Nobelli şairdən mütaliə resepti

Nobelli şairdən mütaliə resepti
5 iyul 2013
# 09:45

Kulis.Az Nobel mükafatı laureatı olan rus şairi İosif Brodskinin “Kitabı necə oxumaq lazımdır” məqaləsini Svetlana Turanın tərcüməsində ixtisarla təqdim edir.

(ixtisarla)

Kitab nəşrinin ən ümdə aspektlərindən biri onun sonsuz olaraq davam etməsidir. Çünki o, vəfat etmiş müəllifin mövcudluğunu uzadaraq onun özünün nəzərdə tutduğu sərhədləri aşır və müəllifin hamımıza sonsuz kimi görünən canlı gələcəyini təmin edir.

Əslində, kitabın ömrü bizimki qədər qısa deyildir. Kitablardan ən bərbadları da öz müəlliflərindən daha çox yaşayırlar. Onlar əksər vaxt rəflərdə qalır və kitabların üzərini müəllifləri bir ovuc külə döndükdən xeyli sonra qalın toz basır. Ona görə də bu düzbucaqlı əşyaları əlimizdə tutub o yan-bu yana çevirərkən bunların bizim yenidən canlanacaq külümüzün potensial urnası olduğunu desək, elə də yanılmarıq. Axı yazdığımız əsər hansı janrda olur-olsun, ona sərf olunan – insanın öz həyatıdır, yaxşı və ya pis olmasından asılı olmayaraq, hər zaman sonu olan insan həyatı. Filosofluq etməyin ölüm məşqləri olduğunu deyən hər kimdirsə, çox haqlıdır, çünki heç kəs kitab yazaraq cavanlaşmır.

Hətta kitabı oxuyaraq da heç kəs cavanlaşmır. Bir halda ki, bu belədir, o zaman biz yaxşı kitablara üstünlük verməliyik. Lakin ədəbiyyatda, elə bir çox sahələrdə olduğu kimi, “yaxşı”nı müəyyən etmək üçün dəqiq qaydalar yoxdur. Bundan əlavə, yaxşı bir kitab yazmaq üçün müəllif böyük miqdarda maklatura oxumalıdır, yoxsa o özü üçün vacib kriteriyaları müəyyən edə bilməyəcək.

Lakin hamımızın ölümlü olduğunu və mütaliənin inanılmaz dərəcədə çox vaxt aldığını nəzərə aldıqda biz vaxtımıza qənaət etməyə yardım edəcək bir sistem yaratmalıyıq. Düzdür, bəzən qalın, ortabab bir romanın səhifələrinə dalıb onu oxumaqdan zövq alırıq, amma bu, çox davam edə bilməz. Axı biz yalnız oxu xatirinə deyil, həm də yeni nələrsə əldə etmək naminə oxuyuruq. Ona görə də bizə qısa yollar gərəkdir. Bunun üçün isə nəşrlər okeanında bizə yol göstərəcək bir kompasa ehtiyacımız var.

Kompas rolunu, əlbəttə ki, ədəbi tənqid, resenziyalar oynayırlar. Lakin onların da əqrəbi stabil deyildir. Bəziləri üçün şimal olan qalanları üçün cənub ola bilir. Resenziya müəllifləri ilə bağlı, ən azı, 3 narazılıq olur: a) o da lap elə bizim özümüz kimi adi əsnaf ola bilər, b) o yalnız eyni müəlliflər haqqında yazmağa həvəsli ola, ya da bir nəşriyyat üçün işləyə bilər, c) əgər onun özü istedadlı yazıçıdırsa, o zaman yazdığını müstəqil incəsənət nümunəsinə çevirə bilər, buna təsdiq olaraq, Xorxe Luis Borxesi göstərə bilərik. Belə olduqda isə siz kitabın özünü deyil, resenziyasını oxumağa üstünlük verəcəksiniz.

Yaxşı olardı ki, oxucu öz zövqünü formalaşdırmağı özü öyrənsin, öz şəxsi kompasını yaratsın. Lakin bu da həddindən çox zaman ala bilər. Başqa alternativ variant başqasının məsləhətinə arxalanmaqdır. Amma bu yol da bizi düzgün istiqamətə aparmaya bilər, çünki hazırkı bədii ədəbiyyat okeanı durmadan böyüyür.

Bədii zövqün formalaşdırılması üçün yeganə düzgün hesab etdiyim yolu deməzdən öncə mən kitab çapı haqqında fikrimi söyləmək istərdim. Mən naşir olsaydım, kitabların üz qabığında əsər və müəllifin adı ilə yanaşı, yazıçının həmin əsəri neçə yaşında yazdığını da qeyd edərdim. Belə olduqda, oxucu ondan neçə yaş balaca, ya da böyük olan bir müəllifin müəyyən yaş dövründə yazdığı informasiyanı əldə etməyi istəyib-istəmədiyinə rahatca qərar verə bilərdi.

Bu fikrin mənbəyi özlərini kütlə içində narahat hiss edən, siyasi söhbətlərə qarışmağı xoşlamayan, özlərini hədsiz dərəcədə sevməyən insanlardır. Əgər belə insanlar təsadüf nəticəsində həbsxana kameralarında öz qanının içində üzürsə, ya da hansısa konkret haqsızlığa qarşı deyil, məhz dünyanın bütünlüklə quruluşuna etiraz etməkdən ötrü tribunalara atılırsa, bu onların obyektiv fikirlərə inamsızlığı və dönməz subyektivliyinə inanclarının sübutudur. Ədəbiyyat adamlarında da bu cürdür, onlar da öz yaradıcılığında subyektivliyə, bənzərsizliyə can atır və klişelərdən qaçmağa çalışırlar. Çünki məhz klişedən qaçmaq cəhdi incəsənəti həyatdan ayırır.

Söhbətin bu məqamında demək istəyirəm ki, ədəbi zövqü inkişaf etdirməkdən ötrü poeziya oxumaq lazımdır. Əgər elə düşünürsünüzsə ki, mən bunu şair və peşəmə sadiq olduğum üçün deyirəm, o zaman yanılırsınız, çünki mən həmkarlar birliyinin üzvü deyiləm. Məsələ burasındadır ki, insan nitqinin ən ali forması olaraq, nəzm ən yığcam olmaqla bərabər, həm də insan təcrübəsinin ötürülməsinin ən uyğun formasıdır.

Poeziyanı daha çox oxuduqca biz istər siyasi, istər fəlsəfi nitqin, istərsə də tarix, ictimai elmlər və bədii ədəbiyyatın çoxsözlüyünə qarşı dözümsüz oluruq. Nəsrdə yaxşı üslub hər zaman poetik dilin dəqiqliyi, sürəti və lakonikliyinin əsiridir. Poeziya nəsri hədsiz dərəcədə intizama salır. O, hər bir sözə dəyər verməklə yanaşı, həm də ruhi vəziyyətlərin hərəkətliliyini, onsuz da aydın olanı ötürməyi, detalları vurğulamağı öyrədir. Poeziya nəsrdə, ilk növbədə, metafizikaya meyli gücləndirir və məhz elə bunun sayəsində incəsənət nümunəsi sıravi belletristikadan fərqlənir. Lakin demək lazımdır ki, nəsr bu mənada çox tənbəl şagirddir.

İnanın, mən nəsri gözdən salmaq istəmirəm. Həqiqət ondan ibarət ki, poeziya nəsrdən daha yaşlıdır və daha uzun yol qət edib. Ədəbiyyat poeziyadan başlayıb.

Mənim yeganə istəyim sizin gözlərinizi və beyninizi kütləvi şəkildə çap olunan faydasız materialdan qurtarmaqdır. Poeziya, demək olar ki, məhz elə bundan ötrü yaradılıb. O, qənaət sözünün sinonimidir. Ona görə də etməli olduğumuz tək şey – sivilizasiyamızın iki min ili müddətində davam edən prosesi təzələməkdir. Bu siz düşündüyünüzdən çox asandır, çünki poeziyanın ümumi həcmi nəsrin ümumi həcmindən qat-qat azdır. Sizə lazım olan isə budur – siz bir neçə ay müddətində öz ölkənizin XX əsrin I yarısında yazıb-yaratmış şairlərinin yaradıcılığını mütaliə etməlisiniz. Əgər ana diliniz ingilis dilidirsə, o zaman mən sizə Robert Frost, Tomas Hardi, Uilyam Batler Yeyts, Tomas Sternz Elliot, Marianna Mur, Elizabet Bişopu, əgər alman dilidirsə – Rayner Mariya Rilke, Georq Trakl, Piter Huhel, Qotfrid Benni, ispan dilidirsə – Antonio Maçado, Federiko Qarsia Lorka, Luis Senuda, Rafael Alberti, Xuan Ramon Ximenes və Oktavio Pazı, polşa dilidirsə – Leopold Staff, Çeslav Miloş, Zbiqnev Herbert, Vislava Şimborskayanı, fransız dilidirsə – Qiyom Apolliner, Jül Süpervyel, Pyer Reverdi, Blez Sandrar, Pol Eruar, Araqon, Viktor Seqalen, Anri Mişonu, yunan dilidirsə – Konstantin Kavafis, Georgi Seferis, Yanis Riçosu, isveç dilidirsə – Qunnar Ekelef, Harri Martinson, Tomas Tranströmer, rus dilidirsə – Marina Svetayeva, Osip Mandelştam, Anna Axmatova, Boris Paternak, Vladislav Xodaseviç, Velimir Xlebnikov, Nikolay Xlüyevi oxumağı məsləhət görərdim.

Əgər bu şairlərdən istənilən birini oxuduqdan sonra siz rəfdən götürdüyünüz nəsr əsərini geri qoyacaqsınızsa, bu sizin günahınız olmayacaq. Yox əgər onu oxumağa davam edəcəksinizsə, bu o deməkdir ki, onun müəllifinin mövcudluğumuz haqqında, doğrudan da, adlarını çəkdiyim şairlərdən yalnız bir neçəsinə məlum olan həqiqətə əlavə etməyə sözü vardır.

Sayı artmaqda davam edən naməlum kitablarla dolu bu dünyada düzgün əsərlər oxumaq üçün nəyə görə də mənim sizə indicə təklif etdiyim hiyləyə əl atmayasınız?!


Brodski bu yazını 1988-ci ildə İtaliyanın Turin şəhərində keçirilən kitab sərgisində olarkən yazmışdır.

# 2065 dəfə oxunub

Müəllifin son yazıları

# # #