Luiza Salomeni evdə russayağı Lyolya deyə çağırırdılar. Onun atası, milliyyətcə yarı alman, yarı fransız olan Qustav fon Salome rus generalıydı. Polşa qiyamının yatırılmasında göstərdiyi şücaətə görə I Nikolay ona zadəgan titulu vermişdi. Arvadı Luiza Vilm, alman şəkər fabrikçisinin qızı beş oğlan övladından sonra 1861-ci ilin fevralında qız doğanda Qustav fon Salomenin yaşı artıq əllini ötmüşdü.
“Ailə çevrəmizdəki qardaş yekdilliyi ən kiçik və yeganə bacı olan mənim yaddaşıma elə möhkəm həkk olunmuşdu ki, - Lu sonralar xatırlayırdı, - bu hissi həyat yolumda qarşılaşacağım bütün kişilərə bilaixtiyar sirayət edirdim. Sanki onlardan hər birində qardaşlarımdan biri gizlənmişdi”.
Luiza ailənin sevimlisiydi və onun hər bir səhvi əvvəl-axır bağışlanırdı. Bir dəfə hətta ailə ikonasını yerə tullayıb kilsəyə getməyəcəyini bəyan etdikdə belə - beləcə, o, sevimli pişiyini itirdiyinə görə Allaha qarşı çıxmışdı, - onu cəzalandırmamışdılar. O, ilk priçastiyesindən (kilsəyə qəbul mərasimi – red.) qətiyyətlə imtina etmiş və valideynləri yenə də güzəştə getmişdilər. Eyni güzəşt Luiza yalnız öz istədiyi fənləri (fəlsəfə, ədəbiyyat, tarix) öyrənəcəyini bəyan etdikdə belə gündəmə gəlmişdi.
O, gah filosof, gah şairə, gah da portretini yastığının altında gizlətdiyi Vera Zasuliç kimi terrorçu olmaq istəyirdi. Həmin illərdə inqilabi hərəkatlarda qadınlar kişilərdən qat-qat fəal iştirak edirdilər və Luiza əks-tərəfin deyil, məhz zərif cinsin güc daşıyıcısı olduğundan əminiydi.
Bununla yanaşı, Luiza “göy corab” deyildi və ara vermədən vurulurdu. On yeddi yaşında o, holland pastoru, imperator övladlarının ev müəllimi Henrix Giyoya aşiq olur. Qiyo Allahı dərketmə barədə kütləvi mühazirələr oxuyurdu. Luiza ailəsindən gizli həmin mühazirələrə gedir və az sonra pastoru ona fərdi məşğələlər verməsi üçün yola gətirir. Onların fəlsəfə haqda söhbətləri getdikcə intim xarakter alır. Luiza bunda heç bir qəbahət görmürdü. Pastorun bəzən şagirdini dizləri üstə oturtması belə qızı utandırmırdı. Əvəzində Luiza Qiyodan evlilik təklifi alanda, - pastor ailəsini və xidmətini belə atmağa hazırıydı, - çox təəccüblənir. Qız Qiyonu özünəməxsus şəkildə sevirdi, lakin onunla bir yatağı bölüşəcəyini ağlının ucundan belə keçirmirdi. Rədd cavabı alan pastor Rusiyanı tərk edir. Bu, Luizanınn qırdığı ilk könül idi.
Luiza bu sevginin xatirəsi kimi özünü Lu adlandırmağa başlayır – eləcə də Lyolya cağırmağı öyrənməyən pastor onu belə səsləyirdi.
Tezliklə general fon Salome dünyasını dəyişir. Lu atasının ölümünü ağır keçirir və uzun müddət yataqdan qalxmır. Qızda ağır ağciyər xəstəliyi aşkarlayan həkimlər ona iqlimini dəyişməsini məsləhət görürlər. Lu əvvəlcə İsveçrəyə yollanır, orda bir az fəlsəfə dərsləri keçdikdən sonra İtaliyaya gedir. Romada o, Gertsenin yaxın dostu, Malvida fon Meyzenbuhun təşkil etdiyi azadfikirli qadınlar üçün kurslara qatılır.
Bu kurslara həmin dövrün görkəmli mühazirəçiləri dəvət olunurdu. Onlardan biri, 32 yaşlı filosof Paul Re “rus amazonka”sına vurulur və ona evlilik təklifi edir. Qız bu təklifə də rədd cavabı verir, əvəzində... “sadəcə bir yerdə yaşamağı” və dost olmağı təklif edir.
Qızın bu hərəkəti hətta fikirlərində yetərincə irəliləmiş Malvida fon Meyzenbuhu hiddətləndirir.
Amma ictimai fikir Lunu az maraqlandırır. Salome Re və onun filosof dostları ilə vaxt keçirməyə üstünlük verir. Bunların arasında o zamanlar hələ heç kimə tanış olmayan Fridrix Nitşe də olur.
Nitşe Ludan 17 yaş böyük olur. Filosof ömründə bu dərəcədə ağıllı qadınla rastlaşmadığını etiraf edir. Lunun “Hüznə” poemasına musiqi yazan Nitşe bunu filosofoun ayağına yazan tanışlarına belə cavab verir: “Yox, bu sətirlər mənə aid deyil... Onları mənim yeni dostum Lu yazıb. O, rus generalının qızıdır, iyirmi yaşı var, bu qız qartal kimi iti, aslan kimi güclü və eyni zamanda çox zərifdir... Bu qız heyrətamiz şəkildə yetkindir və mənim düşüncə tərzimə hazırdır... Bundan başqa, o, inanılmaz sərt xasiyyətə malikdir, həyatdan nə istədiyini bilir, heç kəsin məsləhətinə möhtac deyil və ictimai fikirdən heç bir asılılığı yoxdur”.
Tanışlıqlarından az sonra Nitşe Luya ona ərə gəlməsini təklif edir və eynilə Re kimi rədd cavabı alır... əvəzində “kitablardan və çiçəklərdən əskik olmayan” evdə üçlükdə yaşamaq təklifilə üz-üzə qalır. Lu ona vurğun olan kişilərin fəlsəfi söhbətlərindən hədsiz zövq alır və üzərindəki qısqanc baxışların fərqinə belə varmır. Qız əvvəlki kimi kişilərin yalnız qardaş ola biləcəyini düşünür...
Bu idilliyanı Nitşenin bacısı Elizabet sındırır. Ludan fərqli olaraq, o, qardaşını qısqanc qadınsayağı sevirdi (deyirlər, hətta cavanlıqda onu tovlayıb da). Elizabet Fridrixdən rus qızı ilə dostluğuna son qoymasını tələb edir.
Nitşe Luya növbəti dəfə sevgisini izhar edir, amma yenidən rədd cavabı alır. 1883-cü ilin yazında ona yazır: “Səni zalımlığına görə tərk edirəm. Və əgər səni yaratmaq mənə nəsib olsaydı, vücuduna bir az sağlamlıq verərdim, və daha vacibi – ruhuna mənə qarşı azacıq sevgi”.
Bir il sonra Nitşe öz məşhur “Zərdüşt”ünü yazır və orda belə bir ifadə işlədir: “Qadının yanına gedəndə şallağını unutma”.
“Yəqin onun səni şallaqlaması üçün”, - Lu rişxəndlə qeyd edir.
Nitşe eləcə də Lunu unuda bilmir və onu gah özünün mehriban dahisi, gah da “mütləq Pisliyin mücəssəməsi” adlandırır.
Safura oynayacaq, amma onu Suqra kimi təqdim etdi
Tezliklə Paul Re də Lunu tərk edir – o, İsveçrəyə yollanır və az sonra filosofun dağ gölündə batması xəbəri gəlir.
Bu arada Lunun həndəvərində damarlarından Qafqaz qanı axan şərqşünas Fridrix Andreas hərlənir. Təmkinli avropalılardan fərqli olaraq, rədd cavabı alan qafqazlı masanın üzərindəki bıçağı qamarlayıb döşünü yaralayır. Bu hərəkətdən qorxan Lu sevginin bu qədər şiddətli ola biləcəyini ağlına belə gətirmir. O, 1886-cı ildə Fridrixin təklifini qəbul edir və frau Andreas-Salome olmağı qərara alır. Yalnız bircə şərtlə - heç bir seksual münasibətlərdən söhbət belə gedə bilməz. Kişi razılaşır və sadəlövhcəsinə qadının fikrindən dönəcəyinə ümid bəsləyir. Lakin zaman Lunun qərarında qəti olduğunu sübut edir. Onların qırx üç illik nikahı platonik qalmaqda davam edir. Lu “qardaş - ərinin” xidmətçinin yatağının paylaşması və evdə nikahdankənar qızın böyüməsi reallığını asanlıqla qarşılayırdı. Sonralar ər-arvadın bütün var-dövləti məhz ona, cavan Mariya Apelə nəsib olur.
Ərli qadın olan Lu yazıçılıq fəaliyyətinə başlayır. O, öz romanlarında feminizm ideyasını qabaqlayaraq, qadınların eynilə kişilər kimi həyat yoldaşı seçmək hüququna malik olduqlarını cəsarətlə bəyan edirdi. Lu sekslə sevgini ayıraraq, birincisinin heç də ikincisilə əlaqəli olmadığını yazırdı. Və nəhayət, nəzəriyyəni praktikaya çevirmək anı gəlib çatdı.
Artıq otuz yaşlı Luda seksuallığı məşhur siyasətçi Georq Ledebur oyadır. Marksist görüşləri bu adama dəbdəbəni və qadınları sevməyə mane olmurdu. Məharətli qadın ovçusu Lunun sirrini aça bilir: “Siz qadın deyilsiniz, siz hələ də bakirəsiniz!” – qarşısındakının hansısa istehzasına birbaşa cavab verir. Bununla da kifayətlənməyib Lunu özünə tərəf çəkir və öpür. Georqun bu hərəkəti Lu Salomenin sınması üçün bəs edir. Lakin sevgi macərası uzun çəkmir – Ledebur Ludan ərindən boşanaraq onunla evlənməsini tələb edir. Bu arada arvadının öz yatağını açıq-aşkar başqasıyla bölüşməsinə dözə bilməyən Andreas qısqanclıq səhnələri təşkil edir və tez-tez bıçağa əl atır.
Səbir kasası daşan Lu Parisə qaçır və orda azad həyat tərzi keçirir. Onun çoxsaylı sevgi macəralarının bircəciyi belə uzun çəkmir. Lunun heç bir məşuqu bu qadının münasibətlərindəki sərbəstliyə dözmür.
Salomenin sevgisindən əziyyət çəkən alman dramaturqu Frank Vedekind əsərlərindən birində onu “iblis qadın” kimi təsvir edir və bu pyes indiyəcən Avropa səhnələrinin bəzəyidir.
1897-ci ildə Lunun həyatında Rayner Mariya Rilke peyda olanadək hadisələr bu cür davam edir. Gələcəyin dahi şairi o zamanlar sadəcə, qadın diqqətsizliyindən əziyyət çəkən 22 yaşlı utancaq kənd cavanıydı. Lu oun həyatına həm ana, həm məşuqə, həm də ilham pərisi kimi daxil olur.
“Bu qadın olmasaydı, heç vaxt həyat yolumu müəyyənləşdirə bilməzdim”, - Rilke sonralar yazırdı.
Lu yalnız ona uşaqlığının ölkəsini – Rusiyanı göstərir və şair bu torpağa Luya vurulduğu kimi coşqunluqla və ümidsiszəsinə aşiq olur.
Onlar ikilikdə Rusiyanı qarış-qarış gəzir və Yasnaya Polyanada Lev Tolstoya baş çəkirlər.
Lu Rilkeyə rus dilini öyrədir, Rilkesə Luya həm rus, həm də alman dilində şeirlər qoşur. Bu şeirlərin məzmunu Lu ilə birgə həyatın mürəkkəbliyini açıqcasına təsvir edir. O, həyatında olan heç bir kişiyə rəhm etmirdi, onların ən kiçik səhvini və zəifliyini belə bağışlamırdı. Əvəzində güclü cinsin nümayəndələri iti ağla və qeyri-adi intellektə sahib bu qadına hər şeyi bağışlayırdı.
Hərçənd ədəbi istedad sarıdan bəxti gətirməmişdi. Lunun iyirmiyə yaxın yazdığı əsərlərin böyük qismini qrafoman (yazıçılıq qabiliyyəti olmadığı halda yazıçılığa hədsiz həvəs göstərməkdən ibarət ruhi xəstəlik –red.) romanlar və iddialı fəlsəfi traktatlar təşkil edir. Buna baxmayaraq, həmin əsərlər müəyyən qədər məşhuruydu – yəqin ki, müəllifin şəksiz cazibəsi az rol oynamırdı.
Lu Andreas-Salome hamını tanıyırdı və hər yerə baş çəkməyə vaxt tapırdı – bu, istər dəbli salon, istərsə də universitet kafedrası olsun. İllər də sanki onun xeyrinə işləyirdi. Rilkeylə eşq macərasının qızğın çağında qırxı haqlamış Lu yazırdı: “Yalnız indi cavanam və yalnız indi digərlərinin on səkkiz yaşında hiss etdiklərinin fərqinə varıram”. Amma Rilkeylə də münasibətlər uzun sürmür. Lu məşuqunun sevgisini “bülbül eşqi” adlandırırdı – bir çox şairlər kimi, Rayner də onu deyil, ona olan hissini sevirdi və bu arada qadının fikirləri və emosiyalarıyla az maraqlanırdı. Salome Berlindəki birgə evlərindən azacıq aralanan kimi Rilke qısqanclıq səhnələri qururdu. Aralaşmalarsa az olmurdu – Lu həmin ərəfədə məşhur həkim Fridrix Pinelslə görüşürdü, həyatında başqa kişilər də vardı. Salome onlarda Raynerdə tapa bilmədiyini axtarırdı.
Bu məşəqqətli kələfin ucu Lu Pinelsdən uşaq gözlədiyini öyrənəndə açılır. Özünə sadiq qalan qadın bu reallığı Rilkedən gizlətmir və şair onu atıb rəssam Klara Vesthofun yanına gedir. Lu eləcə də analıq səadətini yaşaya bilmir – uşağını itirir. Bu hadisədən sonra o, yenidən kişiləri əlcək kimi dəyişməyə başlayır. Salomenin “Don Juan siyahısında” kimlərlə rastlaşmazdın – yazıçılar Şintsler, Hauptman, Huqo fon Qofmanstal, filosof Əbbinhauz, rejissor Maks Reynhardt...
Lu öz təcrübəsini dostu Martin Buberin xahişilə (həmçinin məşhur filosof) anındaca səs-küy salan “Erotika” kitabında ümumiləşdirir. Bu əsərdə Salomenin şəxsi həyatının qalmaqallı təfsilatı əks olunur – Lu adam arasında “düymələri bağlı” gəzirdi, özü də sözün hərfi mənasında – o, həmişə uzun qolları və hündür yaxalığı olan donlar geyinərdi. Əvəzində kitab son dərəcə aşkarıydı.
1911-ci ildə Andreas-Salome Freydlə tanış olarkən yaşı artıq əllini haqlamışdı. Məşhur psixiatr ondan cəmi beş yaş böyük olsa da, qadın yaşından qat-qat cavan göründüyü halda Ziqmund kənardan qoca kişi təsiri bağışlayırdı. Lunu Freydlə növbəti pərəstişkarı, İsveç psixiatrı Paul Byer tanış etmişdi. Qaçılmaz ayrılıqdan sonra pərəstişkarı Lu haqda belə yazırdı:
“Onun özünü sevdiyi kişinin tam ixtiyarına verməsi kimi bir qabiliyyəti vardı. Bu sərhəd tanımayan diqqətcillik Lunun tərəfdaşında hansısa mənəvi alovun şölələnməsinə səbəb olurdu. Uzun sürən ömrüm boyu məni Lu qədər başa düşəcək başqa bir qadınla rastlaşmadım... Onun təbiətində heç də soyuq qadın gizlənmirdi, amma bununla yanaşı, hətta ən ehtiraslı ağuşa belə sonuna qədər atıla bilmirdi. Yəqin ki, Lunun həyat faciəsi elə buydu. O, çarəsiz şəkildə öz güclü şəxsiyyətindən azad olma yollarını axtarırdı”.
Bəlkə də, Salome məhz sevgi uğursuzluqlarının səbəbini anlamaq üçün Freydə üz tutmuşdu. Lu “Vena cadugəri”ndə özünə yaxın olan çox şey – ilk növbədə, hər bir insanın androginliyi (kişi başlanğıcı - red.), ikicinsliyi haqda ideyanı tapır. Onun “Erotika”sını oxuyan Freydsə Lu haqda belə söyləyir:
“O, başqa yolla gedərək tədqiqatın yaxın nəticələrinə gəlib çıxıb”.
Yeri gəlmişkən, bu tədqiqatlar Lunu feminizmdən əl çəkməyə məcbur edir. “Qadının kişilə peşəkar uğurda yarışmasından axmaq bir şey yoxdur. Heç vaxt özümə kişi məşğuliyyəti seçməmişəm və heç kəslə bu yöndə yarışmamışam – bu məşğələlər şüalarına möhtac olan çiçəyi axtarıb tapan günəş kimi özü məni tapıb”.
Freydlə Lu dost olurlar. Luya psixoanalizi öyrətməyə qərar verən və “yaxın çevrəsi”nə buraxan Ziqmund onun çoxsaylı kişi dostlarından fərqli olaraq, əvəzində Salomedən heç nə istəmirdi. O, Luya hər şeyi bağışlayırdı – hətta qadının məşhur Freyd çarpayısına uzanıb təhtəlşüurunun sirlərini açmasını qəti şəkildə rədd etməsini belə. Halbuki Freydin istənilən şagirdi bu cürətinə görə birdəfəlik ondan ayrı düşə bilərdi. Lu isə metrin yanında qalır, məqalələr yazır, seminarlarda çıxış edir və Freydin ətrafında “psixoanalizin anası” adına layiq görülür.
Safura oynayacaq, amma onu Suqra kimi təqdim etdi
“Nə deyirəm ki, - o yazırdı, - heç olmasa, kiminsə anası olaram”.
Həyatının qürubunda işlənməmiş ana hissi öz sözünü deyir – o, vaxtının çoxunu uşaqlarla ünsiyyətdə keçirir və Freydin qızı Anna ilə həmmüəllif kimi uşaq psixologiyası haqda kitab yazmağı qərarlaşdırır. Sevgililəri də get-gedə “cavanlaşır”. Onlardan biri, xorvatlı tələbə Viktor Tausk Luya elə dəlicəsinə vurulmuşdu ki, ayrılıqdan sonra dözə bilməyib özünə qəsd edir. Onun ölümündən sonra Lu bütünlüklə özünü işə həsr edir – gündə on saat Gettingendəki klinikasında xəstə qəbul edərək, onlara ruhi tarazlığını qaytarmağa çalışır.
Ancaq həmin dövrdə rahatlığı yalnız arzulamaq olardı: hakimiyyətə nasistlər gəlmişdi. Psixoanaliz təqib olunurdu. Hitlerin qatı pərəstişkarı olan Elizabet Nitşe Lunu “gizli yəhuduçilik”də günahlandırır və onun adının qardaşının tərcümeyi-halından çıxarılması üçün əlindən gələni əsirgəmir. Lakin Andreas-Salome əvvəlkitək heç nədən qorxmur – o, Almaniyanı tərk etməkdən boyun qaçıraraq qətiyyətlə bəyan edir: “Bura mənim vətənimdir. Qoy bu başdanxarab fürer öz quldurlarıyla birgə rədd olsun”.
Lu artıq yetmişi haqlamışdı, lakin həyat eşqi hələ də sönməmişdi. Onun hətta bu yaşında belə pərəstişkarı vardı – nasir Ernst Pfayffer.
“Mən hələ də biliyə həvəsliyəm, - o söyləyirdi. – Axı maraqlı həyat kələfindən hələ çox şey hörmək olar və bu arada göydən gələn sürprizlər də əskik olmur...”
O, 1937-ci il fevralın 5-də, 76 yaşında vəfat edir. İki il əvvəl Salomedə şiş aşkarlanır, cərrahi əməliyyat olunur və bundan sonra Lu dəhşətli ağrılardan əziyyət çəkir. Qadın bu ağrıları cəsarətlə aşmağa səy göstərir – Pfayffer həmişə onun yanında olur və Lu zəifliyini hər vəchlə kişidən gizlətməyə çalışır.
“Həyat hansı ağrıları və məşəqqətləri verirsə-versin, - o, ölümündən az əvvəl yazır, - yenə də onu salamlamağı bacarmalıyıq. Günəş və Ay, gecə və gündüz, qaranlıq və işıq, sevgi və ölüm – insan həmişə bunların arasındadır. Kim əzabdan çəkinirsə, o, sevincdən qorxur”.
Bu, Lu Salomenin qaynar həyatı boyunca öyrəndiyi ən əsas dərsiydi. O, özünə vurulan bütün kişilərə də məhz bunu öyrətməyə çalışmışdı.
Çevirdi: Kifayət Haqverdiyeva
Nitşeyə rədd cavabı verən qadın
23 avqust 2012
11:35
2719 dəfə oxunub
Oxşar xəbərlər
Öz içində gizli adam - Rəşad Məcid
09:00
4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?
12:00
2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...
12:00
30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?
09:00
27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?
17:00
22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?
17:00
20 noyabr 2024