Orda adamın bircə ruhunu almaq olmur

Orda adamın bircə ruhunu almaq olmur
18 yanvar 2014
# 08:30

Kulis.az Svetlana Turanın tərcüməsində Varlam Şalamovun “Protezlər” hekayəsini təqdim edir.

Düşərgə təcridxanası lap köhnə idi. Adama elə gəlirdi ki, karserin taxta divarını azca itələsən, divar uçacaq, təcridxana darmadağın olacaq, şalbanlar hər tərəfə yuvarlanacaq. Ancaq təcridxana uçmurdu və yeddi təkadamlıq karser əbədi olaraq xidmət göstərirdi. Düzdür, bərkdən deyilmiş hər söz qonşu tərəfindən eşidilirdi. Ancaq karserdə oturanlar cəzalandırılmaqdan qorxurdular. Nəzarətçi kameranın üstünə tabaşirlə bir çarpaz işarəsi qoyarsa, məhbusa isti yemək verilmirdi. İki çarpaz işarəsi qoyarsa, çörək də verilmirdi. Bura düşərgə daxilində cinayət törədənlər üçün nəzərdə tutulmuşdu. Daha təhlükəli əməllərdə şübhələndiklərini idarəyə aparırdılar.

Bu səfər ilk dəfə olaraq məhbuslardan ibarət düşərgə rəisləri həbs olunmuşdu. Hansısa iri bir “torba tikilir”, ya da düşərgə prosesi hazırlanırdı. Kiminsə göstərişi ilə.

- Beləcə, biz – altı nəfər təcridxananın ensiz dəhlizində mühafizəçilərin əhatəsində dayanmışdıq. Yalnız onu hiss edirdik ki, bizi, elə bir neçə il əvvəl olduğu kimi, yenə də həmin maşının dişinə ilişdiriblər, ancaq səbəbini sabahdan tez öyrənə bilməyəcəyik...

Hər birimizi alt paltarınadək soyundurur və ayrıca karserə salırdılar. Anbardar saxlanılmaya verilən əşyaları qəbul edir, onları torbalara dürtür, üstünə birka keçirir və qeydiyyatını aparırdı. Müstəntiq isə, onun soyadının Pesnyakeviç olduğunu bilirdim, “əməliyyat”a rəhbərlik edirdi.

Birincisi qoltuqağacıylaydı. O, fənərin yanındakı skamyaya oturub qoltuqağaclarını döşəməyə qoydu və soyunmağa başladı. Polad korset çılpaq qaldı.

- Çıxarım?

- Əlbəttə.

Adam korsetinin bağlarını açmağa başladı və müstəntiq Pesnyakeviç əyildi ki, ona kömək etsin.

- İfşa edirsən, köhnə dostum? – adam “ifşa edirsən” sözünə təhqir kimi deyil, özlərinə tanış olan jarqonla dedi.

Tanıdım, Pleve idi.

Korsetdəki həmin adam düşərgənin dərzixanasının rəisi Pleve idi. Dərzixana rəhbərliyin icazəsilə, içəridən və hətta kənardan gələn sifarişlə işləyən iyirmi ustadan ibarət vacib bir yerdi.

Çılpaq adam skamyada büzüşdü. Polad korset döşəmədə qalmışdı, protokolda məhbusdan alınmış əşyalar qeyd olunurdu.

- Bu zadı necə qeyd edək? – anbardar çəkməsinin ucu ilə korseti itələyərək Pleveden soruşdu.

- Polad protez – korset, – çılpaq adam dedi.

Pesnyakeviç harasa çəkilib getdi, mənsə Plevedən soruşdum:

- Sən, doğrudan da, bu iti əvvəldən tanıyırsan?

- Bəs necə?! – Pleve sərt səslə dedi. – Anası Minskdə fahişəxana saxlayırdı, mən də ora gedərdim. Hələ Qanlı Nikolayın vaxtlarından.

Dəhlizin dərinliyindən Pesnyakeviç və dörd mühafizəçi çıxdı. Mühafizəçilər Pleveni əl və ayaqlarından tutub karserə saldılar. Qıfıl şaqqıldadı.

Növbəti at bazasının rəisi Karavayev idi. Keçmiş “budyonovçu” vətəndaş müharibəsində qolunu itirmişdi. Karavayev dəmir qolu ilə nəzarətçinin masasını taqqıldatdı:

- Hamınız alçaqsız.

- Dəmirini çıxart. Əlini təhvil ver.

Karavayev açılmış protezi necə qaldırdısa, qvardiyaçının üstünə mühafizəçilər tökülüşüb onu karserə saldılar. Çoxmərtəbəli söyüşü hamımız eşitdik.

- Qulaq as, sən, Qolçaq, – təcridxana rəisi dilləndi, – səs-küyə görə isti yeməkdən məhrum edirik.

- İsti yeməyini də götür rədd ol burdan.

Təcridxana rəisi cibindən tabaşir çıxarıb Karavayevin olduğu karserin üstünə çarpaz işarəsi çəkdi.

- Bəs indi qolu təhvil verməsi barədə kim imza atacaq?

- Əşşi, heç kim. Quşdan-zaddan qoy getsin, – Pesnyakeviç əmr etdi.

Bizim həkim Jitkovun növbəsi gəlib çatmışdı. Kar qoca öz qulaq borusunu çıxarıb təhvil verdi. Ondan sonrakı xarrat emalatxanasının rəisi polkovnik Panin idi. Polkovnik ayağını almanlarla müharibə vaxtı haradasa Şərqi Prussiyada mərmi partlayışında itirmişdi. O, əla xarrat idi və mənə danışmışdı ki, zadəgan ailələrində uşaqları həmişə hansısa sənətə yiyələndirirdilər, əsasən də, əl sənətlərinə. Qoca Panin protezini açdı və karserə bir ayağı üstə tullana-tullana girdi.

İki nəfər qaldıq – Şor, yəni böyük briqadir Qrişa Şor və mən.

- Gör iş necə cəld gedir, – Qrişa dedi. Hiss olunurdu ki, onu əsəbi sevinc tutub. – Biri ayağını, o biri əlini verir. Mən də gözümü verəcəm. – Və Qrişa sağ, farfordan olan gözünü asanca çıxarıb onu mənə ovcunda göstərdi.

- Sənin gözün sünidir? – mən təəccüblə soruşdum. – Heç hiss etməmişdim.

- Diqqətli deyilsən. Bir də ki, gözü yaxşı seçiblər.

Qrişanın gözünü qeyd edən vaxt təcridxana rəisinin əhvalı qalxdı və onu gic gülmək tutdu.

- Demək, biri əlini, biri ayağını, o biri kürəyini, bu da gözünü. İndi bədənin bütün hissələrini yığacağıq. Bəs sən? – Mən çılpaq durmuşdum və o məni başdan ayağa süzdü. – Sən nəyini təhvil verəcəksən? Ruhunu?

- Yox, – dedim. – Ruhumu sizlərə təhvil vermərəm.

# 3261 dəfə oxunub

Müəllifin son yazıları

# # #