Yəqin bu başlıqlara və ifadələrə tez-tez rast gəlirik və ya eşidirik: Filankəsin intim şəkilləri yayıldı, bəhmənkəsin intim videosu yayıldı, ay nə bilim kiminsə intim görüntüləri ortaya çıxdı...
Artıq intim sözünü deməyə ayıb eləyirsən, desən kürəyinə “ailə tərbiyəsi görməyən” titulunu asanlıqla yapışdıracaqlar. Qız-gəlin eşitsə, azından əxlaqsız və ya şorgöz deyib dodaq büzəcək. İstəyirsən ki, hisslərini, duyğularını daha müasir formada, oxumuş, savadlı, bir az da avropayönlü ifadə eləyib özünü ağıllı göstərəsən. Deyirsən, məsələn, mən intim hisslərimi heç kimlə bölüşmürəm. Ağzını açmağa it peşmanı olacaqsan. Tərbiyəsizlik ittihamı öz yerində, üstəlik mavi də deyəcəklər.
Rəhmətlik Vladimir İliç Leninin sözü olmasın, NƏ ETMƏLİ?
Gəlin görək bu andıra qalmış intim sözü nə deməkdir? Bu hansı əxlaqsız və ya tərbiyəsiz zadı ifadə eləyir ki, ondan, ilanın sarımsaqdan zəhləsi gedən kimi, hamının zəhləsi gedir. Daha doğrusu, nə üçün bu söz el arasında ayıb sayılır. Balaca uşaq da bilir ki, taksi şoferlərindən tutmuş seriala baxan qadınlara qədər hamı intim sözünü biədəb ifadə kimi qəbul eləyir. Yəni artıq leksi(konumuza) daxil olub və geriyə yol yoxdur.
Azərbaycan dilinin özünə məxsus belə bir sözü yoxdu. Bəs onda hardan gəlib, göydənmi düşüb, yerdənmi pırr eləyib? Dilimizin izahlı lüğətinə baş vuranda gördüm ki, həqiqətən belə bir söz var. İnandım ki, xalqımız arıq sözün “pasportunu” da verib, təyinatı, ifadəsi də yazdığım kimi, məlumi-cahandı. Ona görə də onu “İzahlı lüğət”ə də salıblar.
Əgər bizim deyilsə bəs onda kimindi? Bilənlərlə işim yoxdu, bilməyənlər üçün yazım ki, intim fransız sözüdü. Birinci mənası dəruni, içdən gələn, səmimi, ikinci mənası gizli, məhrəmanə deməkdi.
Atan oldu, rəhmətlik! Vəssalam! Day burda həngamə açmağı nə mənası. Söz burda, biz burda, mənası da, izahı da üstəlik. Burda nə biədəb, nə pis ifadə var ki, onu bu qədər hörmətdən salıblar. Bir də kim ixtiyariyyət verib ki, özgənin sözünü gətirib burda, özgə mənalarda xərcləyək. Bu hansı məntiqə, bu hansı elmə əsaslanır? Bəlkə də əsası var, amma mən eşitməmişəm.
Təkcə bu intim sözü olsaydı, nə dərdimiz. Bir qayda olub elə bil, əcnəbi sözləri qulağından tutub gətiririk bura, sonra da təyinatını, mənasını dəyişib tamam ayrı bir şəklə salırıq. Loru dillə desəm, sünnət eləyirik, öz mənası qalır bir tərəfdə, bizim dildə ayrı zadlar bildirir.
Götürək bizim bu erotika sözünü. "Erotika" qədim yunan allahı Erotun və ya Erosun adından əmələ gəlib. Antik yunan mifologiyasına görə Erot eşq, məhəbbət və gözəllik allahı olan Afroditanın və müharibə allhı Aresin qızıl qanadlı oğludur. O, öz oxu ilə nəinki insanların, hətta tanrıların da ürəyini "yaralayıb", ora sevgi toxumları əkir. Erotika sözü də Erotun adından götürülüb. Göründüyü kimi mənası eşq, məhəbbət deməkdir. Bunun üstündə dastan açıb, üstünə ayrı bir zad yapışdırmağın heç yeri yoxdur, adamın olan-qalan əti tökülür.
Təkcə özgə sözləri deyil, elə öz sözlərimizi də “özgələşdiririk”. Yəqin ki, siz də mənim kimi bu kəlmələri tez-tez eşidibsiniz: Filankəsin arvadı gəzir, filan qadının gəzdiyi var, filan qadın filan kişi ilə oturub-durur, filan kişinin saxladığı var. Görün nə düşük ifadələrdi, heç adamın yazmağa əli gəlmir. “Gəzməyin”, “oturub-durmağın” axı cinsi münasibətlə nə əlaqəsi var? Ayrı vaxt deyirlər ki, hər şeyi öz adıyla çağırın, hər kəsə öz adını deyin, nə oldu bəs?! Məşhur bir ifadə də var: Dil canlı varlıqdır. Heyif ki, bizdə dil bəzi hallarda cansız varlığa dönür.
Bəyəm öz adını deyəndə göz dəyəcək, yoxsa kimsə başa düşməyəcək? Bəlkə seks sözünün nə demək olduğunu bilməyənlər var? Bu necə ola bilər, sözün öz təyinatını kənara qoyurlar və ona tama ayrı məna verib, işlədirlər? Dünya dağılmazı ki, desələr filan qadın filan kişinin məşuqəsidir və ya filan kişi filan qadınla cinsi münasibətdə olur? Sonuncu cümlənin tərkibindəki sözlərdən hansı biədəb sözdür? Bu qədər də bəsitlik olmaz axı. Dilin “anasını ağladıb”, “balasını gəzirlər”.