Kulis.az “Sözün Güneyi” layihəsindən Xoylu yazıçı Ruqiyyə Kəbirinin “Bətnimin güdükçüləri” hekayəsini təqdim edir.
Ruqiyyə Kəbiri 1963-cü ildə Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlib. Orta məktəbi doğulduğu şəhərdə bitirib. Təbriz Universitetinin tibb fakültəsində təhsil alıb. Bir müddət Salmas və Təbriz xəstəxanalarında işləyib. Yaradıcılığa erkən başlasa da, uzun müddət əsərlərini nəşr etdirməyib. Müəllifin bədii yazıları şeir, nəsr, ssenari və tərcümələrdən ibarətdir. “Təbrizin al təbim” (2010) şeir toplusu, “İçimdəki qız” (2013), “Bu qapı heç çalınmayacaq” (2011) hekayələr toplusu, “Evim” (2013), “Yerdən uca torpaq” (2014) romanları kitab kimi nəşr olunub. Çağdaş Güney Azərbaycan ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən, psixoloji detallara önəm verən yazarlardan biri kimi tanınır. Əsərlərini türkcə və farsca yazır. Bakıda “Ürəyim ağrıyır” adlı hekayələr kitabı işıq üzü görüb, hekayələri yayımlanıb.
Bu hekayə ölkəmin bütün uşaq gəlinlərinə təqdim olunur
Duzağa düşmüş bir heyvan kimiyəm. Qaynanam çiyinlərimdən yapışıb çəkir, anam isə gah ayaqlarımdan itələyır, gahdan da əllərinin gücünü yançaqlarıma salır, bəlkə bədənimin eşikdə qalmış bölümünü dəliyə soxsun. Bədənim döşdən yuxarı dağa sarı, yançaqlarımdan aşağısı isə dağın kölgəsində qalmış dərəyə sarı asılı qalıb. Dəlikdə girftar olmuş qollarımı belə tərpədə bilmirəm.
Silahlı bir ovçunun duzağına deyil, əsəlində bətnimin güdükçüləri, anam ilə qaynanamın duzağına düşmüşdüm. anamla qaynanam ovçu olmasalar da, daşdan nütfə ovlamaq məqsədilə məni bu duzağa saldılar. İt su gilifində giriftar olan kimi mən də bu dəlikdə giriftar olmuşam. Su gilifində giriftar ulub qalsaydım, umudum olardı su zorlaşanda məni də özüylə sorub aparar. Amma gilif hara, daşın dəliyi hara! Onbeş il yaşayışımda heç belə bır sıxma-boğmaya düşməmişdim. Qaynanamla anam deyinə-deyinə məni dəlikdən çıxartmağa çalışırlar. Bilmirəm onların deyinməklərinə qulaq asım, yoxsa bu dəlyin içində qıfıllanıb qalmış canımın hayına qalım!
Dedim: “Bu dəlik dardı. Bədənim bu dəlikdən keçməz”.
Qaynanam dedi: “Aaaa... necə ki dardı! Heç xəbərin var bu dəlik kimləri dərman eləmiş?”
Dedim: “Nə deyirəm ki! amma siz mənim enimi qarıncla bir ölçün, görün heç o dəlikdən keçər?”
“Maşallah, maşallah bizə gələn gündən ağ günə çıxıbsan baaaa!...”, qaynanam dedi.
Anam onun sözünü çəkənməyib, üz- gözünü turşadıb, dedi:
“Mənim qızım maşallah maşallah elə əvvəl- bir gündən belə ətli-canlıydı. Hələ uşaqlığın bir görəydin, top kimi ağappaq bir qız idi. Balam ər evinə gedəndən əriyib!”
Mən isə məzlumyana dedim: “Elə mən də ona görə deyirəm da, vallah bu dəlik dardı, mənim əndazəm (ölçümdə) deyil”.
Anam əyilib qulağıma pıçıldadı: “Qaynanan eşitməsin, istəmirəm sonra sənin başıva qaxınc olsun. Mən hələ səndən də iki yaş kiçik idim, bir il toyumdan sovuşmuşdu, hələ uşağa qalmamışdım. Bax, elə bu dəlikdən keçən günün sabahısı uşağa qaldım”.
Dedim: “Axı sizin gözüz görmür bu dəlik dardı? Vallah-billah uşaq da baxıb görsə bunu başa düşər. Bəs siz niyə başa düşəmürsüz? Niyə inad eliyirsiz?”
Anam dedi: “Sən inadcılsan ya bız? hələ dəlikdən keçədin ki görak keçə bilisən ya yox?”
“Axı hansı kitabda yazıb dəlikdən keçən arvad uşağı qalar?”
Anam hirslə dedi: “Hələ yaxçı qoymadım beş kilasdan artıq oxuyasan haaaa... qızım, bu işlər bizim ata-baba dəbimizdi. Yüz il də dərs oxusan bu dəbləri kitablarda tapa bilməzsən”.
Qaynanam əlini anama sarı uzadıb, artırdı: “O can ölsün, sən öləsən, öz canıma and olsun. Xanımaxanım* and içib deyərdi eyni arvad bətəni kimi bu daşın da genəlib-daralmaq xasiyyəti var. Baxmaz boy-buxuna; uşağa qalmayan gəlinlər bu dəlikdən keçəndən sonra hamısı fərəci xeyir (Savab) aparıb. Di gəl ki, qulağımızın dibində olduğundan ona qiymət verən hanı?”
Geri dönüb, kəndə qayıtdım. Birdən-birə hər ikisi də mənə sarı qaçıb, bir cüt qaravul kimi hərəsi bir qolumdan tutub, var güclərilə məni dəliyin içinə soxub, itələdilər.
Bilirəm, arğac xanımaxanımdan keçib, yoxsa bir-birilərini görən gözü olmayan anamla qaynanam əlbir olub, dağın döşündə məni bu dəlikli daşın içində duzağa salmazdılar. Anam ağ deyənə, qaynanam qara deyər. Qaynanam isə yer desə, anam onu göy sanar. Ancaq onların ortaqlığı demə bəs yalnız mənim bətnim idi. Hər ikisi də mənim bətnimə bir ətənə döşəməyə tələsirmişlər. Gerdək gecəsinin səhərisindən ikisi də bətnimin güdükçüsü olmuşdular. Elə o gündən iş-peşələri günləri saymaq olmuşdu. Aybaşı olan günlərim mənim lap məsibətli günlərim idi. Mən aybaşı sancısı çəkib, qandan arınan günlərim anamla qaynanam bir-birilərinin acığına əllərinə gələn istilik (təzyiqi qaldıran) yeməkləri, baldan tutdu badımcan, hildən tutdu zəncəfiləcən, mərəçüyüddən tutdu böyürtkən yarpağınacan mənə yedizdirib, içizdirirlər. Bətnimin güdükçüləri uşağa qalmamışdan uşağın oğlan olduğuna belə fikir verirlər. Kor gözün birinə deyil, hər ikisinə də işıq istəyirlər bu güdükçülər.
Xanımaxanım kəndin bütün qadınlarının imam-peyğəməbəri kimidir; İmam-peyğəməbərin sözündən çıxsalar belə, onun sözündən çıxası deyillər. Xanımaxanımın sayəsində kəndimizin dərmangahına (klinikası) milçək də qonmaz. Onun bitkiləri, dağ-daşdan yığdığı ot-ələfdən düzəltdiyi qaynatmalar (dəmləməlilər), davalar, məlhəmlər bütün naxoşluqların dərmanı sayılır.
Ağlaya-ağlaya dedim: “Sizi o inandığız, gedin kəndin daşyonanın gətirin bu daşı sındırsın, min il də keçsə mən bu dəlikdən çıxanmaram. Axşamacan bu dəlikdə qalsam ölləm”.
Qaynanam dedi: “Tövbə, tövbə... bu daşı məgər sındırmaq olar? Daşın nə günahı var, günah özündədi ki o qədər inad eləyib yubandın, daşın günəş saatı sovuşdu da. Xanımaxanım dilbədil tapşırmışdı ki günəş daşın üstünə şığıyanda qızı dəlikli daşdan keçirdin. İndı de görüm daş neyənəsin?”
Anamın başına qışqırsam da qaynanama dil qaytarmaq cəsarətim yoxdur. Öz yanımda özümü qınayıram. Qaynanam düz deyir da, daş neynəsin, ağlı daşlaşmış daş görəcək işini görüb, mənim kimilərə dəlik düzəldib. Amma mənim ağlım hara getmişdi ki ağlımı verdim bu bətn güdükçülərinin ağlına!
Anam dedi: “Qız bax mənə görüm, olmaya gecə Xanımaxanımın tapşırdığı işləri görməmisən?”
Dinmədim. Qızardım, bozardım. Ərimin xoşu gəlməz mən yastığımız barədə başqa birisi ilə danışım. Gecə özümü oda-közə vurub başardığımı, ondan-bundan öyrəndiyimi elədim, amma ərim yorğun olduğundan dolayı başını mənimlə bir yastığa qoymadı. Anam hirslə başıma qışqırdı: “Denə elə arğac özümdən keçib da! Məyə sənə dilbədil demədim Xanımaxanımın tapışırıqları yadından çıxmasın? Sənin bu saymamazlığın özüvü də, bizi də gör nə günə qoyub!”
Qaynanam Birdən-birə qaşlarını yığıb anama dedi: “Ay qız, bəlkə elə daşın xasiyyəti belədi, bir az saxlayıb, bətninə nütfə düşəndən sonra genəlib, qızı buraxacaq?”
Anamın gözləri parıldadı. Amma məni qorxu götürdü. Ərimin xəbəri olsa ki dəlikli daş mənim bətnimə nütfə salıb, yəqin məni boğar.
Qışqırdım: “Mən daşın nütfəsini istəmirəm, məgər adam daşdan da uşağa qalar? Sizi inandığız gedin kəndin daşyonanını gətirin bu daşı sındırsın!”
Bətnimin güdükçüləri xeylək (xeyli) bir-birilərinə baxıb, sonunda qaynanam dedi: “Olmasa sən get Xanımaxanımı gətir, mən də burda qızı güdüm”.
Qaynanam çəkilib, kölgə bir yerdə oturub, dil-dodağı altda deyinir. Mən isə duzağa düşmüş bir heyvan kimi dəliyin içində bəndə düşüb qalmışam. Günəş başıma elə şaxır ki, deyəsən istisini düz cəhənnəmdən pay alıb. Anamı görə bilmirəm. Ucadan qışqırıram: “Anaaaaaa, Xanımaxanımı gətirmə ha, daşyonanı gətir!...”
* - Xanımaxanım: el arasında iş bilən xanım.