Corc Oreull “1984” romanının yazılmasından üç, nəşr olunmasından isə beş il öncə bu romanın tezisini izah edən bir məktub yazıb.
Kulis.Az “Məşhurların məktubları” layihəsində Corc Oruellin “1984” romanını yazma səbəblərini izah edən məktubu təqdim edir.
Noel Uillmettə
18 may 1944
10 a Mortimer Kresent NY 6
Əziz Mister Uillmett,
Məktubunuza görə minnətdaram. Siz məndən soruşursunuz ki, həqiqətən, totalitarlıq, şəxsiyyətə pərəstiş çoxalıbmı və sonra siz onların bu ölkədə və ABŞ-da qətiyyən inkişaf etmədiyini vurğulayırsınız.
Deməliyəm ki, dünyanı bütöv bir varlıq kimi götürdükdə bu məsələlərin inkişafda olduğunu görür və bundan qorxuram. Hitler heç şübhəsiz ki, yaxın zamanda yox olacaq, lakin məhz a) Stalinin, b) İngilis-amerikan milyonçuların, c) De Qoll kimi fürerciklərin güclənməsi nəticəsində. Hər tərəfdə baş alıb gedən milli hərəkatlar, hətta Almaniya dominantlığına qarşı çıxanlar belə, artıq qeyri-demokratik yön alır, hansısa insandan üstün bir varlıq saydıqları fürerin (Hitler, Stalin, Salazar, Franko, Qandi, De Valera və onların tayı olan digərləri) ətrafına toplaşır və nəticənin vasitələrə bəraət qazandırması fikrini qəbul edirlər.
Dünyanın hər bir yerindəki hərəkatlar mərkəzləşmiş iqtisadiyyata meyl edirlər, bu iqtisadi mənada “işləsə” də, demokratik cəhətdən yaxşı təşkil olunmamışdır və kasta sistemini yaratmağa meyllidir. Bununla da emosional milliyyətçiliyin dəhşətləri və obyektiv həqiqətə inanmama tendensiyası yaranır, çünki bütün faktlar hansısa heç vaxt səhv etməyən fürerin sözləri və gələcək haqqında öncəgörmələri ilə üst-üstə düşməlidir.
Tarix isə müəyyən mənada mövcudluğunu artıq dayandırıb, yəni bizim dövrün hər kəs tərəfindən qəbul olunacaq bir tarixi daha yoxdur, insanların hərb üçün əhəmiyyəti azalan kimi dəqiq elmlər təhlükəli olmağa başladı. Hitler deyə bilər ki, müharibəni yəhudilər başlatdı və o qurtulsa, bu, rəsmi tarix olacaq. O deyə bilməz ki, iki vur iki beş edir, çünki, deyək ki, ballistika nöqteyi-nəzərindən bu vurma əməli mütləq dörd etməlidir. Lakin mənim gəlişindən qorxduğum bir dünya bərqərar olsa, bir-birinə qalib gələ bilməyən iki, ya üç superdövlət yaransa, o zaman fürerin istədiyi təqdirdə, iki vur iki məhz elə beş edəcək. Mənim gördüyüm qədəri ilə, biz hal-hazırda bu istiqamətdə irəliləyirik, lakin bu prosesi, əlbəttə ki, geri döndərmək mümkündür.
Britaniya və ABŞ-ın nisbi toxunulmazlığı sayəsində. Sülhə səsləyənlər və digərləri hər nə deyir, desin, bizdə hələ ki, totalitar sistem yoxdur və bu, çox ümidverici göstəricidir. “Şir və Taybuynuz at” əsərimdə izah etdiyim kimi, mən ingilis xalqına və onun azadlığa xələl gətirmədən öz iqtisadiyyatını mərkəzləşdirmə gücünə sahib olduğuna çox inanıram. Lakin unutmamalıyıq ki, Britaniya və ABŞ indiyədək həqiqi şəkildə sınağa çəkilməyib, onlar nə müdafiə olunublar, nə də dəhşətli əzablar görüblər. İki yaxşını balanslaşdırmaq istədikdə də ortaya mənfi cəhətlər çıxır. Birinci ondan başlayaq ki, demokratiyanın çürüməsinə qarşı ümumi laqeydlik hissi var. Misal üçün, heç düşünmüsünüzmü ki, İngiltərədə 26 yaşından aşağı olan heç kəs səs verə bilməz və aydın şəkildə göründüyü kimi, həmin yaşda olan insanların bu heç vecinə də deyil?
İkincisi, intellektualların adi adamlardan daha totalitar dünyagörüşlü olması faktı var. Ümumi götürsək İngiltərə intellegensiyası Hitlerə qarşı çıxdı, lakin yalnız Stalini qəbul etmək bahasına. Onlardan bir çoxu nə qədər ki, bu “bizim” xeyrimizədir, diktator metodlarına, gizli polisə, tarixin sistematik şəkildə falsifikasiya olunmasına və s. razıdır.
İngiltərədə faşist hərəkatının olmamasını əks etdirən fikir əslində, onu göstərir ki, bizim gənclər hal-hazırda öz fürerini başqa yerdə axtarır. Heç kəs bunun dəyişməyəcəyinə əmin ola bilməz, necə ki, heç kəs adi insanların 10 il sonra intellektualların indiki kimi düşünəcəyi fikrini təkzib edə bilməz.
Mən ümidvaram ki, bu baş verməyəcək, mən onlara hətta güvənirəm də, lakin belə olacaqsa da, bu mübarizə bahasına baş verəcək. Əgər biri çıxıb hər şeyin yaxşıya doğru olduğunu elan edirsə və bu zaman ziyanlı tərəfləri göstərmirsə, deməli, həmin adam totalitarizmi bir az da yaxınlaşdırır.
Siz həm də soruşursunuz ki, əgər mən dünyanın faşizmə meyl etdiyini düşünürəmsə, o zaman niyə müharibəni dəstəkləyirəm. Bu, iki ziyandan birini seçmək kimidir, məncə, elə bütün müharibələr də belədir. Britaniya imperializmi haqqında bildiklərim onu xoşlamamağa kifayət edir, lakin mən onu nasizm, ya da yapon imperializminə nisbətən daha az ziyanlı biri olaraq dəstəkləyəcəyəm.
Eynilə bu cür də SSRİ-ni Almaniyaya qarşı dəstəkləyəcəyəm, çünki SSRİ-nin öz keçmişindən tam olaraq qopa bilməyəcəyini və İnqilabın ideyalarına hələ də sadiq qaldığına inanıram, bu onun Nasist Almaniyasından daha ümidverici fenomen olduğunu göstərir. Mən düşünürəm ki, elə müharibənin başlanğıcından – təxminən 1936-cı ildən bəri belə düşünmüşəm, bizim məqsədimiz daha yaxşıdır, lakin biz onun daha da müsbət olmasına çalışmalıyıq, bu isə həm də tənqidin olmasını ehtiva edir.
Hörmətlə,
Co. Oruell
İngiliscədən tərcümə: Svetlana Turan