Ölkə rəhbərinin ad gününə görə ləngidilən dəfn mərasimi – Əcəl, yoxsa qətl?

Ölkə rəhbərinin ad gününə görə ləngidilən dəfn mərasimi – Əcəl, yoxsa qətl?
16 iyun 2024
# 12:00

Kulis.az İlham Cəmiloğlunun "Doğum günü və ləngidilən dəfn mərasimi" adlı yazısını təqdim edir.

Ölkənin birinci şəxsinin ad gününə görə onun vəfatını üç gün ictimaiyyətdən gizli saxlayıblar...
Söhbər Leonid Brejnevin ad günündən, Aleksey Kosıginin vəfatından gedir...

Uzun illər yüksək vəzifələrdə çalışan, 16 il (1964-1980-ci illər) SSRİ Nazirlər Sovetinə rəhbərlik edən Kosıgin həm siyasi elitada, həm də sıravi vətəndaşlar arasında böyük nüfuza sahib olub. Sadəliyi, sıravilərə yaxınlığı, işgüzarlığı, ədalətli qərarları ilə fərqlənən baş nazir hələ Stalinin hakimiyyəti illərindən Kremldə ciddi simalardan biri sayılıb. Təsadüfi deyil ki, onu SSRİ-nin baş mühəndisi adlandırıblar.

Sözsüz ki, Kosıginin böyük nüfuza sahib olması özünə son dərəcə vurğun olan Brejnevi olduqca ciddi şəkildə narahat edib, onda qısqanclıq yaradıb. Baş katib dəfələrlə onu hökumət rəhbərliyindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnev yaxşı anlayıb ki, öz ətrafından, “Ukrayna klanı”ndan Kosıgini əvəzləyəcək bir şəxs tapa bilməyəcək.


Qəzetlərdə və televiziyada Brejnevlə Kosıginin münasibətləri mehriban görünsə də, baş katiblə baş nazirin arasında münasibətlər heç vaxt isti olmayıb. Hətta Brejnev Kosıginin fəaliyyətini nəzarətdə saxlamaq üçün “Ukrayna klanı”nın fəallarından biri olan Nikolay Tixonovu Nazirlər Soveti sədrinin birinci müavini təyin edib.

Kosıgin Nazirlər Sovetinin sədri, Siyasi Büronun üzvü kimi Brejnevin və Mərkəzi Komitənin yanlış addımlarını tənqid etməkdən heç vaxt çəkinməyib. 1979-cu ildə isə Kosıgin Siyasi Büronun yeganə üzvü olub ki, SSRİ-nin hərbi kontingentinin Əfqanıstana yeridilməsinin əleyhinə çıxıb. Bu hadisə Brejnevlə Kosıginin arasında münasibətləri daha da gərginləşdirib.

Nəhayət, 1980-ci ildə Brejnev Kosıginlə bağlı qəti addımlar atmağa qərar verib. Bu məsələdə Kosıginin Kreml xəstəxanasında müalicə alması baş katib üçün ən yaxşı bəhanəyə çevrilib. Siyasi Büroda təmsil olunan “Ukrayna klanı”nın üzvləri əvvəlcədən sövdələşiblər və büroda Kosıginin səhhəti ilə bağlı məsələ qaldırıblar, onun baş nazir vəzifəsində qalmağını məqbul saymayıblar.
Beləliklə, 1980-ci ilin oktyabr ayında Kosıgin bütün vəzifələrindən azad olunub.

Onun yerinə isə Brejnevlə yaxınlığı ilə seçilən Nikolay Tixonov keçib.

Uzun illər birlikdə işləmələrinə baxmayaraq, Kosgin vəzifəsindən azad olunduqdan sonra Brejnev onunla bütün əlaqələri kəsib. Hətta 1980-ci ilin noyabrın 7-də Kosıgin oktyabr inqilabının ildönümünə həsr edilmiş dövlət tədbirinə də dəvət olunmayıb. Brejnevin kini bununla da bitməyib.

Kosıgin 1980-ci ilin dekabrın 18-də xəstəxanada qəfil ürək tutmasından (Deyilənə görə, onun ölümündə də şübhəli məqamlar var) vəfat edib. Bu, həmin ərəfəyə təsadüf edib ki, Kreml böyük təmtəraqla Brejnevin ad gününə (19 dekabr) hazırlaşırmış.
Onun vəfatını Brejnevə ilk olaraq SSRİ-nin müdafiə naziri Dmitri Ustinov çatdırıb. Marşal baş katibə bildirib ki, Kosıginin vəfatı ilə bağlı xəbər ictimaiyyətə bir neçə gündən sonra verilsin. Yəni baş katibin ad günü tədbirlərindən sonra.

Brejnev bu təkliflə razılaşıb:
- Yoldaşlar belə qərar veriblərsə, mən etiraz etmirəm.


Kosıginin həyat yoldaşı bir neçə dəfə Kremllə əlaqə yaratmağa cəhd edib. Amma bu cəhdlər nəticəsiz qalıb. Artıq ailə üzvləri Kosıgini dəfn etmək üçün adi şəhər qəbirstanlıqlarında yer axtarmağa başlayıblar.
Nəhayət, iki gündən sonra, dekabrın 20-də Mərkəzi Komitənin İşlər İdarəsindən ailəyə bildirilib ki, Kosıginin dəfni dövlət tərəfindən həyata keçiriləcək.
Dekabrın 21-də Kosıginin vəfatı ilə bağlı ictimaiyyətə rəsmi məlumat verilib.

Statusuna görə Kosıginlə vida görüşü İttifaqlar Evinin sütunlu zalında keçiriləcəyi halda, vida görüşü üçün Mərkəzi Zabitlər Evi seçilib. Dekabrın 22-də vida mərasiminə dörd saat vaxt ayrılıb. Ancaq axının çox olması nəticəsində bu məcburi reqlament pozulub.
Kosıginlə vida görüşü axşamdan xeyli keçmişə qədər davam edib.

Kosıginin dəfn mərasimi dekabrın 23-də Qırmızı meydanda keçirilib. Onun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib.

Dəfn mərasimindən bir neçə saat əvvəl Brejnev mərasimdə iştirak etməyəcəyini bildirib.

Siyasi Büro üzvləri baş katibin bu qərarını müsbət qarşılamayıblar.
Moskva şəhər Partiya Komitəsinin birinci katibi, Kosıginlə ailəvi dostluq münasibətində olan Viktor Qrişin öz xatirələrində həmin hadisəni aşağıdakı kimi xatırlayıb:

“Brejnevin dəfn mərasimində iştirak etməməsi qərarının Kosıgini sevməyən məmurlar belə məqbul saymadılar. Bu məsələ baş katibin kabinetində yarım saata qədər müzakirələ edildi. Təkidlərdən sonra Brejnev qərarını dəyişməyə məcbur oldu. Bu cür müzakirələr və münasibətlər Kosıginə layiq olmayan işlər idi. Çünki onun dövlət və xalq qarşısında böyük xidmətləri olmuşdu. Mən də fikrimi Brejnevə açıq şəkildə bildirdim, qeyd etdim ki, onun dəfn mərasimində iştirak etməməsi birmənalı qarşılanmayacaq və bu Mərkəzi Komitənin imicinə xələl gətirəcək...

Beləliklə, SSRİ-nin ən uzunömürlü baş nazirinin dəfn mərasimi baş katibin ad gününə görə bir neçə gün ləngidilib, sonda da Brejnev uzun illər çiyin-çiyinə işlədiyi Kosıginin dəfn mərasimində böyük minnətlə iştirak edib.

# 3333 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #