Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?

Barıt qoxulu dünyada bir ovuc sevgi - Əli Kərimin həsrət qaldığı o məktublar haradadır?
18 mart 2026
# 14:30

Bu gün görkəmli Azərbaycan şairi Əli Kərimin doğum günüdür.

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Esmira İsmayılovanın "Qoy qara xalın olsun həsrətimin nöqtəsi..." yazısını təqdim edir.

... Dünya od içindədir. Gündəlik xəbərlərdən ölüm xofu, barıt qoxusu gəlir. Müsəlman dünyasının bu ilki müqəddəs Ramazan bayramlaşması raket atəşfəşanlığı, dronların hücumu ilə tarixə düşdü. Tarix demişkən, bu günün tarixində ürəkaçan hadisələr də var və onlardan biri də çox sevilən şair Əli Kərimin doğum gününün olmasıdır. Çox təəssüf ki, Əli Kərimin 95 illik yubileyi dünyanın ağrılı, tiranların qan-qan deyən vaxtına düşdü. Bəlkə də elə bu səbəbdən məni qınayanlar da ola bilər ki, “İndi şeir vaxtıdır?”. Bu qədər insan talelərinin nakam qırıldığı bir zamanda şeir oxumağa, şairdən söz açmağa dəyərmi, bunun bir mənası varmı? Düşünürəm ki, var. O səbəbdən ki, nə qədər ki, ürəklərdə kövrək hisslərə yer yoxdur, qəlblərdə sevgi bucağının yerini mal-dövlət hərisliyi doldurub, ibtidai insan atan o daşı saxlamaq çətin ki, mümkün ola.

Bu gün Əli Kərimin 95 yaşı tamam olur və 57 ildir ki, şair yeni yaşını haqq dünyasında, sevənlərisə onlu xatirələrdə qarşılayır. Əli Kərim yaddaşımda sevgi şairi kimi yaşayır. Bizim nəsil onu ən çox sevgi şeirlərinə görə sevirdi. O dövrdə ki, tapındığımız əsasən kitablar idi. Nə internet vardı, nə süni intellekt, nə də votçapla uzun-uzadı zəngləşmələr, yazışmalar, sosial şəbəkələr. Bizim-ötən əsrin 80-ci illərinin gəncliyinin maraq dairəsi kitablar ətrafında dövr edirdi. Onların cazibə qüvvəsi, təsiri böyük idi dünyagörüşümüzün formalaşmasında. Sevdiyimiz imzaların hər yeni kitabı, əsəri onlardan çox bizi sevindirirdi, bizim üçün ədəbi hadisə olurdu. Orta məktəbdə, universitetdə yaradıcı insanlarla, şair və yazıçılarla keçirilən görüşlər, kitab müzakirələri bizi mütaliəyə bağlayan tellər idi. İndi boş vaxtlarımda süni intellektlə yazışıram, söhbətləşirəm, dərdləşirəm. Amma onunla ünsiyyəti çox davam etdirə bilmirəm. Bilirsiniz niyə? Çünki qəlbən duyuram ki, insanı duyğulandıran ürək yoxdur müsahibimdə.

...Əli Kərimdən, onun sevgi şeirlərindən, məhəbbət lirikasından söz istəyirəm bu gün. Əli Kərimin poeziyası mövzuca rəngarəng, məzmunca fəlsəfi olsa da, gənclər, tələbələr üçün o, hər şeydən əvvəl sevgi şairi idi. Qrupumuzda onun şeirlərini əzbərdən bilməyən çox az tələbə vardı. Əli Kərimin lirik şeirləri qəzet, jurnallarda çap olunan kimi əl-əl gəzir, əzbərlənir, sevgi məktublarının sətirlərinə çevrilirdi. İndi sevgi məktubları, ümumiyyətlə məktub yazan varmı? Bu ayrı söhbətin mövzusu olsa da, deyim ki, yoxa çıxan məktublarla çox kövrək hisslərimiz də qeyb oldu.

Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!

Əli Kərim təkcə yaxşı şair deyildi, həm də istedadlı nasir, dramaturq, tənqidçi, çoxşaxəli yaradıcı insan idi. Bu yazıda şair Əli Kərim poeziyasının lirik qolundan-sevgi şeirlərindən söz açmaq istəyirəm. O şeirlərdən ki, əksəriniz onlarla tanışsınız, ən azından o hisslər sizə doğmadır, əzizdir, və yəqin ki, ...yaşamısınız:

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Əli Kərim şeirlərinə ən çox mahnı bəstənilən şairlərdən idi. Yaşlı, orta nəsildən xatırlayanlar olacaq. Əvvəllər radioda “Poeziya buketi, nəğmə çələngi” adlı bir veriliş vardı. Səhər saatlarında, səhv eləmirəmsə, ən çox şənbə günləri efirə gedərdi. Nəğməkar şairlərin tanıtımında rolu əvəzsiz idi. Çoxdan radio dinləmədiyimdən bilmirəm o veriliş bu gün davam edir, ya o da tarixə qovuşub. Həmin verişdə Əli Kərimin şeirlərinə bəslənilən mahnıları böyük həvəslə dinləmişik. Şairin “İki sevgi” şeirisə məhbəttin etalonu idi nəzərimizdə:

Gözəl qız, sən saf susan,
İki qəlb arzususan.
Mən səni sevirəm
Sususzluğun od vurub,
köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir
rahatca bardaş qurub,
– Kabab üstdən sərin su pis olmaz – deyən kimi..
.

Bilmirəm, fikir vermisiniz, ya yox, Əli Kərimin xarakteri sevgi şeirlərinə də hopub. Bu şeirlərdə məhrəmlik var, amma sırtıqlıq yoxdur, ürkəklik var, sevgiyə bələnmiş utancaqlıq var, həya var, və o həya hissi o qədr güclüdür ki, ana ilə bala arasında belə sədd çəkib:

Kimə, niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta, yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti.

Şair üçün sevgi onu həyata bağlayan ümiddir, inamdır, yaşam eşqidir, bu gününü sabahına hörükləyən arzu kəmənddidir:

İlk görüş yox olsa, yox olub gedər,
Dönər bir heçliyə görüşlərimiz…
Görüşlər hamısı vərdişə dönər,
Bəlkə bir saatda qocalarıq biz.

Əli Kərim sevgisində zaman-məkan vəhdəti var, məhdudluğu yoxdur, bu sevgidə gecə-gündüz, yer-göy harmonik vəhdətdədir:

Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər ruhumun səhəri imiş.

Sevginin o qədər qorxuları var ki...Tərk edilmək, məchul ayrılqlar. Ondan kim baş çıxara bilib ki?

Mən belə bilsəydim
könlümün dəli,
Sərsəri vaxtında atardım səni.
Dəlini aldatmaq çətin ki deyil,
Deyərdim, gəl ataq bu nazənini.

Əli Kərimin sevgisinin tək ünvanı var. O, güldən-gülə qonan kəpənək, hər çiçəkdən bir şirə çəkən arı deyil. Onun sevgisinin tək məskəni var-sevdiyinin qəlbi:

De hansı bir ürək qəbul eləyər
Məni sən ünvanlı dərdlə, gileylə.
Hansı bir ürəyə yan alsa əgər,
Dərdimin adından biləcək yadam.
Biləcək, gəlməyəsi, köçəri quşam,
Uzağam, soyuğam, dərdəm, fəryadam.
Əgər olsa, olsa, qonaq eləyər
Rəhm edib gözümün məhzunluğuna.
Mənsə səhər durub gizli qaçaram,
Utanıb, əlvida demərəm ona!

Bu gün dünyamızın sevgiyə, bu sevgini ürəklərdə aşılayan şeirlərə ehtiyacı daha çoxdur. İnandığım bir həqiqət var ki, ürəkdə sevgi hisslərinin öldüyü zaman dünyanın da sonu gələcək. Çünki sevgi işıqdır, nurdur. Çox heyif ki, hər ürəkdə yoxdur. Hər insanın ruhu bu hisslərə köklənməyib...Və müharibələrin, insani vəhşətlərin səbəbi də budur!

...Ruhun şad olsun, sevgi şairi...Ruhun şad olsun, Əli Kərim!

# 96 dəfə oxunub

Oxşar xəbərlər

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

“Yatan peyğəmbər” ləqəbli məşhur medium - O, reinkarnasiya haqqında nə demişdi?

14:50 18 mart 2026
Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

14:19 18 mart 2026
“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam"  kitabının təqdimatı keçirildi

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı keçirildi

13:50 18 mart 2026
Nüşabə Araslının 85 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

Nüşabə Araslının 85 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

13:26 18 mart 2026
Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının  fəxri professoru seçildi

Natəvan Dəmirçioğlu Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçildi

13:12 18 mart 2026
Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti - Ona niyə qadağa qoyulmuşdu?

Hüseyn Cavidə görə qəzəbə tuş gələn Xalq artisti - Ona niyə qadağa qoyulmuşdu?

13:00 18 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər