Uçan holland - Mixail Bulqakovun hekayəsi

Uçan holland - Mixail Bulqakovun hekayəsi
15 may 2024
# 14:30

Bu gün görkəmli rus yazıçı Mixail Bulqakovun doğum günüdür.

Kulis.az onun "Uçan holland" hekayəsini təqdim edir.

Xəstənin gündəliyi

5 iyul. Öskürməyə başlamışam. Öskürürəm, öskürürəm. Bütün gecəni dayanmadan öskürürəm. Yatmaq istəyirəm, amma əvəzində öskürürəm.

7 iyul. Həkim qəbuluna yazıldım.

10 iyul. Həkim balaca çəkiclə ora-buramı döyəcləyib "Hm!" dedi. Görəsən, nə deməkdir bu "hm"?

11 iyul. Rentgenimi çəkdilər. Çox qəşəngdir. Başdan-ayağa qapqara, qabırğalarımsa ağappaq.

20 iyul. Təbrik edirəm, əziz yoldaşlar, vərəm imişəm. Əlvida, gözəl dünya!

30 iyul. Məni "Sağlam ruh" sanatoriyasına göndərirlər. 2000 verstlik yol üçün pulsuz bilet və döşək verdilər.

1 avqust. ...və taxtabitilər. Gedirəm, mənzərə çox gözəldir. Taxtabitilər tarakan boydadır.

3 avqust. Sibirə gəldim. Çox gözəl yerdir. Yolun bir hissəsini at belində getdim - 293 verst. Kumıs.

6 avqust. Bu da sənə kumıs! Mənə dedilər ki, nəsə səhv olub. Məndə vərəmdən əsər-əlamət yoxdur. Yenə rentgen çəkdilər. Demə, məsələ böyrəyimdə imiş. Çox iyrəncdir.

8 avqust. Ona görə də indi Rostovda yazıram. Çox gözəl şəhərdir. Kislovodskdakı "Günəşin hədiyyəsi" sanatoriyasına gedirəm.

12 avqust. Kislovodsk. Yenə başımı aldadıblar. Böyrəyimin məsələyə aidiyyatı yox imiş. Soruşdular ki, səni bura hansı axmaq göndərib?!

15 avqust. Paroxodda yazıram. Sən demə, məndə irsi sifilis varmış, ona görə də Krıma gedirəm (gizli şəkildə). Gəmi yelləndikcə ürəyim bulanır. Lənətə gəlsin belə müalicə!

22 avqust. Yalta! Möhtəşəm şəhərdir, bircə bu tibb olmasaydı... Sirli elmdir. Burda da məlum oldu ki, bağırsağımda qurd var. Tambov quberniyasının Lipetsk şəhərinə gedirəm. Əlvida, Qara dənizin şairanə suları!

25 avqust. Lipetskdə hamı təəccüblənir. Həkim çox yaraşıqlıdır. Bağırsaq qurdu haqqında belə dedi:

- Onların özü bağırsaq qurdudur!

Məni pəncərənin qabağına aparıb gözlərimə baxdı və dedi:

- Sizin ürəyiniz xəstədir.

Salamat yerim olmadığı fikrinə o qədər inanmışdım ki, heç təəccüblənmədim də. O saat soruşdum: hara getmək lazımdır?

Borjoma.

Salam, Qafqaz!

1 sentyabr. Borjomda heç əşyalarımı yerbəyer etməyə də imkan vermədilər. Dedilər ki, biz revmatizmi müalicə etmirik. Aha, indi də revmatizmim üzə çıxdı! Ömrümə az qalıb, çox az!

Yenə Sibirə gedirəm...

10 sentyabr. ...Şöhrətli dəniz, müqəddəs Baykal! Mənzərəsi ürəkaçandır, amma soyuqdan it kimi əsirəm. Sibir həkimi dedi ki, tezliklə qar yağacaq, belə olan halda kurortları gəzmək axmaqlıqdır. Siz, deyir, isti yerlərə getməlisiniz. Mən, deyir, sizi Krıma göndərərəm... Deyirəm ki, mən artıq orda olmuşam. Mersi. O isə soruşur ki, harda olmusunuz? Cavab verirəm: Yaltada. O deyir: mən, deyir, sizi Alupkaya göndərəcəyəm. Yaxşı, qoy Alupka olsun. Mənim üçün qətiyyən fərqi yoxdur, lap istəyir cəhənnəmin isti göbəyinə göndərsin. Kürk alıb yola çıxdım.

25 sentyabr. Alupkada hər yer bağlıdır. Dedilər: siz yaxşısı evə gedin, yoxsa avara-sərgərdan kimi düşmüsünüz respublikanın canına, ordan-bura gedirsiniz, burdan-ora. Hər şeyə tüpürüb evə qayıtdım.

1 oktyabr. Artıq evdəyəm. Mən evdə olmayanda arvadım mənə xəyanət edib. Həkimin yanına getdim. O isə deyir ki, siz tamamilə sağlam adamsınız, dəmir parçası kimi. Bu necə olur, soruşuram, bəs onda nə üçün məni avara salmısınız? O isə cavab verir: səhv olub! Eybi yox, səhvdir də, olanda olur. Sabahdan işə çıxacağam.

555 nömrəli xəstə. Mixail.

(1925)

Tərcümə: Svetlana Turan

# 956 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #