"Hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?" - Avropada yazıçı olmaq niyə çətindir?

Mirmehdi Ağaoğlu, yazıçı

Mirmehdi Ağaoğlu, yazıçı

18 mart 2026
# 15:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Anlamağa çətinlik çəkdiyim romanlar" adlı yeni yazısını təqdim edir.

Norveçli yazar Dag Solstadın (1941-2025) “On birinci roman, on səkkizinci kitab” adlı romanının həcmi kiçik olsa da, üslubu yorucudur. Təmtəraqlı dildən, bədii ifadə vasitələrindən uzaq, ilk baxışda sadə görünən üslub da bəzən ağır gələ bilir. Çünki Solstad romanda heç nə barədə hər şeyi danışır. Belə ki, əsərdə 30 yaşlarında, ailəsini atıb sevdiyi qadından ötrü paytaxtdan əyalətə getmiş Bjorn Hansen adlı qəhrəmandan və onun həyatında baş verən “heç nə”lərdən bəhs edir.

Hansen vətəndaş nikahında yaşadığı Turid ilə birgə yerli həvəskar teatr truppasının üzvüdür. Burada iki-üç dost qazanıb. Zərrəcə aktyorluq istedadı olmadığından qoyduğu tamaşa da uğursuz alınır, qadınını möhkəm qısqanır, Turid isə arabir flirt edib başqa aktyorlarla onu qıcıqlandırmağı xoşlayır. Təxminən 14 illik birlikdəlikdən sonra Hansen qadınından ayrılıb elə həmən şəhərdə tək yaşayır. Onun həyatında hər şey o qədər sakit və düzənlidir ki, ən dramatik hadisələr belə çox sakit şəkildə baş verir.

r/books - Den norske forfatteren Dag Solstad er død

Dag Solstad

Misal üçün, Hansen arvadı və 2 yaşlı uşağından ayrılıb evi tərk edən zaman yüklərini maşına daşıyır. Arvadı isə kresloda oturub ağlamaqdan başqa heç nə etmir. Hirslənə, özündən çıxa, söyə, vura, qışqıra... Yox, yox, yox, qətiyyən, heç nə baş vermir. Yaxud nazirlikdəki vəzifəsindən ayrılan Hansen əyalətə köçəndən sonra bircə gün də işsizlik sıxıntısı yaşamır, əyalətdə Dairə Vergi İdarəsinin müdiri vəzifəsinə ərizə verib qəbul edilir. 18 il ayrı qaldığı oğlu yanına yaşamağa gələndə aralarında heç bir emosional partlayış baş vermir. Axırda bu cür yeknəsək həyatdan bezən Hansen narkotikdən asılı olan həkim dostu ilə danışıb (10 min dollar və 80 min kron müqabilində) özünü yalandan əməliyyat etdirir ki, guya iflic olub, qalan ömrünü əlil arabasında keçirməlidir. Xaraba qalmış ölkədə də səhiyyə o qədər dəqiq işləyir, əlbir olduğu narkoman həkim bilmir onu necə gizləsin ki, Hansenin vəziyyəti ilə maraqlanan tibb işçiləri onu təzədən müayinə edib, başqa xəstəxanalara, reabilitasiya mərkəzlərinə yönləndirməsinlər.

Xülasə, roman bu şəkildə sonlanır. Hər cür gərginlik, dramatizmdən uzaq...

Di gəl, Solstad bütün bunları - Hansenin daxili vəziyyətini, hadisələrə soyuq baxışını əyirə-əyirə, çevirə-çevirə, yoğura-yoğura yazıb. Bir detala ən müxtəlif aspektlərdən baxıb. Heç bir gərginliyi olmayan bir həyatdan bezmiş Hansen nəhayət özünə yeni bir xətt cızmağa çalışır, beləliklə yerdə qalan ömrünü bir əlil kimi keçirmək qənaətinə gəlir.

DAG SOLSTAD: ELLEVTE ROMAN, BOK ATTEN

“On birinci roman, on səkkizinci kitab” romanının üz qabığı

Budur, bir şimal insanının həyatına adrenalin qatmaq üçün tapdığı yol. Əlbəttə romanı müxtəlif fəlsəfi rakurslardan yozub qəhrəmanın can sıxıntısına ekzistensial don da biçmək olar. Çox güman ki, müəllifin də əsərin arxasında gizlədiyi fəlsəfi qənaət budur: yeknəsəklikdən bezən insanın öz həyatına faciəvi rəng qatmaq istəyi; könüllü olaraq əlilliyi seçib dünyaya bir az da əlil arabasından baxmaq arzusu; beləliklə həyatın məhrumiyyətlər qataraq onu zənginləşdirmək niyyəti.

Mən gözləyirdim ki, qəhrəman özünü əlil arabasına məhkum etməklə 18 il sonra qarşılaşdığı oğlunu, əvvəllər vətəndaş nikahında yaşadığı Türidi, dostlarını sınağa çəkmək istəyər, lakin bunların heç biri baş vermir. Əsər evlərinə qonaq getdiyi ailə dostlarının əlil arabası sığmayan tualetlərindən istifadə edərkən ayağa qalmağa məcbur olan Hansenin sirrinin açılacağı qorxusu ilə yekunlaşır. Lakin onlar heç nə anlamırlar, əsər də bu cür bitir.

Bu qədər sadə.

Bir neçə il əvvəl İsveçdən olan bir nəfərlə tanış olmuşdum. Bakıda qarşılaşdığı həyat ona o qədər maraqlı görünürdü ki, hiss edirdim, illərlə həyəcan yaşamayan duyğu reseptorları Azərbaycanda cuşə gəliblər. Həmən tanışım deyirdi, ildə bir aylıq hərbi xidmətə gedir, bu da çox həyəcanvericidir. İnstaqramdan izləyirəm, özünə bu yaxınlarda motosiklet alıb, ekstrim idmanla məşğuldur. Hərdən fikirləşirəm, onu dəvət edəsən Bakıya, Xırdalandan ev tutasan, bircə il hər gün Xırdalan-Bakı arası gedib-gələ, görüm onda da üzü belə güləcəkmi?

Solstadın qəhrəmanı ailəsini atıb sevdiyi qadınla başqa şəhərdə 14 il keçirdikdən sonra ondan ayrılanda da baş verəcək dəyişikliklərdən qorxmur. Səbəb isə çox sadədir: dəyişikliklər çətinlik yaratmır.

Romanı oxuyanda elə bilirsən, Norveçdə bina evindəsən, eyvandan şəhərin üzərinə sakit-sakit qarın yağmasına tamaşa edirsən. Heç bir təlaş yoxdur, şəhər də öz rutin həyatını yaşayır: maşınlar işləyir, piyadalar arın-arxayın səki ilə gedir, fabriklərin bacasından tüstü çıxır, uşaqlar məktəbin həyətində futbol oynayır, bir cütlük parkda öpüşür, siqnal verən, bir-birinin üstünə çımxıran yox... İsveçrə saatı kimi hər şey dəqiq işləyir. Belə bir ölkədə roman yazmaq da çətindir. İnsanların həyatında dram yox, konflikt yox, əsəb, sarsıntı yox, nədən yazasan?

İsveçrə demişkən, bir neçə il əvvəl bu ölkədən olan yazıçı Frans Höhlerin “Qapı döyülür” romanını oxuyanda da eyni təəssüratlara qapılmışdım. İllər əvvəl bir qadınla təsadüfən birlikdə olan kişinin canında bircə qorxu var: Bir gün qapı döyüləcək və qapını döyən də onun həmən qadından olan övladı olacaq.

Müşfiqin məşhur misrasını azca dəyişsək, belə demək yerinə düşər: Qorxuya bax, sevgilim.

Mən təbii ki, bu tip məsələlərin də ədəbiyyat mövzusu olacağını danmıram. Görünür, bu da Mərkəzi və Şimali Avropa insanlarının dərdləri, necə deyərlər problemləridir ki, yazıçıları bu tip mövzulara fokuslanırlar. Nəticədə bizim coğrafiyaların insanları üçün yad, özünə macəra axtaran “qondarma” obrazlardan bəhs edən əsərlər ortaya çıxır.

İsveçrədə yaşayan yazıçı Əli Əkbər təxminən on il əvvəl bir müsahibəsində demişdi ki, orada həyat o qədər sakit, o qədər cansıxıcıdır ki, oranın yazarları mövzu tapa bilmirlər. Ümumiyyətlə İsveçrədə yazıçı olmaq çətindir. Çünki səni narahat edəcək, yazmağa impuls verəcək hansısa sosial-ictimai problem – dərd yoxdur. Şəhriyar Del Geraninin sözü olmasın: bir dost da ölmür yas saxlayasan/hamı salamatdı, hamı yaxşıdı.

Dag Solstadın “On birinci roman, on səkkizinci kitab” adlı romanını oxuya-oxuya Əli Əkbərin yuxarıda sitat gətirdiyim fikrini xatırladım və təəccüblü gəlsə də ona haqq verdim.

# 126 dəfə oxunub

Oxşar xəbərlər

"Mən səni sevirəm azadlıq qədər..."  - Südabə Ağabalayeva

"Mən səni sevirəm azadlıq qədər..." - Südabə Ağabalayeva

10:00 18 mart 2026
Vegetarian olmaq faciədirmi?

Vegetarian olmaq faciədirmi?

16:00 13 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər