümit Yaşar Oğuzcan adlı türk şairi var. Ölümündən 30 ildən çox keçsə də, hələ də sevilir, şeirləri oxunur, sözlərinə bəstələnmiş bəstələr müğənnilərin repertuarını bəzəyir.
Üslubu, texnikası köhnəlsə də Oğuzcan hələ də populyardır, yazdığı şeirlərə bəstələnən mahnılar kədərli olsa da, dinlənilir. Şeirlərindən boy göstərən ruh halı, melanxoliyası, çarəsizliyi, mənə doğma olan tək-tük şairlərdəndir. Mən dünyaya göz açdığım il, dünyasını dəyişib. Maraqlı təsadüfdür...
Cəmi 58 il yaşasa da, özündən sonra böyük ədəbi irs qalıb. Bir zamanlar kitablarının satışı milyon tirajı keçib.
Ümit Yaşar Oğuzcan 1926-cı ildə Tarsusda doğulub, Konya Hərbi Liseyini, daha sonra Əskişəhər Ticarət Liseyini bitirib və Osmanlı Bankında çalışmağa başlayır. 1953-cü ildə Niğde İş Bankında mühasibliyə keçən şairi 1954-cü ildə Ankara İş Bankının müdiri təyin edirlər.
Şair təqaüd yaşınacan İş bankında çalışıb. 1977-ci ildə, təqaüdə çıxdıqdan sonra öz adını daşıyan incəsənət qalereyasını qurub, bir çox xarici ölkələri gəzib və 1984-cü ildə vəfat edib. 58 illik ömrünə 50 kitab, mahnı sözləri, şeir albomları sığdıra bilib. Türk oxucusu Ümit Yaşarı sevgi və ölüm şairi kimi tanıyır.
Şair oğulun sitəmi...
Əslən mersinli olan Ümit Yaşar Oğuzcanın atası Lütfü Oğuzcan da şair olub. Oğluna şeirin incəliklərini öyrədən, şeiri sevdirən ilk insan idi. Həm ata, həm də oğul Oğuzcan Faruk Nafız Çamlıbel heyranı idilər. Lütfü Oğuzcan oğlunun taleyindən həmişə narahat, həmişə nigaran idi. Hələ 16 yaşında qəzetdə çap olunan şeirləri ilə atasını sevindirən Ümit Yaşar Oğuzcan özünün etiraf etdiyinə görə üç dəfə, şahidlərin dediyinə görə isə 24 dəfə intihara cəhd edibmiş. Oğlunun tez-tez intihara cəhd etməsi kövrək və duyğusal şair olan atasını çox incidirdi. Elə oğluna yazdığı şeirdən də bunu hiss etmək mümkündür:
Bax, dünya gözəldir, bu sitəm niyə
Etdim mən adımı sənə hədiyyə.
Xoşbəxtəm ey oğul atanam deyə
Salma əzabınla cəzaya məni.
24 dəfə intihara cəhd etdiyi üçün atası şair Lütfü Oğuzcan ondan daima nigaran idi. Şair ata təkcə oğluna görə yox, həm də atasının intihar cəhdləri haqqında xəbərləri eşidən nəvəsi Vedata görə narahat edirdi. Atasının hərəkətləri kiçik yaşlı Vedata çox pis nümunə olurdu. Şeirləri dillərdə dolaşan şairin bu davranışları ailə həyatına da çox pis təsir edirdi. Şeirləri oxunsa da, şairin şəxsi həyatı darmadağın idi. Onun intihara meylli olması atasını da, oğlunu da incidirdi. Erol Günaydın Ümit Yaşar haqqında yazdığı avtobioqrafik kitabında qeyd edir:“Biz artıq Ümit Yaşarı Kenter Teatrının kulisindən təcili yardım xəstəxanasına aparmağa alışmışdıq...”
Oğlu Vedat böyüdükcə atasının hərəkətləri, ruh halı onu içinə qapanıq, adamayovuşmaz edirdi. Vedat susqun, adamayovuşmaz bir insan kimi böyüyürdü.
“...İntiharı belə edərlər!”
İl 1973.
Ümit Yaşar Oğuzcan 47, oğlu Vedat 17 yaşındadır.
Atasının uğursuz intihar cəhdlərinin təsirində olan 17 yaşlı Vedat Qalata qülləsinə çıxmamış bir fincan qəhvə və bir qədəh konyak sifariş verir. Əlindəki məktuba son dəfə baxıb qüllədən özünü ataraq intihar edir. Cəsədini yerdən qaldıran yaxınları ovcunda sıxdığı kağızın, atası şair Ümit Yaşar Oğuzcana yazdığı məktub olduğunu başa düşürlər. Vedat atasına cəmi bir cümləlik vida məktubu yazmışdı: “Ata, intiharı elə etmirlər, belə edirlər!”...
Vedatın intiharı şairi o qədər sarsıdır ki, oğlunun ölümünə bir neçə şeir yazır, ömrünün sonuna qədər özünü bu ölümdə günahkar bilir. Oğlunun intiharından sonra atası Lütfü bəy də çox yaşamır və nəvəsi Vedatdan 2 il sonra əbədi olaraq gözlərini yumur...
Sonrakı peşmanlıq...
Şair yaşadıqlarından sonra sanki silkələnir, intiharın sadəcə özünə kəsdiyi bir cəza deyil, yaxınlarına, doğmalarına veriləcək bir cəza olduğunu anlayır. Amma “Sonrakı peşmanlığın faydası yoxdur”, deyirlər. Ümit Yaşar nə qədər üzülsə də, əzab çəksə də, özünü günahkar bilsə də gedənləri geri qaytarmaq mümkün deyildi. Oğlundan sonra yaşadığı əzablı 11 il içində şair yazmağa davam etsə də, bir daha intihara cəhd etmədiyini deyirlər. Daima fikirli dolaşan şairin intihara cəhdləri əzablı xatirələrə çevrilir.
“Qalata qülləsi”, “Oğluma ağı” adlı şeirlərində Ümit Yaşar Oğuzcanın peşmanlığını, oğluna olan sonsuz sevgisini, çarəsiz kədərini hiss etmək mümkündür. Oğlunun ölümündən az sonra yazdığı “Qalata qülləsi” şeiri isə şairin ruh halına güzgü tutur:
“Pırıl pırıl bir yaz günüydü
Aydınlıktı, güzeldi dünya
Bir adam düştü o gün Galata Kulesinden
Kendini bir anda bıraktı boşluğa
Ömrünün baharında
Bütün umutlarıyla birlikte
Paramparça oldu
Bir adam düştü Galata Kulesinden
Bu adam benim oğlumdu...”