Rejissor Rüfət Əsədov: "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə

Rejissor Rüfət Əsədov:  "Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı" - Müsahibə
17 mart 2026
# 14:15

Kulis.az rejissor Rüfət Əsədovun APA-ya müsahibəsini təqdim edir.

- Gənc nəsil demək olar sizi tanımır. Bu nə ilə əlaqəlidir?

- Mən uzun müddət burada yaşamamışam. 17 il Rusiyada, bir neçə il isə Amerikada və İsraildə yaşamışam.

Mən kino məmuru və ya kino tənqidçisi deyiləm

- Səbəb budurmu sizcə?

- Bilirsiniz, niyə tanımadıqları mənim üçün maraqsızdır. Mən öz işimlə məşğulam. Onlar üçün yox, özüm üçün işləyirəm.

- Rejissor bir növ görünməyən qəhrəmandır...

- Çəkiliş qrupu həmişə kölgədə qalır. Bədii filmlərdə ön planda olanlar isə aktyorlardır. Məsələn, məşhur operator Rafiq Quliyevi çox adam tanımır. Halbuki bu adam “Lider” kanalında 327 filmin prodüseri və təşkilatçısı olub. Təsəvvür edirsiniz – 327 film. Bu isə tamam başqa sahədir.

Adətən mənə “Kinonun gələcəyi necə olacaq?” kimi suallar verirlər, amma buna cavabım yoxdur. Mən kino məmuru və ya kino tənqidçisi deyiləm. Bu problemi həll edən də mən deyiləm.

Mən bir müddət – təxminən dörd il, 2006–2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişəm.

- Soruşmaq istəyirdim ki, Amerikada kurs keçmisiniz, Rusiyada təhsil almısınız. Niyə həmin biliklərinizi gənclərlə bölüşmürsünüz? Özünüz də dediniz ki, bir vaxtlar dərs demisiniz.

- Mənə təklif olunmuşdu. Hələ Timuçin Əfəndiyevin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru – red.) vaxtında belə bir təklif olmuşdu. Mən də minnətdarlığımı bildirdim. Amma buna vaxtım yox idi. Gedib iclaslarda oturmaq və s. bunlar mənlik deyil.

- Siz öyrətməsəniz, başqası da öyrətməsə, bəs gənclər kimdən öyrənməlidir?

- Pedaqoji bacarıq hər adamda olmur. Mən isə bildiklərimi bölüşə bilirəm. Elə adamlar var ki, ümumiyyətlə pedaqoq ola bilmirlər.

Bir şeyə tam əminəm ki, insan nəyəsə nail olmaq istəyirsə, ona mütləq çatacaq. Ziqmund Freydin bir sözü var. Deyir ki, bir yerə uça-uça çata bilmirsənsə, sürünə-sürünə çata bilərsən. İnsan çalışırsa, cəhd göstərirsə, mütləq niyyətinə çatacaq.

Mən özüm Sankt-Peterburq Dövlət Universitetində nüvə fizikası üzrə təhsil almışam. Peterburqda bu ixtisas üzrə oxuyanda başa düşdüm ki, mənim sahəm deyil. Halbuki bu universitet dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biridir. Orada Nobel mükafatı laureatları dərs deyirdilər. Amma mən anladım ki, bura mənim yerim deyil.

Ora qəbul olanda hələ 17 yaşım tamam olmamışdı. Texniki və humanitar fənlər arasında qalmışdım. Texniki fənlər üstün gəldi və nəticədə Sankt-Peterburq Dövlət Universitetinə qəbul oldum. Bəlkə Bakıda qalsaydım, hər şey tam başqa cür olacaqdı və elm sahəsinə gedəcəkdim.

Lakin Peterburq şəhərinin özü bir sənət əsəridir. Yəqin ki, rus ədəbiyyatından çox oxumusunuz. Peterburqda sanki Qoqolun, Dostoyevskinin, Puşkinin, Lermontovun və Tolstoyun yazdığı əsərlərin içində gəzirsən. Bir sözlə, mühitin çox böyük təsiri var. Müəllimlər deyir ki, insanı rejissorluğa öyrətmək mümkün deyil, amma insan rejissorluğu öyrənə bilər.

- Belə başa düşdüm ki, siz praktikanı nəzəriyyədən daha üstün hesab edirsiniz?

- Mən öz təcrübəmdən danışım. Kinoya təxminən 30 yaşımda, Peterburqda gəlmişəm. Rejissorluq çətin peşədir. Buna dözmək lazımdır. Səbirli olmaq, çox kitab oxumaq, filmlərə baxmaq – bir sözlə, daim öyrənmək və axtarışda olmaq lazımdır. Şükür ki, siz azad dövrdə yaşayırsınız. Bizim dövr çox məhdud idi. Seçim imkanlarımız çox az idi. Milyonlarla insanın yaşadığı Sovet İttifaqında cəmi 3–4 şəhərdə rejissor hazırlayan ali məktəb vardı.

Məsələn, onlardan biri Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu idi, ikincisi Kiyev Universiteti idi, orada televiziya rejissorluğu üzrə təhsil verilirdi, bundan başqa ikiillik rejissor kursları var idi, bir də Tbilisidə belə bir imkan mövcud idi. Başqa heç yerdə yox idi. Bu gün isə texniki imkanlar çoxdur. Ən vacib məsələlərdən biri də dildir. Dünyada çox sayda fond fəaliyyət göstərir və onlar həqiqətən də dəstək göstərirlər. Sadəcə hər şeyi çox dəqiqliklə ölçüb-biçirlər. Hər hansı fond bu pulu sənə niyə verməlidir? Sən bunu əsaslandırmalısan və sübut etməlisən ki, həqiqətən də həmin işi görmək istəyirsən. Əgər yaxşı ideyan varsa, onlar sənə dəstək olurlar.

Problem ondadır ki, bəzən insanlar nə çəkəcəklərini bilmirlər. Eyni filmin neçə-neçə remeykini edirlər. Halbuki əsas məsələ yeni ideyanın yaranmasıdır.

- İdeyanın yaranması üçün də mühit olmalıdır...

- Mən 9 ildir Bakı Film Festivalı ilə işləyirəm. Hətta jürinin də üzvü olmuşam. 16-cı festivalda beynəlxalq jürinin sədri idim və bu səbəbdən təxminən 100 filmə baxdım. Onların içində həm qısa, həm də tammetrajlı filmlər olub. Yaxşı filmlər çoxdur.

Məsələn, Azərbaycanda doğulub Amerikada və Avropada təhsil almış gənclər var. Onlar çalışırlar və filmləri çox gözəldir. Artıq həmin mühitdə böyüdükləri üçün 3–4 dil bilirlər və film strukturlarını yaxşı anlayırlar. Bizdə isə bu struktur barədə kifayət qədər bilik yoxdur.

Real həyat və məhəbbət daha maraqlıdır, nəinki aktyorların canlandırdığı obrazlar

- Görürsünüz, yenə misal çəkəndə gedib xaricdə təhsil alanlara çıxırıq. Azərbaycanda fəaliyyət göstərən rejissorlardan danışanda, yaxşı nümunəni göstərmək istəyəndə istər-istəməz xaricə gedib çıxırıq.

- Təəssüflər olsun ki, bu bir reallıqdır. Amma onu da deyim ki, mənim bir qohumum var idi. Onun oğlu 7 yaşından 11-ci sinfə qədər Bakıda ingilis məktəbində oxuyub. İndi isə San-Fransiskoda təhsil alır. Bu, həm atasının imkanları, həm də özünün qabiliyyəti sayəsində mümkün olub.

- Bəs atasının imkanı olmayanlar neyləsin?

- Nə edirsən et, həyatda çox şey insanın özündən asılıdır. Əgər insan nəsə etmək istəyirsə, ona mütləq nail olacaq. Bir misal var: insan nə isə görmək istəyəndə variant tapır, görmək istəməyəndə isə bəhanə axtarır.

- Rejissor kimi nədə bəxtinizin gətirdiyini düşünürsünüz?

- Əcnəbilərlə təmasımın yaranmağında.

- Buna Sankt-Peterburqda oxuduğunuz universitet, yoxsa Amerikada keçdiyiniz kurs kömək etdi?

- Xeyr, bu əlaqələr Amerikadan əvvəl yarandı. Bakıda da başladı, Peterburqda da müəyyən əlaqələr var idi.

Düzdür, mən daha çox sənədli filmlər hazırlayıram. Mənim üçün bu daha maraqlıdır. Mənə real həyat və məhəbbət daha maraqlıdır, nəinki aktyorların canlandırdığı obrazlar. Ümumiyyətlə, “bədii sənət” anlayışı bir qədər düzgün tərcümə olunmayıb. Çünki sənədli film özü də bədii ola bilər.

Bədiilik nədir? Məsələn, mən sənədli film çəkirəm və sonra onu montaj edirəm. Bədii elementlər – məsələn, musiqinin yerində olması, şeirdən istifadə mümkündür. Sənədli filmdirsə, bu olmaz deyə heç bir qanun yoxdur və mən bunu qəbul etmirəm. Şeirdən də, musiqidən də istifadə edirəm.

Brüsseldən bir rejissor var idi, onunla uzun müddət müzakirələr aparırdıq. O deyirdi ki, sənədli filmdə kənar musiqi olmamalıdır, yalnız mənbə səsi istifadə edilməlidir. Mən isə cavab verirdim ki, buna baxmaq mümkün deyil. Hətta ən çox sükunət olsa da, insan darıxır. Film adını nə qoyursan qoy, o, müraciət üçün çəkilir, adam özü-özünə məktub yazmır.

Buna görə də mühitin və əlaqələrin yaranmasının böyük rolu var. İnsan işinə görə qiymətləndirilir.

- Azərbaycanla İsrail arasındakı tarixi əlaqələrlə bağlı film çəkmək ideyası necə yarandı?

- O vaxt yəhudi mövzusuna qəti toxunmaq olmazdı. Çünki İsrail dövləti 1948-ci ildə yarananda Sovet hökuməti onu ilk dəstəkləyənlərdən biri olmuşdu. Stalin dövründə onları dəstəklədilər, kommunistləri ora göndərdilər. Elə bildilər ki, İsrail dövləti yaranan kimi sosialist ölkəsi olacaq və Sovetin orada hərbi bazası yaradılacaq.

Amma İsrail tamamilə öz yolu ilə getdi. 1967-ci ildə “Altı günlük müharibə”də İsrail SSRİ-nin dəstəklədiyi beş ərəb ölkəsi ilə savaşda qalib gəldi və bütün sistemi dağıtdı. Ondan sonra yəhudi mövzusu bağlandı. Baxmayaraq ki, o dövrdə SSRİ-də əksər rejissorlar, aktyorlar, operatorlar arasında xeyli yəhudi var idi, bununla belə, o mövzunu dilə gətirmək mümkün deyildi.

Daha sonra SSRİ dağıldı. Mən onda Bakıda idim. Əslində Almaniyaya getməli idim, amma hadisələr qarışdı. Bu, təxminən 90-cı illərin əvvəlləri idi. Mən ölkəyə gəlib-gedirdim. Ölkə dağılmışdı. Sənədlərim hazır idi, Almaniyaya gedəcəkdim. Həmin vaxt burada studiyalar yaranırdı, onlardan birini də Oqtay Mirqasımov açmışdı. Əmim oğlu Vaqif Əsədov rejissor idi. Onlar bir yerdə oxumuşdular. Oqtay müəllim mənə təklif etdi və onunla işləməyə başladıq. Həmin dövrdə Azərbaycanda ümumiyyətlə film çəkilmirdi. Mən 1996-cı ildən başladım, 1997-ci ildə qısametrajlı bir film çəkdim. Pul yox idi. Avadanlığı Oqtay müəllimdən götürürdüm. Aktyorlar da qəpik-quruş qazanırdılar. “Vahimə” filmi yaxşı alındı. Bir neçə mükafat da qazandı və yavaş-yavaş əlaqələr yarandı.

Təxminən 1999-cu ildə bura amerikalı prodüser gəlmişdi. O vaxt bir fond var idi və biz özümüz haqqında “Almanax” filmi hazırlayırdıq. Bir neçə məşhur şəxs toplanmışdı. Birinci sual belə oldu: “Nədən çəkək?” Dedilər, nə istəyirsinizsə. Sovet mühitində böyümüş adam üçün bu qəribə idi: necə yəni, istədiyimi çəkə bilərəm? Mən dedim ki, yəhudilər haqqında çəkmək olar? Dedilər, niyə olmur? Mən bunu Peterburqda çəkə bilməzdim, amma burada dedilər olar. Maliyyəni amerikalılar verirdi. Quba yəhudiləri haqqında film çəkdik. Ondan əvvəl iki dəfə yəhudi mövzusuna toxunulmuşdu, amma film kimi yox, televiziya materialı kimi. Birini Nazim Abbas bir müğənni haqqında çəkmişdi, digərini isə Rahim adlı birisi 9 dəqiqəlik material kimi hazırlamışdı. Bir dəfə göstərildi və bağlandı. İlk dəfə Quba yəhudiləri haqqında film çəkildi. Film San-Fransiskoda keçirilən festivallarda qalib oldu, hətta pul mükafatı da aldı. Bunu az adam bilirdi, amma bundan sonra film çəkilişləri davam etdi.

Bu film niyə maraqlı idi? Çünki yəhudilərin öz dili var – ivrit və İrandan gəlmiş yəhudilərin dili. Yəhudilər uzun müddət İranda yaşayıblar. Buna görə danışıq dili fars və ivrit əsasında formalaşıb.

Film maraqla qarşılandı və mənim üçün bir növ sehrli çubuq oldu. Mövzu sonradan daha böyük maraq doğurdu. “Quba yəhudiləri”ndən sonra bir az fasilə verdim, başqa işlərlə məşğul oldum, dərs dedim. Sonra İsmayıllıda yaşayan bir kişini tapdım və “Kənddə sonuncu yəhudi” filmini çəkdik. Onun bütün qohumları, övladları xaricdə yaşayırdı. Özü isə deyirdi ki, atamın, anamın qəbrini qoyub heç yerə gedə bilmərəm. Həmin filmlərdən sonra davam etdik və bu günə qədər 9 film çəkmişik.

Azadlıq ilk növbədə daxildə olmalıdır

- Yəhudilər haqqında çəkdiyiniz film çox paylaşıldı. Bu nə ilə əlaqədar idi? Sanki bu uğurun arxasında məşhur ifadə ilə desək gizli bir “yəhudi əli” də dayanır.

- Bu filmlərin auditoriyası geniş idi. Maraq dairəsi böyük idi. Söhbət yalnız maddi maraqdan getmir. Film çəkmək artıq mənim həyat tərzimə çevrilmişdi. İllərdir dayanmadan işləyirəm. İlk iki filmə amerikalılar dəstək oldu. Sonrakılarda isə artıq öz əlaqələrimi qurmuşdum və çəkilişləri həyata keçirirdik. Xaricə getmək lazım idi: biletlər, qalmaq xərcləri çox baha idi. Bu xərclərin bir hissəsi qarşılananda yük azalırdı. Əgər səni avadanlıq və montajla təmin edirlərsə, bu böyük dəstəkdir. “Kənddə sonuncu yəhudi” filmini 4 aya montaj etdim.

Filmlərdən başqa klip və serial çəkilişlərim də olub. Bir ideyam var idi: Azərbaycanın ən maraqlı insanları haqqında 10-12 seriyalı serial çəkmək. Dedilər əvvəl bunu çək. Amma mən bunu pula görə etməmişdim. Reklam çəkilişləri də olub.

- Reklam çəkilişlərindən əlavə, kliplər də çəkmisiniz.

- Bəli çəkmişəm.

- Necə olub Baloğlan Əşrəfov üçün klip çəkdiniz?

- Bu, bizim ilk klipimiz idi. Mən bəzən belə çəkilişlər edirdim. Sonradan Fidan Hacıyeva və Azərin üçün də kliplər çəkdik. Bu mənim əsas sahəm deyildi. Amma peşman da deyiləm.

- Siz həm də dövlət qurumunda işləyirsiniz. Yaradıcılığınıza mane olmur?

- Bir müddət dövlət qurumunda çalışmışam və hazırda da fəaliyyətimi davam etdirirəm. Açıq deyim ki, bu, yaradıcılığıma ciddi mane olmayıb. Əlbəttə, müəyyən çərçivələr var və bəzən təsir göstərir. Amma ümumilikdə işimə əngəl yaratmayıb. Yaradıcı insan azadlığı sevir. Amma bu azadlıq ilk növbədə daxildə olmalıdır. İnsan daxilən sərbəstdirsə, harada işləməsindən asılı olmayaraq, yaradıcılığını davam etdirə bilər. Səmimi deyirəm, mənim işimdə məni heç vaxt sıxmayıblar. Heç vaxt məzuniyyətə çıxmamışam. Məni yaşadan işdir. Gərək işdən zövq alasan, yoxsa çətin olar.

Təxminən 3 ay Yaponiyada yaşamışam. Orada 4 ildən bir karate üzrə dünya çempionatı keçirilir. Deyirlər ən uzunömürlü insanlar bizdə, Lənkəran tərəfdə yaşayır. Amma belə deyil. Uzunömürlü insanlar Yaponiyada yaşayır. Onlar daim işləyirlər və deyirlər ki, beyin hər zaman işləməlidir. İnsan işin içində olanda zamanı hiss etmir.

Ayaz Salayev bu məsələdə qarışıqlıq saldı

- Bu qədər burada işləyirsiniz, amma qazandığınız mükafatların çoxu xarici ölkələrdədir.

- Bəli, burda daha azdır. O vaxt “Humay” mükafatı çox nüfuzlu idi. Mən onu 1998-ci ildə aldım. İlk mükafatımı “Vahimə” filminə görə qazandım. İkincini isə 2002-ci ildə “Antropoloji sənəd” filminə görə aldım. Bu film insan sifəti haqqında idi. 9 nəfər müxtəlif sahə üzrə mütəxəssisi dəvət edib onlara 4 sual vermişdim. İlk sual belə idi: “İnsan sifəti nədir?” Şablon cavablar da oldu – məsələn, “qəlbin güzgüsüdür”. Belə fikir də səsləndi: “Sifət cəmiyyətin taxdığı maskadır”. Səhər duranda seçirsən ki, bu gün hansını taxasan. Sonra layihənin davamını çəkmək istədim. Mövzu bədən olacaqdı.

- Azərbaycan ədəbiyyatı ilə aranız necədir?

- İndi oxumağa çox vaxtım olmur. Əsasən işlə bağlı materiallar oxuyuram.

O əsəri çıxsaq, çox yaxşı yazıçıdır

- Əkrəm Əylisliyə münasibətiniz necədir. İkiniz də naxçıvanlısınız, ona görə soruşuram.

- Məndə yerlipərəstlik yoxdur. Əvvəllər onun əsərlərini çox oxumuşam. Mənim dayım qızı Alla Axundova (ssenarist, dramaturq – red.) hazırda Moskvada yaşayır. O, “Şərikli çörək” və “Alma almaya bənzər” filmlərinin ssenari müəllifidir. Azərbaycan yazıçılarının əsərlərini Azərbaycan dilindən rus dilinə o tərcümə edib. “Dədə Qorqud”u da rus dilinə tərcümə edib. Bu kitabın iki orijinal variantı var idi: biri Almaniyada, digəri Vatikanda saxlanılırdı. Onun atası ilə Heydər Əliyev bir müddət birlikdə işləmişdilər və münasibətləri yaxşı idi. Alla 30 yaşında “Şərikli çörək” filminə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuşdu. Alla Əkrəmin də əsərlərini tərcümə etmişdi. Sonra o, “Daş yuxular” əsərini yazdı. Mən əvvəl oxumamışdım. Səhv etmirəmsə, Elçin Əlibəyli zəng edib soruşdu ki, oxumusan? Dedim yox. Linki göndərdi. Səhərə qədər yatmayıb oxudum. Bilmirəm niyə belə etdi. O əsəri çıxsaq, çox yaxşı yazıçıdır. Çox gözəl işləri var. Ona bəraət qazandıranlar da oldu. Bilmirəm.

Məzmunca şərqli, formaca qərbliyəm

- Şərq mədəniyyəti, yoxsa Qərb?

- Mən 17 il Peterburqda yaşamışam. Məzmunca şərqli, formaca qərbliyəm. İran filmləri məzmunca avropalılara uyğun olmasaydı, onları qəbul etməzdilər. İnsan özünə uyğun olanı qəbul edir. Bizim muğam hamının xoşuna gəlirmi? Əlbəttə, yox. Əcnəbi dostlarım arasında sevən də var, sevməyən də. Çünki bu, onlar üçün yad mədəniyyətdir.

- Dünyanın bir çox yerində olmusunuz, onların kino institutları ilə də tanışsınız. Bu gün bizdə olan Dövlət Film Fonduna, Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına ehtiyac varmı?

- Məncə, bu qədər qurum və şirkətə ehtiyac yoxdur. Son zamanlar kinostudiyada neçə dəfə rəhbərlik dəyişdi. Məsələn, Amerikada Mədəniyyət Nazirliyi anlayışı yoxdur, Avropada isə var. Niderland varlı ölkədir, 16 milyon əhalisi var. Məşhur rejissorları var, amma dünya miqyasında tanınan filmləri yoxdur.

Azərbaycanı 80-90-cı illərdən bəri 1 milyona yaxın insan tərk edib. Həmin dövr çətin idi, qınamaq olmaz. Kibrit tapılmırdı, aclıq idi. O vaxt cəmi bir təşkilat var idi – “Azərkinovideo”. Nazirliyin tərkibində deyildi, müstəqil qurum idi. Kinostudiya da ona tabe idi. Rəhbəri Oqtay Mirqasımov idi. Söhbət 1992-ci ildən gedir. 2000-ci ildən sonra isə Oqtay müəllim film çəkmədi. Bu, faktdır. Hamı bunu deyir, hətta əleyhdarları da. Onu oradan çıxara bilmədilər, təşkilatı ləğv edib Kino şöbəsi yaratdılar və ora birləşdirdilər. Bundan sonra Oqtay müəllim “Ovsunçu” filmini çəkdi. İndi də ARKA yaradılıb.

Azərbaycanda sponsor tapmaq çətindir, hamı qorxur. 90-cı illərin sonlarında Fransaya gedirdim, nazirliyin də pulu yox idi. Bir dostdan kömək istədik. Dedi ki, kömək edərdim, amma sabah müsahibədə adım çəkiləcək. Dedik, narahat olma, sən pulu ver, adın çəkilməyəcək (gülür).

Foto - İlkin Nəbiyev

# 88 dəfə oxunub

Oxşar xəbərlər

 Yazıçı Vilyam Gibson:  "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

Yazıçı Vilyam Gibson: "Məhsuldar işləyəndə mən sanki daim yarıyuxulu, yarıanlaqlı vəziyyətdə oluram..." - Müsahibə

15:00 17 mart 2026
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirildi

14:50 17 mart 2026
"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

"Sən demə, belələri də varmış ..." - Fərman Kərimzadə rüşvətdən necə imtina etdi?

14:00 17 mart 2026
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

13:30 17 mart 2026
Tbilisidə Novruz festivalı  keçirilir

Tbilisidə Novruz festivalı keçirilir

13:30 17 mart 2026
Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

Jan-Klod Vandam Putini “yaxşı dost” adlandırıb

12:25 17 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər