Nəriman Nərimanov millətçi idimi? ARAŞDIRMA

Nəriman Nərimanov millətçi idimi? ARAŞDIRMA
5 iyun 2015
# 11:10

Elmi kommunizm nəzəriyyəsinin bütün mahiyyəti və ruhu tələb edir ki, onun hər bir müddəasına, hər bir prinsipinə konkret zaman və məkan parametrləri çərçivəsində yanaşılsın. Nərimanov bu mövqeni aydın dərk edir və gələcək inqilabın proqramını bu amildən çıxış edərək formalaşdırmağa çalışırdı. Aprel sosialist inqilabının rəhbəri və ideoloqu kimi Nərimanov hələ mühacirətdəykən sosializmin Şərq modelinin əsas müddəalarını və təməl prinsiplərini işləyib hazırlamışdı.

Nərimanov Azərbaycanda gözlənilən inqilabın hökmən yerli şərait nəzərə alınaraq, Şərqin əxlaq və düşüncə tərziylə hesablaşaraq həyata keçirilməsini olduqca vacib sayırdı, elə buna görə də bu model bir çox elmi-siyasi ədəbiyyatlarda «nərimançılıq» kimi xarakterizə olunmaqda və adlandırılmaqdadır. Aprel sosialist inqilabına həsr edilən bu kitabda «nərimançılığa» kommunist münasibətinin ortaya qoyulması son dərəcə zəruridir. O səbəbdən ki, indiyə kimi kommunistlər «nərimançılığa» heç bir münasibət bildirməmişdirlər. Nəticədə bu boşluqdan məharətlə yararlanan bəzi dairələr sözügedən mövzunu öz çirkin məqsədləri üçün istismar və istifadə etməyə cəhd göstərmiş, bu gün də göstərməkdə davam edirlər. Bu səbəbdən də «nərimançılığa» marksist yanaşma olduqca vacibdir. Beləliklə, «nərimançılıq» nədir;–millətçilikdirmi və ya elmi kommunizm nəzəriyyəsinə zidd orijinal təlimdirmi, yoxsa bu deyilənlərin tam əksi olaraq marksist fəlsəfənin sadəcə uğurlu şərhidirmi?

Məmməd Səid Ordubadiyə görə «nərimançılıq» millətçi, marksizmdən fərqli orijinal təlimdir. Burada məlumat üçün onu da deyək ki, Ordubadi Nərimanovun yaxın dostu və mübarizə yoldaşı olub. Ordubadi 1920-ci ildə Nərimanovla görüşdükdən sonra təəssüratlarını belə qələmə alırdı: «…nərimançılığı bir nəzəriyyə olaraq təhlil etdiyimiz zaman, millətçiliyin qarmaqarışıq və mürəkkəb bir şəkli olduğunu görə bilərik. Nərimançılıq bir xülyadan ibarət olsa belə, o özlüyündə çox qərib bir nəzəriyyə idi». Müsavat rəhbərlərindən olmuş Mirzə Bala Məmmədzadə 1924-cü ildə İstanbulda çap etdirdiyi «Azərbaycanda vəziyyət» adlı məqaləsində «nərimançılıqla» bağlı demək olar ki, eyni mövqedən çıxış edirdi. Mirzə Bala yazırdı: «Nərimanov millətçidir. Hər halda nəzəriyyəsi kommunizmə uyğun deyildir». Görəsən nərimançılıqda kommunizmə uyğun gəlməyən nə idi? Ümumiyyətlə belə bir uyğunsuzluqdan danışmaq üçün əsas varmı?

Bunun üçün biz hökmən Nərimanovun Azərbaycanda sosializmə keçidlə bağlı irəli sürdüyü əsas müddəalara nəzər salmalıyıq. Nərimanov öz modelinin iki əsas postulatını belə ümumiləşdirirdi: «Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli, yerli şəraitlə hesablaşmalı, müstəqil, nümunəvi Sovet Respublikası yaratmalıyıq… İri sənaye müəssisələrini ələ keçirərək. Kiçiklərə toxunmamaq və ticarətə icazə vermək. O zaman mən axırıncı bəndin Ümumrusiya miqyasında da həyata keçirilməsini hələ cəsarətsiz təklif edirdim. Mən hələ o zaman qəti əmin idim ki, biz buna gəlib çıxacağıq… Yola düşməzdən qabaq yol. Lenin məni qəbul etdi və yuxarıda göstərilmiş layihəmi bəyəndi, xeyir-dua verdi» (N.Nərimanov, Seçilmiş əsərləri, səh.418-419).

Sual olunur, görəsən M.S.Ordubadi, Mirzə Bala Məmmədzadə və digərləri Nərimanovun bu dediklərində nəyin elmi kommunizm nəzəriyyəsiylə ziddiyyət təşkil etdiyini düşünürdülər? Məgər «yerli şəraitlə hesablaşmalıyıq» demək millətçilikdi, kommunizm nəzəriyyəsinə qarşı çıxmaqdır? Yox, cənablar, səhviniz var. Nərimançılığın iki ən mühüm müddəasından biri və birincisi olan «yerli şəraitlə hesablaşmalıyıq» fikri nəinki marksist nəzəriyyəyə zidd deyildir, tam əksinə, K.Marksın dediklərinin eynən təkrarıdır.

Belə ki, hələ 1872-ci ildə Marks Amsterdamda (Hollandiya) söylədiyi nitqdə deyirdi: «Biz bilirik ki, müxtəlif ölkələrin təsisatları, əxlaq adətləri və ənənələri ilə hesablaşmaq lazımdır». Bununla da Marks mübarizənin forma və metodlarını seçərkən hər bir ölkənin konkret tarixi şəraitini, əxlaq və ənənələrini, yerli xüsusiyyətlərini nəzərə almağı və bu amillərlə hesablaşmağı son dərəcə zəruri hesab edirdi. Məhz bu baxımdan Nərimanovun dedikləri Marksın fikirlərinin eynən təkrarı və Azərbaycan, Şərq mühitinə tətbiqi demək idi.

Marksın, Nərimanovun mövqeyiylə yüzdə-yüz üst-üstə düşən fikirlərə Leninin məktublarında da şahid oluruq. Belə ki, 1921-ci ildə Lenin gürcü kommunistlərinə yazırdı: «Gürcüstanın həm daxili, həm də beynəlxalq vəziyyəti gürcü kommunistlərindən rus şablonunu tətbiq etməyi deyil, bacarıqla və çevik hərəkət edərək hər cür xırda burjua ünsürlərinə daha artıq güzəşt edilməsinə əsaslanan xüsusi taktika yaratmağı tələb edir» (V.İ.Lenin, əsərləri, cild 42, səh.409).

Buradan da göründüyü kimi Marksla, Nərimanovla tam eyniyyət təşkil edən bir mövqe Lenində də var idi. Bu hər üç mütəfəkkirin hər biri hesab edirdi ki, sosializmə keçid hər bir ölkədə hökmən onun yerli xüsusiyyətləri nəzərə alınmaqla baş verməlidir. Belə olan halda bəzi tədqiqatçıların «nərimançılığı» kommunizmə zidd, orijinal millətçi təlim kimi qələmə verməsi nə dərəcədə düzgün məntiqə əsaslanır, bu yanlış mövqedən olduqca absurd belə bir nəticə hasil olmurmu ki, sən demə K.Marks da «nərimançı», millətçi və anti-kommunist imiş?

Əlbəttə, marksizmi yaxşı bilməyəndə bu tip üzqızardıcı səhvlər qaçılmaz olur. İndi isə keçək şərti olaraq «nərimançılıq» kimi xarakterizə olunan modelin ikinci prinsipinin təhlilinə. Bir az əvvəldə də qeyd etmişdik ki, Nərimanova görə «iri sənaye müəssisələrini ələ keçirərək, kiçiklərə toxunmamaq və ticarətə icazə vermək» lazımdır. M.S.Ordubadi Nərimanovun bu mövqeyindən olduqca yanlış nəticə çıxarır və iddia edir ki, guya Nərimanov bununla marksizmin sinfi mübarizə taktikasından imtina etmiş olurdu. Ordubadi bu barədə belə yazırdı: «Nərimançılıq eyni zamanda siniflərin təsviyyə etmək məsələsini kommunizm ilə burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi… Nərimançılıq sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi».

Təbii ki, M.S.Ordubadinin bu cür yanılmasına səbəb yenə də onun marksizmi lazımi səviyyədə bilməməsindən qaynaqlanırdı. Əks təqdirdə Ordubadi bilməliydi ki, sinfi mübarizə təliminin ən tanınmış nümayəndəsi Karl Marks da bir çox hallarda müsadirənin əleyhdarı olmuşdur, amma bu heç də Marksın sinfi mübarizə nəzəriyyəsindən imtina etməsi kimi qiymətləndirilməmişdir. Engels bu barədə yazırdı: «Biz heç də hesab etmirik ki, heç bir şəraitdə bunun əvəzi (kapitalistlərdən müsadirə olunan mülkiyyətin əvəzinin pulla ödənilməsi nəzərdə tutulur-red.) verilə bilməz; Marks özünün belə bir fikrini mənə (həm də çox tez-tez!) bildirirdi ki, biz bütün bu quldurlar dəstəsindən əvəz verməklə yaxamızı qurtarsaq, bu bizim üçün ən ucuz başa gələr» (K.Marks, F.Engels, Seçilmiş əsərləri, cild 2, səh.443, Bakı-1953).

Deyilənlərdən də aydın surətdə başa düşülür ki, Marks kapitalizmdən sosializmə keçid zamanı burjuaziyanın əmlakının dövlət tərəfindən pulla satın alınması variantını heç də istisna etmirdi. Məgər Marks bunu deməklə sinfi mübarizə təlimindən imtina etmiş olurdu? Əlbəttə ki, yox.

Engels yazırdı: «Partiyamız dövlət hakimiyyətini ələ aldıqda, dərhal sənaye fabrikantları kimi iri torpaq sahiblərini də sadəcə mülkiyyətdən məhrum etməli olacağıq. Onları mülkiyyətdən məhrum edərkən bunun əvəzinin (pulla-red.) verilib-verilməyəcəyi… Bizim hakimiyyət başına gələcəyimiz şəraitdən, həmçinin və xüsusilə də cənab iri torpaq sahiblərinin öz hərəkətlərindən asılı olacaqdır» (yenə orada, səh.443).

Burada diqqət yetiriləcək əsas məqam ondan ibarətdir ki, Engels müsadirə haqqında danışanda ancaq fabrikantların, yəni iri sənaye burjuaziyasının və iri torpaq sahiblərinin adını çəkir, xırda burjuaziya və kiçik torpaq sahiblərinə isə toxunmur. Bunun əsas səbəbi odur ki, marksizmə görə kiçik sahibkarlıq təbiətən ölümə məhkumdur, onsuz da rəqabət nəticəsində iri istehsal kiçik istehsalı udacaq. Ona görə də əsas məqsəd iri kapitalist istehsalın müsadirəsidir, xırda istehsal isə onsuzda iri istehsalla rəqabətdə tədricən sıradan çıxacaqdır. Ona görə də elmi kommunizmin baniləri kiçik istehsalın müsadirəsinə lüzum görmürdü. Eyni mövqe Nərimanovun fikirlərində də öz əksini tapırdı. O yazırdı: «Müsadirəni çox ehtiyatla aparmaq lazımdır, yəni o, iri burjuaziyaya aid olmalıdır. Orta sinfi əsəbiləşdirmək lazım deyil» və Nərimanov bunu heç də əbədi qanun hesab etmirdi.

Nərimanova görə bu hal ölkədə ərzaq bolluğu yaradılana kimi davam etməlidir, sonra isə orta və xırda sahibkarlıq və ticarət tədricən dövlətin əlində təmərküzləşməlidir. Yəni Nərimanovun ilkin vaxtlarda orta və kiçik burjuaziyaya güzəştə getməsi heç də onun xırda burjua mülkiyyətinin tərəfdarı olması demək deyil, əksinə, narazılıqları səngitmək üçün nəzərdə tutulmuş müvəqqəti taktiki gediş idi.

Lenin də eynən Nərimanovun təklif etdiyi variantı müdafiə edirdi. O yazırdı: «…Proletar dövləti kollektiv əkinçiliyə yalnız çox böyük bir ehtiyatla və yavaş-yavaş, …orta kəndlilər üzərində heç bir zorakılığa yol vermədən keçməlidir… Lakin hətta iri kəndlilərin də əmlakdan məhrum edilməsi qalib gəlmiş proletariatın bilavasitə vəzifəsi ola bilməz, çünki bu cür təsərrüfatların ictimailəşdirilməsi üçün hələ maddi şərait, xüsusilə də texniki şərait, habelə sosial şərait yoxdur» (cild 41, səh.190). Təkcə aqrar sahədəmi, yox, xalq təsərrüfatının bütün sahələrində. Lenin sonralar açıq etiraf edirdi ki, biz inqilabın ilk vaxtlarında lüzumsuz tələskənliyə yol vermişik və müsadirə işinə həddindən çox aludə olmuşuq. Lenin bunları deyərkən heç də sinfi mübarizə təlimindən və kommunizm prinsiplərindən imtina etmirdi. Sadəcə şəraitə uyğun mübarizə taktikasının işlənib hazırlanmasını zəruri hesab edirdi.

Eyni sözləri Nərimanov haqqında da demək olar. Əgər Nərimanov sinfi mübarizəni siniflərin barışdırılması ideyasıynan əvəz etmiş olsaydı, onda inqilabın rəhbəri iri kapitalistlərin əmlakının müsadirəsinə tərəfdar olmazdı. O ki qaldı xırda burjuaziyaya toxunmamaq barədə çağırışına və ticarətə icazə verməklə bağlı çıxışlarına, bu real şəraitə uyğun atılmış çox düzgün addım idi. Çünki Nərimanov 1917-20-ci illərdə Rusiyanın birbaşa kommunizm qaydasında istehsal və bölgü işinə keçməsinin hansı sosial fəlakətlərə gətirib çıxardığını yaxşı görürdü.

Məhz Leninin Yeni İqtisadi Siyasətə (YİS) keçid xətti belə bir zərurətdən doğmuşdu. Bu halın baş verəcəyini Nərimanov hətta Lenindən əvvəl görə bilmişdi və bu səbəbdən də «biz Rusiyada buraxılan səhvləri təkrarlamamalı, yerli şəraitlə hesablaşmalıyıq. Müstəqil, Nümunəvi, Sovet Azərbaycanı qurmalıyıq» deyirdi.

Lenin Nərimanovun bu mövqeyiylə tamamilə razıydı və bu razılığını 1920-ci ilin aprelindəki görüşlərində də vurğulamışdı, bir il sonra 1921-ci il 14 aprel tarixli «Azərbaycan, Gürcüstan, Ermənistan, Dağıstan Dağlılar Respublikalarındakı kommunist yoldaşlara» məktubunda da israrla qeyd edirdi. Lenin Qafqazlı kommunistlərə yazırdı: «bizim taktikamızı eynilə təqlid etmək deyil, bu taktikanın xüsusiyyətinin səbəbləri, şəraiti və yekunları üzərində müstəqil düşünmək öz ölkənizdə 1917-21-ci illərin təcrübəsinin formasını deyil, ruhunu, mənasını, dərslərini tətbiq etmək lazımdır» (V.İ.Lenin, əsərləri, cild 43, səh.216).

Bu məktubdan da göründüyü kimi Lenin Sovet Respublikalarının rəhbərlərinə, kommunistlərə rus şablonunu eynilə təlqin etməyi yox, əksinə, 1917-21-ci illər Rusiya təcrübəsindən hasil olunan dərsləri tətbiq etməyi məsləhət bilirdi. Məhz Nərimanov Lominadzeylə məşhur mübahisəsində Leninin ifadə etdiyi bu mövqenin tərəfdarı qismində çıxış edirdi, Lominadze isə əksinə, Leninin ziddinə olaraq «rus şablonunu» Azərbaycanda da eynən tətbiq olunmasını zəruri sayırdı və Lominadze bu «ideoloji əclaflığı» Leninin məlum məktubundan bir ay sonra, 1921-ci ilin mayında Azərbaycanın I Sovetlər qurultayında edirdi. Nərimanov Lominadzeylə olan mübahisəsini sonralar belə xatırlayırdı: «Beləliklə Lominadze çıxışına başlayaraq beyir: «…Azərbaycan kəndlərində inqilab baş verməmişdir, bu inqilabı etmək zəruridir, yəni bütün bəy malikanələrini yandırmaq və bununla da kəndlilərə inqilabın baş verdiyini hiss etmək imkanı vermək»… suala mən elə sualla da cavab verdim: «Nə üçün yol. Lominadze məhz bu yolla Azərbaycan kəndlərində inqilab etmək istəyir». O mənə eynilə belə cavab verdi: «Çünki Rusiyada belə edilmişdir». Mən buna etiraz etdim ki, Rusiyada bu mülkədarları yuvalarından qovmaq məqsədilə edilmişdi, lakin Azərbaycanda bəy və mülkədarların yuvaları çoxdan boşdur, çünki bu yuvaların sahibləri çevrilişin elə birinci günü qaçmışdırlar. Kasıb kəndliyə yaxşı olmazmı ki, deyək o, bəyin malikanəsinə köçsün, çünki indi o bu malikanənin sahibidir. Mənim fikrimcə bu daha yaxşı təsəvvür oyadar və malikanələr salamat qalar» (N.Nərimanov, seçilmiş əsərləri, səh.425). Nərimanovun bu mübahisə əsasında tutduğu mövqeni biz K.Marksın, F.Engelsin, Leninin əsərlərində də görə bilərik, necə ki, bu hər üç mütəfəkkirdən indiyə qədər gətirdiyimiz iqtibaslar bunu sübut edir, amma Lominadzenin ifadə etdiyi mövqenin əsasını biz nə Marksın, nə Engelsin, nə də Leninin əsərlərində qətiyyən görə bilmərik, çünki bu mövqe marksizmin bütövlükdə ruhuna ziddir.

M.S.Ordubadi Nərimanovun millətçi olmasını əsaslandırmaq üçün onun öz aralarında söhbətləşərkən işlətdiyi bəzi fikirlərindən iqtibas gətirir: «Dünyada bir əqidənin hakim olması milliyyətin orijinallığını itirməsi deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət üzərində böyük bir təsiri ola bilər» (1920-ci il). Əvvəla qeyd edək ki, Nərimanov heç bir əsərində, yazısında, çıxışında və şəxsi yazışmalarında heç vaxt belə bir fikir işlətməyib, bu ancaq Ordubadinin iddiasıdır, hansı ki, Nərimanovun digər fikirləriylə ziddiyyət təşkil edir. Həm də mən onun ancaq rəsmi dövlət yazışmalarını, rəsmi tədbirlərdə söylədiyi fikirləri nəzərdə tutmuram. Çünki o, diplomatiya gərəyincə bu fikirlərində yetərincə səmimi və açıq olmaya bilərdi.

Mən elə yazıları nəzərdə tuturam ki, bu onun öz oğlu Nəcəfə vəsiyyətiydi və olduqca səmimi notlar üzərində qələmə alınmışdır. Beləliklə 1925-ci il yanvarın 28-də Nərimanov ölümündən cəmi 45 gün əvvəl oğlu Nəcəfə vəsiyyət xarakterli məktubunda yazırdı: «…millətlərarası mənasız didişmələr, buradan irəli gələn iztirablar; qanlar, göz yaşları, yoxsulluq… mənə rahatlıq verməyib… Qəlbim narahat idi, istəyir və çalışırdım ki, bəşəriyyətə nəsə bir fayda verim… Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayam ki, (həmən an Nəcəfin 5 yaşı vardı-red) bəşəriyyət üçün daha çox iş görəsən… məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada ümidvaram ki, sən gördüyüm işləri davam etdirib başa çatdıracaqsan» (N.Nərimanov, seçilmiş əsərləri, səh.468). Heç bir millətçi övladına belə vəsiyyət etməz. Ümumiyyətlə millətçilərin leksikonunda «bəşəriyyət», «bəşəriyyət üçün çalışmalı» kimi söz və ifadələrə yer yoxdur. Ancaq və ancaq beynəlmiləlçi kommunist mütəfəkkir, Karl Marksın «bəşəriyyət üçün çalışmalı» devizini özünə həyat idealı seçmiş bir bəşəri düha öz övladına belə vəsiyyət edə bilərdi.

«Millətçilik» əslində Nərimanov kimi bəşəri dühalara dar bir qəlibdir, hansı ki, bəziləri israrlı bir surətdə onu bu dar çərçivəyə həbs etmək və bununla da onu olduğundan qat-qat kiçik göstərmək istəyirlər. Nərimanovu guya bir neçə milyonluq Qafqaz müsəlmanının hüquq müdafiəçisi səviyyəsinə endirmək istəyənlər bilməlidirlər ki, kommunist Nəriman 2 milyonluq Azərbaycanın siyasi rəhbəri olsa da, milyardlarla insanın yaşadığı qullar dünyasının ideoloji rəhbəri, sözün əsl mənasında bəşəri dühadır.

Əgər biz Nərimanovu dünyaya qlobal miqyaslı fikir, ideya rəhbəri kimi tanıda bilməmişiksə, bu Nərimanın yox, bizim kiçikliyimizdir. Nərimanov öz millətini sevirdimi? Əlbəttə sevirdi, həmdə «Ana dilimi sevirəm, çünki anamı sevirəm» deyəcək qədər. Amma bu millətçilik demək idimi? Xeyr. Nərimanov millətlərin azad və bərabər inkişafına inanan beynəlmləlçiydi. Elə beynəlmləl sözünün də mənası millətlərin bərabərliyi deməkdir. O qüvvələr ki, Nərimanova millətçi damğası vurub siyasi səhnədən kənarlaşdırmaq istəyirdilər və özlərini «sol», «beynəlmləlçi» adlandırırdılar, Nəriman məhz onlara qarşı mübarizə aparırdı. Nərimanov Mirzoyanların, Mikoyanların uydurduğu və azərbaycanlılar da daxil olmaqla digər müsəlman xalqların velikorusçuluq içərisində əridib yox edilməsini nəzərdə tutan qondarma, cılız siyasi maraqlara xidmət edən psevdobeynəlmləlçiliyə qarşı mübarizə aparırdı, hansı ki, elmi kommunizm nəzəriyyəsinin banisi K.Marks da həmişə böyük xalqların şovinizminə xidmət edən bu tip qondarma beynəlmiləlçiliyi tənqid atəşinə tutmuşdur. Belə ki, 1866-cı il iyunun 19-da keçirilən iclasda Fransa sosialist hərəkatının rəhbərlərindən Pol Lafarq (həmçinin Marksın kürəkəni idi) milli məsələni köhnəlmiş xurafat hesab etmiş və artıq milli bölgülərin əhəmiyyətsiz və vaxtı keçmiş mövhumat olduğunu söyləməsinə Karl Marks tənqidi münasibət bildirmiş və Lafarqı fransız şovinizminə yuvarlanmaqda ittiham etmişdir. Marks Lafarqın bu yanaşmasını rədd edərək demişdir: «O özü də düşünmədən millətləri inkar etmək istəyərkən… bunları nümunəvi fransız millətinin öz içərisinə alıb həzm etməsini nəzərdə tutur» (K.Marks, əsərləri, cild 31, səh.193). Marksa görə bu beynəlmiləlçilik deyil, şovinizmdir. Məhz Nərimanovun da sözügedən məsələlərə münasibəti eynən K.Marksın fikirləriylə üst-üstə düşürdü.

Nərimanov da kiçik xalqların, o cümlədən Azərbaycan xalqının «böyük» rus xalqı içində əridilib yox edilməsi planını beynəlmiləlçilik yox, velikorus şovinizmi adlandırırdı. K.Marksa və N.Nərimanova görə beynəlmiləlçilik xalqların hansısa bir böyük xalq tərəfindən udulub yox edilməsi deyil, əksinə, bütün xalqların, həm də ən kiçik xalqların belə inkişaf etdirilərək mədəni xalqlar səviyyəsinə qalxmasını, xalqların bərabər və azad inkişafını nəzərdə tutan ülvi bir təlimdir. Lakin o şəxslər ki, adlarını «beynəlmiləlçi», «sol» qrup qoyduqları halda məktəblərdə «rus dili dərslərinin sayının türk dili dərslərinin azaldılması hesabına» artırılması haqqında hay-küy qoparırdılar və bunu əhalinin 90%-nin azərbaycanlı olduğu bir ölkədə edirdilər, Nərimanov onları velikorusçu şovinistlər adlandırırdı və bildirirdi ki: «Ucqarlarda milli təmayül Mərkəzin özü və ya onun işçiləri tərəfindən yaradılır. Yerli mənafeyin müdafiəsi Mərkəz müvəkkillərinin dilində milli təmayül, lakin ucqar Respublikaların zərərinə Sovet Rusiyasının müdafiəsi həmən dildə beynəlmləl akt adlandırılır» (N.Nərimanov, seçilmiş əsərləri, səh.441). Məhz bu gün Nərimanovu millətçi kimi qələmə verməyə çalışanlar əslində özləri də bilmədən Sərkisin, Mirzoyanın yolunun davamçıları qismində çıxış edənlərdi. Nərimanovun beynəlmiləlçi kommunist olmasına isə qətiyyən şübhə ola bilməz. M.S.Ordubadinin iddia etməsi ki, guya Nərimanov dünyada tək ideologiyanın hakim olmasını millətlərin özünəməxsusluğu üçün təhlükə hesab edirdi, tamamilə əsassız fikirdir. Əksinə, Nərimanov ölənə kimi inanırdı ki bəşəriyyətin köləlikdən qurtuluşu kommunist ideologiyasının bütün dünyada qələbəsindən asılıdır.

Nərimanov oğlu Nəcəfə məktubunda yazırdı: «…Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur. Ümumiyyətlə, mən insanın insan tərəfindən əsarətinin əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcədə köləlikdən azad olması üçün yollar axtarmışam… Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmən sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini–yer üzərində köləliyin məhv ediləcəyini görmüşəm və görürəm» (N.Nərimanov, seçilmiş əsərləri, səh.469).

Nərimanovun bu fikirləri, yazıları bir neçə cəhətdən olduqca böyük əhəmiyyət kəsb edir. Birincisi odur ki, Nərimanov bu fikirləri ölümündən cəmi bir neçə həftə əvvəl, həm də tam səmimi duyğularla oğlu Nəcəfə vəsiyyət xarakterli məktubunda yazırdı və ölümünə çox az qalmış yer üzündə «köləliyin ləğvini bolşevik proqramında görmüşəm və görürəm» deməsi, hər şeydən əvvəl onu sübut edir ki, Nərimanov ömrünün sonuna kimi kommunist əqidəsinə sadiq qalıb və onun qələbəsinə inanıb; bu isə bəzi bədxahların guya Nərimanov inqilabdan sonra bolşevizmdən imtina etmişdir kimi böhtanlarına elə Nərimanovun özü tərəfindən ən tutarlı cavabdır. İkincisi isə Nərimanovun «…Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmin sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini;–yer üzündə köləliyin məhv ediləcəyini görmüşəm və görürəm» deməsi bir daha sübut edir ki, Nərimanov öz missiyasını bəşəriyyətin köləlikdən azad edilməsində, «yer üzündə köləliyin ləğv» edilməsində, dünya kommunist inqilabında görürdü.

Belə bir şəxsiyyəti zorla «millətçilik» qəlibinə salmaq nə dərəcədə mümkündür və nə dərəcədə ağlabatandır? Nərimanov dünya miqyasında nadir şəxsiyyətlərdəndir ki, bəşəriyyətin iztirablarını duyub bəşəri əzablarla yaşamağı bacarmışdır. Cənab millətçilər! Bu gün biz bu həqiqətləri etiraf etməklə Nərimanovu itirmirik, əksinə, onu dünyaya qazandırırıq. Üç min illik dövlətçilik tariximizi vərəqləyin, bütün dünyanı dəyişdirmək potensialına sahib ikinci bir azərbaycanlı görəcəksinizimi? Yox. Nərimanov yeganə azərbaycanlıydı ki, bütün dünyanı dəyişdirmək istəyirdi və dünya inqilabını özünün proqramına, həyat idealına çevirmişdi. O, yeganə azərbaycanlıdır ki, ideologiya sahəsində biz onu rahatlıqla və heç bir mübaliğəsiz bəşəri düha adlandıra bilərik. Əlbəttə, Nərimanov öz xalqını dərin bir məhəbbətlə sevirdi və çağdaş Azərbaycan Respublikasını qurmaqla mədəniləşmənin, sənayeləşmənin, maarif və təhsilin, dünyəviləşmənin əsasını qoymaqla xalqı qarşısında öz övladlıq borcunu layiqincə yerinə yetirdi, amma Nərimanovun etdikləri təkcə Azərbaycanla və təkcə bu etdikləriylə yekunlaşmadı.

Nərimanov çox yaxşı bilirdi ki, bir güllə bahar olmaz. Ona görə də üzünü Şərqə çevirirdi, elə bir yerə ki, dünya kommunist inqilabı üçün alışqan rolunu oynaya bilərdi; elə bir yerə ki, dünya inqilabı üçün alov bu torpaqlardan keçib gedəcəkdi. Nərimanov öz xalqının xoşbəxtliyini bəşəriyyətin xoşbəxtliyində görürdü. O, yaxşı anlayırdı ki, dünya kapitalizm sistemi qaldığı müddətcə xalqların xoşbəxtliyi bir xəyaldır. Dünya kapitalizm sisteminin bərqərar olduğu müddətcə aclıq, yoxsulluq, işsizlik, milli münaqişələr Domokl qılıncı kimi daim xalqları təhdid edəcəkdir.

Ona görə də Nərimanov dünya kommunist inqilabı üçün çalışmağı özünün proqramına, həyat amalına çevirmişdi. Bu baxımdan Nərimanovun vizionu, həyata baxış bucağı milli çərçivədən çox daha geniş üfüqə malik idi. Nərimançılıqda mübahisə yaradacaq və tədqiqatçılar arasında fikir ayrılığına səbəb olacaq bir digər məsələ dinə münasibət məsələsidir.

M.S.Ordubadi 1920-ci ildə Nərimanovun qəbulunda olarkən şahidi olduğu bir hadisəni belə nəql edir: «Gündüz saat 11-də icazə alıb doktorun qəbul salonuna getdik. O bizi olduqca gülər bir üzlə qəbul etdi. Rəsmi qəbuldan sonra doktorun əmri olmadan bizə çay gətirdilər. Bu əsnada buzovnalı molla Mirzə Əlinin görüşə gəldiyini xəbər verdilər. Doktor onun gəlməsinə icazə verdi.

O içəri girən kimi doktoru qucaqlayıb öpdü, doktor da onu çox səmimiyyətlə öpdü. Mən inqilab rəhbəriylə bir nəfər mollanın əlaqəsində olan bu qədər səmimiyyətə təəccüb etdim». Sözün açığı şəxsən mən burada Ordubadinin «təəccüb etdim» ifadəsindən başqa heç nəyə təəccüb etmədim. O səbəbdən ki, dinə qarşı mübarizə heç vaxt Kommunist Partiyasının siyasi vəzifəsi olmamışdır və marksist nəzəriyyədə də dinə qarşı təqib yolverilməz hal hesab olunur.

Belə ki, Engels blankistlərin dinə qarşı mübarizəsini kəskin surətdə tənqid etmiş və din xadimlərinin təqib olunmasını, dini təşkilatların qadağan edilməsini yolverilməz hesab etmişdir. Engels blankistlərin «…keşişlərə yer yoxdur, hər cür dini moizə, hər cür dini təşkilat qadağan edilməlidir» proqram sənədlərini tənqid edərək yazırdı: «təqib etmək–arzuolunmayan etiqadları möhkəmləndirmək üçün ən yaxşı vasitədir». Engels «Təbiətin dialektikası» əsərində qeyd edir ki, insanları maarifləndirmək, elmli təhsilli etmək lazımdır, belə olarsa, hər kəs nəyin nə olduğunu ayırd etməyi bacarar. Təqib, qadağa isə əksinə, insanlarda dini radikalizm hisslərini oyadacaqdır ki, bundan da zərərli, təhlükəli bir şey ola bilməz. Engelsə görə insanları maarifləndirmək lazımdır, qadağa, təqib isə əhalidə dinə daha da böyük maraq oyadacaq. Lenin isə Engelsin fikrini daha da inkişaf etdirərək deyirdi: «Kommunistlərin (habelə… ümumiyyətlə inqilabçıların) ən böyük, ən qorxulu səhvlərindən biri belə bir təsəvvürdən ibarətdir ki, guya inqilabı bir tək inqilabçıların əli ilə etmək mümkündür. Əksinə, hər bir ciddi inqilabi işin müvəffəqiyyəti üçün inqilabçılar… qabaqcıl sinfin yalnız avanqardı rolunu oynaya bilərlər… Avanqard, avanqard vəzifələrini yalnız o zaman yerinə yetirmiş olur ki, rəhbərlik etdiyi kütlədən ayrı düşməyib bütün kütləni həqiqətən irəli apara bilir. Kommunist olmayanlarla ən müxtəlif fəaliyyət sahələrində ittifaq bağlamadan heç bir müvəffəqiyyətli kommunizm quruculuğundan heç danışıq da ola bilməz» (V.İ.Lenin, seçilmiş əsərləri, III cild, səh.712, Bakı 1964). Bu sözləri eynən Nərimanovun mövqeyinə də aid etmək olar. Beləki Nərimanov inqilabçıların kütlədən ayrı düşməməsi üçün əhalinin dini hisslərinə hörmətlə yanaşmağı vacib sayırdı, əks təqdirdə o xəbərdarlıq edirdi ki, biz dindar kütləni, bütövlükdə isə islam Şərqini itirə bilərik. Bu baxımdan inqilabın rəhbəri Nərimanovla molla Mirzə Əlinin qucaqlaşaraq öpüşüb-görüşməsində Ordubadinin təəccüblü nəsə görməsinin heç bir əsası yoxdur. Ordubadi məgər bilmirdimi ki, Aprel inqilabını dəstəkləyənlər arasında «İttihad» partiyası kimi qatı islamçılar, millətçilər, qırmızı kəndli hərəkatının başında isə Məşədi Qədir, Məşədi Göyüş, Kərbəlayi Əsgər kimi inqilabçılar vardı. Yoxsa M.S.Ordubadi «qırmızı» mollaların varlığından xəbərsiz idi? Məgər Aprel sosialist inqilabını kommunistiylə, islamçısıyla, millətçisiylə birgə Azərbaycan xalqı etməmişdimi? Sadəcə bir faktı xatırladaq ki, Aprel inqilabı ərəfəsində Azərbaycan Kommunist Partiyasının beş min üzvü var idi, amma bir tək Qazax qəzasında bundan üç dəfə çox, 14 min silahlı kəndli qırmızı inqilaba dəstək verirdi. Muğan düzündə isə 10 min silahlı kəndli hər an Bakıya yürüş etmək üçün hazır gözləyirdi. Aprel inqilabı ərəfəsində təkcə Bakıda silahlı inqilabçıların sayı 30 minə çatırdı. Bu isə o deməkdir ki, Aprel inqilabını Kommunist Partiyasının rəhbərliyi altında kəndlisiylə, fəhləsiylə, ziyasıyla, millətçisiylə, dindarıyla birlikdə Azərbaycan xalqı etmişdi. Məhz 1920-ci ildə Nərimanovun qəbuluna gələn Buzovnalı molla Mirzə Əli də Aprel inqilabını alqışlayanlardan idi. Burada Leninin əsərlərindən bir epizod yadıma düşür. Beləki Lenindən soruşurlar ki, keşiş Kommunist Partiyasına üzv ola bilər? Lenin cavabında bildirir ki, Kommunist Partiyası heç də ateistlər klubu deyil ki, ora ancaq ateistlər üzv olsun. Əlbətdə, əgər keşiş bizim sosializm uğrunda, sosial bərabərlik uğrunda mübarizəmizi dəstəkləyirsə, onun Kommunist Partiyasına üzv olmasına maneə üçün heç bir səbəb yoxdur, üzv ola bilər. Lenin bildirirdi ki, əgər biz Kommunist Partiyasına ancaq ateistləri qəbul etsək, onda çox böyük səhvə yol verərik, beləki dindar kütləni itirmiş olarıq. Bu baxımdan Lenin hətta keşişlərin də Kommunist Partiyasına üzv olmasını dəstəkləyirdi. Bu mövqeyə qarşı çıxanları isə marksizmi eybəcərləşdirməkdə ittiham edirdi. Hətta Latın Amerikasında mübarizə aparan inqilabi-kommunist təşkilatlardan birinin üzvlərinin tamamilə keşişlərdən ibarət olması faktı da məlumdur. Nərimanov çox haqlı olaraq vurğulayırdı ki, dinə qarşı mübarizə bizə Şərq siyasətimizdə çətinliklərdən başqa heç nə verməyəcək və hadisələrin gedişatı onun haqlı olduğunu sübut etdi. Beləki Aprel inqilabında kommunistləri dəstəkləmiş islamçılar, millətçilər, dindar kütlə inqilabdan sonra baş vermiş bir sıra eydəcər hallara qarşı biganə qalmadılar. Nərimanov bu barədə yazırdı: «Müsəlman fəhlə və kəndlilər ən yaxşı halda partiyadan çıxmağa cəhd edir, bəd ayaqda müsavatçılar və ittihadçıların təsiri altına düşürlər».

Nərimanov bu baş verənlərə görə Sərkisin, Mirzoyanın, Mikoyanın başını çəkdikləri «mərkəzçi» qrupları günahlandırır və açıqca bildirirdi ki, bu daşnak xislətlilərin arxasında Serqo və Stalin dayanır. Sonra Nərimanov Sərkisin rəhbərliyi ilə keçirilmiş bəzi üzdəniraq müsadirələrin müsəlman Şərqində necə mənfi rezonans doğurduğunu xatırlayaraq yazırdı: «Bu müsadirə haqqında fars və türk qəzetləri yazmağa başladı və onlar qeyd edirdilər ki, bolşeviklər müsəlman qadınlardan zorla tumanlarını (yubkalarını) alıb əldən-ələ ötürürdülər (bu isə qadının namusuna toxunmaq idi) və s.» (N.Nərimanov, seçilmiş əsərləri, səh.432). Əlbəttə, Nərimanov müsadirələrin əleyhinə deyildi, amma bu müsadirələrin xalqın mənafeyinə uyğun şəkildə, müsəlman mentalitetinə yaraşacaq bir şəkildə, ədəb-ərkan qaydaları nəzərə alınmaqla keçirilməsini məqsədəuyğun sayırdı. Nərimanov deyirdi ki, bura Şərqdir, namus-qeyrət məsələsi var, bunları heç kimsə gözardı edə bilməz. Məhz Nərimanovun dini rəhbərlərlə səmimi münasibət qurması, məscidləri təmir etdirməsi, bayram günlərində məscidlərə ərzaq yardımı etməsi və s. bu kimi tədbirlər hamısı mövcud vəziyyətin diktəsiydi.

Əks təqdirdə Sovet hökuməti dindar kütləni itirə bilərdi. Sonra M.S.Ordubadi nərimançılığın millətçi nəzəriyyə olmasını əsaslandırmaq üçün belə bir məqama diqqət cəlb edirdi ki, Nərimanov öz ətrafında müxtəlif əqidədən olan ziyalıları, hətta Sovet üsul-idarəsindən razı qalmayanları da toplamışdı. O bu barədə yazırdı: «Nəriman öz nəzəriyyəsi ilə Sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə çəkmişdi. Bunu da qeyd etmək lazımdır ki, millətçilçyə təzə qan aşılamaq istəyən bu nəzəriyyə nərimançılar tərəfindən müxtəlif məzmunlarda işlədilirdi». Burada Ordubadi bir sıra səhvlərə yol verir.

Birincisi Nərimanovun ən yaxın ətrafı hesab olunurdu Həmid Sultanov, Qədirli, İsrafilbəyov, Dadaş Bünyadzadə, hansı ki, onların heç biri millətçi deyildilər, mən onları vətənpərvər kommunistlər kimi xarakterizə edərdim. Sonra Ordubadi belə bir ifadə işlədir: «Sovet üsul-idarəsindən razı qalmayanlar»; bu kökündən səhvdir. Beləki Azərbaycanda Sovet hökumətinin rəhbəri Nərimanov idi, təbii ki, o özündən narazı olub özünə qarşı qrup təşkil etməzdi. Deməli söhbət Sovet hökumətindən narazı qüvvələrdən yox, Mərkəzin konkret adları məlum olan məmurlarından və onların Sovet hakimiyyətinin siyasətinə zidd siyasətindən və hərəkətlərindən narazı olanlardan gedə bilər. Ən nəhayət isə Ordubadinin nərimançılığı «millətçiliyə təzə qan aşılamaq istəyən» nəzəriyyə kimi xarakterizə etməsi və göstərməsi ki, Nərimanov ətrafına müxtəlif əqidədən olan ziyalıları, hətta kommunist olmayan ziyalıları toplamışdır. Qısaca qeyd edim ki, bu, nərimançılığı millətçi təlim kimi xarakterizə etməyə qətiyyən əsas vermir. Sual etmək olar, Nərimanov ölkədə mədəni inqilabı kmilərlə etməliydi?

Beş-on mütəxəssis, beş-on ziyalı vardı. Onları da əgər müsavatçı, ittihadçı, türkçü, filançı nə bilim nəçi kimi kənara tullasaydıq onda hansı kadrlarla maarif və təhsili dirçəldəcəkdik? Lenin deyirdi ki, biz kommunistlər xalq dənizində bir damlayıq, əgər kimsə iddia edirsə ki, kommunizmi elə ancaq kommunistlərin əliylə quracağıq, bu uşaq nağılıdır. Biz hökmən kapitalizmin məhsulu olmuş kadrlardan, hətta kommunist olmasa belə istifadə etməliyik. Nərimanov da bu mövqedən çıxış edirdi və mədəni inqilabı gerçəkləşdirmək üçün bütün mütərəqqi ziyalıların potensialından istifadə edirdi, həm də heç bir əqidə fərqi qoymadan. Nərimanın devizi beləydi; keçmişdə kim olmusan ol, müsavatçımı, ittihadçımı, fərqi yoxdur, ziyalısansa buyur xalqına xidmət et. Bu normal kommunist yanaşmasıdır və burada ultra-sağ təmayül axtarmaq lazım deyil. M.S.Ordubadi Nərimanovun islam dininə münasibətində hansısa yeni bir təlimin işartılarını axtarırdı və yazırdı: «Onun bütün bəhsləri özünün təzə bir əqidə müəssisi olduğunu göstərirdi. Nəriman deyirdi ki, xalqların irq və adətləri müxtəlif olduğu kimi, düşüncə və zehniyyətləri də bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə hər bir qidanı həzm edə bilməz. Buna görə də Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi.

Yaxud o, Şərqə məxsus bir kommunizm tərtib etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizm və islamiyyəti barışdırmaq fikri mühüm bir yer tuturdu». Ordubadinin bu fikirlərinə münasibət bildirmək üçün gəlin öncə müəyyən edək görək «kommunizm» nədir və onun qərbi, şərqi ola bilərmi? Elmi kommunizm təliminin təhlili göstərir ki, kommunizm elə bir cəmiyyət modelidir ki, istehsal vasitələri üzərində ümumi mülkiyyətə, ümumi əməyə və ümumi, birgə bölgü sisteminə əsaslanır. Başqa sözlə, kommunizm istehsalın, əməyin və bölgünün ümumi, birgə olduğu cəmiyyət deməkdir. Bu baxımdan kommunizmin şərqi, qərbi yersiz söhbətdir.

Necə ki, elmin millisi, şərqi, qərbi olmur, elə də kommunizm cəmiyyətinin şərqi, qərbi olmur. Məhz Nərimanov kommunizmin Şərq modeli dedikdə heç də fərqli bir kommunizm cəmiyyəti düşünmürdü. Nərimanovun da düşündüyü kommunizm cəmiyyəti təbii ki, istehsalın və əməyin ümumiliyinə, bölgünün birgəliyinə əsaslanırdı. Bu baxımdan istər Karl Marks, istər Fridrix Engels, istər Lenin, istərsə də Nərimanov kommunizm cəmiyyəti dedikdə eyni kriteriyaları əldə rəhbər tuturdular.

Fərq isə bu ümumi hədəfə nail olmanın yollarıyla bağlıydı və bu fərq Ordubadinin və digərlərinin yanlış olaraq dedikləri kimi heç də Marksın, Leninin, Nərimanovun şəxsi mülahizələrindən, şəxsi yanaşmalarından doğmurdu, sadəcə olaraq elmi kommunizm nəzəriyyəsinə görə sosializmə keçid müxtəlif ölkələrdə, müxtəlif yollarla baş tutmalıydı. Marksizmə görə kommunizmə keçiddə ortaya çıxacaq bu müxtəlif, fərqli yolları hər bir ölkənin öz yerli xüsusiyyətləri; inkişaf səviyyəsi, demokratikləşmə səviyyəsi, yerli təsisatlar, adət-ənənələr, əxlaq və s. kimi daxili amillər müəyyən edəcəkdir. Başqa sözlə, sosializmə keçidin ayrı-ayrı ölkələrdə fərqli və özünəməxsus şəkildə baş tutacağı və bunun da hər bir ölkənin yerli xüsusiyyətlərindən irəli gələcəyi həqiqəti hər şeydən və hər kəsdən öncə Marksın əsərlərində və marksist fəlsəfədə öz əksini tapmışdır.

Lenin Marksın bu qəbildən olan fikirlərini eynən belə şərh edirdi: «Bəşəriyyətin indiki imperializmdən sabahkı sosialist inqilabınadək keçəcəyi yol… müxtəlif olacaqdır. bütün millətlər sosializmə gəlib çıxacaqlar, bu labüddür, lakin hamı tamamilə eyni şəkildə gəlməyəcəkdir, hər millət demokratiyanın bu və ya başqa növündə, ictimai həyatın müxtəlif sahələrinin sosialistcəsinə dəyişdirilməsinin bu və ya başqa surətində bir özünəməxsusluq yaradacaqdır.

Bu cəhətdən gələcəyi «tarixi materializm» naminə solğun və yekrəng boyalarla təsəvvür etmək, nəzəri cəhətdən ən miskin və əməli cəhətdən ən gülünc şeydir» (V.İ.Lenin, əsərləri, cild 30, səh.143, Bakı 1981). K.Marksın bu yönümdə olan nəzəri fikirlərini Nərimanov əməli surətdə həyata keçirməyə çalışırdı və bildirirdi ki, Şərqdə, o cümlədən Azərbaycanda sosializmə keçid bir sıra özünəməxsusluğuyla seçiləcək, hansı ki, bu yerli şəraitin tələblərindən irəli gələn bir şeydir. Məsələn, Nərimanov bildirirdi ki, biz əhalisinin demək olar, hamısının savadsız və dini mövhumat içində çabaladığı bir ölkədə hakimiyyətə gəlmişik, hansı ki, bu əhali min ildən çoxdur savadsız mollaların təlqin etdiyi mövhumatdan başqa heç bir şey görməmiş və eşitməmişdirlər. Min illərdən bəri formalaşmış bu mövhumi təsəvvürləri bir neçə ilə dəyişdirmək, yeni psixologiyada insan tərbiyə etmək qısa zaman ərzində mümkün deyil. Amma başqa çarəmiz də yoxdur, əlimizdə olan bu cahil insan xammalından yeni cəmiyyətin savadlı, geniş və mütərəqqi dünyagörüşlü millətini yaratmalıyıq. Lakin necə?

Əsrlərdən bəri savadsızlığa və cəhalətə batıb qalmış bu mövhumatçı kütlə bizim sosializm, mədəni inqilab, qadın azadlığı, təhsil kimi proqramlarımızı başa düşüb qəbul edəcəkmi? Nərimanov bu fikirdəydi ki, biz mədəni inqilabla bağlı proqramımızı müsəlman Şərqində həyata keçirə bilmək üçün islam dini faktorundan istifadə etməliyik.

Məsələn, Nərimanov Çiçerinə məktubunda Məhəmməd Peyğəmbərin «Cənnət anaların ayağı altındadır», «Elm Çində olsa belə, arxasınca get» və s. bu qəbildən olan hədislərini vurğulayaraq bildirirdi ki, bu müddəalar bizim proqram və qanunlarımıza nəinki zidd deyildir, əksinə, bizim fikirlərimizlə uyğunluq təşkil edir və biz bu amildən öz siyasətimizin kütlələr arasında geniş yayılması üçün istifadə etməliyik. Məsələn, Nərimanov bildirir ki, biz çoxarvadlılığı ləğv edirik, müsəlman əhali isə bunu Allahın buyruğu, qoyduğu qayda kimi qəbul edir. Nəticədə avam kütlədə belə bir yanlış təəssürat yaranır ki, kommunistlər Allahın qoyduğu qanuna qarşı çıxırlar.

Nərimanov bunu deməklə heç də kommunist mövqeyindən, çoxarvadlılığın ləğvi məsələsindən geri çəkilmirdi, əksinə, iddia edirdi ki, Quranı daha düzgün şəkildə şərh etsək görərik ki, çoxarvadlılığın ləğvi nəinki şəriətə zidd deyildir, tam əksinə, islam dininin qaydalarına uyğundur və biz təbliğatımızı bu yöndə qursaq, onda həyata keçirdiyimiz siyasət geniş əhali kütləsi arasında rəğbətlə qarşılanar. Buradan da göründüyü kimi Nərimanov bəzilərinin iddia etdiyi kimi kommunizmi heç də islama yox, əksinə, islamı kommunizmə uyğunlaşdırmağın tərəfdarı kimi çıxış edirdi.

Nərimanovun mövqeyi qısaca olaraq ondan ibarət idi ki, islam dininin kommunizmlə səsləşən məqamlarından təbliğat işində və öz siyasətimizin geniş kütlələrə çatdırmasında istifadə etməliyik, başqa sözlə, kommunizmi Şərq insanına onun «həzm edəcəyi» formada çatdırmaq lazımdır. Nərimanov məscidlərin bağlanılmasının, sökülməsinin, anbar və kazarmaya çevrilməsinin qəti əleyhdarı idi, ona görə ki, Nərimanov bu cür mübarizə üsullarının kommunizmin prinsiplərinə zidd olduğunu söyləyirdi. Necə ki, hələ «Təbiətin dialektikası» əsərində Engels dinə qarşı mübarizədə təqib və qadağaların əks effekt doğuracağını qeyd edir və anarxist blankistlərə məxsus bu metodları kəskin surətdə pisləyirdi. Lenin də fəhlə qadınlar qarşısındakı çıxışında deyirdi: «Dini xurafata qarşı son dərəcə ehtiyatla mübarizə aparmaq lazımdır, bu mübarizə zamanı dini duyğuları təhqir edənlər çox zərər vururlar.

Təbliğat yolu ilə, maarifləndirmək yolu ilə mübarizə aparılmalıdır. Biz mübarizəni gərgin şəklə salmaqla kütləni qəzəbləndirə bilərik» (19 noyabr 1918). Məhz Nərimanovun da mövqeyi bundan ibarət idi. Məsələn, Nərimanov müsəlmanların aşura günü münasibətiylə zəncir vurub xəncərlə bədənlərindən qan çıxarılmasını vəhşilik, cahillik hesab edirdi, amma bu hallara qarşı qadağalarla, silah gücünə, zor işlədərək mübarizə aparmağı səmərəsiz və olduqca yanlış vasitə hesab edirdi.

O bildirirdi ki, bu yolda da təbliğatın, insanları düzgün məlumatlandırmanın, maarifləndirmə işinin təşkilinin yerini heç bir mübarizə üsulu verə biliəz. Nərimanov bu barədə yazırdı: «Mən qəti olaraq represiya əleyhinə idim, lakin bununla belə, biz məsçidləri gəzib qara camaatı dilə tuturduq ki, küçələrdə özlərinə işgəncə verməsinlər. Bəs nəticəsi oldumu? Qəti surətdə bildirirəm ki, nəticəsi oldu… Məsçiddə çox nüfuzlu bir molla bu günlərdə küçələrdə özlərinə işgəncə verənlərin hərəkətlərini möhkəm tənqid etməyə başladı. Lakin buna baxmayaraq bu il özlərinə işgəncə verənlər oldu. Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır» (N.Nərimanov, seçilmiş əsərləri, səh.446) Amma Nərimanov ürək ağrısıyla yazırdı ki, təəssüflər ki, «yalnız vəzifələrindən ötrü kommunizm yaymaq istəyənlər» mübarizəni heç də belə görmürlər. Nərimanov yazırdı ki, onun Genuya konfransında olmasından istifadə edərək Kirov və Mirzoyan Respublika rəhbərliyinin icazəsiylə Aşura günüylə bağlı keçirilən matəm yürüşünü qadağan ediblər. Nəticədə İranlı fəhlələrlə silahlı toqquşma olmuş və fəhlələr Sovet hökumətini İran şahının Respublikadakı nümayəndəsinə şikayət etmişdirlər.

Bəli, bunlar həmən fəhlələr idi ki, əldə silah Aprel sosialist inqilabını etmişdilər və cəmi bir neçə il sonra marksizmi baş-ayaq anlayanların səhvi ucbatından onlar Sovet hökumətini görün kimə şikayət edirdilər;–İran şahına. Nərimanov bu halları görür və yazırdı ki, neçəki kommunist ideologiyasını Şərqin xüsusiyyətlərini nəzərə almadan, kor-koranə, necə gəldi yaymağa çalışılacaqsa, fəhlə sinfi və bütün müsəlman Şərqi bizdən beləcə üz döndərib şahların, tiranların təsiri altına düşəcəkdir. Bu baxımdan Nərimanovun din, azad məscid haqqında dediklərini ancaq və ancaq bu konteksdə, Şərqin oyanışı və Dünya Kommunist İnqilabı ideyasının fonunda nəzərdən keçirmək lazımdır.

Lakin çox təəssüflər ki, biz indi bunun əksin görürük. Belə ki, bəzi üzdəniraq tədqiqatçılar Nərimanovun dünya kommunist inqilabı və Şərqin oyanışı konsepsiyasını mexaniki surətdə onun yazılarından, fikirlərindən kənarlaşdırırlar, kobud desək, bir kənara tullayırlar və ancaq din və milliliklə bağlı bəzi cümlələri qayçılayaraq sanki lupada böyüdür və cəmiyyətə–baxın, «nərimançılıq» budur-deyə təqdim etməyə çalışırlar.

Buna Nərimanovun simasızlaşdırılmasından başqa ad vermək olmaz. Kommunist kimliyindən məhrum edilmiş Nərimanov–simasızlaşdırılmış, ölgünləşdirilmiş, tərksilah edilmiş Nərimanovdur. Bu yolla onlar Nərimanovu və «nərimançılığı» təsirsiz ikonaya, ev muzeyinin cansız, bəsit ekspanatına çevirmək istəyirlər, onlar «nərimançılığı» mübariz, inqilabi təlimdən süst, sönmüş cansız fikir və arzular yığınına çevirmək istəyirlər. Nərimanovu öz səviyyələrinə endirmək istəyənlər bilməlidirlər ki, nərimançılıq ultrasağ və mövhumi ideyaların tullantı poliqonu deyil, əksinə, onun milliliklə, dinlə bağlı söylədiyi hər bir fikrə kommunizm ruhu hakimdir.

Nərimanın dediyi azad məscid, mollaların çoxarvadlılığı, siğəlik adı altında fahişəliyi təbliğ etdikləri məkan deyil, Nərimanın nəzərdə tutduğu azad məscid kommunizmin sosial bərabərlik, ədalət ideyalarını geniş kütlələrə onların anlayacağı formada çatdıran elmi müəssisədir. Kim bu iki şey arasında fərqi görə bilmirsə, onda belələrinə marksist fəlsəfəni, dialektikanı oxumağı və təkrar-təkrar oxumağı məsləhət görürük.

Bütün bu deyilənlərdən sonra «nərimançılıq» haqqında yekun olaraq nə söyləyə bilərik; nərimançılıq nədir–kommunizmdən fərqli orijinal nəzəriyyə, yoxsa elmi kommunizm nəzəriyyəsinin Şərqə uyğun şərhi? Biz bilirik ki, hər bir orijinal nəzəriyyənin özünəməxsus postulatları, əsaslandığı əsas müddəaları olmalıdır, hansı ki, bu əsas üzərində nəzəriyyə qurulur. Nərimançılıqda iki belə müddəanın olması iddia olunur: 1) Yerli şəraitlə hesablaşmaq və Şərqə uyğun sosializm quruculuğu; 2) İri mülkiyyətin müsadirəsi və xırda mülkiyyətə müvəqqəti güzəşt–hansı ki, bu iki müddəanın heç biri kommunizm nəzəriyyəsinə zidd deyil, əksinə, Marksın, Engelsin əsərlərində sözügedən mövqe öz əksini tapmışdır.

Bu baxımdan Nərimanovun deməsi ki, biz yerli şəraitlə hesablaşmalıyıq, eynən Marksın belə bir fikrinə uyğundur ki, «…müxtəlif ölkələrin təsisatları, əxlaq adətləri və ənənələri ilə hesablaşmaq lazımdır» və yaxud da Nərimanovun deməsi ki, müsadirələr ehtiyatla və tələsmədən aparılmalıdır və ilkin dövrlərdə bu ancaq iri mülkiyyətə aid olunmalıdır, eynən Engelsin belə bir fikrinin davamıydı ki, «…inqilab hazırkı cəmiyyəti yalnız tədriclə dəyişdirə biləcək və xüsusi mülkiyyəti yalnız o zaman məhv edəcəkdir ki, bunun üçün zəruri olan istehsal vasitələri kütləsi yaradılmış olsun» (F.Engels, Kommunizm prinsipləri, səh.90).

Nərimanov da Engelslə eyni mövqeni bölüşərək bildirirdi ki, xüsusi mülkiyyətin ləğvi tədricən getməlidir və ilkin dövrlərdə bu ancaq iri istehsala aid edilməlidir, ölkədə aclıq, yoxsulluq olduğu müddətcə isə xırda mülkiyyətə toxunulmamalı və alverə, kiçik ticarətə icazə verilməlidir. Yəni Nərimanov da eynən belə düşünürdü ki, inqilab cəmiyyəti tədricən dəyişdirməlidir və xüsusi mülkiyyət o vaxt tam ləğv edilməlidir ki, ölkədə ərzaq bolluğu yaradılmış olsun və bunun üçün zəruri olan istehsal vasitələri kütləsi yaradılmış olsun. Bu qısaca o demək idi ki, sosialist sektoru cəmiyyətin tələbatını ödəyəcək səviyyəyə çatmayınca xüsusi mülkiyyət tam ləğv edilə bilməz.

Bu baxımdan Nərimanovla Engelsin mövqeyi nəinki bir-birinə çox yaxındır, demək olar ki, eynidir. Belə olan təqdirdə necə iddia etmək olar ki, nərimançılıq elmi kommunizmə zidd fərqli orijinal nəzəriyyədir, bunu ancaq dialektikadan yoxsul adamlar düşünə bilər. Sadəcə olaraq Nərimanov Marksın, Engelsin ümumi şəkildə ifadə etdiyi tezisləri daha da inkişaf etdirdi və ümumi müddəalara tarixi konkretlik qazandırdı. Məsələn Marks deyirdi ki, kommunizmə keçiddə hər bir millət bir özünəməxsusluq yaradacaq, amma bu özünəməxsusluq Şərqdə özünü necə göstərəcək, nə Marks, nə də Engels bu barədə heç bir kəlmə də deməyiblər, məhz Nərimanovun böyüklüyü onda idi ki, o, marksizm klassiklərinin ümumi şəkildə vurğuladığı müddəaları bənd-bənd, maddə-maddə xırdalayır və geniş şərh edirdi.

Deməli nərimançılıq heç də bəzilərinin yanlışlıqla iddia etdikləri kimi, elmi kommunizmə zidd alternativ nəzəriyyə olmayıb, əksinə, elmi kommunizmin daha da inkişaf etdirilməsi və ümumi müddəaların Şərq reallığına, Azərbaycan reallığına uyğun konkret şərhidir. Onda ortaya haqlı olaraq belə bir sual çıxır; əgər Nərimanovla Marksın, Engelsin, Leninin dedikləri arasında heç bir fərq yox idisə, əksinə, sözügedən mütəfəkkirlərin fikirlərində hətta heyrət ediləcək dərəcədə eyniliklər vardısa, onda nə üçün Sovet İttifaqında 30 il Nərimanovun adını çəkmək belə qadağan idi və onun ailə üzvləri Kommunist Partiyasının sıralarına qəbul olunmurdular; hələ üstəlik «nərimançılıq» ittiham aktı hesab olunurdu və bunda ittiham olunanlar represiyaya məruz qalırdılar?

Məsələ burasındadır ki, Nərimanova və onun irsinə münasibət heç vaxt ideoloji xarakter daşımamışdır, əksinə, bu münasibətlərdə kəskin siyasi çalarlar mövcuddur. Əks təqdirdə Nərimanov irsinə Sovet hakimiyyəti dövründə bir-birinə zidd iki fərqli mövqe, münasibət olmazdı. Belə ki, 60-cı illərə kimi Nərimanov az qala xalq düşməni kimi, qatı millətçi, sağçı kimi damğalanıb, irsi qadağan edilmişdisə, sonra əksinə, Nərimanov görkəmli marksist, əqidəli kommunist kimi təbliğ olunmuş, xatirəsini əbədiləşdirmək üçün müxtəlif ölkələrdə onlarla heykəl, abidə, qoyulmuş, hətta Rusiyada bir şəhərə Nərimanovun adı verilmiş, haqqında bədii və sənədli filmlər çəkilmişdir.

Bu faktın özü bir daha təsdiqləyir ki, Nərimanov irsinə qarşı repressiv münasibət ideoloji yox, ancaq və ancaq siyasi xarakterli çox çirkin kompaniyadan başqa bir şey olmamışdır. Məhz bu çirkin kompaniyanın arxasında duran şəxslər hakimiyyətdən getdikdən sonra Nərimanov irsi üzərinə qoyulmuş qadağalar böyük ölçüdə aradan qalxmış oldu./ kommunist.biz/

# 3862 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #