Kulis.az "Sözün güneyi" layihəsində urmiyalı şair Rəsul Yunanın şeirlərini təqdim edir. Rəsul Yunan həm Azərbaycan, həm fars dillərində yazır. Aşağıda şairin hər iki dildə yazdığı şeirlər yer alıb. Farsca yazılmış mətnləri dilimizə Məsiağa Məhəmmədli tərcümə edib.
Əlini yumsa,
ağ yumurtaya bənzər
Əlini açsa,
aya batmış yarpağa.
Əlini yumsa, açsa,
yumsa
açsa
yum
aç...
Bir göyərçin qanad çalar havada...
***
Yazı köynək edib geyə bilsəydim,
Qayıdardım yenə öz kəndimizə.
Dəstə gül əlimdə anamla birgə,
Səni almaq üçün gələrdim sizə...
Yazı köynək edib geyə bilsəydim,
Bilərdim neyləyim məni sevəsən.
Mirvari tökərdim mavi gözünə,
Ayağın altına salardım çimən...
Amma heyf, yazdan köynək biçilməz,
Qayçı salmaq olmaz mahnıya, quşa.
Ağacın canında iynə işləməz,
Düymə tikmək olmaz yağan yağışa...
Səni düşünmək
Səni düşünmək,
Həyatı düşünməkdir.
Torpaq altında,
Dar-düdük bir qəbirdə
Günəşi düşünməkdir.
Qarlı gecədə
Qıfıllanmamış qapılardan
Qaçmağı düşünməkdir həbsxanada.
Səni düşünmək dəyərlidir.
Ən azı
Adamın qəlbindən
Bir bulaq coşar,
Bir at gələr oradan su içər,
Bir quş gələr orada oxuyar...
Yol
Mən yollarda yerimirəm,
Yollar məndə yeriyirlər.
Bu ağaclar, bu tikanlar,
Kollar məndə yeriyirlər.
Beynimdə hər yana baxsan,
Teleqraf dirəyi vardır.
Quşlar tel üstə susublar,
Bəlli olan son bahardır.
Yollar yeriyirlər məndə,
Səfər etmək istəyirlər.
Məni səndən ayırırlar,
Mənə getmək öyrədirlər...
Həsrət
Duman boruları,
Antenlər,
Qarğalar.
Keçmişimdən
Sadəcə bunlar yadıma gəlir,
Pəncərədən
Eşiyə baxdığım günlərdən...
Sizin apartmanız
Uzaqda idi -
Yerlə göy üzü qovuşan yerdə...
Qaranlıq
Mənim sevgilim
Bir kino ulduzudu.
Bundan belə evim qaranlıqdır,
Göz gözü görməyir.
Göy üzünün ulduzları işıq verməz.
Yer üzündə çox adların
mənası yoxdu
Və çox məna var ki, adsızdır...
Rəsmdə görünməyən paslı piano
Yalqız adamın rəsmi
uzun bir küçədir
Və onun dibində olan
bağlı qapı.
Yalqız adamın rəsmi
rəsmdə görünməyən
paslı pianodur.
Yalqız adamın rəsmi
əsən yeldir,
solğun ay.
Yalqız adamın rəsmi,
bütün kədərlərin rəsmidir...
Qələbəlik
Mənə elə gəlir,
Çin məhəllələrində itmişəm.
Hər yer hay-küydü,
Hər yer qələbəlik.
Kaş ki,
Sarı bir əjdaha qarşıma çıxıb,
Məni udsun!
Son qoysun bu itkin düşməyimə.
Nə çətin bir işdir,
Qələbəlikdə yalqız yaşamaq...
Günəş sırğa salıb
Par-par parıldayır
bu sarı geyimli qız...
Yox!
Qoy belə deyim:
- Günəş rumel çəkib,
sırğa salıb qulağına...
Ancaq belə də demək olar:
- Bir qız günəşə qovuşub,
Günəşsə bir yumşaq gözəlliyə...
Qalstuk
Yavaş-yavaş modernləşirəm,
Masa arxasında
Yemək yeyirəm,
Qalstuk bağlayıram,
Repə Qulaq asıram,
İnternetdə
Sevdiyim şairləri izləyirəm.
Yavaş-yavaş
Özümdən çıxıram,
Tısbağa balası yumurtadan çıxan kimi.
Yenidən doğulmaq
Komik də olmuş olsa,
Çox gözəl və həyəcanlı bir şeydir!
Yalnız mən bilirəm
Yalnız qaranlıq bilir,
Ay nə qədər işıqlıdır...
Yalnız torpaq bilir
Suyun əlləri
Nə qədər həyat bağışlayandır...
Yalnız ac adam bilir
Çörəyin ən doğru anlamını...
Yalnız mən bilirəm
Sən nə qədər gözəlsən!..
***
Farca yazdıqları
Sevgini bəzəksiz istədik,
dünyanı tüfəngsiz…
Qara divarlar üstünə
qırmızı güllər çəkdik.
Yolçular bizə güldü,
bizə güldü yolçular.
Biz sadəcə baxdıq
Biz sadəcə baxdıq...
Yollar şəhərin ətrafında düyünlənmişdi
Biz şəhərdə qalıb çürüdük
və oxuduq:
”Bizi burdan apara bilməyən qatar
qatar deyil
Orada
Orada qapısı bulud,
pas və Günəşlə döyülən
bir ev vardı
Və adamları
arzuların yaşıl yamacına çatdıra bilən
ağ, vəhşi bir at.
Orada dualarımı eşidən
bir Tanrı vardı
Görəsən, qayıtsam,
o evin bacasından
hələ də tüstü çıxırmı?
Göyüzü hələ də mavidirmi?
Görəsən, qayıtsam,
o, hələ də oradamı?
Dünya
Göydələnlər göy üzünə baxmağa
qoymadılar bizi,
partlamamış minalar
çöllükdə gəzməyə.
Dəniz də
diktatorların özəl hovuzuydu.
Bu dünya
dərdimizə yaramadı bizim,
röyalarımızda yaşadıq.