Ehtirassız adam necə ölür?

Ehtirassız adam necə ölür?
26 aprel 2013
# 09:45

Pablo Neruda

Yavaş-yavaş ölür

Yavaş-yavaş ölür səyahət etməyən,

Kitab oxumayan,

Musiqini dinləməyən,

Özü ilə harmoniyada ola bilməyən.

Yavaş-yavaş ölür

Özünə olan inamını itirən,

Ona uzanan kömək əlini geri itələyən.

Yavaş-yavaş ölür məhəbbətin özünü öldürən,

Ömrünü gah bəxtsizlikdən, gah da aramsız yağışdan

Sonsuz şikayətlərlə keçirən.

Yavaş-yavaş ölür planlarını yarımçıq qoyan,

Onları həyata keçirməyə heç başlamamış.

Ona bəlli olmayan məfhumları sual etməyən.

Soruşduqda belə, bildiklərini deməyən.

Yavaş-yavaş ölür alışqanlıqlarının köləsi olan,

Hər gün eyni istiqamətdə gedib yolunu dəyişməyən

Paltarlarının rəngini dəyişməyə risk etməyən,

Yadları dindirməyən.

Yavaş-yavaş ölür

Ehtiraslardan uzaq duran,

Əsnəməni təbəssüm kimi göstərə bilən.

İstər səhvlər, istərsə də hislər nəticəsində

Ürəyi döyünməyə vadar edən

Və gözləri parlamağa sövq edən

Emosiyalarla dolu olmaq əvəzinə,

Ağın üzəri ilə qara yazmağı, “i”-nin nöqtəsini qoymağı sevən.

Yavaş-yavaş ölür masanın altını üstünə çevirməyən,

Sevgidə, ya da işdə xoşbəxt ola bilmədikdə

Talenin zərbələrini dəf etməyən,

Arzusunun arxasınca düşərsə,

Başına gələ biləcək naməlumluqlar üzündən

Əlində olanları təhlükəyə atmayan,

Ömründə heç olmasa, bircə dəfə

Ağıllı məsləhətlərdən can qurtara bilməyən...

Elə isə gəlin yaxa qurtaraq

Kiçik dozalarla yaxınlaşan ölümdən,

Sağ qalmağın

Nəfəs almaq kimi,

Böyük və davamlı səy tələb etdiyini

Hər zaman xatırlayaq.

Bu gününü yaşa!

Bu gün risk et!

Bunu bu gün et!

Yavaş-yavaş ölməyə cürət etmə!

Özünə xoşbəxt olmağı qadağan etmə!

# 3695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #